Heydər Əliyev milli – mənəvi dəyərlərimizin hamisi idi

 

Ötən əsrin  ortalarından etibarən Azərbaycan xalqının mədəni həyatında yeni dövr başlamışdır. Söz yox ki, bu inkişaf ulu öndərin  adı ilə bağlıdır. Bu böyük tarixi şəxsiyyət  ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi  vaxtdan  milli-mənəvi dəyərlərimizin əsl mənada himayədarı olmuşdur.

Ulu öndər deyirdi: “Xalq  bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və  dünya xalqları içərisində  fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.”  Mədəniyyət və incəsənətin bir çox sahələri  haqqında irəli sürdüyü qənaətlərində Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə Azərbaycan ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti  milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı.

Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeganə təminat sağlam  cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə  və bütün cəmiyyətə daha dərindən  və əzmlə aşılamaqdır. Bu  böyük şəxsiyyət  mədəniyyəti  xalqın  tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Ulu öndər mədəniyyət və incəsənət xadimlərinin əməyini  həmişə  yüksək qiymətləndirmiş, onların  yaratdıqları əsərlərin   xalqın mənəvi sərvəti olduğunu  bildirmişdi. Hələ  sovetlər dönəmində  nə qədər sənətçilərimiz ulu öndərin   köməkliyi ilə SSRİ-nin  yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşlər.  Neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnimiz  Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti  fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı laureatı  olmuşlar.

Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə də ulu öndər  mədəniyyət və incəsənət  xadimlərinə  öz qayğısını əsirgəməmiş, onların sosial rifah halının yaxşılaşdırılması  üçün  mühüm  tədbirlər həyata keçirmişdir. Məhz  ulu öndərin  hakimiyyəti dövründə  neçə-neçə sənət  adamı   fəxri  adlara layiq görülmüş, Prezident  təqaüdçüsü olmuşdur.  Heydər Əliyev sənət  adamları ilə görüşdən  xüsusi  zövq alırdı. Bu  böyük şəxsiyyətin  daxilində  sənətə böyük sevgi yaşayırdı. Təsadüfi deyildi ki, hərdən  mahnılar oxuyur,  memarlara şəhərsalma ilə bağlı məsləhətlər verirdi. Hər dəfə  teatr xadimləri ilə, musiqiçilərlə səhnə arxasında  görüşlərində  onların problemləri ilə maraqlanır,  öz tövsiyə və  tapşırıqlarını verirdi.

Milli dəyərlərimizə dərindən bələd olan ümummilli liderimiz  xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

 

Ədəbiyyat və sənətlə, teatr və kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq və heykəltəraşlıqla,  musiqi və ifaçılıqla bağlı qənaətlərində

 

Heydər Əliyev bir tamaşaçı seyirçi təsəvvürü yaratmırdı, o incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək professionallıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi.

Heydər Əliyev rəssamlıq və musiqi sənətinə böyük qayğı ilə yanaşırdı. İncəsənətin növləri olan bu sahələrin milli-mənəvi dəyərlərimiz sırasında əhəmiyyətli yer tutduğunu dəfələrlə qeyd etmişdi. Heydər Əliyevin Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, tanınmış rus rəssamı Nikas Safonovun timsalında çağdaş rəngkarlıq sənətinin nailiyyətlərini, Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov kim qüdrətli sənət korifeylərinin əsərlərindəki milli mənəvi dəyərlərin xalqımız üçün iftixar mənbəyi olduğunu təsdiqləyən fikir və mülahizələri bunu bir daha təsdiq edir.

 Milli kino sənətimizin inkişafında da ulu öndərin  xidmətləri  xüsusi qeyd olunmalıdır. Bir sıra filmlərimizin ərsəyə gəlməsində  ulu öndərin   şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək” və s.  filmlərimizi  qeyd etmək olar. Bəzən  sovet senzurasından keçməyən  filmlərimizin  qəbul olunmasında da  Heydər Əliyevin xidmətləri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra  ölkədə kino istehsalı demək olar ki, dayanmışdı. Heydər Əliyev  hakimiyyətə  gələndən  sonra  dövlət sifarişi  ilə filmlərin istehsalına başlandı, kinostudiyanın fəaliyyəti  bərpa olundu,  Dövlət Film Fondu yaradıldı. Bütün bunlarla yanaşı, ölkədə  beynəlxalq  kinofestivallar keçirilməyə, kino günləri,  ssenari müsabiqələri və s. təşkil olunmağa başlandı.

Ulu öndərin  şəxsiyyəti, Azərbaycan  xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə  bu böyük şəxsiyyətin obrazını yaratmış,   haqqında neçə-neçə musiqi əsəri bəstələnmiş, bu dahi insanın ömür yoluna  həsr olunan filmlər çəkilmişdir. Kinorejissor  Vaqif Mustafayevin  lentə aldığı çoxseriyalı  film  ulu öndərin həyat və fəaliyyətinin  bir növ  xronikasıdır.  “Əsl məhəbbət haqqında”, “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” filmləri  ulu öndərin  həyatından  qiymətli fraqmentləri tamaşaçılara çatdırır. Bu əsərlərin hər biri  incəsənət tariximizin dəyərli  nümunələri kimi  əbədi  qalacaqdır.

Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir.  Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına  xarici ölkələrdə təbliğinə  xüsusi önəm  verir. Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO VƏ İSESKO-nun  xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban  xanım Əliyevanın da   mədəniyyətimizin inkişafındakı  xidmətləri  olduqca böyükdür. Mehriban xanımın səyləri nəticəsində bu gün  Azərbaycanın muğam, xalça, aşıq, tar ifaçılığı sənətləri YUNESKO-nun  qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan   Mədəniyyətlərarası  dialoq  mərkəzinə çevrilmişdir. Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

 Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.  Bu mənada  milli-mədəni irsə  diqqətin artırılması olduqca vacib məsələdir.

 

 

Elçin ORUCOV,

əməkdar mədəniyyət

işçisi, rəssam

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 4.