Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi geniş qeyd edildi

 

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə müstəqil Azərbaycanın memarı  Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi  münasibətilə ictimaiyyət nümayəndələrinin iştirakı ilə  tədbir keçirilmişdir.

Tədbirdən əvvəl ulu öndərin ömür yolundan bəhs edən film nümayiş olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin  İsgəndərov çıxışında  dedi ki, xalqımızın son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmlənməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün parlaq örnək olaraq qalacaqdır. Hazırda Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir.

Xaləddin İsgəndərov çıxışında  qeyd etdi ki, hər bir dövlətin milli mənafelərinin, sosial-iqtisadi yüksəlişinin, beynəlxalq əməkdaşlıq məsələlərinin təminatında, xarici təhdidlərin qabaqlanmasında və aradan qaldırılmasında düzgün və çevik xarici siyasət müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin ən çətin və ən mürəkkəb mərhələsində, hərbi təcavüz, iqtisadi sarsıntılar, vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın təkidli çağırışı ilə hakimiyyətə gələn ümummilli liderimiz dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri xalqımızın  milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirmişdir. Dahi öndərin səyləri nəticəsində gənc və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində əsaslı dönüş yaranmış, diplomatik uğurlar əldə olunmuş, ölkəmiz qısa zaman kəsiyində regionda həlledici sözə malik lider dövlətə çevrilmişdir.

Xaləddin İsgəndərov vurğuladı ki,  2013-cü ili əlamətdar edən hadisələrdən ən mühümü, şübhəsiz, ulu öndər Heydər Əliyevin 90 illik yubileyidir. Bəli, bütün türk dünyası, Azərbaycan xalqı, dünyanın Heydər Əliyev sevənləri ulu öndərin - cismən bizi tərk etsə də, daim bizimlə olan ümummilli liderimizin  90 yaşını qeyd edir. Bu münasibətlə dövlət başçısı cənab İlham Əliyevin cari il yanvar ayının 21-də  imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır”.

Rayon icra hakimiyyətinin başçısı çıxışında daha sonra dedi: “Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətləri saysız-hesabsızdır. Onlardan yalnız ikisini ayrıca qeyd etmək istəyirəm. Ulu öndər müasir Azərbaycan dövlətini qurdu, onu təlatümlərdən və qovğalardan sağ-salamat keçirərək müstəqilliyimizi əbədi və dönməz etdi! Eyni zamanda bu gün fəxrlə ”Heydər Əliyev siyasi kursu" adlandırdığımız inkişaf yolunun parametrlərini, prinsiplərini müəyyənləşdirərək Azərbaycanın əbədi inkişafının təməlini qoydu...”.

Xaləddin İsgəndərov çıxışında xatırlatdı ki, ulu öndər Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini daim yüksək qiymətləndirmişdir. Ümummilli lider demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevin iqtisadi siyasətinin, eləcə də neft strategiyasının əsas məqsədi də məhz Azərbaycanın davamlı iqtisadi tərəqqisini təmin etməkdir. Bu baxımdan, Azərbaycan Respublikasının perspektiv fəaliyyət proqramı olan, yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır. Bu mənbə iqtisadi, mədəni, intellektual potensialımızın inkişafında, Azərbaycanın geoiqtisadi əhəmiyyətinin, onun Avropaya inteqrasiyasının gücləndirilməsində, ilk növbədə xalqımızın sosial rifahının yüksəldilməsində müstəsna rol oynayacaqdır. Bu siyasətin davamlı şəkildə yürüdülməsinin nəticəsidir ki, ölkəmiz son illərdə regionun ən güclü iqtisadi potensialainkişaf tendensiyasına malik dövləti olduğunu bir daha təsdiqləmişdir.

Başçı çıxışını belə yekunlaşdırdı: “Bu gün ölkə rəhbəri cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan xalqı üçün ən əsas və hər şey deməkdir. Xalq bu məqamı şəxsi təcrübəsində müəyyən edib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Bütün beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs verməklə əslində Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, “Şahdəniz” qazının Avropanın enerji təchizatındakı rolunun yüksəlməsinə, Azərbaycanın Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni yerlərinin açılmasına,  güclümüasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına,   ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı – müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə! Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək nəticəyə çata bilməz!

Müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında qeyd etdi ki, Azərbaycanın indiki iqtisadi sıçrayışına, sosial tərəqqisinə və ictimai-siyasi sabitliyin davamlılığına ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə müəyyən edilmiş kompleks islahatlar strategiyası, düşünülmüş uzunmüddətli siyasi kurs baza yaradıb. 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət başçısı seçilməsi respublikamızın inkişafı üçün yeni üfüqlər açdı və Azərbaycan ulu öndərin hakimiyyəti illərində misli görünməmiş inkişaf yolu keçdi. Bu günuğurla davam etdirilən bu strategiya 40 il əvvəl təməli qoyulan inkişaf və tərəqqi konsepsiyasına söykənir və yeni mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.

Heydər Əliyev hakimiyyətinin birinci dövründə respublikamızın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter alması üçün davamlı islahatlar həyata keçirdi. Daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan həyata keçirilən iri layihələrin icrası nəticəsində sənaye ölkəsinə çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə, ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu.

Aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilən Azərbaycanın ixrac potensialı da artdı. Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları təkcə, ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı.

Azərbaycanda sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermiş oldu. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı.

Y.Mahmudov qeyd etdi ki, ümummilli liderimiz  hakimiyyətinin ikinci mərhələsində Azərbaycanın inkişafında dinamizm daha da dərinləşdi və dünya iqtisadiyyatına inteqrasiya olunan respublikamızın bölgədə nüfuzu möhkəmləndi. Ulu öndər 1993-cü ildə respublikamızda ağır sosial-iqtisadi, siyasi-ictimai proseslərin baş verdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə gəldi və iqtisadiyyatı dağıdılmış respublikada köklü islahatlar aparmaqla iqtisadi-sosial vəziyyətin dəyişməsinə nail oldu. Xatırladaq ki, bu dövrdə sosial bölmədə vəziyyət daha acınacaqlı idi. Ölkədə kompleks islahatlara başlamaq, xarici dövlətlərlə əlaqələr yaradaraq siyasi-hərbi gərginliyi azaltmaq, iqtisadi vəziyyəti normal inkişaf məcrasına yönəltmək üçün qətiyyətli idarəetmə qabiliyyəti olan Liderə ehtiyac var idi. Çökmüş iqtisadiyyatı bərpa etmək, xaos və böhranı aradan qaldırmaq, siyasiiqtisadi sabitliyi bərpa etmək üçün ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi olduqca vacib idi. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi nəticəsində 1993-cü ildə müşahidə olunan böhranı aradan qaldırmaq mümkün oldu.

Milli Məclisin deputatı,  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında  döstərdi ki, ulu öndərin həyatının hər bir dövrü Azərbaycanın yüksəlişi, onun beynəlxalq aləmdə daha böyük nüfuz qazanması mərhələsi olmuşdur. Onun Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi illər isə ölkəmizin taleyində mühüm bir mərhələyə çevrilmişdir.

XX əsrin 90-cı illərinin əvvəlində-Azərbaycan üçün həyati əhəmiyyət daşıyan mürəkkəb ictimai-siyasi proseslərin getdiyi bir vaxtda Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərməsi Azərbaycanı bir dövlət kimi məhv etmək istəyən daxili və xarici düşmənləri təşvişə salmışdı. O dövrkü iqtidar isə Naxçıvanı informasiya blokadasında saxlayır, Heydər Əliyevi ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Belə bir vaxtda 1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin təkidi ilə Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi Azərbaycanın bu qədim guşəsinin erməni işğalından xilas olmasında əsas rol oynadı. O, erməni qəsbkarları ilə gedən döyüşlərdə ağır itkilər verən Naxçıvana mənəvi dayaq oldu.

Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə respublikamızın bu bölgəsi bütün Azərbaycan üçün milli azadlıq və milli birlik nümunəsi göstərdi. O, xaos və təhlükələr, kəskin ictimai narazılıqlar və qarşıdurmalar, dövlət çevrilişləri dövrünü yaşayan ölkəmiz üçün ümid yerinə çevrildi.

E.İbrahimov çıxışının sonunda dedi: “ Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və dayanıqlı iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri oldu. Məhz buna görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir...”.

Tədbirdə Milli Məclisin deputatları Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.

Müstəqil Azərbaycanın memarı  Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi  geniş konsert proqramı ilə başa çatdı.

 

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 5.