Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı Şəhər Prokurorluğunda elmi-praktik konfrans keçirilmişdir

 

Aprelin 30-da Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidirmövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Bakı Şəhər Prokurorluğunun binasındakı büstü qarşısına əklil və gül dəstələri qoymuş, ümummilli liderin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, cəmiyyətdə haqq-ədalətin zəfər çalması, insanların hüquq və azadlıqlarının müdafiəsi, hər bir ictimai münasibətin qanunla nizamlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi ulu öndərin rəhbər seçildiyi 1969-cu ildən başlayaraq daim diqqət mərkəzində olmuşdur.

Ə.Seyidov prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşmasının, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılmasının ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirmiş, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına daim diqqət və qayğı göstərilməsini, prokurorluq əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsini xüsusi qeyd etmişdir.

Şəhər prokuroru rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracağını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini vurğulamışdır.

Konfransda Milli Məclisin deputatı, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir” mövzusunda çıxış etmiş, ulu öndərin həyat yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Konfransda prokurorluğun gənc əməkdaşları adından şəhər prokurorunun köməkçisi Günel Əkbərova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək banisi ulu öndərimiz Heydər Əliyev olan dövlət gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlərə əsaslanaraq müstəqillik, dövlətçilik, azadlıq uğrunda mübariz ruhlu vətənpərvər, gənc nəslin yetişdirilməsindən ibarət olmasından, ümummilli liderin gənc kadrlara göstərdiyi diqqət və qayğıdan, gənclərə olan etimadından və gənclərin xidmətini həmişə layiqincə qiymətləndirməsindən danışmışdır.

Nizami rayon prokuroru Akşin Ziyadov və digər natiqlər ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini geniş şərh etmiş, dahi şəxsiyyətin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqil, sivil dövlət quruculuğu yoluna qədəm qoyduğunu diqqətə çatdırmışlar.

 

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 6.