Xəzər dənizində
yeni özüllər inşa
olunur
Ölkəmizin neft sənayesinin
infrastruktur imkanları ildən-ilə
genişləndirilir, dənizdə və quruda
yeni-yeni istehsalat təyinatlı
obyektlər inşa olunur.
Bütün bu tədbirlər neft və qaz
hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin
yaxşılaşdırılmasına imkan
yaradır. Ölkəmizin neft-qaz sənayesinin
dinamik inkişafını təmin edən
bu layihələr Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
“Neftqaztikinti” Trestinin
fədakar əmək kollektivi tərəfindən
həyata keçirilir.
Trestin
8 saylı tikinti-quraşdırma idarəsinin (TQİ) əmək
kollektivi də bu gün neft sənayesi üzrə həyata
keçirilən tədbirlərin önündə gedir. Təkcə
onu demək kifayətdir ki, son illər dənizdə inşa
olunmuş bir sıra hidrotexniki qurğular, estakadalar, dənizin
dərinliyi 70 metrədək olan ərazilərində
quraşdırılmış stasionar dəniz özülləri
məhz bu kollektivin gərgin əməyinin bəhrəsidir.
Bundan əlavə, idarənin kollektivi quruda bir sıra obyektlərin
tikintisində də fəal iştirak edir, neft və qaz kəmərləri
çəkir, neftyığma məntəqələri,
kompressor qurğuları və sosial obyektlər inşa edir.
Bütövlükdə isə istehsalat təyinatlı obyektlərin
əsaslı tikintisi və təmiri ilə məşğul
olan 8 saylı TQİ hazırda Pirallahı qəsəbəsində,
“Abşeronneft” NQÇİ-də və digər sahələrdə
kompressor stansiyalarının, hidrotexniki qurğuların,
yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft
rezervuarlarının tikintisi, yenidən qurulması və təmiri
işləri ilə məşğul olur. Dövlət
sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə
yetirilməsi kollektivə olan inamı getdikcə
artırır. Təsadüfi deyil ki, son zamanlar bir sıra
strateji əhəmiyyətli istehsalat obyektlərində
tikinti-quraşdırma və təmir işləri məhz bu
idarənin kollektivinə həvalə olunur.
Son
illər idarənin kollektivi “Abşeronneft” NQÇİ-nin
sifarişi ilə bir sıra uğurlu əsaslı tikinti
işləri aparır. Həmin idarənin yığım-nəql
sisteminin yenidən qurulması, neftlə çirklənmiş
ərazilərdə abadlaşdırma işlərinin
aparılması bu qəbildən olan tədbirlərdəndir.
Hazırda birinci kompleks tədbir çərçivəsində
neft verən 200 quyunun yenidən abadlaşdırılması
işləri həyata keçirilir, neftin yığım məntəqələrinə
vurulması üçün müasir tipli aqreqat və nasoslar
quraşdırılır. Yığım-nəql sisteminin
ikinci kompleksindəki işlərə isə cari ilin iyun
ayında başlanacaqdır.
Ötən
il idarə üçün xüsusilə əlamətdar
olmuş, kollektivin səyi ilə
neft-qaz sənayesi üçün son dərəcə vacib
olan bir sıra obyektlərin tikintisi uğurla başa
çatdırılmışdır. Belə ki,
“Abşeronneft” NQÇİ-nin sifarişi əsasında
“Darvin bankası” yatağında 12 istismar quyusunun
qazılması üçün 720 saylı stasionar dəniz
özülünün tikintisi, eləcə də “Qərbi
Abşeron” yatağında 120 və 48 saylı stasionar dəniz
özüllərinin yeni texniki avadanlıqlarının
quraşdırılması məqsədilə yenidən
qurulması işləri vaxtında və keyfiyyətlə
tamamlanmışdır. Bundan əlavə, N.Nərimanov
adına NQÇİ-nin sifarişi ilə “Bulla dəniz”
yatağında 90 saylı axtarış quyusunun
qazılması üçün 29 saylı stasionar dəniz
platformasının genişləndirilməsi və yenidən
qurulması işləri də vaxtında başa
çatdırılmışdır. H.Z.Tağıyev
adına NQÇİ-nin sifarişi ilə Buzovna sahəsində
3 və 4 saylı neft-qazçıxarma sexlərinin
neftyığma sahələrinin və neftin, suyun kompleks
hazırlanması və vurulması sahəsinin inşası
da kollektivin il ərzində həyata keçirdiyi
mühüm əsaslı tikinti-quraşdırma işlərindəndir.
Xatırladaq ki, Buzovna sahəsindəki 3 və 4 saylı neft və
qazçıxarma sexlərinin neftyığma sahəsinin və
neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin
tikintisi obyekti ekoloji tarazlığın qorunması
üçün də mühüm əhəmiyyət kəsb
edir.
“Abşeronneft”
NQÇİ-nin quruda və dəniz akvatoriyasında yerləşən
mühüm istehsalat obyektləri üzrə əsaslı təmir
işləri də 8 saylı TQİ-nin əsas fəaliyyət
istiqamətlərindən sayılır. 2012-ci ildə
kollektivin gücü ilə istismarda olan bir sıra stasionar dəniz
özüllərində, əmtəə çənləri
parklarında, estakadayanı meydançalarda, eləcə də
emalatxana və nasosxanalarda nəzərdə tutulmuş əsaslı
təmir işləri vaxtında və keyfiyyətlə yerinə
yetirilmişdir. İl ərzində “Abşeronneft”
NQÇİ-nin sifarişi ilə “Darvin bankası” yatağında
yerləşən 89, 210 və 290 saylı stasionar dəniz
platformalarının, Pirallahı adasındakı köhnə
rezervuar parkının, “Şimal” estakadasının 4 və 2
saylı baza meydançalararası hissəsinin əsaslı təmirini
yüksək keyfiyyətlə başa çatdıran kollektiv
illik baş podrat planına 127,8 faiz əməl etmişdir.
Ölkəmizin
neft-qaz sənayesi üçün mühüm əhəmiyyət
kəsb edən istehsal obyektlərinin tikintisi və əsaslı
təmiri ilə bağlı sifarişləri vaxtında və
keyfiyyətlə yerinə yetirən idarənin kollektivi
2013-cü ilə də uğurla başlamış, “28 May”
NQÇİ-nin sifarişi ilə “Bahar” yatağında 2
saylı özülün genişləndirilməsi işlərini
uğurla başa çatdırmağa müvəffəq
olmuşdur. Bu yaxınlarda isə idarənin tarixində əlamətdar
bir hadisə baş vermiş, kollektiv Pirallahı qəsəbəsində
yerləşən yeni inzibati binaya
köçmüşdür.
8
saylı TQİ-nin kollektivi hazırda da neft sənayesi
üçün vacib olan yeni-yeni obyektlərin tikintisi və əsaslı
təmiri ilə bağlı işləri davam etdirir. İdarənin
rəisi Zakir Kərimov dedi:— Son illər neft sənayesi
işçilərinə dövlət qayğısı
getdikcə artırılır. Bu qayğını
kollektivimizin hər bir üzvü də yaxından hiss edir. Elə
idarəmizin bu yaxınlarda yeni inzibati bina ilə təmin
olunması da məhz bu qayğının növbəti təzahürüdür.
Xatırladım ki, trestimizin müdiri Mirkazım Abasovun
iştirakı ilə istifadəyə verilən yeni bina ən
müasir texniki avadanlıqlarla təchiz olunmuş, burada
müasir isitmə-soyutma sistemi yaradılmış, ətraf ərazidə
abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Yeri gəlmişkən,
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Neftqaztikinti”
trestinin müdiri Mirkazım
Abasov tərəfindən ölkəmizin neft sənayesi
üçün vacib olan layihələrin icrasının
daimi nəzarətdə saxlanması
məsuliyyətimizi birə beş artırır.
Hazırda kollektivimiz “28 May” NQÇİ-nin sifarişi ilə
Dübəndi neft-yığım məntəqəsinin əmtəə
çənləri parkında köpüklə
avtomatlaşdırılmış yanğınsöndürmə
sisteminin yaradılması obyektinin, “Abşeronneft”
NQÇİ-nin sifarişi əsasında “Darvin bankası”
yatağında 8 istismar quyusunun qazılması
üçün 740 saylı stasionar dəniz
özülünün tikintisini və buradakı 660 saylı
özülün quyuağzı avadanlıqla
abadlaşdırılması işlərini sürətlə
davam etdirir. “Neft Daşları” yatağında 12 istismar
quyusunun qazılması üçün 2150 saylı stasionar dəniz
özülünün və adada 2A saylı iriləşdirilmiş
neft-yığım məntəqəsinin inşasında da
işlərin qızğın çağıdır.
Kollektivimiz
ilin sonunadək bir sıra mühüm istehsalat obyektlərinin
tikintisi və təmiri ilə bağlı mühüm
sifarişlər almışdır. “Darvin bankası”
yatağında yerləşən stasionar dəniz
platformasının, “Şimal qırışığı”
yatağında 8 və 9 saylı 6/04 kV-luq hava elektrik
ötürücü xətlərinin, “Abşeronneft”
NQÇİ-nin şimal estakadasının 203 və 562
saylı meydançalararası hissəsinin, “Gürgan”
yatağında 210 saylı özülün, 4 saylı
kompressor stansiyasının əsaslı təmiri, “Şimal
qırışığı” sahəsində 1100 saylı
platformanın quyuağzı avadanlıqlarla
abadlaşdırılması, eləcə də ARDNŞ-in Təlim-Tədris
və Sertifikatlaşdırma İdarəsinin Qala Tədris Mərkəzinin
bazasında interaktiv atıcılıq tirinin yaradılması
məqsədilə ərazidə əsaslı təmir işlərinin
aparılması məhz bu qəbildən olan işlərə
aiddir.
İdarəmiz
ekoloji tədbirlərdə də yaxından iştirak edir. Məhz
kollektivimizin gücü ilə neft axıdılan bir sıra
kanallar qapalı sistemə keçirilmişdir. Bu isə həm
itkilərin qarşısının alınmasına, həm də
ekoloji tarazlığının qorunmasına mühüm
töhfə sayıla bilər. Bununla yanaşı, kollektivimiz
Pirallahı qəsəbəsinin sosial problemlərinin aradan
qaldırılmasında, abadlıq-quruculuq və
yaşıllaşdırma işlərinin həyata
keçirilməsində də xüsusi fəallıq göstərir.
Bütövlükdə isə ARDNŞ, eləcə də
“Neftqaztikinti” Tresti rəhbərliklərinin diqqət və
qayğısını daim hiss edən idarə kollektivi ilin
sonunadək tapşırılan bütün işlərin
öhdəsindən layiqincə gəlmək əzmindədir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 1 may.- S. 8.