Xətai rayonunda yubiley tədbirləri davam edir

 

Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirlər davam edir.

Dünən də rayon icra hakimiyyətinin və Bakı Şəhər Turizm və Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi idi” adlı geniş mədəni kütləvi tədbirlər proqramı həyata keçirilmişdir.

Rayonun yüzlərlə sakininin toplaşdığı Heydər parkında təşkil olunmuş tədbirlər proqpamı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov,  Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və digər qonaqların milli dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Sonra qonaqlar rayonun bədii özfəaliyyət kollektivlərinin, rəsm dərnəklərinin, dekorativ-tətbiqi xalq sənətçilərinin, idman bölmələrinin parkın müxtəlif guşələrində yer alan pavilyonlarında ulu öndərin 90 illik yubileyinə hazırladıqları töhfələrlə tanış oldular.

Ulu öndər Heydər Əliyevin “Mədəniyyət bəşəriyyətin topladığı ən gözəl nümunələrlə xalqları zənginləşdirir” deyimi yazılmış lövhənin yaxınlığında tikməçi rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Xəlilzadənin qədim tikmə növü ilə yaratdığı əsərlər, xüsusilə Heydər Əliyevin parça üzərində tikmə portreti böyük maraqla qarşılandı.

Növbəti pavilyonda rayonun gənc rəssamlarının ulu öndərin 90 illiyinə həsr olunmuş rəsm əsərləri, Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran kitabların sərgisi, müxtəlif idman növləri üzrə yeniyetmə gənclərin çıxışları da tamaşaçılarda xoş təəssüratlar yaratdı.

Tədbir Xətai rayonu gənclərdən ibarət özfəaliyyət kollektivlərinin konsert proqramı ilə axşama qədər davam etdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 8.