Ulu öndərin xatirəsi yad edildi

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı “Suraxanı OYL” şirkətində  xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib. Tədbiri şirkətin icraçı direktoru Arzu Sarıbalayev açaraq məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, bu günlər xalqımız ulu öndər, dahi insan, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 90 illiyini böyük təntənə ilə qeyd edir. Hazırda Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi bu dövlətin ümummilli liderimiz tərəfindən yaradılmış özülünün möhkəmliyi ilə əlaqədardır.

Bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olub. O, rəhbərlik etdiyi birinci mərhələdə Azərbaycanı geridə qalmış aqrar diyardan inkişaf etmiş sənaye respublikasına çevirdi. Xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra isə dahi öndər vətəndaş müharibəsinin başladığı, iqtisadi xaos içərisində boğulan, bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmiş Azərbaycanın xilaskarı və müstəqil dövlətimizin qurucusu oldu. O, ölkəmizin inkişafının əsasını qoyan neft strategiyasının müəllifi oldu və Azərbaycanı regionun iqtisadi cəhətdən lider dövlətinə çevirdi.

Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Altun Quliyev qeyd etdi ki, ümummilli liderimiz parlaq zəkası, müdrik siyasəti və titanik fəaliyyəti sayəsində qüdrətli Azərbaycanı yaradıb və onu yeni uğurlara aparan strategiyasını müəyyən edib. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasət, formalaşdırdığı dövlət və dəyərlər bu gün də fəaliyyətdədir və Azərbaycan xalqına xidmət edir. Heydər Əliyev xalqımızın milli həmrəylik və birlik simvovlu, qürur mənbəyidir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və bizi yeni uğurlara aparır.

 

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 8.