Ümummilli lider HEYDƏR
ƏLİYEVİN 90 illik yubileyinə həsr
olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun
açılış mərasimi keçirilmişdir
Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun
açılış mərasimi və komandaların təqdimatı
keçirilmişdir.
Dənizkənarı
Milli Parkda baş tutan mərasimdə çıxış edən
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Fazil Məmmədov veloturun iştirakçılarını
salamlamış, Azərbaycan paytaxtının artıq
mühüm bir idman mərkəzinə çevrildiyini, burada
hər il çoxlu sayda müxtəlif beynəlxalq
yarışların keçirildiyini söyləmişdir.
Federasiya prezidenti qeyd etmişdir ki, bu gün Azərbaycan dünya ölkələri sırasında təkcə öz iqtisadi uğurları ilə deyil, həm də idman sahəsində göstəriyi nailiyyətlərlə tanınmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtda və regionlarda müxtəlif idman qurğuları, Olimpiya kompleksləri tikilib istifadəyə verilir, gənclərin idmana cəlb edilməsi üçün məqsədyönlü işlər aparılır.
Qeyd
edilmişdir ki, ölkəmiz artıq ikinci ildir ki, beynəlxalq
kateqoriyalı velosiped yürüşlərini qəbul edir. Bu il təşkil edilən
“TOUR d’AZERBAIDJAN” Bakı şəhərində
start götürəcək, ölkənin
tarixi və mənzərəli
landşaftları ilə zəngin olan yeddi rayonunun ərazisində
keçiriləcəkdir. F.Məmmədov veloturun
böyük bir idman bayramı olmaqla
yanaşı, ölkəmizdə velosiped
idmanının inkişafına yeni bir təkan verəcəyini söyləmişdir.
Federasiya
prezidenti velotur iştirakçılarına qələbə
sevinci arzulamışdır.
Açılış
mərasimində gənclər və idman naziri Azad Rəhimov,
eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikki (Patrick Hickey) çıxış etmişlər.
Sonra
“TOUR d’AZERBAIDJAN”da iştirak edəcək komandaların təqdimatı
keçirilmişdir. Təmsil etdikləri ölkələrin
dövlət bayraqları altında meydana
daxil olan komandalar və onların üzvləri ictimaiyyətə
təqdim edilmişdir. Veloturda ümumilikdə 24 komanda çıxış edəcək
ki, bunların da 17-si kontinental, 5-i milli komandalardır. Hər komandanın
tərkibində 6 velosipedçi
yarışacaqdır. Bütövlükdə velotura 41 ölkədən
velosipedçi qatılır.
Açılış mərasimində Gənclər
və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Beynəlxalq Velosipedçilər
İttifaqının, ölkəmizin
müxtəlif idman federasiyalarının nümayəndələri,
velosiped idmanı həvəskarları iştirak
etmişlər.
Sonra tədbir
geniş konsert proqramı ilə davam etmişdir. Əvvəlcə
Müdafiə Nazirliyinin
əlahiddə nümunəvi
orkestrinin, sonra populyar türk müğənnisi Mustafa Cecelinin
canlı çıxışları,
sonra Azərbaycan incəsənət ustalarının
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti olmuşdur.
Həmin gün Bakıda vellosiped bayramı da keçirilmişdir. Azərbaycan Velosiped
İdmanı Federasiyası
Yeni bulvar ərazisində velosiped həvəskarları üçün
“7-dən 77-yə” adlı yarış
təşkil etmişdir.
Yarışda 7 yaşından yuxarı
bütün vətəndaşlar
iştirak etmişlər. Tədbirə yüzlərlə velosiped həvəskarı
qatılmışdır. Müxtəlif yaş kateqoriyalarında
4 kilometrə yaxın
bir məsafədə
yarışan velosiped
həvəskarları böyük
bayram əhval-ruhiyyəsi
yaratmışlar. Hər yaş
kateqoriyası üzrə
yarışınların qaliblərinə
“BMW” markalı velosipedlər
hədiyyə edilmişdir.
V. BAYRAMOV
Xalq qəzeti.- 2013.- 1 may.- S. 9.