“Azərsu” ASC-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev respublikamızın sosial-iqtisadi həyatının bütün sahələri kimi, içməli su sektorunun inkişafına da misilsiz töhfələr vermişdir. Ötən müddət ərzində paytaxt Bakının, eləcə də ölkənin iri şəhər və rayonlarının içməli su təchizatına imkan yaradan mühüm  layihələrin təşəbbüskarı və ideya müəllifi məhz ulu öndər Heydər Əliyev olmuşdur. Bu günlərdə ölkənin içməli su təsərrüfatı sahəsinin  işçiləri müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, onun ölkənin su sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı işləri minnətdarlıqla xatırlayırlar. Bu münasibətlə “Azərsu” Açıq  Səhmdar Cəmiyyətində silsilə tədbirlər həyata keçirilir.

Həmin tədbirlərin tərkib hissəsi olaraq dünən kütləvi informasiya vasitələri nümayəndələrinin ulu öndərin müəllifi olduğu Kür sutəmizləyici qurğular kompleksinə səfəri təşkil edilmişdi. Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənov media nümayəndələrinə kompleksin yaranma tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Qeyd olundu ki, kompleksin layihə-smeta sənədləri 1960-cı illərdə hazırlansa da, onun tikintisi yubanırdı. Burada əsas işlər 1969-cu ilin ikinci yarısından sonra görülməyə başlanmışdır. Heydər Əliyevin 1970-ci il iyun ayının 10-da Azərbaycan KP MK-nın iclasında Kür su kəmərləri sisteminin birinci növbəsinin tikintisinin başa çatdırılması ilə bağlı verdiyi konkret tapşırıqlardan sonra bu sahədə ciddi dönüş yaranmışdı. Respublikanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, mütəşəkkil şəkildə iməciliklərin keçirilməsi Kür su kəmərinin çəkilişini “ümumxalq tikintisi”nə çevirmişdi.

1970-ci il sentyabrın 27-də  böyük zəhmət, gərgin əmək hesabına Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verilmişdir. Cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də birinci növbə çərçivəsində ikinci Kür-Bakı su kəməri işə salınmışdır. 1980-88-ci illərdə Bakıya daha üç magistral su kəməri çəkilmiş, bununla da Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi üç dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılmışdır.

1995-ci ildə fiziki və mənəvi cəhətdən köhnəlmiş  Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya, həmçinin Avropa Yenidənqurma və İnkişaf  banklarından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlar aparılmışdır. Ulu öndərin gərgin əməyinin nəticəsində  alınmış kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində bir sıra modernləşdirmə işləri aparılmışdır.

Sonra jurnalistlər Kür sutəmizləyici qurğular kompleksinin işi ilə yaxından tanış oldular. Məlumat verildi ki, paytaxt istehlakçılarına, eləcə də bir sıra ətraf yaşayış məntəqələrinə verilən Kür suyu mürəkkəb texnoloji prosesdən keçirilərək bir neçə mərhələdə təmizlənir. Belə ki, çayın məcrasında quraşdırılmış 4 ədəd  üzən qurğunun hər birində quraşdırılmış 3 nasos vasitəsilə su mənbədən götürülür. Suyun təmizlənmə prosesi  üç mərhələdə həyata keçirilir. Həmin mərhələlər isə  suyun bulanıqlıq səviyyəsindən asılıdır. Belə ki, bulanıqlıq səviyyəsi bir litr üçün 15 milliqramdan çox olarsa, onda ilkin mərhələdə su radial durulducular vasitəsilə təmizlənir. Az olduğu təqdirdə isə su üfuqi durulduculara ötürülərək burada xlorlama prosesindən keçirilir. Sonra isə süzgəclərdən keçirilən su özüaxımlı rejimlə hər birinin tutumu 6 min kubmetr olan üç təmiz su anbarına ötürülür.  Buradan isə nasosxanalara daxil olan su xüsusi nasoslar vasitəsilə paytaxt istiqamətinə nəql olunur.

Onu da qeyd edək ki, hazırda bu mənbə hesabına paytaxtın 40 faizi, eləcə də Hacıqabul rayonu içməli su ilə təchiz olunur. Yaxın illərdə isə ölkənin 6 şəhərinin, eləcə də 160-a yaxın  kəndin su ilə təchizatı bu mənbə hesabına həyata keçiriləcək.

Yeri gəlmişkən,  dünən Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinə təmizlənmiş Kür suyunun verilməsinə başlanıldı. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov dövlət başçısı İlham Əliyevin son illər ölkə regionlarının sosial-iqtisadi inkişafına xüsusi qayğı və diqqət göstərdiyini bildirdi. Elə uzun illər susuzluqdan korluq çəkən  Qubalı Baloğlan kəndinə içməli suyun verilməsi də məhz bu qayğı və diqqətin məntiqi nəticəsidir.  Bütün bunlara görə kənd sakinləri adından ölkə Prezidentinə minnətdarlıq hissi ifadə olundu.

Daha sonra “Azərsu” ASC-nin idarə rəisi Etibar Məmmədov çıxış edərək bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etdi, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu cür layihələrin ölkənin digər kənd yaşayış məntəqələrində də həyata keçiriləcəyini diqqətə çatdırdı. Qeyd olundu ki, Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsi kəndin 2865 nəfər sakininin  su ilə təminatının  əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə uyğun olaraq kəndin içməli su mənbəyi Kür-Bakı su kəməri seçilmişdir. Bu mənbədən Qubalı Baloğlan kəndinə 355 millimetr  diametrli polietilen borularla 9376 metr uzunluğunda magistral su xətti çəkilmiş və şəbəkəyə birləşdirilmişdir. Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ümumi tutumu 600 kubmetr olan iki ədəd su anbarı inşa olunmuşdur. Gələcəkdə kənddaxili su şəbəkəsinin də yenidən qurulması  nəzərdə tutulur.

Xatırladaq ki,  Qubalı Baloğlan kəndinin su təchizatı sistemi 1983-cü ildə yaradılmışdır. Kəndə içməli su Pirsaatçay çayından verilirdi. Burada su anbarı olmamış, ümumi uzunluğu 4 kilometr olan  paylayıcı su xətləri isə istismara yararsız vəziyyətə düşmüşdür. Yaxın vaxtlarda kənddaxili su şəbəkəsinin yeniləşdirilməsi sakinlərin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına imkan yaradacaqdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 9.