Jurnalistlər üçün treninq

 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki,  İTAR TASS İnformasiya Agentliyinin aparıcı jurnalisti, Rusiya Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Səadət Kadırova aprelin 29-da Bakıda diaspor sahəsindən yazan Azərbaycan jurnalistləri üçün “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda treninq keçirmişdir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının dəstəyi ilə keçirilən seminarda komitənin təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm bildirmişdir ki, treninqin əsas məqsədi diaspor sahəsində yazan jurnalistlərin peşə təcrübəsinin təkmilləşdirilməsidir.  MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə seminarın əhəmiyyətindən danışaraq diaspor sahəsinin Azərbaycan üçün həssas sahə olduğunu və S.Kadırovanın bu sahədə öz peşə təcrübəsini azərbaycanlı jurnalistlərlə bölüşməsinin yaxşı nəticələr verəcəyini vurğulamışdır. Səadət Kadırova jurnalistika sahəsində uzun illərdir qazandığı təcrübəni Azərbaycandakı həmkarları ilə bölüşmək üçün şərait yaratdığına görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Mətbuat Şurasına təşəkkür edərək jurnalistika fəaliyyəti haqqında həmkarlarına məlumat vermişdir. İşlədiyi dövrdə nüfuzlu və məşhur simalarla apardığı maraqlı müsahibələr, qarşılaşdığı maraqlı məqamlardan söz açmış, həmkarları ilə fikir mübadiləsi aparmışdır. O, müsahibin rəğbətini qazanmağın yolları, uğurlu müsahibənin alınmasında qarderobun sirləri, müsahibənin uğurlu alınmasına təsir edən amillər, müsahibənin aparılması yolları və s. peşə sirləri barədə azərbaycanlı jurnalistlərə məsləhət vermiş, beynəlxalq təcrübədən danışmışdır. Moskvada yaşayan həmyerlimiz “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusuna toxunaraq qeyd etmişdir ki, xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları ölkəni, onun tarixini, mədəniyyətini təbliğ edən layihələr təqdim etməlidir ki, Diasporla İş üzrə Dövlət Komitəsi də belə layihələrə diqqətlə yanaşıb onların reallaşmasına yardım göstərsin. Dövlət Komitəsinin fəaliyyətini  yüksək qiymətləndirən S.Kadırova bildirmişdir ki, xaricdə yaşayan azərbaycanlı kimi komitəyə etdiyi bütün müraciətlərə operativ surətdə diqqət göstərilmişdir.  Həmkarlarını xarici ölkələrdə mövqelərini möhkəmlətmək üçün bir-birinə dəstək olmağa çağıran Səadət Kadırova diaspor təşkilatlarına gənclərə böyük diqqət və qayğını artırmağı təklif etmişdir.

Qeyd edək ki, seminarda ölkənin aparıcı KİV-nin nümayəndələri təmsil olunmuşlar. Tədbirin  sonunda iştirakçılara sertifikat və xatirə hədiyyələri, Səadət Kadırovaya isə “Ölkənin imici və onun formalaşmasında diasporun rolu” mövzusunda treninqin təşkilində xidmətlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkür plaketi təqdim edilmişdir.

 

 

 Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 9.