Səbaildə yubiley sərgisi
Görkəmli oftalmoloq,
akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi
paytaxtımızın Səbail rayonunda da geniş şəkildə
qeyd olunur. Əlamətdar
yubileylə bağlı rayonun elm, təhsil və səhiyyə müəssisələrində
unudulmaz alimin xatirəsinə
həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər və
müxtəlif aksiyalar təşkil olunmuşdur.
Xəbər
verdiyimiz kimi, Səttar Bəhlulzadə adına sərgi
salonunda Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə tanınmış rəssamların Zərifə
xanım Əliyevaya həsr olunmuş əl işlərindən ibarət
sərgi açılmışdır. Mərasimdə Mədəniyyət
və Turizm Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, millət vəkili Fuad Muradov, M.Lomonosov
adına Moskva Dövlət Universiteinin Bakı filialının
rektoru, professor Nərgiz Paşayeva, ictimaiyyət nümayəndələri,
Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təmsilçiləri
iştirak etmişlər.
Bayramsayağı
bəzədilmiş sərgi salonuna toplaşan qonaqları
salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb
elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə
xanım Əliyevanın həyat və fəaliyyəti barədə
məlumat vermişdir. Natiq qeyd etmişdir ki, akademik Zərifə
Əliyeva oftalmologiyanın aktual problemlərinə dair
sanballı tədqiqatları ilə nəinki keçmiş
SSRİ məkanında, həmçinin dünya miqyasında
böyük şöhrət qazanmışdır. Onun
elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin
yetişməsinə və Azərbaycanda oftalmologiya elminin
inkişafına güclü təsir göstərmişdir. Ümummillli lider Heydər
Əliyevin
ömür-gün yoldaşı olan Zərifə xanım həm
də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Zərifə
xanımın əziz xatirəsinə həsr olunan sərginin
yüksək səviyyədə təşkilindən danışmış,
nümayiş etdirilən rəsm əsərlərini yüksək
qiymətləndirmişdir.
Mərasim iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından
Ömər Eldarovun müəllifi olduğu “Zərifə
xanım Əliyevanın abidəsi”nin fotoportreti, Oqtay
Sadıxzadənin “Zərifə xanım Əliyevanın
portreti”, “Azərbaycanlı qadının portreti”, Altay
Sadıxzadənin “Mehriban xanımın portreti” və “Nərgiz
xanımın portreti”, həmçinin xalq rəssamları
Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Tahir
Salahovun, Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin,
Sakit Məmmədovun, Xalidə Səfərovanın, ümumilikdə 19 rəssamın əsərlərinə
tamaşa etmişlər. Gənc rəssam Nərgiz
Quliyevanın Zərifə xanım Əliyevanın muncuqdan
hazırladığı portreti də maraqla
qarşılanmışdır.
R.Behbudov
adına 2 saylı musiqi məktəbinin şagirdləri mərasimdə
klassik musiqi nömrələri ilə çıxış
etmişlər.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 1 may.- S. 9.