“Azərbaycanı
dünyaya tanıdan Böyük İnsan”
Azərbaycan
xalqının xilaskarı ulu öndərin respublika
üçün gördüyü misilsiz işlər təkcə
ölkəmizdə deyil, xaricdə yaşayan azərbaycanlıların
da qəlbində əbədi yaşayır.
Qədirbilən xalqımız
ümummilli liderin örnək həyat və fəaliyyətini
tarixin yaddaşına köçürür: böyük rəhbərə
sonsuz hörmət və məhəbbətlə məqalələr
yazılır, kitablar nəşr olunur, filmlər çəkilir.
“Tərəqqi” medallı jurnalist Telman Əliyev
mərkəzi mətbuatda çalışdığı 50
ildə saysız hadisələrin şahidi olub. Onun qəzetimizdə
fəaliyyəti ulu öndərimiz Heydər Əliyevin Azərbaycana
rəhbərliyi dövrünə düşdüyü
üçün daha maraqlı və rəngarəng
olmuşdur. Ümummilli liderlə dəfələrlə
görüşmək səadətinə nəsib olan Telman Əliyev
Heydər Əliyevin siyasi kursunu təbliğ edən yüzlərlə
məqalə yazmışdır. Onun xalqımızın
böyük oğlu Heydər Əliyevin anadan olmasının
90 illiyi münasibətilə hazırlayıb oxuculara təqdim
etdiyi “Azərbaycanı dünyaya tanıdan Böyük
İnsan” kitabı ulu öndərin çoxşaxəli fəaliyyətinin
müxtəlif məqamlarını özündə əks
etdirir. Kitabda toplanmış məqalələr ilk dəfə
“Xalq qəzeti”ndə dərc olunmuşdur.
Azərbaycan Respublikasının əməkdar
jurnalisti, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun
elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycanı
dünyaya tanıdan Böyük İnsan” kitabı müxtəlif
nəsillərdən olan yazarların ulu öndərin
başdan-başa xalqa xidmətdə keçən həyatının
müxtəlif sahələrinə həsr olunmuş yubiley nəşrlərindən
biridir. Burada toplanmış 25 məqalənin 4-ü
ümummilli liderin hakimiyyətinin birinci, qalan hissəsi isə
ikinci dövrünü əhatə edir. Bu kitabın əsas məziyyətini
və digər nəşrlərdən fərqini isə ön
sözün müəllifi Həsən Həsənov belə
açıqlayır: “Qüdrətli ictimai-siyasi və
dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin ilk
13 illik dövründə qəzetimizin Mil-Muğan zonasında
xüsusi müxbir işləmiş Telman müəllim ulu
öndərin bu bölgəyə səfər və
görüşlərində onu müşayiət etmiş
jurnalistlər qrupu arasında olmuş, bir sıra maraqlı,
operativ hazırlanmış korrespondensiya, reportaj, hesabat və
informasiyaların müəllifi kimi tanınmışdır.
Bu yazılar qəzetimizin saralmış, tarixə
çevrilmiş səhifələrində ümummilli liderin
xalq arasında keçən unudulmaz günlərinin
xronikası kimi qiymətini zaman keçdikcə
artırır.
Təcrübəli jurnalist ümummilli lider Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə xilaskar kimi
qayıdışı, müstəqil dövlətin Prezidenti
kimi fəaliyyəti dövründə də sevimli
mövzusunu məqalə, şərh, xatirə, oçerk kimi
təhlili və publisistik janrlarda davam etdirmiş, qəzetimizin
oxucularına aktual səslənən bir sıra yazılar təqdim
etmişdir. Müəllif bu materialları ulu öndərin
ümumxalq bayramı kimi yaxınlaşan 90 illiyi münasibətilə
ayrıca kitabda toplayıb nəşr etdirir.
İnanırıq ki, yubiley nəşrləri arasında bu
toplu fakt zənginliyi, sənədlilik dəyəri, istifadə
gərəkliyi və təsir gücü ilə seçilən
bir kitab kimi qəbul ediləcək".
Telman Əliyevin fakt və xatirələrə söykənərək hazırladığı bu kitab müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin idarəetmə və rəhbərlik məharətini öyrənənlər üçün zəngin material verir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 3 may.- S. 5.