Heydər Əliyev
Azərbaycan xalqının dahi müasiridir
Böyük xalqların–istər ingilislərin, fransızların, almanların, istərsə
də italyanların dahi müasirləri yoxdur.
U.Çörçil, Ş.de Qoll, K.Adenauer və De Qasperi mənsub
olduqları millətlərin dünya tarixinə ötən əsrin
ikinci yarısında bəxş etdikləri nadir şəxsiyyətlər
idilər. F.D.Ruzveltdən sonra ABŞ-da da dahi “kəsiri”
mövcuddur. Azərbaycan xalqı kiçik də olsa, bu
baxımdan unikaldır. Onun dahi müasiri vardır. Həmin
düha Heydər Əliyevdir. Məhz bu dahi
şəxsiyyətin xarizmatik liderliyi sayəsində
mövcudluğu təhlükə altında olan dövlətçiliyimiz
permanent xaos və böhran məngənəsindən
çıxarılmış, ümummilli fəlakətin-vətəndaş
müharibəsinin qarşısı alınmış,
döyüş cəbhəsində məğlubiyyətlər
seriyasına son qoyulmuş və atəşkəs
rejiminin tətbiqinə nail olunmuşdur.
O,
ölkə həyatının bütün sahələrində
quruculuğun, davamlı inkişafın və islahatların
banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd
təsərrüfatının dirçəlişi, peşəkar
ordunun yaradılması, çevik və
balanslaşdırılmış xarici siyasət kursunun həyata
keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət,
incəsənət sahələrinin tərəqqisi, hüquqi
və demokratik dövlət quruculuğu məhz onun adı ilə
bağlıdır.
Təsadüfi
deyildir ki, görkəmli filosof, akademik Ramiz Mehdiyev ümummilli
lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin
34 ilini milli intibah dövrü kimi səciyyələndirmişdir.
Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya
baxımından fərqlənən iki mərhələ ilə
(1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində
ulu öndərin Vətənə fədakar xidməti və
hakimiyyətinin hər iki mərhələsində ölkəmizin
nəhəng miqyasda nailiyyətlər qazanması
baxımından oxşardırlar. Başqa sözlə, eyni
missiyanın, sadəcə, iki mərhələsidirlər.
Ötən
əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya
qazeta”ya verdiyi müsahibəsində “Qoy ədalət zəfər
çalsın”—deyən Heydər Əliyev özünün
milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində,
sözün həqiqi mənasında,
ədalətin zəfər çalmasına nail oldu. Ölkədə
həmin illərdə 213 yeni sənaye müəssisəsi
istismara verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye
məhsulu öz həcminə görə əvvəlki 50 ilə
bərabər idi.
“Xalq həmişə öz
ziyalıları, öz mədəniyyəti, öz elmi ilə
tanınır” - deyən ulu öndər Heydər Əliyevin
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycanda
məktəbəqədər tərbiyə müəssisələrindən
tutmuş ali məktəblərədək bütün təhsil
ocaqları əvvəlki illərlə müqayisədə
yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə
aparılan ardıcıl və məqsədyönlü
dövlət siyasəti Azərbaycan əhalisinin təhsil,
ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində
müstəsna rol oynadı.
Heydər
Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin
inkişafı yolundakı böyük xidmətlərindən
biri də yeni ali təhsil ocaqlarının yaradılması idi.
Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5
yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar,
kafedralar, problem laboratoriyaları açıldı. Əgər
60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda
105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas
üzrə kadr hazırlığı aparılırdısa,
1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı
birləşdirən 17 ali təhsil
müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da möhtərəm
Heydər Əliyevin ali təhsilin inkişafına,
respublikanın kadr potensialının gücləndirilməsinə
vətəndaş qayğısının nəticəsində
mümkün olmuşdur.
Dahi
şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin
inkişafında müstəsna xidmətlərindən biri də
1970-1980-ci illərdə Azərbaycandan kənarda,
keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin
170-dən çox nüfuzlu ali
məktəbində respublikamızın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin 80-dən artıq
sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan
250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı
gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər
kimi hazırlanmasına imkan və şərait yaratması
olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil
alanların milli tərkibində azərbaycanlıların
sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə,
ümummilli lider Heydər Əliyevin apardığı
uzaqgörən siyasət nəticəsində 1976-cı ildə
müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə,
1980-ci illərin əvvəllərində isə 97, 6 faizə
çatdı. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun
kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın
yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin
edirdi, digər tərəfdən potensial Azərbaycan
diasporunun formalaşması prosesinin konturları
cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB
məkanında Azərbaycan diasporunun sosial tərkibinin
böyük bir hissəsini məhz həmin illərdə ulu
öndərin xeyir-duası ilə təhsil almış
insanlar təşkil edir və onlar müstəqil dövlətimizin
maraqlarını təmsil olduqları ölkələrdə
şərəflə qoruyurlar.
“Xalqı
həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar
daha üstündür”-deyən ümummilli liderin qənaətinə
görə, milli özünüdərkə xalqın
yaratdığı və yaşatdığı mədəni
sərvətlərə dərindən yiyələnməklə
çatmaq olar. Ulu öndər başqa bir fikrində isə
qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və
mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom
Nəsrəddin Tusinin və böyük Füzulinin, orta əsrlərin
görkəmli alimi Rəşidəddinin və üsyankar
şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və
realist yazıçı Mirzə Fətəli Axundovun,
görkəmli satiriklərdən Mirzə Ələkbər
Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox
başqa korifeylərin adları bu mədəniyyətin
çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan
xalqının bu və ya digər görkəmli
oğullarına ona görə minnətdarıq ki, onlar
zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai
fikrini, elm və mədəniyyətinin məşəlini
göz bəbəyi kimi qorumuşlar.
Heydər
Əliyev böyük siyasi ustalıqla 59 yaşında
pantürkist-millətçi ittihamı ilə Sibirə
sürgün edilən dahi Hüseyn Cavidin nəşini 100
illiyində Vətənə gətirməklə əslində
milli hissə və duyğuya malik olan şəxsiyyətlərin
hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə-Azərbaycana
qaytarmış oldu.
Danılmaz
həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət
mükafatı “Rusca-azərbaycanca lüğət”ə
verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində
1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada
layiq görüldü. Bu mükafatların arxasında
böyük siyasi mətləblər gizlənirdi. Başqa
sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə,
ikinci halda isə doğma dilimizin (milliləşmənin)
inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu
öndərin millətin genetik kodunun mühüm komponenti
hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə
bu məntiqlə də Heydər Əliyev böyük səylər
hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunmasına nail olmuşdu.
Bu,
bir həqiqətdir ki, Sovet dövlətində bütün
sahələr kimi, ordu quruculuğu prosesi də məlum
siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi
Moskva milli respublikalarda, ələlxüsus müsəlman
dövlətlərində milli hərbi kadrların
hazırlanması yönündə cəhdləri bir qayda
olaraq qısqanclıqla qarşılayır və buna mane
olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri
əsasən Rusiya, Ukrayna və Belorusda fəaliyyət
göstərirdi.
“Bunları
görəndə, düşünürdüm ki,
yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu
müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz
var. Biz nə üçün ordudan təcrid olunuruq?” - bu
sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin
21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin
30 illik yubiley təntənəsində çıxış
edərkən demişdi.
Ulu
öndər Heydər Əliyev 1973-cü ildə böyük
səylər nəticəsində belə bir məktəbin
yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan
ildə təxminən 60 min gənci ordu sıralarına
göndərirdi. Ancaq onların tam əksəriyyəti
inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə
azərbaycanlı zabitləri isə, necə deyərlər,
barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri
1973-cü ildə Bakıda belə bir hərbi məktəbin
yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar
hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən
böyük siyasət və uzaqgörənlik lazım idi.
Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda
milli hərbi kadr hazırlığı üçün baza
rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva
laqeyid yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin
dövrdə Bakıya təşrif buyuran çeşidli
komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə
ehtiyac olmadığını “əsaslandırmağa”
çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin
qarşısını qətiyyətlə almağı
bacardı.
Heydər Əliyev 1969-1982-ci illərdə
Sovet İttifaqı çərçivəsində perspektiv
müstəqil Azərbaycan dövləti üçün xidmət
edə biləcək bütün zəruri addımları atmağa nail oldu.
1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan
Respublikası əslində real suverenliyinə 1993-cü ildə
nail oldu. Həmin il xalqın israrlı tələb və
xahişindən sonra Heydər Əliyevin hakimiyyətə
qayıdışı baş verdi və bununla da Azərbaycanda
milli intibah dövrünün ikinci mərhəsi
(1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin
təbirincə desək, “müstəqilliyin əldə edilməsindən
daha çətin olan onun qorunması və möhkəmləndirilməsi”
ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın
siyasi-hərbi elitasında formalaşmış mövqeyə
görə, ərazisindən hərbi bazaları
çıxarılan və birmənalı olaraq Qərbə
inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin
uzağagedən planları üçün birbaşa təhlükə
mənbəyi rolunu oynayır. Həmin mərhələdə
hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata
keçirdiyi səbatsız daxili və onun davamı olan xarici
siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum
sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə
məhz həmin illərdə Rusiyanın himayəsi ilə
torpaqlarımızın Ermənistan tərəfindən
işğalı həyata keçirildi.
Yeri
gəlmişkən, burada bir həqiqəti də xüsusi
olaraq qeyd edək ki, Azərbaycan xalqının ən
ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə
bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə
həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri
bir dəfə də olsun ölkəmizə qarşı ərazi
iddialarını açıq şəkildə dilə gətirməyə
cəsarət etmədilər və buna imkan verilmədi.
Akademik Ramiz Mehdiyev Heydər Əliyev
fenomeni ilə bağlı tədqiqatlarında çox
düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın
M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
ilkin razılıq verilməsi barədə bəyanatı və
bununla da münaqişənin ilkin
qığılcımının közərməsi məhz
Heydər Əliyevin Siyasi Büro üzvlüyündən
istefasından cəmi üç həftə sonra baş
verdi”.
Bundan
savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə
adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini
qaldırması nəticəsində İranla da münasibətlər
son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində
faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan
ağır təzyiq altına düşdü. ABŞ Konqresi
isə Azərbaycanı dövlət səviyyəsində hər
cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul
etdi.
Bu
şəraitdə dövlətçiliyimiz üçün ən
təhlükəli proses separatizm və onun nəticəsində
ərazi bütövlüyümüzü növbəti dəfə
pozulması təhlükəsi ilə bağlı idi. Erməni
işğalçılarının aramsız
hücumları, Cənubda “Talış Muğan
Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının
ərazi iddiaları və Gəncədə Surət
Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin
dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər
mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində
respublikamız real vətəndaş müharibəsi
astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos
hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi,
yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi və xahişi ilə hakimiyyətə
qayıdışından sonra hədəfinə
çevrildiyimiz bu ağır problemlər öz həllini
tapmağa başladı. Lakin bu prosesin özü də hamar
yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart
aylarında Azərbaycanın müstəqilliyini istəməyən
xarici qüvvələrin himayəsi ilə respublikamızda
dövlət çevrilişlərinə cəhdlər edildi.
Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu
sınaqlardan da uğurlu çıxışı təmin
etdi.
Burada
bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu
kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi
səfəri zamanı ona bu dövlətin ən məşhur
4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam
Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi
olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident
A.Linkolun ABŞ-ın bütövlüyünün
qorunması naminə separatçı Cənub ştatları
ilə mübarizə aparmalı olmuş və nəticədə
ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə
baxmayaraq, dövlətçiliyin məhvinin
qarşısını ala bilmişdi. Amerikalılar indiyədək
seçdikləri bütün prezidentlər içərisində
yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən
biri də məhz A.Linkolundur. Zənnimizcə,
amerikalıların Heydər Əliyevlə Avraam Linkolun
arasında paralel aparmalarının motivi gün kimi
aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin
Xilaskarıdırlar.
1993-cü ildən etibarən
ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti nəticəsində 1995- ci
ildən başlayaraq ölkəmizin sosial-iqtisadi
inkişafı və dünya iqtisadi sisteminə
inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə
imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir
ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil
dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan
modeli yaradıldı.
Dayanıqlı
və dinamik inkişaf tempinə əsaslanan bu modeli 3
mühüm parametrlə xarakterizə etmək olar: 1) sərbəst
bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil
milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması; 3) milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasının təmin olunması.
Azərbaycan
qısa zaman kəsiyində demokratik inkişaf yolunda ciddi
uğurlara imza atdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsi
və siyasi iradəsinin nəticəsi olaraq qəbul
edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə
və düzəlişlər ölkəmizdə hüquqi
dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşması prosesində müstəsna rol
oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi,
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının etibarlı təminat mexanizmlərinin
formalaşdırılması və xüsusilə də
siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində
kompleks tədbirlər həyata keçirilmişdir.
Məhz
bu möhkəm özül əsasında ölkəmizdə
şəxsiyyətin azadlığı və
toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi
qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar
yaradıldılmış, siyasi plüralizm, vicdan və etiqad
azadlığı, azlıqların hüquqları, qanun
qarşısında bərabərlik təmin edilmişdir.
Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli
məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi
və prosedur qaydalarının şəffaflaşması təmin
edilmiş, on minlərlə insan amnistiya edilmiş və
böyük sayda məhkum bağışlanmış, senzura
ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin
sərbəst fəaliyyəti təmin edilmişdir.
Azərbaycanın
qısa zaman kəsiyində demokratik inkişaf yolunda əldə
etdiyi uğurların özünü “demokratiyanın
bayraqdarı” kimi təqdim edən bir sıra dövlət və
təşkilatlarda adekvat olaraq qiymətləndirilməməsi,
əksinə bu istiqamətdə onların real həqiqətlərə
söykənməyən bəyanatlarının meydana gəlməsi
acı təəssüf doğurur. Əslində ərazisinin
20 faizi Ermənistan dövlətinin işğalı
altında olan və 1 milyondan artıq məcburi
köçkünü və qaçqını olan gənc
Azərbaycan Respublikasından əsrlərlə
formalaşmış Qərb demokratiya standartlarını tələb
etməyin özü düzgün deyildir. Bunun
üçün ən azı onilliklər lazımdır,
çünki demokratiya permanent prosesdir. Müqayisə
üçün qeyd edək ki, ABŞ-ın yarandıqdan bəri
(1776-cı il) 235 illik demokratiya tarixi vardır. Təkcə
Konstitusiyanı qəbul etmək üçün ABŞ-a 11
il (1787-ci il), ölkəni köləlikdən azad etmək
üçün 89 il (1865-ci il, Konstitusiyaya 13-cü düzəliş),
qadınlara səs hüququ vermək üçün 144 il
(1920-ci il, Konstitusiyaya 19-cu düzəliş) və
bütün vətəndaşları qanun
qarşısında bərabər etmək üçün
düz 188 illik (1964 -cü il, Konstitusiyaya 24-cü düzəliş)
zaman kəsiyi lazım olmuşdur. Deməli, ABŞ-ın
öz tarixi təcrübəsi göstərir ki, tam demokratik
dövlət olmaq üçün Azərbaycana müəyyən
vaxt lazımdır və ən əsası odur ki,
respublikamızda bu istiqamətdə davamlı olaraq ciddi və
konkret addımlar atılmaqdadır.
Bu
prosesdə-demokratik dövlət quruculuğu istiqamətində
ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği
və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri
müstəsna əhəmiyyət kəsb edir. Başqa
sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində
irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək,
Azərbaycan xalqının rifahının yüksəldilməsinə
yönəldilmiş təşəbbüsləri himayə
etmək, ölkədə elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanın inkişafını təmin edən
layihələrə yardımçı olmaq, milli-mənəvi
dəyərlərə sadiq gənclərin yetişdirilməsinə
və digər mühüm vəzifələrin yerinə
yetirilməsinə nail olmaq ölkənin birinci
xanımının rəhbərlik etdiyi təşkilatın
genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini
təşkil edir və geniş ictimaiyyət tərəfindən
olduqca yüksək dəyərləndirilir.
Azərbaycan
xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu
öndər Heydər Əliyevin 90 illik yubileyini onun siyasi xətti
ətrafında daha sıx və monolit birlik nümayiş
etdirərək qeyd edir. Bu gün ulu öndərin şah əsəri
olan müstəqil Azərbaycan etibarlı əllərdədir,
davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin
dühasından “Ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini
alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü
və gələcək inkişafının təminatçısıdır.
O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə
daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan son 10 il ərzində özünün
milli dövlət quruculuğu və
idarəçiliyinin növbəti şərəfli mərhələsini
yaşayır. Son 10 ildə
ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş,
sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində
çox böyük uğurlara imza atmışdır.
Bu
gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini
gözləyən istənilən dövlət əhəmiyyətli
məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar
uğurla icra edilir. Bu gün Cənubi Qafqaz regionunun
iqtisadiyyatının 80 faizdən çoxunu və
demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş
Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və
regional geosiyasətin intellektual və informasiya mərkəzinə,
onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi
deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində
Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır.
2012-ci ildə dünyanın aparıcı “Fitch”, “Moody”s və
“Standart and Poor”s" reytinq agentlikləri əksər ölkələrin
kredit reytinqlərini aşağı saldığı
haıda, ölkəmizin reytinqlərini
artırmışdır. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik
hesabatı”nda hesabatında Azərbaycan dünyada 46-ci, MDB məkanında
isə birinci mövqedədir. Bu il aprelin 7-8-də Davos
İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin
iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən
təsdiq edilməsi deməkdir. Ölkəmiz
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və
hazırlığına görə də MDB məkanında
birinci yerdədir. BMT-nin hesabatına görə, insan
inkişafı indeksinə görə, ən böyük
sıçrayışı da məhz Azərbaycan etmiş və
“yüksək insan inkişafı” ölkələr qrupuna
yüksəlmişdir.
Heç
şübhəsiz, dövlət idarəçiliyi və onun
müxtəlif istiqamətləri üzrə əldə edilən
bu uğurlar Ermənistanın ölkəmizə qarşı
xarici havadarlarının dəstəyi ilə həyata
keçirdiyi işğalçılıq siyasəti
olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı prinsipial mövqeyi
vardır və bu mövqe həm tarixi həqiqətə, həm
də beynəlxalq hüquq normalarına əsaslanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi
bütövlüyü danışıqların predmeti
olmayıb və heç zaman da olmayacaqdır.
Danışıqlar prosesində konkret nəticə olmasa da,
son aylar ərzində beynəlxalq vasitəçilərin
münaqişə ətrafında formalaşmış
status-kvonun dəyişdirilməsinin vacibliyi ilə
bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq
haldır. Münaqişə dondurulmuş münaqişə
deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə
Azərbaycan torpaqlarının işğaldan azad edilməsini
tələb edir və münaqişənin həlli yolu
yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək,
iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə
hərbi güc münaqişənin tezliklə həll
olunması üçün öz rolunu oynayır və
oynayacaqdır.
20 il
əvvəl Azərbaycan beynəlxalq koordinatlar sisteminin
subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan
bu gün bölgədə və dünyada etibarlı tərəfdaş,
dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan
Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər
üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti
bir daha təsdiqlənmişdir. 155 ölkənin Azərbaycanın
lehinə səs verməsi əslində dünya ictimaiyyətinin
ölkəmizə olan münasibətinin ifadəsidir,
respublikamızın həm regionda, həm də beynəlxalq
arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq
proseslərdə yaxından iştirakının və eyni
zamanda, sülhün və əmin-amanlığın bərpa
edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Bundan
savayı, bu il fevral ayının 8-də Azərbaycanın ilk
süni telekommunukasiya peykinin orbitə
çıxaırması, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə
Avropada I Olimpiya Oyunlarının
Bakıda keçirilməsi
ilə bağlı qərarı
tarixi hadisə və ölkəmizin böyük
uğuru olmaqla yanaşı, həm də Azərbaycanın
dünyada artan nüfuzunun və geniş imkanlarının
beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani
göstəricisidir.
Beləliklə,
həm ölkə daxilində, həm də beynəlxalq
arenada qazanılan bu möhtəşəm uğurların əsasında
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
düzgün daxili siyasət, balanslı və çevik xarici
siyasət strategiyası və onun dünyanın yeni geosiyasi
reallıqları nəzərə
alınmaqla Prezident İlham Əliyev tərəfindən
novatorcasına davam etdirilməsi kursu dayanır.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının Siyasi
Araşdırmalar
İnstitutunun direktoru, siyasi elmlər
doktoru
Xalq qəzeti.- 2013.- 3 may.- S. 6.