“Azərsu” ASC-də ulu öndərin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Azərsu” ASC tərəfindən həyata keçirilən tədbirlər davam edir. Yubileyə həsr olunmuş konfransın iştirakçıları öncə Fəxri Xiyabana gələrək  ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, əklil və tər gül dəstələri qoymuşlar.  

“Azərsu” ASC-də keçirilən iclas ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik   sükutla yad edilməsi ilə başlamışdır. Səhmdar cəmiyyətin sədri Qorxmaz Hüseynov böyük  dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərdən danışmış, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin sosial-iqtisadi inkişafına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Qorxmaz Hüseynov bildirmişdir ki, mənalı ömrünü xalqına həsr edən ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə böyük nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını sosial siyasətin prioritet sahələrindən hesab edən ümummilli lider respublika miqyasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı böyük layihələrin müəllifi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi vaxtdan həm Abşeron yarımadasının, həm də bölgələrin  su təchizatının yeni salnaməsinin yazıldığını vurğulayan natiq ötən əsrin 70-ci illərində Bakı şəhərinin içməli suya artan tələbatının məhz ulu öndərin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikintisi sayəsində həll edildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” nin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatlarından irihəcmli güzəştli kreditlərin alınmasında ulu öndərin şəxsi nüfuzu həlledici rol oynamışdır. Bundan əlavə,  Bakı şəhərinin içməli su ilə təminatının yüksəldilməsinə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olmuşdur.

Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində ulu öndərin başladığı işlərin hazırda ümummilli liderin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xatırladan Q. Hüseynov  dövlət başçısının  rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də ölkənin regionlarında su və kanalizasiya layihələrinin uğurla icra olunduğunu bildirmişdir.

Tədbirə dəvət olunmuş Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, millət vəkili, akademik Abel Məhərrəmov dahi şəxsiyyət Heydər Əliyevin ölkə və xalq qarşısında əvəzsiz xidmətlərindən danışaraq qeyd etmişdir ki, respublikamızın bugünkü inkişafının təməli illər öncə ulu öndər tərəfindən qoyulmuşdur.

Yeni Azərbaycan Partiyası   Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov isə çıxışında qeyd etmişdir ki,  Heydər Əliyev hər zaman xalqı və Vətənini düşünmüş, dövlət müstəqilliyinin möhkəmləndirilməsi,  xalqımızın xoşbəxt gələcəyi naminə daim çalışmışdır.

Ümummilli lider Heydər Əliyevin SSRİ kimi nəhəng bir dövlətdə rəhbər vəzifəyə təyin edilməsinin həmin dövrdə bütün türk dünyasında sevinc və qürur hissi doğurduğunu qeyd edən  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov bildirmişdir ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan ulu öndər Heydər Əliyev ölməz şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti ilə tarixdə özünəməxsus yer tutur.

Qeyd olunmuşdur ki, ümummilli liderimiz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, xalqımızın müstəqillik arzusunun həyata keçməsinə nail olmaqla yanaşı, həm də türkdilli xalqlar arasında birlik və həmrəylik uğrunda qətiyyətli və ardıcıl mübarizə aparmışdır. 

Daha sonra Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə  su təsərrüfatında çalışmış, ulu öndərin iştirak etdiyi tədbirlərin canlı şahidi olmuş  “Azərsu” ASC sədrinin  baş müşaviri Telman Ağayev xatirələrini bölüşmüş, dahi şəxsiyyətin həyat və fəaliyyətinin gənc nəsil üçün əsl örnək olduğunu qeyd etmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 6.