Ulu öndərin yubileyinə həsr olunmuş konfrans

 

Nəqliyyat Nazirliyi “Azəryolserviz” ASC-nin “85 saylı Yol İstismarı” MMC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan “85 saylı Yol İstismarı” MMC-nin direktoru Nəriman Məmmədov ulu öndərin Azərbaycanda gördüyü quruculuq işlərindən, nəqliyyat infrastrukturunun inkişafına verdiyi töhfələrdən geniş söhbət açdı.

Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə respublika iqtisadiyyatında böyük nailiyyətlər əldə olunmuşdur. Mədəniyyətin yüksəlişi, milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Həmin illərdə ölkə həyatının bütün sahələrində baş verən ciddi dəyişikliklər öz miqyasına görə Azərbaycanın salnaməsində ən dolğun səhifələri təşkil edir. Ulu öndərin ideyaları və işləri daim Azərbaycan xalqının rifahına yönəlmişdi. Onun məqsədyönlü siyasəti nəticəsində dünya Azərbaycan adlı bir məmləkətin varlığından, sahib olduğu dəyərlərdən xəbər tutmuşdur. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyev qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir, müdrik lider idi.

Natiq bildirdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. O dedi: “Ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq uzaqgörənliklə  müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan verib. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının böyük bir hissəsi ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olub. Bu dövrdə ulu öndərin rəhbərliyi altında Azərbaycan xalqı tarixi baxımdan bir əsrdən digər əsrə, bir ictimai-siyasi quruluşdan digərinə, asılılıqdan müstəqilliyə, bir ideoloji müstəvidən digər ideoloji mühitə qədəm qoyub”.

N.Məmmədov vurğuladı ki, ulu öndər Heydər Əliyevin qlobal inkişaf meyillərini görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Bu mənada 1969-2003-cü illəri, həm də Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində yaradılmışdır. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtaran deyil. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin qayğısı ilə keçən əsrin 70-80-ci illərində xaricdə təhsil almışdır.

N.Məmmədov dedi ki, ölkəmizin hər bir yerində, bütün sahələrdə ulu öndərin quruculuq fəaliyyətinin silinməz izləri var. Müstəqilliyin ilk dövründə Azərbaycanda hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində əsaslı islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız Azərbaycan xalqı üçün deyil, həm də bəşəri xidmətlərindəndir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir və onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.

Heydər Əliyevin Azərbaycanda çoxşaxəli nəqliyyat sisteminin qurulması sahəsindəki xidmətlərindən bəhs edən natiq bildirdi ki, ulu öndər ölkə iqtisadiyyatında nəqliyyatın roluna xüsusi önəm verirdi. O, Qədim “İpək Yolu” layihəsinin və nəqliyyat-yol kompleksi üzrə digər böyük layihələrin uğurla həyata keçirilməsinin, respublikanın beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinin və iqtisadi potensialının gücləndirilməsinin təminatçısı olmuşdur. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrasturukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır, ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı çox iş görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycan nəqliyyat sektoru sürətlə inkişaf etmişdir. Həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat infrasturuktur obyektləri tikilir.

Daha sonra çıxış edən AMEA Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramov müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, gənclik illərindən, Vətənimiz qarşısındakı əvəzsiz xidmətlərindən söhbət açdı. Qeyd etdi ki, ulu öndərin qazandığı ümumxalq məhəbbəti məhz xalqına, Vətəninə, torpağına tükənməz sevgisi, məqsədi, amalı, xalqının xoşbəxt və işıqlı gələcəyi uğrunda mübarizədə heç bir çətinlikdən qorxmadan fədakarlığından bəhrələnirdi.

Konfransda çıxış edən “85 saylı Yol İstismarı” MMC direktorunun müavini Cavid Hacıyev, hüquq şöbəsinin rəisi Əleysa Əliyev, iriqabaritli, ağırçəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin rəisi Rəsul Hümbətov və başqaları ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini geniş şərh edərək, dahi şəxsiyyətin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqil, sivil dövlət quruculuğu yoluna qədəm qoyduğunu diqqətə çatdırdılar.

Tədbirdə nəqliyyat sahəsinin inkişafında ulu öndərin fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Konfransı bağlı elan edən N. Məmmədov bildirdi ki, bünövrəsi ulu öndərimiz tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi cəmiyyətimizin, xalqımızın etibarlı gələcəyindən xəbər verir.

 

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 7.