Azərkosmos “COPUOS”un tədbirində iştirak etmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC Vyanada (Avstriya) keçirilmiş BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) nəzdindəki  Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərkosmosun hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat vermiş, müəssisə tərəfindən bu istiqamətdə aparılan işlərdən bəhs etmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda deyilir ki, sahə üzrə müxtəlif qurum və təşkilatlardan, habelə 54 üzv ölkədən nümayəndələrin qatıldığı iclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiqi vəziyyəti, beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının kosmik hüquqla bağlı fəaliyyəti və kosmik fəzada nüvə enerji mənbələrindən istifadəyə dair qəbul olunmuş prinsiplər nəzərdən keçirilmişdir. Bundan əlavə kosmik fəzanın hüdudlarının müəyyən edilməsi, geostasionar orbitin bərabərhüquqlu və məqsədyönlü şəkildə istismarı, üzv ölkələrdə kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair uyğun qanunvericilik bazasının yaradılması, kosmik hüquq sahəsi ilə kadr ehtiyatlarının inkişaf etdirilməsi kimi mövzulara dair geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirdə kosmik tullantıların idarə edilməsi və kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması məsələsi də diqqət mərkəzində olmuşdur.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 8.