Xalqın qəlbində
yaşayan lider
Səbail rayon
rəhbərliyi və ictimaiyyəti nümayəndələrinin,
Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, çoxsaylı qonaqların
iştirakı ilə Beynəlxalq Muğam
Mərkəzində keçirilən ümumrayon
yubiley mərasimində
ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında tarixi xidmətlərindən geniş söhbət açıldı.
Səbail
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti,
onun Azərbaycan tarixindəki rolu barədə məruzə
etdi. Natiq qeyd etdi ki, Heydər Əliyev
zəmanəmizin görkəmli siyasi və dövlət xadimi
kimi bütün dünyada yaxşı tanınmış,
sağlığında tarixə düşmüş nəhəng
şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə
xilaskarlıq missiyasını üzərinə götürərək
hakimiyyətə gələn böyük lider Azərbaycanın
müqəddəratının həll olunduğu təhlükəli
və mürəkkəb məqamlarda xalqın köməyinə
çatmış, ona dayaq olmuş, Vətənini zamanın
ağır məngənəsindən xilas etmişdir.
Heydər
Əliyev irsinin araşdırılması ilə məşğul
olan bir çox müəlliflər ulu öndərin adını
dünyanın siyasət nəhəngləri Mustafa Kamal
Atatürk, Şarl De Qoll, Corc Vaşinqton, Uinston
Çorçill, Konrad Adenauer ilə birlikdə çəkirlər.
Heydər Əliyev isə həm keçmiş sovet, həm də
müstəqillik dönəmində Azərbaycanın
inkişafı, onun dünya dövlətləri cərgəsində
layiqli yeri tutması üçün həyatını şam kimi əritmiş,
adını əbədi olaraq tarixə yazmışdır.
Azərbaycan
1993-cü ildə vətəndaş müharibəsindən,
parçalanmaqdan yalnız Heydər Əliyevin qətiyyəti
hesabına xilas oldu. Dahi şəxsiyyət canından
çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına
malik, demokratik və bəşəri dəyərlərə
sadiq, dünya birliyində nüfuzlu yer tutan müasir, müstəqil
Azərbaycanı bəxş etdi. Ölkəmizin
qazandığı bütün uğurlar, inkişaf və tərəqqi
Heydər Əliyev dühasının bəhrəsidir. “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
— kəlamı da tarixin ən
böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə
məxsusdur.
Daha
sonra bildirildi ki, ümummilli liderin xalqın birliyi və xoşbəxtliyi yolunda
göstərdiyi titanik fəaliyyət hər bir
soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən
öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”
– deyən böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı
üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza
miras qoyub getdi. Heydər Əliyevin həyat və fəaliyyəti
böyük bir məktəbdir və daim öyrənilməkdədir.
Cəmiyyətə xidmət nümunəsi olan bu böyük
şəxsiyyət həmişə xalqa arxalanır və
deyirdi: “Xalq mənim dayağım, gücüm və
inamımdır”. Ümummilli liderin ideyaları daim yaşayacaq.
Azərbaycan xalqı, bütün türk dünyası onu
heç vaxt unutmayacaq.
Prezident
İlham Əliyevin apardığı daxili və xarici siyasət
bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri
nəticəsində müstəqilliyi tam təmin olunan
dövlətimiz durmadan inkişaf edir, çiçəklənir
və qüdrətli dövlətə çevrilir. Dahi rəhbər
vaxtilə demişdir: “Nə qədər ki, Azərbaycan var, mən
də varam! Mən isə Azərbaycanda həmişə
olacağam”. O, doğrudan da, həmişə bizimlə olacaq,
çiçəklənən Vətənimizin hər
güşəsində onun abidəsi ucalacaqdır. Onun ən
böyük abidəsi isə
xalqın qəlbindədir.
Mərasimdə xalq artisti Alim Qasımov və əməkdar
artist Fərqanə Qasımova muğam dəstgahı səsləndirdilər.
Müğənni Ramin Qasımov, əməkdar artist Fərid Əliyev,V.Mustafazadə
adına “Sevil” ansamblı, C.Cahangirov adına xor kollektivi ulu öndərin ən çox
sevdiyi mahnıları, xalq artistləri Mənsum İbrahimov və
Nəzakət Teymurova “Leyli və Məcnun” operasından
parçanı, xalq artisti Brilyant Dadaşova ulu öndərə
həsr olunmuş mahnıları ifa etdilər.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 3 may.- S. 8.