Neft Akademiyasında Heydər Əliyevin 90 illiyi ilə bağlı elmi konfrans işə başladı

 

 Dünən Azərbaycan Dövlət Neft Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan 2020: neft-qaz sənayesinin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə akademiyanın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir, ADNA-nın gənc alim və tədqiqatçılarının elmi-praktik konfransı da bu yubileyə həsr olunub. Rektorun sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin memarı, dünya siyasətinin qəbul edilmiş simalarından olan Heydər Əliyev xalqımızın tükənməz sərvətlərinin, o cümlədən, neft və qazın onun rifahı naminə mənimsənilməsi məsələsində müstəsna xidmətlər göstərib. Heydər Əliyevin uzaqgörənliyi və neft amilindən məharətlə istifadə etməsi Azərbaycanı qısa müddətdə inkişaf etməkdə olan ölkələr sırasına çıxarmışdır.

Prezident İlham Əliyev isə müxtəlif təyinatlı, o cümlədən, irimiqyaslı enerji layihələrini uğurla həyata keçirərək ölkəmizin iqtisadi potensialını daha da artırmış və Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin etmişdir. “Heydər Əliyevin elmin, təhsilin inkişafı zərurəti ilə bağlı söylədiyi “Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur” fikri Prezident İlham Əliyevin “Biz neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etməliyik” müddəası ilə daha da zənginləşdirilmişdir. Əminəm ki, konfrans iştirakçısı olan doktorantlar, gənc alimlər və tədqiqatçılar ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarına sadiq olan və onun siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin innovasiyalı inkişaf strategiyasının reallaşdırılması və ölkəmizin elmi-texniki potensialının artırılması yolunda öz üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələcəkdir”, - deyə Siyavuş Qarayev bildirdi.

Başqırdıstan EA prezidenti Ramil Baxtizin Bakının onun üçün doğma şəhər olduğunu, burada 5 il yaşadığını bildirdi. Akademikin sözlərinə görə, Bakının bugünkü mənzərəsini, ümumiyyətlə, son illərdə Azərbaycanda baş vermiş sosial-iqtisadi inkişafı görmək olduqca xoşdur. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Azərbaycan dünyanın enerji təchizatında mühüm rol oynayır. Ölkə BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir. Bakıda hər il beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. 1915-ci ildə ilk Avropa Olimpiya oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Ölkə kosmik sənayenin yaradılmasında böyük uğurlar əldə edib, artıq özünün peykini orbitə buraxıb. Bütün bunlar böyük siyasi xadim Heydər Əliyevin xalqı və Vətəni qarşısında xidmətidir, onun apardığı daxili və xarici siyasətin real nəticələridir. Heydər Əliyev Azərbaycan xalqı üçün çox böyük və dəyərli işlər görüb, onun SSRİ miqyasında gördüyü işlər də diqqətəlayiqdir.

Ramil Baxtizin qeyd etdi ki, Azərbaycan neft sənayesinin inkişafında Başqırdıstana da kömək edib. Hazırda bu ölkədə çalışan neft mütəxəssislərinin əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının yetirmələridir. Neft Akademiyası bu gün də Başqırdıstan üçün gənc kadrlar hazırlanmasında mühüm işlər görür.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov da ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün böyük işlər gördüyünü bildirdi. Onun sözlərinə görə, ulu öndər hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə sənaye və kənd təsərrüfatının inkişafında mühüm dönüş yaradıb. Neft və qaz hasilatının artırılması qayğısına qalıb. Eyni zamanda, gənclərin təhsili, xüsusən onların SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə elmlərə dərindən yiyələnmələri Heydər Əliyevin daim diqqət yetirdiyi, qayğı göstərdiyi məsələlərdən olub.

Natiq vurğuladı ki, ulu öndər keçən əsrin 90-cı illərində, xüsusən 20 Yanvar hadisələri ilə əlaqədar həmişə xalqının yanında olmuş, onun dərdlərinə şərik olmuşdur. Azərbaycanı həmin illərdə yaranmış xaos və anarxiyadan, eləcə də iqtisadi uçurumdan məhz Heydər Əliyevin uzaqgörən siyasəti xilas etmişdir. Torpaqlarımıza göz dikən ermənilərlə atəşkəs müqaviləsinin bağlanması, bundan sonra ölkədə ictimai-siyasi sabitlik yaradılması, dünyanın böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması da Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindəndir. Sonrakı illərdə isə Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi bütün digər sahələrin də inkişafına təkan vermişdir.

Daşqın İsgəndərov hazırda 90 illik yubileyi qeyd edilən ulu öndərin daim gənclərə qayğı göstərdiyini xüsusilə vurğuladı. Bu qayğını hazırda ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev göstərir. “İnanıram ki, gənclərimiz bu il də prezident seçkilərində məhz İlham Əliyevi dəstəkləyəcəklər”, - deyə Daşqın İsgəndərov qeyd etdi.       

Sonra Neft Akademiyasının prorektoru Ramiz Məmmədov, professor Bağır Bağırov, doktorant Aida Şahməmmədova, dissertant Nazim Məmmədov Heydər Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafına, eləcə də gənc kadrların yetişdirilməsinə qayğısı haqqında danışdılar.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 9.