Balakən: il uğurlarla başlandı

 

Bu gün Azərbaycanın hər yerində davam edən uğurlu sosial-iqtisadi inkişaf tendensiyası Balakəndə də öz həqiqi əks-sədasını tapır. İndi artıq bu rayonda il ildən uğurlu gəlir. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, oradakı göstəricilər əvvəlki aydakına nisbətən daha yaxşı olmasın.

 Bu fikirləri rayon icra hakimiyyətinin başçısı İslam Rzayev 2013-cü ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında səsləndirdi. Rayon rəhbəri qeyd etdi ki, ölkədə gedən quruculuq, inkişaf təmayülləri Balakəndən də yan keçməmiş, 2013-cü ilin birinci rübündə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmış, istehsal və xidmət sahəsində göstəricilər artmışdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində cari ilin məhsulu üçün 2012-ci ildə 366 hektar payızlıq taxıl, o cümlədən 188 hektar buğda, 168 hektar arpa əkilmişdir.

İstehsalın və məhsuldarlığın artırılması üçün payızlıq əkinlərə aqrotexniki xidmət göstərilmiş, sahələrdə qış şumu aparılmış, 355  ton üzvi gübrələr verilmiş, suvarma məqsədləri üçün 7,1 kilometr uzunluğunda kanallar qazılmış, sel-sularına qarşı mühafizə tədbirləri həyata keçirilmişdir.

Rüb ərzində 1237 ton ət, 4199 ton süd, 1870 min ədəd yumurta istehsal edilmişdir. Yəni əvvəlki ilin müvafiq dövründən ət 8 ton, süd 96 ton, yumurta 184 min ədəd artıq istehsal edilmişdir. Heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün  də tədbirlər həyata keçirilmişdir. Aqrar sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün kəndlər üzrə hədəf göstəricilər müəyyən olunmuşdurbu işlərə gündəlik nəzarət edilir.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə bağlı ardıcıl işlər aparılır. Buğda istehsalının stimullaşdırılması məqsədilə  63 nəfər istehsalçıya hesablanmış 7036 manat yardımın istehsalçıların hesablarına köçürülməsi təmin olunmuşdur. İstehsalçıların texnika ilə təminatının yaxşılaşdırılması, mineral gübrələrə olan tələbatın güzəştlə ödənilməsi üçün müvafiq işlər görülmüş, təsərrüfatın bütün  sahələrində istehsalçılara köməklik göstərilmişdir.

Hesabat dövründə “Aqroservis” filialı tərəfindən istehsalçılara 50 faiz güzəştlə 85 ton azot gübrəsi satılmışdır. Yazlıq əkinlərə başlanması ilə əlaqədar istehsalçıların mineral gübrəyə olan tələbatının ödənilməsi üçün əlavə 135 ton azot gübrəsinin gətirilməsi təmin edilmişdir.

Cari ildə meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə Qullar kəndində və “Təpəçöl” ərazisində  əvvəlki illərdə salınmış intensiv meyvə  bağlarına aqrotexniki qulluq göstərilmiş, istehsalın artırılması üçün əlavə tədbirlər görülmüşdür. Rayonun Katex kəndində əlavə olaraq 48 hektar sahədə yeni intensiv  meyvə bağları salınmaqla rayon üzrə cəmi intensiv bağların sahəsi 151 hektara çatdırılmışdır.

Başçı qeyd etdi ki, rayonun abadlaşdırılması məsələsi daim diqqət mərkəzindədir. I rübdə şəhərin küçə və parklarına ümumilikdə 400-dən çox qızılgül kolu  800 ədəd həmişəyaşıl ağaclar əkilmişdir. Heydər Əliyev adına parkda 500-dən çox eldar şamı, küknar və digər ağacların əkilməsi təmin edilmişdir. Şəhərin müxtəlif yerlərində olan  yaşıllıqlara xidmət göstərilmiş, Katex-Balakən magistral yolunun kənarlarında 3500-dən çox katalpa, akasiya, qızılağac və digər növ ağacların əkilməsi təmin edilmişdir. Meşə əkinlərinin artırılması,  mühafizəsi, yaşıllıqların salınması, yol kənarlarında, parkbağlarda gül və ağacların əkilməsi və onlara qulluq göstərilməsi diqqət mərkəzində saxlanılmalıdır.

İslam Rzayev hesabat dövründə aparılan tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verməzdən əvvəl ötən il rayonda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, əhalini ən çox narahat edən məsələlərdən biri olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş fərdi yaşayış evlərinin siyahısının dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Heydər Əliyev prospektinin abadlaşdırılması və prospektdə şəhər seyrəngahının tikintisi işləri başa çatmaq üzrədir. Prospektin yol qovşaqları    sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulur. “Balakən-1” su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin, YAP rayon təşkilatının, Təhsil şöbəsinin inzibati binalarının, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış binasının, Balakən-Qazma-Darvazbinə yolunun tikintisi davam edir. Ə.Ansuxski küçəsində və H. Əliyev prospektində beşmərtəbəli yaşayış evlərinin əsaslı təmirinə başlanılmışdır. Binalar aqlayla üzlənilir. Ə.Ansuxski küçəsində yerləşən iki çoxmənzilli yaşayış binasının və şəhər 2 saylı uşaq bağçasının istiliklə təchizatı məqsədilə yeni, müasir  qazanxananın tikintisinə və məhəllədaxili istilik sisteminin qurulmasına başlanmışdır.

Rayonun qazlaşdırılması sahəsində birinci rübdə 1571 evə qaz xətti çəkilməklə rayon üzrə  abonent sayı 13230 nəfərə çatdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə abonent sayının iki dəfə artması deməkdir. Rayonun Şərif, Sarıbulaq, Qaysa, Salban və digər yaşayış məntəqələrində  qaz xətlərinin çəkilməsi davam etdirilmişdir. Aparılan işin sürəti onu deməyə əsas verir ki, cari ildə rayonun qazlaşdırılması tam başa çatdırılacaqdır.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün magistral və şəhər su xətlərinin 224 metrlik hissəsi dəyişdirilmiş, su xətlərində cari təmir işləri aparılmış, rayonun Cederovtala yaşayış məntəqəsində  1 artezian quyusu qazılmışdır.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində kifayət qədər iş görülüb. Belə ki, ilin əvvəlində inşasına başlanan Qazbinə kəndindəki elektron stansiya istifadəyə tam hazır vəziyyətdədir, Qaravəli elektron stansiyasında isə avadanlıqların montaj işləri yekunlaşmaq üzrədir. Rüb ərzində rayon üzrə 56 nəfərə telefon çəkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər çoxdur.  Bununla belə, 2013-cü ilin  ölkə Prezidenti tərəfindən “İnformasiyakommunikasiya texnologiyaları ilielan olunmasını nəzərə alsaq bu sahədə çox işin görülməsinə, bütün yaşayış məntəqələrinin telefonlaşmasına, xətt şəbəkəsinin yenidən qurulmasına ehtiyac vardır.

İlin birinci rübündə məktəblərdə və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılmasına, xüsusi qabiliyyətli şagirdlərin aşkar edilməsinə və istedad bankının zənginləşdirilməsinə, hərbi vətənpərvərlik işinin yaxşılaşdırılmasına  xidmət edən tədbirlərin keçirilməsinə nəzarət artırılmışdır. Bu məqsədlə keçirilən respublika miqyaslı yarış və turnirlərdə rayonun əksər ümumtəhsil və  məktəbdənkənar müəssisələrinin şagirdlərinin iştirakı təmin olunmuşdur.

Fənn olimpiadalarının respublika turunda iştirak edən 16 nəfər şagirddən 12 nəfəri olimpiadanın qalibi olmuşdur ki, bu da son illərin ən yaxşı göstəricisidir. “İlin məktəbi” respublika müsabiqəsində iştirak edən Nizami adına şəhər 1 saylı tam orta məktəbi müvafiq turları müvəffəqiyyətlə keçərək lazım olan balları toplaya bilmişdir.

Rayonun bütün təhsil və mədəniyyət müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq müxtəlif  tədbirlərin keçirilməsi davam etdirilmişdir.

2013-cü ilin birinci rübündə Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş film nümayişləri, dəyirmi masa, konfrans və disputlar keçirilmiş, təhsil müəssisələrində mərkəzin əməkdaşları tərəfindən ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş mühazirələr oxunmuşdur. Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlərə, şair və yazıçıların yubileylərinə həsr olunmuş sərgilər təşkil edilmiş,  kitab müzakirələri keçirilmişdir.

Tarix-diyarşünaslıq muzeyində, mərkəzi kitabxanada, uşaq incəsənət məktəbində və digər mədəniyyət müəssisələrində ulu öndərin 90 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

İslam Rzayev sonda rayonun qonaqlarını,  mətbuat işçilərini rayonda reallaşdırılacaq açılış mərasimlərində iştirak etməyə çağırırdı:

– May ayının əvvəlində şəhər seyrəngahının,  Qaysa kəndində, Salban və Arılıqbinə yaşayış məntəqələrində  qaz xəttinin, daha sonra 14 kilometrlik Balakən-Qazma-Darvazbinə yolunun açılışını qeyd edəcəyik. İlin sonunadək təhsil, səhiyyə və mədəniyyət obyektlərində əsaslı və cari təmir işləri aparılacaq, inşası başa çatan təhsil müəssisələrinin açılış mərasimləri keçiriləcək.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 10.