Ulu öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən şəkillər və eksponatlar Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarında böyük maraq doğurmuşdur

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qeyd olunmuşdur ki, bu gün böyük gücə, ən müasir texnikaya, silah-sursata malik olan Azərbaycan ordusunun yaradılması məhz  ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Hələ sovetlər birliyi dövründə ciddi maneələri dəf edərək və çətin riskə gedərək Cəmşid Naxcıvanski adına Hərbi Məktəbin açılmasına nail olmuş ümummilli liderin uzaqgörən siyasəti indidə gözəl bəhrəsini verməkdədir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan nazirliyin əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər. Ulu öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən şəkillər və eksponatlar nazirliyin əməkdaşlarında böyük maraq doğurmuşdur.

Sonda fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləmişlər.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları fonddan zəngin təəssüratla ayrılmışlar.

 

           

Xalq qəzeti.- 2013.- 4 may.- S. 6.