Vergilər Nazirliyində geniş kollegiya iclası

 

Vergilər Nazirliyində 2012-ci ilin və 2013-cü ilin birinci rübü üzrə fəaliyyətin nəticələri, həmçinin ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı toplantısında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında çıxış edən kollegiyanın sədri, vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi inkişafında yeni nailiyyətlər əldə edildiyini, ölkəmizdə artıq dünya miqyaslı qlobal layihələrin həyata keçirilməsinə başlandığını bildirmiş, ötən dövrdə tarixdə ilk dəfə olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, “Avrovision” müsabiqəsinin keçirilməsi, informasiya kommunikasiya texnologiyaları ili çərçivəsində “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması, birinci Avropa Olimpiya Oyunlarının Bakıda təşkili barədə qərarın qəbul olunması, Dünya İqtisadi Forumuna (“Davos Forumu”) ev sahibliyi etməsi ilə müşayiət olunduğunu söyləmişdir.

Vergilər naziri ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin və makroiqtisadi göstəricilərin artımının uğurla davam etdiyini söyləmişdir. Qeyd edilmişdir ki, aparılan uzaqgörən və uğurlu sosial-iqtisadi siyasət vergi orqanları qarşısında duran vəzifələrin də öhdəsindən gəlməyə imkan vermiş, Azərbaycan iqtisadiyyatında baş verən dinamik inkişaf ötən dövrdə vergi sistemində mütərəqqi islahatların aparılmasına və çevik vergi siyasətinin həyata keçirilməsinə zəmin yaratmışdır.

Kollegiya sədri Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, vergitutma bazasının genişləndirilməsi, nağdsız ödənişlərin tətbiqinin və elektron xidmətlərdən istifadə imkanlarının artırılması, vətəndaş müraciətlərinə baxılmasının vacibliyi və s. məsələlərlə bağlı konkret göstərişlər verdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsaitlərin cari büdcə xərclərinin bağlanması üçün kifayət etməsi üçün büdcə gəlirlərinin artırılmasının vacibliyi ölkə başçısı tərəfindən vergi orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Vergilər naziri ötən dövrdə vergi orqanlarının əsas fəaliyyətinin məhz bu tapşırığın icrası istiqamətində qurulduğunu, son iki ildə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 39,5 faizya 931,1 milyon manat artdığını qeyd etmişdir.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 2012-ci il və 2013-cü ilin birinci rübü üzrə fəaliyyətin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, 2012-ci ildə büdcəyə 6 milyard 25 milyon 500 min manat, cari ilin I rübündə isə 1 milyard 523 milyon 400 min manat həcmində vəsait daxil olmuşdur. 2013-cü ilin I rübündə daxil olmuş vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 133 milyon manatya 9,6 faiz çoxdur. Bildirilmişdir ki, cari ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə proqnoz tapşırıqları 102,5 faiz icra edilərək 839,2 milyon manat vəsait dövlət büdcəsinə səfərbər edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz (47,5 milyon manat) artıqdır.

Vergilər nazirinin müavini vergitutma bazasının genişləndirilməsi istiqamətində görülən işlər, vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, vergi hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vergi inzibatçılığında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə  görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.

Sonra vergilər nazirinin müşaviri, vergi xidməti müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyi sistemində tədris və təlimin vəziyyəti, problemlər və perspektivlər haqqında ətraflı çıxış etmişdir.

Kollegiya iclasının yekununda çıxış edən vergilər naziri Fazil Məmmədov əldə edilən nailiyyətlərlə yanaşı, vergi orqanları qarşısında hələ bir çox mühüm işlərin qaldığını, xüsusilə 2013-cü il və növbəti illərin dövlət büdcəsi üzrə proqnozların icrası baxımından “Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanunun tətbiqi barədə” Fərmanla  Vergilər Nazirliyinə verilmiş tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir.

Qeyd edilmişdir ki, ölkə Prezidentinin müvafiq fərmanında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə artıq bir sıra işlər görülmüş, o cümlədən nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.  Vergilər naziri vergi sisteminin inkişafı üzrə yaxın və orta perspektiv müddətlərdə inkişaf planlarına toxunaraq bildirmişdir ki, “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası vergi orqanlarının da qarşısında ciddi vəzifələr müəyyən etmişdir. Bununla bağlı, nazirliyin 2013-2020-ci illər üçün təsdiq edilmiş strateji plan çərçivəsində 22 istiqamət üzrə tədbirlər həyata keçiriləcəkdir.

F.Məmmədov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrini əsas tutaraq vergi orqanları cari ildə də ölkənin dinamik inkişafını təmin edən addımları davam etdirəcək, vergi xidmətinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində bütün səylərini səfərbər edəcəklər.

Vergilər naziri qarşıda duran məsələlərin icrası ilə bağlı əlaqədar strukturlara konkret göstərişlər vermişdir.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 4 may.- S. 7.