“Əsəd bəyin əzabları” filminin premyerası

 

Mayın 2-də Berlinin “Babylon” kinoteatrında “Əsəd bəyin əzabları” filmi Almaniya ictimaiyyətinə təqdim edilib.

Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi APA-ya bildirib ki, premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan soydaşlarımız və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar.

Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.

Premyerada iştirak edən Almaniya (Berlin) Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb, bu böyük yazarın dünya ədəbiyyatında, eləcə də alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli yeri olduğunu xüsusi vurğulayıb.

Səfir P.Şahbazov filmin yaradıcı qrupunu təbrik edib, təşəkkürlərini bildirib.

N.Atəşi də çıxış edərək, filmin ərsəyə gəlməsində rolu olanlara və premyerada iştirak edənlərə minnətdarlığını çatdırıb.

İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.

Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N.Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.

Filmdə Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması olan “Sevgidən bixəbər kişi” romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı “Əli və Nino” romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.

Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir.

 

 

Xalq qəzeti.- 2013.- 4 may.- S. 7.