Ürəklərə
köçən İNSAN
Azərbaycan dövlətinin, xalqımızın tarixi taleyində müstəsna rol oynamış ulu öndər Heydər Əliyev zəngin və şərəfli bir ömür yolu keçmişdir. Ümummilli liderimizin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini nəzərdən keçirərkən əmin olursan ki, o, bütün mənalı ömrünü canından artıq sevdiyi xalqına həsr etmişdir. Ulu öndər Heydər Əliyevin ömür yolunu vərəqləyərkən bir daha əmin olursan ki, bu insan mənsub olduğu millətin və qurucusu olduğu dövlətin taleyinə son 40 ildə yazılmış kəşməkəşli illəri öz taleyində yaşadan, bu yolda ömrünü şam kimi əridən və heç vaxt bitib tükənməyən, xalqa gələcəyi nişan verən nurlu bir şəxsiyyət olmuşdur.
Heydər
Əliyev hələ 1967-ci ildən, dövlət təhlükəsizlik
orqanlarında çalışdığı vaxtlardan
başlayaraq xalqının, millətinin təhlükəsizliyinin
qayğısına qalmağa başlamışdı. Qəlbi nurla dolu
olan bu insan
öz parlaq əməlləri
ilə Azərbaycan xalqının gələcəyini işıqlandırdı, sosialist
ideologiyasının dumanlı, ağır və sərt tələblərinə
baxmayaraq, xalqa kimliyini tanıtdı. Heydər Əliyev sovetlər
birliyində yeganə rəhbər
idi ki, xalqla
öz dilində danışır, onun daxili
ehtiyaclarını bilir, sevincini,
kədərini başa düşürdü.
Heydər Əliyev 1969-cu ildə
birinci dəfə hakimiyyətə
gələndə Azərbaycan sovet respublikaları
içərisində
axırıncı yerlərdən birini
tuturdu. Sənaye və kənd
təsərrüfatında rentabellik
aşağı düşmüş, təhsil,
səhiyyə, mədəniyyət və incəsənət
sahələri İttifaqın digər respublikaları ilə
müqayisədə çox geridə
qalmışdı. Ulu öndər Heydər
Əliyev ilk vaxtlardan
etibarən xalqını və
respublikasını sovetlər birliyində tanıtmaq,
qabaqcıl yerə çıxartmağı qarşıya mühüm məqsəd
qoydu. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev qısa müddətdə
qarşıya qoyduğu bu
məqsədə böyük əzmkarlıqla
çatdı. Azərbaycan Respublikası az
müddətdə ittifaqın qabaqcıl, sürətlə inkişaf edən bir
respublikasına çevrildi. Azərbaycan o dövr üçün
mühüm nailiyyət sayılan Keçici Qırmızı əmək
bayrağını düz 11 il əlində
saxladı. Respublikada iqtisadiyyatın
müxtəlif sahələri üzrə nəhəng infrastruktur layihələri həyata
keçirilməyə başlandı. Neft
sənayesinin sürətli inkişafı digər sənaye
və kənd təsərrüfatı sahələrinin tərəqqisinə
yol açdı. Xalqın rifah
halı yüksəldi. Elm, təhsil, səhiyyə, mədəniyyət və
incəsənət sahələrində yeni
intibah dövrü
başlandı. Respublika rəhbəri azərbaycanlı
tələbələrin İttifaqın ən nüfuzlu
ali məktəblərində təhsil
almalarına xüsusi diqqət və
qayğı göstərdi. Bu da təsadüfi
deyildi. Çünki ulu öndər
Azərbaycanın nə vaxtsa müstəqil olacağına
inanırdı və bu məqsədlə
də peşəkar kadrların yetişdirilməsinə xüsusi qayğı ilə
yanaşırdı. İttifaq
miqyasında hüquq-mühafizə orqanlarında, orduda azərbaycanlı kadrların yerləşdirilməsi
məsələsi Heydər Əliyevin diqqət yetirdiyi mühüm sahələrdən
biri oldu. Ulu öndər
şəxsi təşəbbüskarlığı və milli təəssübkeşliyi
sayəsində Bakıda Cəmşid Naxçıvanski
adına Hərbi Məktəbin açılışına nail oldu. Ötən
müddətdə bu məktəb Azərbaycanda peşəkar hərbçilər ordusunun yaradılmasında müstəsna rol oynadı. Təsadüfi deyildi ki, ölkəmiz
müstəqillik əldə etdikdən sonra
peşəkar hərbçilərə olan
ehtiyacı, demək olar ki,
o vaxt
yaradılmış bu məktəbi bitirən
məzunların hesabına ödənildi.
Ulu
öndər Azərbaycanın tanınmış mədəniyyət
və incəsənət xadimlərinə, görkəmli
şair və yazıçılarına yüksək dövlət
mükafatlarının və fəxri adların verilməsinə
nail oldu. Azərbaycan xalqı həyatın bütün sahələrində
dünyanın altıda birinə sahib olan bir ölkədə
qabaqcıl yerlərdə qərar tutdu. Məhz Heydər Əliyevin rəhbərliyi
və böyük xidmətləri nəticəsində
1969-1982-ci illərdə Azərbaycanda olduqca
milli-mənəvi mühit
yaradıldı. Yeni ziyalılar nəsli yetişdirildi. Bu əslində xalqın milli
dirçəliş hərəkatının
başlanacağı, sonrakı
illər üçün böyük mənəvi bazanın
formalaşdırılması prosesi idi ki, ulu
öndər bu prosesi uğurla başa
çatdırdı. Azərbaycanın
dövlət müstəqillyini ilkin illəri
bəlkə də xalqımızın tarixinin
ən gərgin və məsuliyyətli dövrü
idi. Məhz həmin dövrdə millətin
və dövlətin taleyüklü məsələləri
həll olunurdu. Dağlıq
Qarabağda gedən qeyri-bərabər
döyüşlər, Azərbaycanın informasiya
blokadasına alınması, iqtisadiyyatın tənəzzülü,
demək olar ki,
ölkə həyatının bütün
sahələrini bürüyən dərin hərbi, siyasi, iqtisadi və mənəvi
böhrana gətirib
çıxartmışdır.
Dövlət öz
müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qalmışdı. İdarəçilik təcrübəsi
olmayan AXC-Müsavat cütlüyü cəmiyyəti idarəolunmaz
bir vəziyyətə gətirib
çıxarmışdı. Hakimiyyət əleyhinə baş vermiş Gəncə
qiyamı Lənkəranda və ölkənin digər regionlarında
separatçı qüvvələri fəallaşdırmışdı.
1993-cü ilin iyunun
9-da Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyev
Naxçıvandan Bakıya gəldi. Bakıdan birbaşa Gəncəyə tank
və topların cəmləşdirildiyi yerə gedib məsələni yerindəcə
araşdıran ulu öndər fövqəladə
zəkası və hadisələrə müdrik
yanaşması ilə silahlıları tərksilah etdi. Beləliklə də, vətəndaş
qırğınının qarşısı alındı, siyasi sabitliyin
yaradılması istiqamətində ilkin
addım atıldı. Milli Məclisin sədri
vəzifəsinə seçilən ulu
öndərin qarşısında müstəqil və gənc
Azərbaycan dövlətinin quruculuq
işlərini başa çatdırmaq
kimi son dərəcə
gərgin və məsuliyyətli vəzifə dururdu.
Yeni
yaradılmış Azərbaycan dövlətinin qanunvericilik
bazasını yaratmaq, hüquqi demokratik cəmiyyət
quruculuğunu təmin edən və tamamilə
dağıdılmış sosialist iqtisadiyyatının yeni
bazar münasibətlərinə keçidini tənzimləyən hüquqi
aktları işləyib hazırlamaq həlli vacib problemlərdən idi. Bunun üçün
cəbhə xəttində atəşkəsə nail olmaq, ölkədə
sabitliyi və əmin-amanlığı təmin
etmək lazım idi. 1994-cü ilin mayında Bişkekdə cəbhə
bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ
siyasi müraciət və ya
sülhə çağırış məqsədli və hüquqi xarakter
daşımayan “Bişkek protokolu”
adlanan mühüm bir sənəd imzalandı. Bu
sənədin imzalanmasından sonra cəbhə
xəttində atəşkəs elan olundu.
Aqrar
ölkə olan Azərbaycanda, ilk növbədə, torpaq islahatının
aparılmasının hüquqi əsaslarını və
qaydalarını müəyyən edən qanunun qəbul
olunmasına böyük ehtiyac var idi. Buna
görə də qəbul olunan ilk qanunlardan biri Torpaq islahatı
haqqında Azərbaycan Respublikasının Qanunu
oldu. Qanunun ilk maddəsindən göründüyü kimi,
torpaq islahatının əsas məqsədi
“iqtisadi azadlıq və sosial
ədalət prinsipləri əsasında torpaq
üzərində yeni mülkiyyət
münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü
inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə
etibarilə Azərbaycan xalqının maddi
rifahını yüksəltməkdən ibarətdir”. Torpaq islahatı haqqında Azərbaycan
Respublİkasının Qanunu, həm də
ölkə ərazisində dövlət
torpaqlarının müəyyən edilməsini,
torpaqların bələdiyyə və xüsusi
mülkiyyətə verilməsini, mülkiyyətçilərin
torpağa sahiblik,
istifadə və sərəncam hüquqlarına təminat yaradan mühüm bir sənəd idi. Bununla da, Azərbaycanda
xırda və orta sahibkarlığın
yaradılması və inkişaf etdirilməsi
istiqamətində ilkin addımlar
atıldı.
Həmin
illərdə ölkədə sabitliyin və əmin-amanlığın
qorunması ən vacib məsələlərdən biri idi. Çünki inkişaf və
tərəqqi yalnız sabitlik şəraitində mümkündür.
Bunun üçün
də möhkəm hüquqi bazanın
yaradılmasına böyük ehtiyac var idi.
Bu, müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyasının yaradılması kimi
böyük bir işə
başlanılması zərurətini ortaya
qoymuşdu. Prezident Heydər Əliyevin rəhbərliyi ilə
yaradılan xüsusi
komissiya Konstitusiya
layihəsini qısa vaxt ərzində
işləyib hazırladı və
ümumxalq müzakirəsinə verdi. 1995-ci il noyabrın
12-də ümumxalq referendumu
yolu ilə müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul olundu. İlk
Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasının
dövlət quruculuğunun əsasları
yaradıldı. Konstitutsiyada ilk dəfə hakimiyyətlərin bölgüsü, insan hüquq və
azalıqlarının üstünlüyü
və təminatına, eləcə də digər demokratik prinsiplərə əsaslanan, müstəqil
və bir-biri ilə
qarşılıqlı əlaqədə fəaliyyyət göstərən
hakimiyyətin üç qolu
- icra, qanunvericilik və
məhkəmə hakimiyyətləri təsbit edildi. Bu qanun vətəndaşların sosial hüquqlarının və təhlükəsizliyinin
qorunmasının, Azərbaycan cəmiyyətinin hüquqi-demokratik müstəvidə
inkişafının, ölkədə vətəndaş cəmiyyətinin
yaradılması kimi yeni
dəyərlərin təminatçısı idi.
Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində
qanunvericilik, icra və
məhkəmə hakimiyyətlərinin
qarşılıqlı fəaliyyətinin təmin eilməsi məqsədi ilə
1996-cı ildə Hüquqi İslahat Komisiyası yaradıldı. Bu komissiya ilkin
mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyən
etdi və
Sovetlər ittifaqından miras
qalmış hüquq sisteminin
fəlsəfəsini tamamilə dəyişdi.
Ulu
öndərin prezidentliyinin ilk illərindən başlayaraq
hüquq-mühafizə orqanlarının qanunvericilik
bazasının yaradılması və möhkəmləndirilməsi
istiqamətində də ardıcıl işlər
görülməyə başlanıldı. Ölkədə sabitliyin və əmin-amanlığın
möhkəmləndirilməsi işində xüsusi
xidmətləri olan Azərbaycan
polisinin qanunvericilik
bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı. Polisi Azərbaycan dövlətinin,
xalqımızın keşiyində duran mübariz bir orqan adlandıran ümummilli
lider Heydər Əliyevin yüksək
qayğı və diqqəti sayəsində Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından, ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarət olan mükəmməl bir qanun işlənib
hazırlandı və Prezident Heydər Əliyevin
fərmanı ilə 1999-cu il oktyabrın
28-də qəbul olundu. “İnsanların həyatını, sağlamlığını, hüquq
və azadlıqlarını, dövlətin, fiziki
və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini
hüquqazidd əməllərdən qorumaqdan ibarət” olan Azərbaycan
polisinin əsas təyinatı mükəmməl
bir qanunla tənzimlənməyə
başladı. Azərbaycan polisi
haqqında qanunda qanunvericiliyin əsas müddəaları,
yeni cəmiyyət quruculuğunda
polis əməkdaşlarının
qarşısında duran əsas vəzifələr,
insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsi sahəsində polisin fəaliyyəti,
polisin fəaliyyətinə nəzarət
kimi məsələlər özünün hüquqi ifadəsini tapmışdı. Qanunda bildirilir ki, polis öz
vəzifələrini yerinə yetirərkən irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən, siyasi
partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq
bütün şəxslərin Azərbaycan
Respublikasının Konstitusiyasında və tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə nəzərdə tutulmuş
hüquqlarını və qanuni mənafelərini
hüquqa zidd əməllərdən
qoruyur. Əlbəttə, bu
yüksək demokratik dəyərləri
özündə əks etdirən mütərəqqi bir qanun idi
ki, ulu öndərin fərmanı
ilə qəbul olundu.
Ulu öndər Heydər Əliyevin başladığı fundamental işlər onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısı İlham Əliyevin göstərişlərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlanıldı. Son illər Azərbaycan polisində ciddi nizam-intizamın yaradılması, polis əməkdaşlarının sosial həyat şəraitlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə xidmətlərinin müasir tələblər səviyyəsində qurulması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının polis orqanlarının müxtəlif sahələrdə fəaliyyətini tənzimləyən 25-dən çox qanun qəbul olunmuşdur.
Bu
gün müstəqil Azərbaycan Respublikasının əldə
etdiyi bütün uğurların təməlində
xalqımızın ümummilli lideri Heydər Əliyevin
yorulmaz fəaliyyəti, zəngin təcrübəsi, iti zəkası
və xalqına olan sonsuz məhəbbəti
dayanmışdır. Ulu öndərin
qurub yaratdığı müstəqil Azərbaycan
Respublikasında mövcud olan
bütün dəyərlər onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilmişdir.
Onun rəhbərliyi ilə son illər ölkə həyatının, demək
olar ki, bütün istiqamətlərində və
beynəlxalq əməkdaşlıq
sahəsində Azərbaycan inanılmaz uğurlara
imza atmışdır.
Ulu öndər Heydər Əliyev zəngin təcrübəsi, iti zəkası və xalqa olan tükənməz sevgisi ilə qurduğu müstəqil Azərbaycan dövlətini bizə əmanət qoymuşdur. Bu dövləti qorumaq, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın müqəddəs borcu olmalıdır.
Rəşad MƏMMƏDOV,
Azərbaycan Respublikası Daxili
İşlər
Nazirliyi
Polis Akademiyasının mülki
hüquq kafedrasının baş müəllimi,
hüquq üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2013.- 4 may.- S. 8.