Çoxillik zəhmətin bəhrəsi

 

Heydər Əliyev fenomeni hələ sovet dönəmindən siyasətçılərin, tarixçilərin, publisistlərin diqqətini cəlb etmiş, onun haqqında böyük elmi ədəbiyyat formalaşmağa başlamışdır. Bu, bızim üçün çox gərəkli və şərəfli bir araşdırma sahəsidir. 1990-cı illərin əvvəllərindən başlayaraq milli liderin müasir dövlətçilik prinsiplərinin tətbiqi və müstəqilliyin möhkəmləndirilməsi sahəsindəki titanik fəaliyyəti artıq fərdi bir bioqrafiya olmaqdan çıxaraq Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyevin nəzəri və siyasi irsi son 20 ildə daha  intensiv öyrənilməkdədir. Bu mövzuda yüzlərlə kitab və məqalələrin işıq üzü görməsi heç də təsadüfi deyil. Müxtəlif elmi sahələrdə ad-san qazanmış az qələm adamı tapılar ki, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında nə isə yazmamış olsun. Ulu öndərin şəxsiyyətinə rəğbət bəsləyən və əməllərinin pərəstişkarı olan bir vətəndaş kimi mən bu yazıları oxuyarkən, hər dəfə o dahi insanın ali keyfiyyətlərinin yeni-yeni cizgilərıni kəşf edirəm.

Oxuculara təqdim olunan bu kitabın müəllifi də Heydər Əliyev irsini yorulmadan tədqiq və təbliğ edən qələm adamlarından biri - təvazökar və zəhmətkeş ziyalı qadın, fəal ictımaiyyətçi, alim, pedaqoq, professor Nurlana Əliyevadır. Onun Heydər Əliyevə, onun siyasi irsinə, fikir və əqidə dünyasına xüsusi rəğbəti var. Nurlana xanım Milli lider haqqında bu illərdə nə yazıbsa, bunlar ilk növbədə bu münasibətin bəhrəsidir.

Bu gün Nurlana xanım YAP Qadınlar Şurasına uğurla rəhbərlik edir, bu şuranın təsis etdiyi “Zəriflik” jurnalının baş redaktorudur. Ən başlıcası isə o, Heydər Əliyevin yaratdığı partiyanın ən fəal qadın liderlərindən biridir. Heç də təsadüfi deyil ki, 1998-ci və 2003-cü il prezident seçkilərində prezidentliyə əsas namizəd olan Heydər Əliyevin vəkillərindən biri də məhz Nurlana xanım Əliyeva olub. Bu statusun nə qədər şərəfli və eyni zamanda nə qədər məsuliyyətli olduğuna sübut gərək deyil.

Nurlana xanım müxtəlif nüfuzlu qurumların, bir neçə elmi şuranın üzvüdür. Heydər Əliyevin Bakıya qayıdışı dövründən siyasi əqidə baxımından eyni yolun yolçusu olduğumuz üçün biz onunla həmişə  sıx ünsiyyətdə olmuşuq. Odur ki, bu kitabın ərsəyə gəlməsini də məhz Nurlana xanımın Heydər Əliyevin tarixi ideyalarına bağlılığı və siyasi fəaliyyətinin ardıcıllığı ilə əlaqələndirmək istərdim.

Onun bu kitabının əsas mövzusu Heydər Əliyevin dövlətçilik irsi, onun vəsiyyətləri, göstərdiyi yoldur. Nurlana xanım haqlı olaraq hesab edir ki, biz ulu öndərin həm daxili, həm də xarici siyasətdə işləyib hazırladığı müstəqil Azərbaycanın təməl prinsiplərini hələ kifayət qədər öyrənə bilməmişik, yeni nəslə tam çatdıra bilməmişik. Bu, həm də Heydər Əliyev irsinin böyük miqyası, onun mürəkkəbliyi və zənginliyi ilə bağlıdır. Zaman-zaman biz bu dahi şəxsiyyətin zahirən adi görünən müddəalarında da böyük tarixi mənalar, prinsipial məqamlar tapırıq və gələcəkdə də tapacağıq.

Nurlana xanım məqalələrində Heydər Əliyev haqqında bir praqmatik siyasətçi kimi danışır. Fikirlərinin doğruluğunu milli liderin əməlləri və uzaqgörənliyi ilə əsaslandırır. Çünki Heydər Əliyev başladığı hər bir işin gələcək mənasını aydın bilir və ətrafdakılara da izah edirdi. Sonra isə bu işin mütləq konkret nəticə ilə bitməsini, praktik əməllərə və nəticələrə çevrilməsini təmin edə bilirdi. Bunun nəticələrindən bu gün bütün xalqımız bəhrələnir.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində ulu öndərin nəinki Azərbaycan tarixində, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir. Başqa sözlə, Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə yönəlik ölməz ideyaları onun özünün əbədi varlığını təmin edir. “Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir” - söyləyən müəllifin gəldiyi bu qənaət, əslində danılmaz tarixi həqiqətdir. Kitabda dərc olunmuş bütün yazılarda da bu fikir qırmızı xətt kimi keçir.

Liderlik məsuliyyəti, uzaqgörənlik, möhkəm iradə, dəmir intizam, strateji ardıcıllıq Nurlana Əliyevanın yazılarında Heydər Əliyevin siyasi portretinin mühüm cizgiləri kimi göstərilir. Milli liderin həyatını Vətənə ən böyük xidmət nümunəsi kimi təqdim edən müəllifin bu dahi şəxsiyyət haqqında qələmə aldığı yazılarda həqiqətən də bütün ömrünü xalqına həsr etmiş unikal, fövqəlbəşər, fenomenal və eyni zamanda cəfakeş bir insan obrazı canlanır.

Heydər Əliyev böyük şəxsiyyət, siyasətin ən yüksək zirvəsini fəth etmiş və beynəlxalq miqyasda böyük nüfuza malik qüdrətli dövlət xadimi idi. Hər addıma, qərara, layihəyə dövlət baxımından qiymət verir və ətrafdakı məmurlardan da bunu tələb edirdi. O, bütün həyatını, sağlamlığını milli dövlətçiliyə, müstəqilliyin və qanunçuluğun möhkəmlənməsinə, ordu quruculuğuna sərf etdi, ölkədə demokratik cəmiyyətin formalaşmasını təmin etdi. Dövlətin, cəmiyyətin gələcəyi ilə bağlı qərarlar qəbul ediləndə o, bütün şəxsi amilləri kənara qoyur, xalqın sabahını və tərəqqisini düşünməyi və əsas tutmağı tələb edirdi. Mənəvi dəyərləri həmişə ön planda saxlayan Heydər Əliyev subyektivizmi, mənəmliyi, tamahkarlığı, sadə adamlara qarşı saymazlığı yolverilməz və dövlətin effektivliyi baxımından ziyanlı sayırdı. Ona görə başladığı işləri gerçəyə çevirmək ona müyəssər olurdu, bütün müşküllərdən qalib çıxırdı.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının tarixi əhəmiyyəti barədə düşüncələrini oxucularla bölüşən Nurlana Əliyeva “YAP qadınları cəmiyyətin aparıcı qüvvəsidir” adlı məqaləsində bu fikrə aydınlıq gətirir: “...YAP prinsipial rol oynayaraq böyük öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində ona ən fəal yardımçı oldu. Belə bir partiyanın tarix səhnəsinə gəlməsi zərurətdən doğan amil olaraq ictimai ehtiyacların obyektiv tələbatına real cavab idi... Müdrik siyasətçi, təcrübəli dövlət xadimi isə bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə nail olmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi”.

Müəllif burada həm də qadınların ictimai-siyasi həyatda yüksək rolunun və gender problemlərinə həssas münasibətin də məhz Heydər Əliyevin bu məsələyə diqqət və qayğısından bəhrələndiyinə əminliyini ifadə edir.

Çoxsaylı məqalə və çıxışlarında vətəndaş cəmiyyətinin formalaşması prosesində azərbaycançılıq ideologiyasının əhəmiyyətindən bəhs edən Nurlana Əliyeva burada Heydər Əliyev faktorunu önə çəkir: “Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda milli dövlətçilik ideologiyasının yaranmasına, suveren dövlət təsisatının formalaşdırılmasına və xalqımızın tarixi yaddaşının bərpasına xidmət edən yeni ictimai münasibətlər sisteminin bərqərar edilməsinə gətirib çıxardı...”

Lakin ulu öndər bilirdi ki, müstəqil Azərbaycanı təkcə ideoloji əsaslara bağlanmaqla qurmaq mümkün deyil. O, çox gözəl anlayırdı ki, dövlət müstəqilliyi, eyni zamanda möhkəm iqtisadi bazaya söykənməlidir. Ona görə Heydər Əliyevin rəhbərliyi altında yeni Azərbaycanın qurulması həm də müasir infrastrukturun formalaşması və iqtisadiyyatın durmadan yüksəlişi uğrunda mübarizə ilə müşayiət olunurdu. Nurlana xanımın bir çox məqalə və çıxışlarında da mahiyyətcə kitabı səciyyələndirən bu fikirlərə və onların təhlilinə tez-tez rast gəlmək mümkündür.

Maraqlıdır ki, kitabda yer almış məqalə, çıxış və müsahibələrdə biz çox zaman Heydər Əliyev siyasi irsinə və onun ictimai-siyasi fəaliyyətinə elmi yanaşmanın şahidi oluruq. “Zəmanəmizin ən böyük azərbaycanlısı” adlandırdığı bu müdrik şəxs haqqında müəllifin fikirləri aydın və səlisdir: “Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək uğurları bütövlükdə qədim və müasir tariximizin, milli ideologıyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin yaranması, qorunması, çıçəklənməsi və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bılər”.

Nurlana xanımın məqalələrində Heydər Əliyevin mənəvi irsinin mədəniyyətimizlə bağlı baxışları da mühüm yer tutur. Ulu öndərin ana dilinə, təhsil problemlərinə, ədəbiyyata və incəsənətə münasibətini əks etdirən mövzular onun yazılarının mühüm xəttidir. Kitabdakı məqalələrinin birində Heydər Əliyevin Azərbaycan dilində nitqlərinin tarixçəsi, bunların tarixi mənası məntiqlə və dəlillərlə təqdim edilir. Burada ulu öndərin ədəbiyyat və sənət adamları ilə ünsiyyəti, onlarla görüşləri, onlara maddi və mənəvi qayğısı ölkənin milli sərvəti olan bu insanlara yüksək münasibətin təzahürü kimi təqdim olunur. Heydər Əliyevi milli-mənəvi dəyərlərimizin qarantı kimi xarakterizə edən müəllifin bu barədə özünəməxsus düşüncələri kitabdakı yazılarda öz əksini tapmışdır: “Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir. Onu gələcək nəsillərə çatdırmaq isə hər birimizin Vətən qarşısında borcudur”.

Heydər Əliyevlə bağlı xatirələrini səmimiyyətlə oxucuları ilə bölüşən Nurlana Əliyeva, eyni zamanda çıxışlarında və müsahibələrində Milli liderin hər kəsi heyrətləndirə biləcək keyfiyyətlərini səciyyələndirən məqamları məmnunluqla yada salır, Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərdən söhbət açaraq oxucunun diqqətini bu görüşlərin böyük siyasi əhəmiyyətinə yönəldir.

Nurlana xanımın məqalələrindən görünür ki, onun üçün Heydər Əliyev irsi fasiləsiz tarixi prosesdir. Onun siyasi varisi olan Prezident  İlham Əliyevi isə fəal quruculuq siyasətində öndərin xalqımız barədə arzu və planlarının davamçısı kimi təqdim edir. Müəllif son illər bütün ölkədə vüsət almış abadlıq-quruculuq işlərindən qürurla danışır, Bakının yeni, müasir görkəmi ilə, sözün həqiqi mənasında fəxr edir. O, əzmlə tələbələrinə də, oxucularına da tarixi reallıqları həssaslıqla görməyi öyrətməyə çalışır. Bu da çox vacibdir. İnsanlar siyasi demaqoqlara, ağı qara kimi təqdim etmək  istəyənlərə yox, real faktlara inanmalıdırlar. Ən xırda işdə belə, ilk əvvəl sağlam və faydalı məqamları dərk etmək lazımdır. Çünki tərəqqi, xalqın yüksəlişi həm də faydalı və  sağlam təşəbbüslərdən ərsəyə gəlir.

Yerinə düşdükcə, qədim filosofların və müdrik söz ustadlarının dahiyanə kəlamlarından sitat kimi istifadə edən Nurlana Əliyeva Heydər Əliyev haqqında öz düşüncələrinin və yanaşmalarının fəlsəfi çalarlarını da ortaya qoymuş olur. Müəllifin “Heydər Əliyev və qadın hərəkatı” adlı məqaləsi qədim Yunan filosofu Aristotelin bu hikmətli sözləri ilə başlayır: “İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır". Bu dahiyanə tövsiyə sanki birbaşa Azərbaycan xalqı üçün deyilmişdir... Mən bu fikri söylərkən təkcə zəngin yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı, bol günəşli iqlimimizi deyil, həm də bütün bu nemətlərimizi xalqın ixtiyarına verən dəyərli insanlarımızı nəzərdə tuturam".

Ümumiyyətlə, cəmiyyətimizdə baş verən az hadisə tapılar ki, Nurlana xanım bu barədə fikir söyləməsin, mövqeyini bildirməsin. Kitabdakıları oxuyanda bu yazıların həm də istedadlı bir publisist qələminin məhsulu olduğuna əmin olursan. Bir xalq müəllimi və pedaqoq kimi sadə, aydın və sıravi insanların nöqteyi-nəzəri ilə yazmağı bacaran Nurlana Əliyevanın publisistikasında əsas mövzu xalqın və cəmiyyətin  sabitliyi, tərəqqisi və sabahıdır. Ona görə də siyasi səhnəmizdə yer alan ifratlara,  radikalizmə qarşı o, həmişə həssasdır, bu barədə böyük səmimiyyətlə, narahatlıqla yazır. “Ölkədə sülh, dünyada sülh” prinsipini ardıcıl müdafiə edir. Çünki xalqımızın mənəvi və iqtisadi yüksəlişi üçün sabitlik lazımdır. O, hamını bu sabitliyi qorumağa, gəncliyin normal inkişafını təmin etməyə çağırır.

Nurlana xanım bu gün ictimai-siyasi fəaliyyətinin və qadın müdrikliyinin ən məhsuldar mərhələsini yaşayır. Şübhə yoxdur ki, biz onun növbəti kitablarını da oxuyacağıq. O, çoxsaylı qayğıların öhdəsindən gəlməyə çalışır və buna da müvəffəqiyyətlə nail olur. Zəhmət onun həyatının mənasıdır. Bu kitab da milli lider haqqında, onun müdrik və çox səmərəli siyasi fəaliyyəti haqqında və bu siyasi kursa sədaqətini öz əməlləri ilə sübut etmiş və eyni zamanda, bu gün Vətənə, xalqa ləyaqətlə xidmət etməkdə davam edən insanların fəaliyyəti haqqında illər boyu onun qələmə aldığı məqalələrin toplusudur.

Topluya daxil edilmiş bir çox məqalə və çıxışlarda cəmiyyətimizin daha da demokratikləşdirilməsi, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və dövlətimizin beynəlxalq nüfuzunun artırılması istiqamətində, habelə milli-mənəvi dəyərlərimizin - dilimizin, elmimizin, musiqimizin və incəsənətimizin beynəlxalq miqyasda təbliğində möhtəşəm işlər görmüş dəyərli ictimai xadimlərimizin və elm adamlarımızın həyat və fəaliyyətinə baxış öz əksini tapmışdır.

Bu baxımdan düşünürəm ki, publisistik fikirlərini obrazlı və poetik ifadələrlə bədii şəkildə daha da zənginləşdirən Nurlana xanım Əliyevanın bu kitabı müəllifə daha geniş oxucu auditoriyası qazandıracaqdır. Və əminəm ki, ulu öndərin 90 illik yubileyinə həsr olunmuş və əbədiyaşarlıq fəlsəfəsinin açılmasını hədəfləyən bu toplu Heydər Əliyev irsi ilə maraqlanan, ondan öyrənmək istəyən hər bir kəsə maraqlı və faydalı bir töhfədir.

 

 

 Bahar MURADOVA,

Milli Məclisin sədr müavini,

YAP İdarə Heyətinin üzvü,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 4 may.- S. 10.