Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar Azərbaycanı sivil və modern ölkəyə çevirib

 

Hər  bir  xalqı dünyada tanıdan onun istedadlı alimləri, mütəfəkkirləri, mədəniyyət xadimləri ilə yanaşı, əbədiyaşarlıq hüqüqi qazanmış tarixi şəxsiyyətləridir.  Siyasət  elmi bəlkə də bütün elmlərin hamısından mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bütün elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə,  müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə fitri istedada malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrının seçilmiş insanlarıdır. Azərbaycan  xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yetirə bilmişdir.  Xalqımız XX əsrdə-hətta totalitar sovet rejimində belə  Azərbaycanı təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider  Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır  məngənəsindən onu  xilas etmişdir.  Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik  iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin  titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndərin dərin yaddaşı, dəmir məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha inamlı baxışı, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi barədə hələ çox tədqiqatlar aparılacaq. Onun xalqına şöhrət gətirən tarixi fəaliyyəti və təcrübəsi xalqımızın yalnız bu günü üçün deyil, işıqlı sabahı üçün də böyük perspektivlər açır, gələcək üçün böyük nikbinlik yaradırdı. Ümummilli liderimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür, bunun üçün bütün zəruri  tədbirləri həyata keçirirdi. Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş və onun təkmilləşdirilməsi  üçün etibarlı zəmin hazırlanmışdır.

Sovet dövründə olduğu kimi, dövlət quruculuğunun ilkin mərhələsi də Azərbaycanın müstəqilliyini istəməyən, hər vəchlə buna qarşı müqavimət göstərən daxili və xarici qüvvələrin təzyiqləri ilə müşayiət olunurdu. Milli maraqlarımız bu ziddiyyətlər məngənəsindən itkisiz, ağrısız, qansız-qadasız çıxmağın yollarını aramağı tələb edirdi. Çünki müstəqillik uğrunda verdiyimiz qurbanların sayı çox böyük idi. Bu işin öhdəsindən isə yalnız Azərbaycanın dövlət müstəqilliyi xəttini fövqəlideya səviyyəsinə yüksəltmiş tarixi şəxsiyyət gələ bilərdi. Bu, xalqımızın tarixində keyfiyyətcə yeni bir  missiya idi.

Təsadüfi deyil ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramını həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə  dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Və bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsasları qoyuldu.

Sözsüz ki, müstəqilliyin ilk illərində qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən sabitliyin bərqərar olması demək idi. Çünki söhbət Azərbaycanda müstəqil dövlətçiliyin fundamental hüquq və qanunvericilik sütununun yaradılmasından gedirdi. Bu mənada, ümummilli lider Heydər Əliyevin banisi olduğu yeni Konstitusiya Azərbaycanın hüquq müstəvisinə  sabitlik və aydınlıq gətirdi.

Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən heç  bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin  əsəridir. 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından  başlayaraq, 12 noyabr referendumunadək ümummilli lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib.  Ümummilli lider Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna nail oldu.

Etiraf edək ki, 1995-ci ilədək  Azərbaycan dövlətinin həyatında qarışıqlıq mövcud idi, sovet dövründən qalan qanunvericilik müddəaları, 1991-ci il oktyabrın 18-də qəbul olunan və keçid dövrü səciyyəsi daşıyan Konstitusiya Aktı, daha sonra qəbul edilən konstitusion qanunlar, onlara edilmiş çeşidli düzəliş və dəyişikliklər-dörd ilə yaxın müdətdə Azərbaycan dövləti belə hüquqi qarışıqlıq atmosferində yaşamalı olmuşdu. Təkcə  onu qeyd etmək yetər ki, 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsin əldə olunmasından sonra, Azərbaycan rəhbərliyinin ölkədə köklü konstitusion islahatlara başlamaq niyyəti bir sıra qüvvələr tərəfindən müqavimətlə qarşılanırdı. Səbəb isə bəlli idi, Konstitusiyanın qəbulu Azərbaycanda dövlətçilik və hüquq məsələlərini dəqiq və birmənalı şəkildə təsbitləyəcəkdi. Bu isə hakimiyyət iddiasında olan və imkan düşən kimi ölkəni yeni çevriliş girdabına salmağa çalışan qüvvələrin ürəyincə deyildi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında edilən dövlət çevrilişi cəhdləri də nəticə etibarilə Azərbaycanda dövlət idarəçiliyini konstitusion çərçivədən çıxarmaq, onu özlərinin siyasi  ambisiyalarına tabe etdirmək məqsədilə təşkil olunmuşdu.

Bütün bu cəhdlərin qarşısını qətiyyətlə alan ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirdi. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsini, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən mükəmməl bir sənəddir.

Bütün bunlarla yanaşı, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitutsiyanın  tələblərinə  uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub.  Əsas Qanunda təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş    Azərbaycan nəinki MDB, hətta Şərq aləmində bu tarixi qərarı qəbul  edən ilk dövlətdir. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun  18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi. Həmin il avqustun 8-də isə dövlət başçısı konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı tarixi bir qərara imza atdı- ölkədə senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də isə Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarında daha birinə əməl olundu-Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə yerli özünüidarə institutu fəaliyyətə başladı. Nəhayət, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin sırasında özünəlayiq yer tutduğunu sübut etdi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq 12 noyabr 1995-ci  ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyuldu. Bu  hadisə insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların genişləndirilməsinə böyük təkan verdi. Azərbaycan Konstitutsiyasında əksini tapan müddəaları tətbiq etmək  məqsədi ilə 1996-cı il iyulun 8-də ümummilli lider Heydər Əliyev “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncam imzaladı. Həmçinin, ölkədə  aparılan konstitutsiya islahatları çərçivəsində az bir zamanda beynəlxalq standartlara uyğun olan “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, habelə Azərbaycan Respublikasının Ailə, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, İnzibati  Xətalar, Vergi, Cəzaların icrası məcəllələri hazırlanaraq qəbul edildi. Bütün bunlar ölkədə qanunçuluğun möhkəmləndirilməsinə xidmət edən hüquqi baza olmaqla yanaşı, həm də bu prosesin həyata keçirilməsini təmin edən orqanların fəaliyyətini dəqiqliklə nizamlayır.  Yeni Konstitutsiyada təsbit olunan ən vacib məqamlardan biri isə Azərbaycanda dövlətçilik ənənələrinin  formalaşdırılmasına rəvac verilməsi oldu. Məlumdur ki, ölkəmizin dövlət müstəqilliyi tarixi Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, onun ömrü çox qısa olmuşdur. Buna baxmayaraq, Yaxın və Orta Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan Xalq Cümhuriyyətində xalq hakimiyyəti, insan haqları, milli və irqi bərabərlik, söz, mətbuat, ittifaqlar azadlığı kimi əsas konstitutsion dəyərlər rəsmən elan edilmiş və həyata keçirilməyə başlanmışdır. Əslində, demokratik respublikanın yaranması əsrimizin əvvəllərindən Azərbaycan xalqında, onun mütəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının həyata keçirilməsi idi. Bu tarixi gerçəklik Azərbaycanın müstəqilliyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi, xalqımızın öz dövlətçiliyinə nə qədər bağlı olduğunu göstərdi.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirlər, dövlət aparatının təkmilləşdirilməsindən tutmuş siyasi və iqtisadi suverenliyin təmin edilməsi, bərabərhüquqlu, qarşılıqlı faydalı xarici əlaqələrin yaradılması, dövlət idarəçilik sisteminin və təhsilin milliləşdirilməsi, mədəniyyət sahəsində vacib tədbirlərin görülməsi, xarici təcavüzdən müdafiə və sair məqamlar məhz tarixi varislik amilinə söykənir. Məhz bütün bunlara görə ümummilli lider Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir: “1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq  səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın  böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni  potensialını yaradıbdır”.

23 ay yaşadıqdan sonra süqut etməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti, heç şübhəsiz, XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyi arzularının gerçəkləşməsində əhəmiyyətli rol oynamışdır. Sovet rejimi nə qədər amansız olsa da, xalqın dövlət müstəqilliyinin bir zaman bərqərar olacağına olan ümidlərini qıra bilmədi.  Nəhayət o zaman gəlib çatdı, müstəbidlik və repressiyalar yolu ilə qorunan Sovet imperiyası çat verib çökməyə, dağılmağa başladı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi bu prosesdə heç  də axırıncı yerdə olmadı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Bununla da, Azərbaycan öz tarixi yolunu-müstəqillik, azadlıq və demokratiya yolunu həmişəlik müəyyənləşdirdi.

12 noyabr Konstitutsiya Günündən bəhs edərkən həmin tarixi hadisəyə qədər ölkəmizin qət etdiyi yolun əsas cizgilərini də xatırlamaq zəruridir. Hər kəs bilməlidir ki, yeni Konstitusiyanın qəbulu göydəndüşmə olmadı, buna qədər ölkəmiz  çətin və məşəqqətli bir yol keçməli oldu.  Həmin dövrdə  cərəyan edən hadisələr, dünyada baş verən proseslər neft və digər təbii sərvətlərlə zəngin olan, strateji regionda yerləşən Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının onun əldə edilməsindən heç də asan missiya olmadığını ortaya qoydu.  Bir tərəfdən, Ermənistanın təcavüzkar hücumları, hakimiyyət uğrunda gedən daxili çəkişmələr, digər tərəfdən də xarici ölkələrin təzyiqləri Azərbaycanın müstəqilliyini təhlükə altına alırdı. Səriştəsiz hökumət və dövlət rəhbərlərinin naşı siyasəti üzündən cəbhədə şəhid olan, əsir düşən, yaralanan oğullarımızı, itirilən torpaqlarımızı xatırlamamaq olmur. Ən nəhayət, əsrin sonunda min əziyyətlə əldə olunan dövlət müstəqilliyinin taleyi “olum ya ölüm” qarşısında idi. İş o yerə çatmışdı ki, cəbhə xəttində olan hərbi birləşmələr hakimiyyətə yiyələnmək üçün bir neçə qruplaşmanın əlində alətə çevrilmişdi. Onlar istədikləri vaxt özlərinə tabe olan silahlı dəstələri ön mövqelərdən çıxarır, cəbhə xəttini boşaldaraq yaşayış məntəqələrimizi düşmən hücumlarına məruz qoyurdular.

Az qala, ənənə halı almış hakimiyyət çevrilişləri gənc, müstəqil Azərbaycan dövlətini beynəlxalq aləmdə tamam nüfuzdan salmışdı. Belə əlverişli məqamı əldən verməyən erməni işğalçıları çox asanlıqla yaşayış məntəqələrimizi bir-bir ələ keçirir, torpaqlarımızı viran qoyurdu.  1993-cü ilin yayında vəziyyət daha da gərginləşdi. Hakimiyyətə itaətsizlik göstərən qüvvələr artıq naşı rəhbərliyin heç bir göstərişinə məhəl qoymurdular. Ölkə vətəndaş müharibəsi həddində idi. Bütün ölkə təşviş içində idi, təsəvvürə gələn deyil ki, məhz həmin dövrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük düha, ümummilli lider Heydər Əliyev Bakıya gəlməsəydi, o böyük QAYIDIŞ baş verməsəydi nələr baş verə bilərdi, Azərbaycanın nəinki müstəqilliyi, ümumiyyətlə, bir dövlət kimi taleyi necə olacaqdı?  Elə buna görə də, etiraf etməliyik ki, Tanrı bu məqamlarda Azərbaycan xalqının tərəfində oldu. O böyük insan, dahi şəxsiyyət və fenomen siyasətçi, sözün əsl mənasında, ömrünün qalan hissəsini də müstəqil Azərbaycan dövlətinin qurulmasına həsr etmək üçün Bakıya gəldi. Əslində, müstəqilliyimizin bərpası, əbədiləşməsi, milli qurtuluşumuz məhz bu böyük qayıdışdan başladı.

Ümummilli lider müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri kimi milli birliyi və həmrəyliyi önə çəkərək, bunun əsasında ölkədə siyasi sabitliyə nail oldu. Zaman onu bu məqamlarda sərt və amansız sınaqlara çəkdi. Dövlətçiliyin, müstəqilliyin gündən-günə möhkəmləndiyini görən daxili və xarici düşmənlər müxtəlif vasitələrlə Azərbaycanın tərəqqisinə çalışan ümummilli lider Heydər Əliyev hakimiyyətinə qarşı müxtəlif dövrlərdə təxribat və çevriliş cəhdləri göstərdilər, hətta ulu öndərə qarşı terror aktları təşkil etməkdən belə çəkinmədilər. Amma bunların heç biri Heydər Əliyev iradəsinə, qətiyyətinə, siyasi əqidəsinə, Azərbaycanın müstəqilliyinə olan sonsuz sevgisinə güc  gələ bilmədi. Heç bir terror, heç bir təxribat, heç bir hədə-qorxu bu nəhəng siyasət adamını yolundan döndərə bilmədi. 1994-cü ilin oktyabr və  1995-ci ilin mart çevriliş cəhdləri Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, qətiyyətinin sayəsində fiaskoya uğradıldıqdan sonra ölkədə, sözün əsl mənasında, geniş quruculuq və dirçəliş dövrü başlandı. Azərbaycanın siyasi imici beynəlxalq aləmdə sürətlə dəyişməyə başladı.  Məhz bütün bunlara görə XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpası dahi şəxsiyyət, milli varlığımızı bütün əzəməti ilə dünyaya bəyan edən misilsiz siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.  Beləliklə, bütün bunlar göstərir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir.

Lakin nəzərə alaq ki, bütün hüquqi sənədlər kimi, Konstitusiya da doqmatik müddəalar toplusu deyil, zaman və şərait dəyişdikcə onun da təkmilləşməsinə zərurət yaranır. 2002-ci il avqustun 24-də keçirilən Konstitusiya üzrə ümumxalq referendumu da belə bir zərurətdən irəli gəlmişdi. Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə keçirilən referendum Konstitusiyada insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasi və hüquqi sistemini daha da təkmilləşdirmək məqsədi daşıyırdı. Bu dəyişikliklərə ictimai zərurət vardı. Referendumda səsvermə hüququ olan əhalinin 83 faizinin iştirakı və mütləq əksəriyyətin səsverməyə çıxarılan 24 maddə üzrə dəyişikliklərin lehinə səs verməsi bunu bir daha təsdiqlədi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölüşdürülməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaradırdı. Onlardan sadəcə ikisini qeyd etsək, fikrimizi təsdiqləmiş olarıq. Konstitusiyanın 95-ci maddəsinə edilən əlavəyə görə, Azərbaycanda Ombudsman institutu yarandı. Konstitusiyanın 130-cu maddəsinə edilən əlavədə isə hər bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təsbit olundu. Konstitusiya Məhkəməsinə müraciət hüququnun əldə edilməsi həm də ölkə vətəndaşları qarşısında beynəlxalq instansiyaya, o cümlədən Avropa Şurasının İnsan Haqları Məhkəməsinə şikayət vermək imkanı açdı.

“Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır” — Konstitusiyada təsbit olunmuş bu fikir sadəcə dövlət idarəçiliyinin mahiyyətini vurğulayan hüquqi müddəa deyil. Bu, həm də dövlət rəhbərliyinin xalqın konstitusion hüquqlarına görə məsuliyyət və cavabdehlik daşıdığını təsdiqləyən ali postulatdır. Təsadüfi deyil ki, dövlət başçısı vəzifəsinin icrasına başlayan şəxs xalq qarşısında məhz Konstitusiyaya and içir və hər bir dövlət rəhbəri üçün ən böyük mükafat da xalqın ona ümid və inamıdır. Müstəqilliyinin ilk illərində təkcə dövlətini deyil, həm də ümid və inamını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı 1993-cü ilin iyununda bu təhlükədən xilas oldu. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 ildə xalqın inam və etimadını bir an da olsun itirmədi.

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!” —2003-cü il oktyabrın 31-də bu sözlərlə dövlət rəhbərliyini təhvil alan Prezident İlham Əliyev də xalqın etimadını doğruldaraq üzərində and içdiyi Konstitusiyanın təminatçısı olduğunu əməli fəaliyyəti ilə təsdiq edir. Bunun real ifadəsidir ki, xalq 2008-ci il 15 oktyabrda keçirilmiş növbəti prezident sekçkisində də məhz İlham Əliyevə səs verdi. 

Dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan, bu yolda böyük naliyyətlər əldə edən, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikasında da cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməllər yaratmış, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit etmiş, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırmışdır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Ən əsası isə Konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin etmişdir.

Bu da bir həqiqətdir ki, heç nə birdən-birə ideal formada yaranmır. O cümlədən, qanunlar da fəaliyyətdə olduğu zaman cilalanır və daha da təkmilləşir. Dünyada elə bir konstitusiya qurluşuna malik  ölkə mövcud deyil ki, onun Əsas Qanununa tarixin ən müxtəlif məqamlarında hansısa əlavə və dəyişikliklər edilməsin, zamanın və cəmiyyətin tələblərinə uyğun olaraq dəyişikliklərə məruz qalmasın. Tarixdən məlumdur ki, konstitusiya islahatları bir çox dövlətlərdə həyata keçirilir və bu, normal, demokratik bir proses kimi qəbul edilir. Lakin əsas odur ki, bu dəyişikliklər dövlətin mövcudluğuna, xalqın hakimiyyətinə, vətəndaşların əsas hüquq və azadlıqlarına, dövlətin beynəlxalq münasibətlərdəki  iştirakına  xələl gətirməsin. Konstitusiya xalqın iradəsi ilə qəbul edildiyi üçün əlavə və dəyişikliklərin edilməsində də məhz xalqın rəyi nəzərə alınır. Lakin həmin əlavə və dəyişiklikləri ilk növbədə ictimai inrkişaf səviyyəsi diqtə edir.  Bu mənada,  hər kəs belə bir həqiqəti qəbul edir ki, son on beş-altı ildə respublikamız daha böyük, sürətli  inkişaf yoluna qədəm qoymuş və bu yolda inamla irəliləməkdədir.

Bu inkişafın nəticəsində bütün sahələrdə olduğu kimi, həm də ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb etmiş, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri daha da təkmilləşdirilmişdir. Həmin islahatların nəticəsi olaraq hazırda respublikamız dünya dövlətləri içərisində öz müstəqil siyasəti, inkişaf perspektivləri, potensialı və dövlət idarəçiliyinin effektiv təşkili ilə seçilir.  Bütün bu və digər amillər, heç şübhəsiz ki, Əsas Qanunumuzda  növbəti dəfə bir  sıra əlavə və dəyişikliklərin edilməsini sosial sifariş kimi irəli sürdü və beləliklə 2008-ci ilin dekabrında “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsinə çıxarılaraq qəbul olundu.

“Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq” - deyən ümummilli liderimiz Heydər Əliyev də məhz demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. “Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir” -  deyən Azərbaycan Prezidenti cənab  İlham Əliyev bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu prosesinin bu gün İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın sabaha inamını artırır. Fərəhlə etiraf olunmalıdır ki, ölkəmizin birinci xanımı, Prezidentin həyat yoldaşı və yaxın silahdaşı, əqidə və məslək dostu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycanda gedən inkişaf prosesinin ən fəal iştirakçısıdır. Azərbaycan mədəniyyətinin inkişafı, milli irsimizinin bütün dünyada təbliği, bir sıra əhəmiyyətli və vacib sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələr onu xalqın qürur mənbəyinə çevirmişdir.

 

 

Nazim XUDİYEV,

Bakı şəhəri Sabunçu rayon

prokurorunun müavini,

ədliyyə müşaviri, hüquq

elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 4 may.- S. 11.