Görkəmli alim, qayğıkeş müəllim
Ali tibb təhsilinin tədrisi ilə
məşğul olan kafedralar
içərisində tələbələrə tibbin ilkin
anlayışlarını, insan vücudunun quruluş
elementlərinin zərrələrini funksiya
və səbəb baxımından sadədən mürəkkəbə
doğru öyrədən ilk
tibbi fənnin - insan
anatomiyası fənninin tədrisi təkcə dərs
deyən müəllimin bilik səviyyəsi
meyarı ilə məhdudlaşmır.
Bu, həmçinin,
onun tibbin bütün sahələri üzrə geniş məlumat
sahibi olması, məntiqi təfəkkür qabiliyyəti,
ümumi dünyagörüşü, yüksək erudisiyası,
fənni sevmək və sevdirə bilmək qabiliyyəti, dərs
dediyi tələbələrə əsl valideyn münasibəti
bəsləyə bilmək məharəti ilə üzvi vəhdət
təşkil edir. Yalnız bu vəhdətin gözəllik və
özəlliklərindən, nəcib duyğuların incəliklərindən,
insan mənəviyyatını bəzəyən bulaq
suları kimi büllur saflıq və paklıq nemətlərinin
mayasından yoğrulub yapılmış həkimlər
anatomiyanı sevə və gənc nəslə sevdirə
bilirlər. Belə nəcib keyfiyyətləri, insani dəyərləri
özündə cəmləşdirə bilən həkim-anatomlardan,
tibb aləminin parlaq simalarından biri də anadan
olmasının 80, ATU-da fəaliyyətinin 60 illik şərəfli
yubileyini qeyd etməyə hazırlaşdığımız,
Azərbaycanda elmi anatomiyanın banisi Kamil Balakişiyev məktəbinin
layiqli yetirmələrindən biri, əməkdar elm xadimi,
professor Rafiq Əşrəf oğlu Əsgərovdur.
Kövrək
xatirələrlə, dəyərli hadisələrlə,
yaddaqalan maraqlı görüşlərlə, tarixi məqamlarla,
sevincli anlarla dolu olan keçmişin təzadlı illərinə
boylananda Rafiq müəllimin çox zəngin, şərəfli
və ləngərli bir ömür karvanı
sürdüyünün şahidi oluruq. Bu ömür yolunda o,
dəyərli insanlar, görkəmli həkimlər, korifey
alimlər, böyük şəxsiyyətlərlə
tanış olmuş, dostluq etmişdir. Bu gün Rafiq müəllim
özü anatomiyanın patriarxı, zəngin ənənələrin
davamçısıdır, —
desək yanılmarıq. Professor R.Əsgərov bu
gün də yorulmadan əvvəlki kimi, gənclik
şövqü və tələbkarlığı ilə tələbələrlə
məşğul olur, təbabətin əsası olan insan
anatomiyası sahəsində biliklərini həvəslə gələcək
həkimlərə öyrədir. Tibb Universitetində
çalışan alimin elm sahəsində xidmətləri nə
qədər yüksək olsa da onun əsas vəzifəsi tələbələri
öyrətmək, peşəkar mütəxəssislər
hazırlamaqdır. Artıq əlli ildən çoxdur ki,
Rafiq müəllim bu nəcib işlə məşğul
olur.
Rafiq
Əsgərov 1933-cü il may ayının 11-də Bakı
şəhərində ziyalı ailəsində dünyaya
göz açıb. 1941-ci ildə Bakı şəhərindəki
6 nömrəli orta məktəbdə ilk təhsilə
başlayıb. 1951-ci ildə həmin məktəbi bitirərək
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olub.
Tələbəliyin
ilk günlərindən institutda Rafiq Əsgərovun diqqətini ən çox cəlb edən professor K.Ə.Balakişiyevin və
professor A.İ.Belenkayanın son
dərəcə maraqlı, yaddaqalan mühazirələri və
apardıqları praktik məşğələlər olub. Bəlkə
də o, elə bu səbəbdən anatomiya kafedrasının
cazibə qüvvəsi mərkəzinə düşüb və
son nəticədə anatom ixtisasını seçib.
Kafedrada
muzey preparatlarının hazırlanmasına maraq göstərərək
dözüm və səriştəlilik bacarığı ilə
ilk kurslardan müəllimlərinin diqqətini cəlb edən
Rafiq Əsgərov III kurs tələbəsi ikən —
1954-cü ildə ATİ-nin normal anatomiya kafedrasında laborant
və institutun beşinci kursunda oxuyarkən professor Kamil
Balakişiyevin təqdimatı ilə baş laborant vəzifəsinə
təyin edilib.
1957-ci
ildə institutu əla qiymətlərlə bitirən Rafiq Əsgərov
normal anatomiya kafedrasında aspiranturada saxlanılıb.
Kafedranın müdiri, əməkdar elm xadimi, professor
K.Balakişiyevin onun kafedradakı fəaliyyətinin 15-ci ilində
imzaladığı xasiyyətnamədə deyilir: “Tibb elmləri
namizədi Rafiq Əşrəf oğlu Əsgərov
1954-cü ildən normal anatomiya kafedrasında işləyir.
Kafedrada
işlədiyi müddətdə özünü əməksevər,
çalışqan və erudisiyalı elmi işçi kimi
göstərə bilib. Hələ tələbə ikən Tələbə
Elmi Cəmiyyətinin üzvü olaraq elmi-tədqiqat işləri
ilə məşğul olub. 1957-ci ildə sonuncu kurs tələbəsi
olarkən institutun elmi və ictimai həyatında göstərdiyi
fəal iştirakına görə Ümumittifaq Lenin Komsomolu
Mərkəzi Komitəsinin fəxri fərmanına layiq
görülüb. R.Ə.Əsgərov 1964-cü ildə
dissertasiya müdafiə edib və tibb elmləri namizədi
elmi dərəcəsinə layiq görülüb... Baş
laborant vəzifəsində çalışdığı
müddətdən indiyə qədər tələbələrlə
Azərbaycan və rus dillərində praktik məşğələlər
aparır; bu müddətdə böyük pedaqoji təcrübə
əldə edib.
1965-1966-cı
tədris ilindən etibarən mühazirələr oxuyur.
İnstitutun və kafedranın ictimai həyatında
yaxından iştirak edir. Azərbaycan Anatomlar
Elmi Cəmiyyətinin məsul katibi vəzifəsini yerinə yetirir”.
Bu
qısa, lakin dəyərli xasiyyətnamə gənc alimin
sonrakı həyat yolunun leytmotivini təşkil edib, sanki onun
daxili aləminin görünməyən tərəflərinin
xüsusiyyətlərinin açılmasına,
istedadının parlamasına düzgün istiqamət vermək
funksiyasını yerinə yetirib. Professor Kamil Balakişiyevin
imzaladığı xasiyyətnamədə bu böyük
alimi yaxından tanıyanlar üçün üç məqam
xüsusi maraq doğurur: birincisi, böyük alim və
insan sərrafı olan Kamil
müəllim hər rastına çıxana “erudisiyalı gənc”
deməzdi və bu ifadəni nadir hallarda işlədərdi.
İkincisi ondan ibarətdir ki, professor Balakişiyevin süzgəcindən
keçmədən, normal anatomiya fənnini tam öyrənib
mənimsəmədən institutu bitirən kimi bu fənn
üzrə aspiranturaya qəbul olunmaq o vaxtlar hər kəsə
müyəssər olmurdu. Təbii ki, müstəsna bacarıq
və qabiliyyət sahibi olduğuna görə Rafiq Əsgərova
belə xoşbəxtlik nəsib olmuşdu.
Üçüncüsü, SSRİ Anatom, Histoloq və
Embrioloqlar Elmi Cəmiyyətinin Azərbaycan bölməsinin sədri
professor K.Ə.Balakişiyev kimi tələbkar alimin sədrlik
etdiyi Elmi Cəmiyyətdə məsul katib vəzifəsinə
gənc Rafiq Əsgərovun təyin
edilməsi çox mətləblərdən, gələcək
perspektivlərdən xəbər verirdi. Gələcək isə
professor Kamil Balakişiyev
uzaqgörənliyini bir daha təsdiqlədi. Rafiq müəllim
ona göstərilən etimadı tam doğrultdu.
R.Əsgərovun
qısa müddətdə (1969-cu ilə qədərki
dövrdə) 15 elmi əsəri çap olunmuşdu. 1962-ci
ildə nəşr olunan “N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasının
muzeyi” haqqında yazılmış ilk kitabçanın
müəllifləri sırasında Azərbaycan anatomiya məktəbi
korifeylərindən, professor K.Ə.Balakişiyev və
professor A.İ.Belenkaya ilə birlikdə gənc R.Ə.Əsgərov
vardı ki, bu da gənc alim üçün böyük
şərəf sayıla bilərdi.
Rafiq
müəllim 1969-cu ildə ATİ-də yeni
yaradılmış hazırlıq şöbəsinin
müdiri vəzifəsinə təyin edilib. Həmin dövrdə
o, əməkdar elm xadimi, professor K.Balakişiyev və akademik
V.Kupriyanovun məsləhəti ilə Bakıda və Moskvada
doktorluq dissertasiyası ilə bağlı tədqiqat işi
aparıb. Dissertasiyanı
tamamlamaq üçün Rafiq Əsgərov müəyyən
müddətə Moskvaya ezam olunub. 1973-cü ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edib və 1975-ci ildə kafedranın professoru vəzifəsinə
seçilib. Akademik V.Kupriyanov Azərbaycandan
gəlmiş doktorantın elminə, biliyinə, daxili aləminin
zənginliyinə yaxından bələd olandan sonra
çoxsaylı tələbələri içərisində
Rafiq Əsgərovu “bir nömrəli tələbəm”
adlandırıb və həyatının sonuna qədər
onunla ailəvi dostluq edib.
ATİ-nin
operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında
yaranmış fövqəladə vəziyyətlə əlaqədar
olaraq professor R.Əsgərov həmin kafedranın müdiri vəzifəsinə
seçilib və onun gərgin zəhməti,
işgüzarlığı sayəsində kafedranın tədris
və elmi işləri normal məcraya salınıb. Kafedra,
demək olar ki, yenidən qurulub və ATİ-nin nümunəvi
kafedralarından birinə çevrilib. 1990-cı ilə qədər
bu kafedraya uğurla rəhbərlik edərək
özünün təşkilatçılıq
bacarığını nümayiş etdirə bilən professor
R.Əsgərov 1990-cı ildə rektorluq tərəfindən
yenidən doğma kollektivinə —
insan anatomiyası kafedrasına qaytarılıb və
1990-1995-ci illərdə həmin kafedranın müdiri vəzifəsində
işləyib. Görkəmli alim 1988-1993-cü illər ərzində
N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin elmi işlər
üzrə prorektoru vəzifəsində çalışaraq
tibb elminin inkişafında dəyərli xidmətlər
göstərib.
Anatomiya
kafedrasının həyatında 1995-ci ildə daha bir gözlənilməz
hadisə baş verdi. XX əsrin 90-cı illərinin əvvəllərində
erməni işğalçılarının Qarabağda
törətdikləri soyqırımı aksiyaları ölkəmizin
bütün sahələrində olduğu kimi, tibb təhsilinin
tədrisinə də ciddi maneələr törədir,
küçə və meydanlarda hökm sürən
çaşqınlıq, pərakəndəlik tədris
prosesinə ciddi zərbələr vururdu. Belə bir vəziyyətdə
ATU-nun insan anatomiyası kafedrasında da maddi-texniki bazanın
zəifləməsi, elmi kadrların inkişafı, tədris
prosesi və digər məsələlərdə durğunluq,
tənəzzülə meyillik hiss olunurdu. Məhz belə bir
dövrdə professor R.Əsgərov rektorun adına ərizə
yazaraq kafedra müdirliyindən azad edilməsini xahiş
etmiş və bu vəzifəyə K.Ə.Balakişiyev məktəbinin
digər yetirməsi - elmi və pedaqoji işlərdə
yüksək təşkilatçılıq
qabiliyyəti nümayiş etdirən gənc kadr
V.Şadlinskinin namizədliyini məsləhət
görmüşdü. Rektor iki dəfə ona yenidən fikirləşmək
təklifini etsə də, professor R.Əsgərov təkidindən əl çəkməmiş
və üçüncü ərizə ilə müraciət
etmişdir. Bundan sonra onun
xahişi yerinə yetirilmişdir. Professor sonralar kafedrada
yaxşılığa doğru gedən dəyişikliklərdən
məmnun qalaraq demişdir: “Mən ölkədə iqtisadi
çətinliklərin mövcud olduğu dövrdə
kafedrada Balakişiyev ənənələrinin tədricən
süquta doğru getdiyini görürdüm və onun
qarşısının alınması üçün daha
güclü gənc kadrın bu vəziyyətdən
çıxış yolu tapacağına inanırdım. Mən
bunu kafedranın xilası naminə etdim və vaxtında
düzgün qərar verdiyimə görə indi də
razılıq hissi keçirirəm”.
Həqiqətən
böyük ürəyə, geniş qəlbə malik olanlar
belə addımı ata bilərlər. O, hazırda da
kafedranın professoru vəzifəsində
çalışaraq, bütün işlərdə
ağsaqqal köməyini göstərir.
Rafiq müəllim 200-ə yaxın
çap olunmuş elmi əsərin, monoqrafiya, dərslik və
dərs vəsaitlərinin, muzeyə aid kitabçaların
müəllifi və həmmüəlliflərindəndir.
Bilavasitə onun rəhbərliyi altında 9 nəfər namizədlik
dissertasiyası müdafiə edib; Professor R.Ə.Əsgərov
Anatom, Histoloq və Embrioloqların VIII və IX Ümumittifaq
qurultaylarının nümayəndəsi, keçmiş
SSRİ və indiki MDB ölkələrində keçirilən
elmi konfransların, eləcə də Zaqafqaziya ölkələri
morfoloqlarının I-V konfranslarının
iştirakçısı və təşkilatçılarından
olub.
Görkəmli
alim 2000-ci ildə ölkə Prezidentinin sərəncamı ilə
“Tərəqqi” medalına, 2007-ci ildə isə “Azərbaycan
Respublikasının əməkdar elm xadimi” fəxri adına
layiq görülüb.
Professor
R.Əsgərov hazırda xatirələr kitabı üzərində
işləyir. Kitabda alimin həyatı boyu
tanıdığı alimlərin əksəriyyəti
haqqında maraqlı xatirələri yer almışdır və
yəqin ki, bu dəyərli əsər yaxın vaxtlarda
işıq üzü görəcəkdir. Bu xatirələr
sırasında Azərbaycanın digər görkəmli alimləri
ilə yanaşı, elmi məsləhətçiləri K.Ə.Balakişiyev
və V.V.Kupriyanovun da haqqında yazılar da vardır.
Biz də
professor Rafiq Əsgərovun yubileyi
ərəfəsində qələmə aldığımız bu qeydləri onun özü barədə
yazdığı fikirlərlə
tamamlamağı qərara
aldıq. Əslində bu material ənənəvi
bioqrafik məlumat formatından başqa tərzdə
yazılmış səmimi
etirafdır. Bu fikirləri oxuyarkən şəxsiyyətin
böyüklüyü, alim
dünyagörüşünün zənginliyi, mənəvi
təmizliyi, ziyalılıq nümunəsi üzə
çıxır:
“Özüm haqqında bir neçə
söz...
Məndən
soruşanda ki, “haralısan?”– daxilimdə hər şey
qaynayır və bütün varlığım bir-birinə
qarışır. Lakin bunu büruzə vermədən zahiri
sakitliklə, təmkinlə cavab verirəm ki, “azərbaycanlıyam”.
Mənim yaşımla maraqlananlara deyirəm ki, çoxdan
anadan olmuşam, keçən əsrdə. Yadımdadır
ki, o vaxtlar əsas ictimai nəqliyyat tramvaylar idi, sonralar
trolleybuslar peyda oldu, onlarda gediş haqqı 3-4 qəpik idi...”
Sovet İttifaqı Kommunist Partiyasının tarixi
qurultayları, orada gələcəkdə
yaxşılığa doğru böyük dəyişikliklərin
olacağı haqqında edilən deklarasiyalar
yadımdadır... Ancaq, əslində, əməli işdə
heç nə baş vermirdi. İnsanlar gələcəyin
daha yaxşı olacağı ümidilə
yaşayırdılar. Bütövlükdə, insanlar o vaxtlar
çox sadə bir həyat sürürdülər, ancaq mənəviyyat
cəhətcə çox zəngin idilər. Uşaqlar
oxuyurdular, müəllimlər də onları öyrədirdilər.
O vaxtlar ən yaxşı hədiyyə kitab
sayılırdı...
Son
vaxtlar mənim yaşımla maraqlanmağa başlayıblar.
Belə suallar veriləndə hiss edirəm ki, onlar sanki mənim
yaşıma çatmağın sirrini ölçüb-biçirlər.
Sirr sadədir: yaş haqqında az fikirləş, daha
çox iş və həyat haqqında düşün. Mən
fatalistəm. Kimin qismətində nə varsa, o da olacaq... Əsas məsələ vaxtilə
Hippokratın dediyindədir: “Sağlamlığına ziyan
vurma!”.
Həyatım
boyu satqınlıq etməmişəm, öz prinsiplərimi dəyişməmişəm,
heç kimə naxələflik, paxıllıq etməmişəm,
şikayətlənməmişəm, varlanmaq hərisliyim
olmayıb. Nəticədə milyonçu olmadım, torpaq sahələrim,
xüsusi mülkiyyətim, daşınmaz və daşınan
əmlaklarım yoxdur. Əvəzində yarım əsrdən
artıq müddətdə bir yerdə yaşadığım
sədaqətli həyat yoldaşım, uşaqlarım və
nəvələrim var. Olanımız kifayət edir -
maaşımız, təqaüdümüz. Qalanını yay
istirahətimiz üçün yığırıq. Həmkarlar
təşkilatı çox sağ olsun, yayda pansionatda 20-25
gün dincəlməyimizə kömək edir. Ən
başlıcası - içimizi didmirik, yaxşı işlərə
sevinirik: uşaq instituta qəbul olundu, nəvə dünyaya gəldi,
bir başqası dissertasiya müdafiə elədi, yaxud məsuliyyətli
bir vəzifəyə irəli çəkildi. Bir sözlə,
sevinirik ki, yaşayırıq, həyatın özünə
sevinirik... 6-7-ci siniflərdə oxuyan vaxtdan çoxlu ədəbiyyat
mütaliə etməyə başladım. Kitab - az, oxumağa
həvəs isə çox idi. O vaxtlar nə televizor, nə də
maqnitafon yox idi. Bütün sevincimiz kitablara bağlı idi,
bir də əgər bilet tapsaq-kinoya. Lakin yenə də insanlar
yaşayır və mənəvi cəhətdən zənginləşirdi.
Tələbəlik illərində aldığım təhsil
və yerinə yetirdiyim işlər mənə çox
şeyi başa saldı: oxuyub öyrənmək və yetkinləşmək,
səyahət etmək, alınan təəssüratlarla zənginləşmək,
işləmək və məqsədə doğru can atmaq -
ailə qurmaq, müəyyən səviyyəyə yüksəlmək.
Həmişə bir yolla getmişəm, nə sağa
dönmüşəm, nə də sola. Həyat
yoldaşım gəncliyimdə ümidim idi, indi
dayağımdır. Belə-belə həyatda bir-birimizə
söykənə-söykənə addımlayırıq.
Bütün informasiyanı televizordan və telefondan
alırıq. Başım heç kimi maraqlandırmayan
ideyalarla doludur. İllərdən bəri qazandığım
həyat təcrübəm də heç kimi
maraqlandırmır. Beləcə öz dostlarımı,
yoldaşlarımı, tanış-bilişlərimi
xatırlaya-xatırlaya yaşayıram.
Uzun
illər bundan öncə alim-fiziklər haqqında çox
parlaq, yaddaqalan, ibrətamiz bir film göstərmişdilər.
Həmin filmdə gözəl aktyor N.Çerkasovun dili ilə
deyilən bir ifadə yadımda qalıb: “Hər şey
insanlara qalır”. Bax, beləcə yaşayırıq,
ahıllaşırıq, öz əsrimizin qismət
payını sonacan daşıyırıq”.
Yəqin
ki, heç bir əlavəyə ehtiyac yoxdur. Təkcə
qalır səmimi qəlbdən Rafiq müəllimi təbrik
etmək. ATU-nun insan anatomiyası kafedrasının
professor-müəllim heyəti adından, onu tanıyan tələbə-gənclər,
həkimlər, rezidentlər və sadiq tələbələri
adından anadan olmasının 80 və ATU-da fəaliyyətinin
60 illik yubileyləri münasibətilə əziz Rafiq müəllimi
ürəkdən təbrik edir,
ona möhkəm cansağlığı, ailəsinə,
övladlarına, nəvələrinə xoşbəxtlik, səadət
diləyir, gələcək bitib-tükənməz işlərində
yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Vaqif
ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası
kafedrasının
müdiri, Rusiya Tibb Elmləri
Akademiyasının akademiki,
əməkdar elm xadimi, professor
Mübariz ALLAHVERDİYEV,
kafedranın professoru,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2013.- 4 may.- S. 14.