Böyük xanəndənin
virtual muzeyi yaradıldı
Aprelin 29-da Beynəlxalq Muğam Mərəkəzində
görkəmli muğam ifaçısı, xalq artisti Xan
Şuşinskinin üç dilə tərcümə
olunmuş virtual muzeyinin memorial saytının təqdimat mərasimi
keçirilmişdir. Tədbirdə respublikanın
tanınmış elm, sənət adamları, Milli Məclisin
deputatları, görkəmli ifaçının sənət
dostları, eləcə də ailə üzvləri iştirak
etdilər.
Tədbiri giriş sözüylə açan sənətşünaslıq
üzrə fəlsəfə doktoru, musiqişünas Səadət
Təhmirazqızı sənətkarın keçdiyi zəngin
və çoxşaxəli yaradıcılıq yolundan
danışdı. Daha sonra çıxış
üçün söz alan “Musiqi dünyası”
jurnalının baş redaktoru, professor Tariyel Məmmədov,
Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi,
rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə və başqaları sevimli xanəndənin
bənzərsiz ifaçılıq məharətindən, Azərbaycan
incəsənətinə bəxş etdiyi töhfələrdən
söz açmaqla bərabər virtual muzeyin yaranmasını
müsbət hal kimi dəyərləndirdilər. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi
Mədəniyyət və Turizm Nazirliyi, Xan Şusinski Fondu və
“Musiqi dünyası” jurnalının təşkilati dəstəyi
ilə yaradılan virtual muzey on bölmədən ibarətdir.
Saytda korifey sənətkarın həyat və
yaradıcılığı haqqında materiallar,
çoxsaylı foto və lent yazıları, haqqında
yazılan məqalələr, keçirdiyi görüşlər,
müasirlərinin, sənət dostlarının Xan
Şuşinski haqqında fikirləri, şəxsi əşyaları,
məktub, orden və medalları yer almışdır.
Muzeyin yaradılmasında əsas məqsəd
Qarabağ xanlığının əsasını
qoymuş Cavanşirlər nəslindən
olan böyük ustadın irsini gələcək nəsillərə
tanıtmaqdır. Diqqətə
çatdırmışdır ki, bu sayt vasitəsilə
dünyanın istənilən yerində yaşayan muğamsevərlər
görkəmli sənətkar haqqında tam doğru məlumat
əldə edə biləcək, eyni zamanda onun sənət
yolunu araşdırmaq istəyən gənc tədqiqatçılar
üçün əsl baza rolunu oynayacaqdır.
Tədbirin sonunda ustad sənətkarın oğlu Aslan Cavanşirov ailəsi adından tədbirin təşkilatçılarına, qonaqlara təşəkkürünü bildirdi. Üç saatadək davam edən gecə gənc ifaçıların Xan Şuşinski repertuarından olan ifaları ilə sona yetdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2013.- 4 may.- S. 14.