HEYDƏR ƏLİYEVİN siyasi irsi əbədidir

 

Dünya siyasətində cəmiyyətin inkişafının müxtəlif mərhələlərində elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar öz xalqının və ya bir neçə xalqın taleyini dəyişdirə bilirlər. Belə dahi şəxsiyyətlərin yetişməsində XX yüzilliyin özünəməxsus yeri vardır. Bu əsrin bəxş etdiyi müdrik şəxsiyyətlər sırasında Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin adını fəxrlə çəkmək olar. Xalqımız XXI əsrə XX əsrin yetişdirdiyi dahilərin sonuncusu olan Heydər Əliyevlə birgə qədəm qoydu.

Bu səxsiyyət haqqında, onun titanik fəaliyyətinin coğrafiyası haqqında nə qədər yazılsa da azdır... Ulu Tanrı belə insanları zaman və zərurət yarandıqda xalqlara bəxş edir və onların fəaliyyəti məhz bəşəriyyətin inkişafına yönəlir. Belə insanlar böyük yaradanın hökmü ilə ən çətin məqamlarda xalqların taleyini dəyişdirə bilirlər. Mübaliğəsiz deyə bilərik ki, məhz Heydər Əliyev öz bilik və  bacarığını xalqın xoşbəxtliyinə sərf edən, əsirgəməyən, çətin anlarda cavabdehliyi öz üzərinə götürən Böyük İnsandır.

1969-cu il... Həmin dövrdə ən qüdrətli dövlətlərdən olan SSRİ-də cəmiyyət üzərində eksperimentlətin keçirildiyini və bunun nəticəsi olaraq həmin cəmiyyətin deqradasiyaya uğramasını vurğulamaq lazımdır. Bu prosesdən Azərbaycan da kənarda qalmadı. Belə bir çətin məqamda Azərbaycanın siyasi arenasına Heydər Əliyev qədəm qoydu və xalqının bütün cətinliklərini öz boynuna götürməkdən qorxmadı. Vətəninin, xalqının taleyi onun üçün hər şeydən üstün idi. Xalq öz rəhbərinə inanaraq öz taleyini onun adı ilə bağladı və qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev xalqının etimadını doğrultdu.

Məhz 1970-1980-ci illərdə Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycan dünya ictimaiyyətinin diqqət və maraq dairəsinə daxil oldu. Onun təşəbbüsü ilə ölkəmizdə yüzlərlə məktəb, uşaq bağcası, xəstəxana, muzey, teatr, zavod, fabrik və bir sıra obyektlərin tikintisinə start verildi. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda, Şamaxıda, Lənkəranda, Astarada, Şəkidə və digər rayonlarda nəhəng müəssisələrin bünövrəsi qoyuldu. Ulu öndər xalqa daha yaxın olmaq, problemlərini öyrənmək ücün müntəzəm təşkil olunan  “cümə günləri” görüşlərində birmənalı olaraq  həqiqəti və səmimiyyəti yüksək qiymətləndirirdi. Bu bir faktdır ki, həmin illərdə bir sıra sahələrdə, o cümlədən,  ali məktəblərə qəbul prosesində də neqativ hallar hökm sürürdü. Bu kimi nöqsanlara son qoymaq səbəbindən şəxsən Heydər Əliyev qəbul imtahanlarının keçirildiyi günlərdə  valideyn və abituriyentlərlə görüşürdü. Şübhəsiz, bir çoxunun yaxşı yadındadır. Çirkin məqsədli bəzi ali məktəb rektorları, professorları və başqaları məhz natəmiz əməllərinin cəzasını illərlə həbsxanalarda çəkməli oldular.  Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə məqsədli xeyirxah  strategiya amalına sadiq qalaraq  milli dövlətçiliyi möhkəmləndirmək və xalqın daha firavan sabahı naminə gənclərin yüksək biliyə, intellektual səviyyəyə yiyələnməsinə böyük önəm verirdi. Bu istəyin reallaşması üçün yollar çox idi: təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin yetərincə həlli, yeni dərslik siyasətinin yabancı ideologiyadan uzaq, milli və bəşəri dəyərlər əsasında formalaşdırılması, beynəlxalq təhsil metodikasının Azərbaycana gətirilməsi, informasiya-kommunikasiya texnologiyalarının gəncliyin bütün təbəqələri tərəfindən mənimsənilməsi və sairə. Bütün bunlar dövlətin təhsil siyasəti çərçivəsində reallaşdırıla bilən problemlər toplusu demək idi.

Bəzi siyasətçilərin “biz sərhədləri bağlayaraq Azərbaycanı inkişaf etdirəcəyik” - tezisini məqbul saymayan ulu öndər belələrinə  “Azərbaycanın sərhədləri ölkəmizə xoş məramla gələn bütün insanların üzünə açıq olmalıdır ki, biz öz inkişafımızı təmin edə bilək” –  cavabını  verdi. Nəticədə dünyanın inkişaf etmiş ölkələrinin məşhur alimləri, nüfuzlu təhsil müəssisələrinin nümayəndələri ölkəmizə üz tutdular və bu tendensiya milli təhsilimizin inkişafına kifayət qədər töhfələr vermiş oldu. Bu gün planetimizin 100-dən artıq ölkəsi ilə imzaladığımız ikitərəfli  saysız-hesabsız sənədlər arasında elm, təhsil və mədəniyyət sahələrinə aid çoxsaylı saziş, protokol, müqavilə vardır. Dünyanın adlı universitetlərinin tanınmış mütəxəssislərinin Azərbaycana gəlməsi və ya alim və mütəxəssislərimizin xarici ölkələrdə vaxtaşırı təcrübə keçmələrinə yaradılan imkan son nəticədə Azərbaycanda  təhsil inteqrasiyasının sürətli inkişafına zəmin yaradır. Azərbaycan təhsilində tətbiq olunan Boloniya sistemi ölkəmizin Avropaya inteqrasiyasını sürətləndirən uğurlu addımlardan biridir.

Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20-25 il əvvəl də Azərbaycan təhsilinin gələcəyi üçün çox əhəmiyyətli layihələrin icrasına böyük qayğı göstərirdi. Sanki ulu öndər hələ 60-70-ci illərdə Azərbaycanın gələcəkdə dövlət müstəqilliyini bərpa edəcəyini hiss etmişdi. O, həm Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə, həm də ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli məsələ kimi qarşıya qoyur və istənilən təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırırdı. Ümummilli lider 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına ünvanladığı “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı tarixi müraciətində belə yazırdı: “Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətinə bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratdı”. Çəkinmədən deyə bilərik ki, ötən əsrdə gedən həmin prosesin ən uca nöqtəsi məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. Sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 1970-80-ci illər idi. Ulu öndər həmin dövrü belə  xarakterizə edib: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Bu yerdə bəzi konkret tarixi faktlara diqqət yetirək. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültələr açılmış, 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlığına başlanmışdı. Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı ki, həmin təhsil müəssisələri indi müstəqil Azərbaycanın gələcəyini təmin edəcək yüksək səviyyəli mütəxəssislər hazırlanması işini uğurla davam etdirirlər. Rus Dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, işğal  altında qalan  Xankəndi Pedaqoji İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Gəncə Texnologiya İnstitutu və Naxçıvan Pedaqoji İnstitutu ilə yanaşı 12 texnikum da məhz 1970-82-ci illərdə yaradılmışdır. Heydər Əliyev daim cəmiyyət həyatının bütün sahələrində haqqın, ədalətin bərqərar olmasına, dövlətin yaratdığı  imkanlardan bütün insanların bərabər şəkildə istifadə etməsinə çalışırdı. Bu tendensiyanın nəticəsi idi ki, 1969-82-ci illərdə Azərbaycandan SSRİ-nin və digər ölkələrin ali məktəblərinə göndərilən tələbələrin ümumi sayının 70 faizini fəhlə və kəndli ailələrində böyümüş gənclər təşkil edirdi. Daha maraqlı məqam isə ondan ibarətdir ki, bu gün qloballaşma prosesinin tərkib hissəsi olaraq gender siyasətinə çox böyük önəm verilir. Heydər Əliyev hələ 70-ci illərdə həmin məsələni gündəmdə saxlamaqla, respublikadan kənarda təhsil almaq üçün göndərilən tələbələr arasında qızların 50 faiz təşkil etməsinə nail olmuşdu. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində 348 azərbaycanlı gənc oxuyurdu. Ulu öndər hər il ölkə xaricindəki şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, Azərbaycan üçün yüksək ixtisaslı kadr kimi yetişmələrinin əhəmiyyətini onlara başa salırdı.

Heydər Əliyevin təhsilə qayğısı barədə söz açarkən bir məqamı da yada salmaq yerinə düşər. Belə ki, 70-ci illərin sonlarında SSRİ-nin orden və medalları ilə təltif olunan maarif işçilərinin sayı 8718 nəfərə çatmışdı. Üç nəfər müəllim Sosialist Əməyi Qəhrəmanı, 817 nəfər isə əməkdar müəllim adına layiq görülmüşdü. Bu kimi faktlar onlarla, yüzlərlədir. Ancaq ulu öndərin 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasından sonra onun təhsilə göstərdiyi qayğının miqyasını ifadə edəcək faktlar və rəqəmlər daha çoxdur. Çünki Heydər Əliyev SSRİ dövründə Azərbaycan təhsilinin inkişafı üçün istənilən addımı atarkən mütləq Moskva ilə razılaşmalı olurdu. Doğrudur, ulu öndər qarşısına qoyduğu bütün məqsədlərə çatırdı. Ancaq bu, həm çox vaxt, həm də zəhmət tələb edirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əksər ali məktəblərə universitet statusunun verilməsi, maliyyə muxtariyyətinin təsdiqi, institut və akademiyaların yubileylərinin keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, müəllimlərin sosial vəziyyətinin  yaxşılaşdırılması, ali təhsil işçilərinin fəxri adlara layiq görülməsi, tələbə və aspirantların təqaüdlərinin artırılması və bu qəbildən olan digər addımların atılması zamanı Azərbaycan dövləti və ölkə rəhbərliyi tamamilə sərbəst idi.

Biz Azərbaycan təhsilinə ulu öndər Heydər Əliyevin qayğısı barədə söz açarkən o böyük dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin reallaşdırdığı proqram və layihələri də mütləq yada salmalıyıq. Bu zaman iki mühüm faktı dilə gətirmək kifayətdir. Belə ki, bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sistemidir. Digər fakt isə ondan ibarətdir ki, 2003-cü ilin oktyabrından sonra Azərbaycanda bütün sahələr Prezident tərəfindən təsdiq edilmiş xüsusi Dövlət Proqramları vasitəsilə inkişaf etdirilir. Prezident İlham Əliyevin təsdiq etdiyi ən çox dövlət proqramı da məhz təhsil sistemi barədədir. Belə ki, cənab dövlət başçısı 2003-cü ildən bəri Azərbaycanın təhsil sisteminin müasir dünya standartları səviyyəsinə qaldırılması üçün kifayət sayda Dövlət Proqramları imzalamışdır. Bu faktın özü ölkə rəhbərliyinin məhz təhsilə və onun inkişafına ayırdığı qayğı və diqqətin göstəricisidir. Yeri gəlmişkən qeyd edim ki, 7 il əvvəl yaradılmış Azərbaycan Turizm İnstitutu Heydər Əliyev amalının layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin turizm təhsilinə göstərdiyi qayğı kimi dəyərləndirilməlidir.

Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsindən söz açarkən Heydər Əliyev Fondunun Azərbaycan təhsilinə, elminə və mədəniyyətinə göstərdiyi xüsusi qayğısını da qeyd etmək lazımdır. Təsadüfi deyil ki, son 8 ildə ölkədə böyük məktəb tikintisi ilə nəticələnən “Yeniləşən Azərbaycana yeni məktəb” – layihəsinin təşəbbüskarı da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır.  Mehriban Əliyevanın uşaq və gənclərlə bağlı reallaşdırdığı çoxsaylı layihələr nəinki ölkəmizdə və regionda, eləcə də bütün dünyada maraqla qarşılanır, yüksək qiymətləndirilir.

Qədirbilən Azərbaycan xalqının qəlbində ulu öndər əbədi yaşayır və zaman keçdikcə yaşayacaq. İnamla deyə bilərik ki, böyük fenomen, bütün dövrlər üçün dahi və mütəfəkkir insan olan Heydər Əliyevin siyasi irsi daimidir, ölməzdir.

 

 

Cəfər CƏFƏROV,

Azərbaycan Turizm İnstitutunun

rektoru, tarix elmləri

doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 3.