Zirvəyə gedən
yol sabitlikdən keçir
Hər gün ürəkaçan, fərəhləndirici müjdə xəbərlərini eşitməyə adət etmiş Azərbaycan xalqı və onun ictimai həyatı tarixən kəşməkəşli, ziddiyyətli, bəzən də xaotik hadisələrin burulğanlarından keçmişdir. Bu ölkə iqtisadi cəhətdən əlverişli, coğrafi cəhətdən strateji bir məkanda yerləşir. Odur ki, Azərbaycan Şərqin və Qərbin qapısı kimi həmişə başqa dövlətlərin maraq dairəsinə çevrilmişdir.
Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri bu marağın daim artmasına səbəb olmuşdur. Belə bir zəngin məkanda bəşər mədəniyyətinə qiymətli töhfələr verəcək intellektlərin də yetişməsi istisna olmamışdır. Bununla belə, Azərbaycan tarixən yadellilərin basqınlarına, müharibə və münaqişələrin törətdiyi ictimai ədalətsizliklərə məruz qalmışdır. Ancaq həmişə təbii olaraq belə bir sual da ortaya çıxır: görəsən, Azərbaycan xalqının tarixən başına gələn bəlalar və fəsadlar, yadelli işğallar, sosial ədalətsizliklər, siyasi tənəzzül ilə nəticələnən hadisələr baş verməyə bilərdimi? Cavab həm çətindir, həm də asan. Çətindir, ona görə ki, indiyədək baş verən hadisələri dərindən təhlil edib həqiqətləri üzə çıxarmaq üçün ciddi araşdırmalar aparmağa ehtiyac vardır. Asandır ona görə ki, tarixin təcrübəsi ilə hesablaşdıqda hər şey aydın görünür. Aydın görünür ki, tarixən baş verən ictimai-siyasi hadisələri cəmiyyətin mənafeyinə doğru yönəltmək üçün ümummilli liderin yetişməsi ən vacib şərtdir. Məhz bu baxımdan Azərbaycanın həyatında baş vermiş hadisələri təhlil etdikdə lider amilinin aparıcı qüvvə olması qat-qat möhkəmlənmiş olur. Bunun üçün ən uzaq tarixə nəzər salmağa o qədər də ehtiyac duyulmur. Tarixi hadisələri ümumiləşdirdikdə onların məzmunu hər şeyi açıq deyir. Milli lideri nə qüdrətli hökmdar, nə yenilməz qəhrəman, nə də bəşəri ideyaların yaradıcısı olan dahi şəxsiyyət amili ilə eyniləşdirmək doğru deyil. Qüdrətli hökmdar ölkəni idərə edə, onun sərhədlərini genişləndirib nüfuzunu artıra bilər, ancaq yaratdığı dövlətin uzunömürlü olmasına təminat ehtimalı çox olmaya da bilər. Yenilməz bir qəhrəmanı müəyyən bir müddətdən sonra daha artıq şücaət göstərən bir başqası da əvəz edə bilər. Bəşəri ideyaların yaradıcısı olan dahi bir şəxsiyyət tarixlər boyu öz obrazını yaşada bilər. Ancaq onun ideyaları cəmiyyət həyatında tətbiq edilməyə də bilər. Milli lider isə həm qüdrətli hökmdar, həm yenilməz sərkərdəyə aid funksiyaları yerinə yetirir, həm də bəşəri ideyaları həyata keçirir.
Cəmiyyət
həyatında fəsadlar baş verəndə cəmiyyət
özü belə bir milli liderin-fenomen şəxsiyyətin
axtarışında olur. Milli lider mövcud olduqda cəmiyyət
bəlalardan xilas olur, olmadıqda cəmiyyət iflasa
uğrayır.
Məsələn,
Azərbaycanın əzəli torpaqları 1828-ci ildə iki
yerə parçalananda cəmiyyətdə intellektli adamlar yox
deyildi. Ancaq milli lider
yetişməmişdi, ona görə də
parçalanmadan ötüşmək mümkün olmadı. 1918-ci ildə Azərbaycanın
öz müstəqilliyini elan
etməsi üçün
tarixi şərait yarandı. Lakin iki ildən az bir müddətdə bu dövlətçilik süquta
uğradı. Çünki, həmin
dövrdə hakimiyyətdə təmsil olunan
şəxslər ziyalı, intellektual adamlar olsa da
onların içərisində milli lider səviyyəli aparıcı bir şəxsiyyət yox idi. Məhz 1990-cı il 20 Yanvar hadisəsinin
başvermə səbəbi də milli liderin olmaması ilə bağlı idi. Tarix analoji hadisələri 1991-ci ildə yenidən
təkrar etdirdi. Azərbaycan öz müstəqilliyini elan
etmək imkanından istifadə etdi. Lakin o zaman
hakimiyyətdə olanlar dövlətçiliyin
idarəsində təcrübəsiz, ictimai-siyasi
hadisələrin vacib olan
istiqamətə yönəldilməsində səriştəsiz
idilər. Üstəlik də, həmin insanlarda
şəxsi, xüsusi maraqlar
ictimai maraqlardan üstün idi. Odur ki, onlar
az bir müddətdə
ölkədə dövlətçiliyin süqutu
və torpaqların parçalanması təhlükəsi ilə
üzləşdilər. Belə
bir təlatümlü zamanda
xalq özünün nurlu zəkası ilə cəmiyyətin bu gününə, sabahına və gələcəyinə
işıq saçan milli
liderə-Heydər Əliyevə üz tutdu, etibar etdi,
etimad göstərdi. Heydər Əliyev
dövlətçiliyi məhv olmaqdan,
xalqı mənəvi iflasdan,
torpaqlarımızı parçalanmaqdan xilas etdi.
1991-ci
ildən 1993-cü ilədək olan müddətdə ölkə
rəhbərliyində təmsil olunan adamların səriştəsizliyi
üzündən Azərbaycan torpaqlarının 20 faizi erməni
təcavüzünün qurbanı oldu. Bir
milyon insan evsiz-eşiksiz qaldı. Vətən
torpağı şəhid qanına boyandı. Lakin
ümummilli liderimiz
Heydər Əliyevin uzaqgörənliyi, siyasi
qüdrəti və beynəlxalq aləmdəki nüfuzu sayəsində ictimai-siyasi
sabitlik bərqərar olundu.
Müstəqil Azərbaycan dövlətçiliyi
yaşadı. Bu
gün müstəqil Azərbaycan dövlətçiliyi
öz sabitliyini qorumaqla beynəlxalq aləmdəki nüfuzunu gündən-günə
artırır. Bu, o
deməkdir ki, Azərbaycan Respublikası
tarixən hissə-hissə itirilmiş
torpaqlarımızın varisi olmaq hüququnu
özündə saxlayır. Biz bu gün müstəqil bir dövlət kimi varisi olduğumuz tarixi torpaqlarımızın sabah
sahibi olacağıq! Heydər Əliyev
ideyaları bunu söyləməyə bizə
tamamilə haqq qazandırır.
Heydər
Əliyev elə bir fenomen şəxsiyyətdir ki, onun
dühası bütün cəmiyyətin elmi, ictimai, siyasi, mədəni
həyatına öz təsirini göstərir. Ulu öndər
müstəqil dövlətçilik ideyalarını hələ
keçmiş SSRİ-nin
ciddi diktatura rejimi dövründə formalaşdırmışdı.
O,Azərbaycan Respublikasına rəhbərlik etdiyi
dövrdə insanların maddi rifah halının
yaxşılaşdırılmasına mühüm
diqqət yetirirdi. Bu,
təkcə ona görə deyildi ki, cəmiyyət üzvlərinin firavan həyatı təmin olunsun.
Həm də ona görə idi ki, insanlarda
müstəqil, sərbəst, azad
düşüncə imkanları
formalaşdırılsın. Bu isə
insanları mənəvi və psixoloji cəhətdən
azad, sərbəst, müstəqil həyat
quruculuğuna aparan mühüm istiqamətlərdən biri idi. Heydər Əliyev
bunu arzulayırdı və öz ideyalarını ardıcıl şəkildə
həyata keçirirdi. Bununla da
Heydər Əliyev şəxsiyyəti insanların qəlbində
öz silinməz obrazını
yaratmışdı. Az keçmədi ki, Azərbaycanda müstəqil dövlət quruculuğu üçün
münbit şərait yarandı. İlk vaxtlar Heydər Əliyev
hakimiyyətdə təmsil olunmadığına görə əvvəllər
əldə edilmiş nə vardırsa hamısı
dağıdılırdı. Lakin
insanların qəlbindəki Heydər Əliyev obrazına heç kəs təsir edə bilməzdi. Çünki bu obraz xalqın qəlbində dərin, silinməz,
canlı və isti bir
məhəbbətə çevrilmişdi.
Hələ
keçmiş sovetlər dövründə Azərbaycan dilinin
Heydər Əliyev tərəfindən Azərbaycan
Konstitusiyasına dövlət dili kimi daxil edilməsi çox
böyük siyasi məharət tələb edirdi. Çünki İttifaq üçün
bir ortaq dil vardı. O da rus dili idi. Bu dil İttifaqa daxil olan bütün
xalqların ortaq dili olduğu kimi, beynəlxalq
aləmlə inteqrasiyada yeganə vasitə
idi. Azərbaycan dilinin
Konstitusiyada dövlət dili
elan edilməsinin mahiyyətini isə bir çoxları anlaya
bilməmişdi. Heydər Əliyev belə bir
cəsarətli addım atmaqla Azərbaycanın
müstəqil bir dövlət dili kimi beynəlxalq aləmdə
bu dil ilə təmsil
olunacağı günü əvvəlcədən
görürdü!
Heydər
Əliyevin ən böyük xidmətlərindən biri cəmiyyətdə
sosial-ictimai sabitlik yaradılmasına nail olmaqdan ibarətdir. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi
və tələbi ilə respublika rəhbərliyinə
gələndə ölkədə xaos baş alıb gedirdi.
Bir tərəfdən,
vəzifə kürsüsü
iddiasında olanların törətdiyi çaxnaşmalar,
o biri tərəfdən
erməni təcavüzü ölkədə ciddi
fəsadların baş verməsinə
şərait yaradırdı. Ulu öndər
belə bir ağır və çətin
şəraitdə ictimai-siyasi sabitliyi bərqərar etdi.
İctimai-siyasi sabitlik
yaranması ilə ictimai həmrəylik, milli birlik və mütəşəkillik
əldə olundu. Məhz belə bir şəraitdə əhalinin vahid ideologiya ətrafında
toplaşmasına imkan yarana
bilərdi. Bu ideologiya
dövlətçiliyə inamın canlanmasına xidmət
göstərməli idi. Həmin
ideologiyanın aparıcı qüvvəsi Yeni
Azərbaycan Partiyası idi. Yeni Azərbaycan Partiyasının ideoloji mənbəyi azərbaycançılıqdan
ibarət idi. Azərbaycançılıq
ideyaları azərbaycançılıq şüuru
təməlində formalaşdırılırdı. Azərbaycançılıq
ideyaları tarixən ictimai təfəkkürdə
özünə yer tapmışdır. Bu ideyalar keyfiyyətcə,
milli mənəvi dəyərlərə əsaslanır.
Bunlar, bütövlükdə, müstəqil
dövlətçilik şəraitində reallaşaraq
canlanır. Öz
funksionallığını milli
özünüdərketmə prosesində tapan
bu ideyalar müstəqil
dövlətçiliyimizin qorunmasına xidmət göstərən
ideoloji bir sistem təşkil edir. Bu sistemin
yaradıcısı və ilk təbliğatçısı
məhz ümummilli liderimiz
Heydər Əliyev olmuşdur. Azərbaycan
xalqı özünün bütövlüyü,
dövlətçiliyin əbədi, daimi,
sarsılmaz və dönməzliyi naminə
yaradılmış bu ideologiyanın mövcudluğu üçün
məhz ulu öndərə minnətdardır.
Heydər Əliyev dühası ilə yaradılan müstəqil
Azərbaycan Respublikasının ideya
bazası azərbaycançılıqdan ibarətdir. Odur ki, bu dövlətçilik
öz ideya bazası
üzərində özünün daimi yaşamasını təsbit etmişdir. İctimai-siyasi
sabitlik müstəqil dövlətin
dirçəldilməsində iqtisadi
inkişafın baş verməsinə zəmin
yaradır. İqtisadi inkişaf
olmadan milli
ideyaların həyata keçirilməsi və firavanlıq
yaradılması mümkün deyildir. Məhz Azərbaycan cəmiyyətində
ictimai-siyasi sabitlik
yaradıldıqdan sonra iqtisadiyyatın
inkişafında mühüm bir dönüş baş verməyə başladı. Öz artım tempinə görə Azərbaycanda
baş verən sosial-iqtisadi
inkişafı şərti olaraq üç əsas mərhələyə
bölmək mümkündür.
Birinci
mərhələyə 1994-cü ildən 2000-ci ilədək
olan dövrü aid etmək
olar. Bu dövrdə Azərbaycan
iqtisadiyyatının ayağa durması
müşahidə edilir. Həmin dövrü iqtisadi
dirçəliş dövrü
adlandırmaq olar. Dövrün
səciyyəvi cəhəti iqtisadi artımın ilbəil
çoxalmasından ibarət idi. Belə ki, 1994-cü ildə dövlət büdcəsi
700 milyon dollara qədər
idisə, 2000-ci ildə bu 1,2 milyard dollar olmuşdur.
İkinci
mərhələyə 2000-ci ildən 2004-cü ilədək
olan dövrü aid etmək olar. 2000-ci ildə dövlət
büdcəsi 1,2 milyard dollar
idisə, 2004-cü ildə bu göstərici
2 milyard olmuşdur. Bu mərhələ dinamik
inkişaf dövrü
də adlandırıla bilər.
Üçüncü
mərhələ 2004-cü ildən sonrakı dövrü əhatə
edir. Məsələn, 2005-ci ildə dövlət
büdcəsi 2,5 milyard dollar
olduğu halda bu rəqəm 2013-cü ildə 19 milyard dollardan artıq nəzərdə
tutulmuşdur. Bu mərhələni
Azərbaycan iqtisadiyyatında sürətli inkişaf dövrü kimi xarakterizə
etmək olar.
Heydər
Əliyevin Azərbaycan cəmiyyəti qarşısında ən
böyük xidmətlərindən biri də
xalqımızın həyatına və taleyinə İlham Əliyev
kimi bir siyasi varisi yetişdirməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Heydər Əliyev
ideyalarını böyük uğurla və yaradıcılıqla həyata
keçirir. Ölkədə gedən böyük quruculuq və
abadlıq işləri məhz Prezident İlham Əliyevin
uğurlu fəaliyyəti sayəsində baş verir. Müasir dövrdə Azərbaycan iqtisadi
artımın sürətinə görə Cənubi Qafqaz regionunda lider ölkəyə çevrilmişdir.
Azərbaycanın beynəlxalq əlaqələri durmadan genişlənir. Azərbaycan Respublikasının
Prezidenti beynəlxalq aləmdə şəxsi
nüfuzu ilə özünə böyük rəğbət
qazandırmışdır.
Respublikamızda gedən quruculuq və abadlıq işləri, sürətli sosial-iqtisadi inkişaf və ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu cənab İlham Əliyevin cəmiyyətimizdə əsrin lideri kimi tanınmasına tamamilə haqq qazandırır. Cənab İlham Əliyevə beynəlxalq aləmdəki böyük diqqət və rəğbət də məhz onun liderlik nüfuzu qazanmasından irəli gəlir. Cənab İlham Əliyev Heydər Əliyev ənənələrini davam etdirərək ölkənin iqtisadi təməlinin güclənməsinə xüsusi bir diqqət yetirir. Ölkənin siyasi nüfuzunun artması təcavüzkar Ermənistanın regionda və beynəlxalq aləmdə iflası, eyni zamanda işğal olunmuş torpaqlarımızın qaytarılmasının təminatı deməkdir. Xalq buna əmindir. Şübhə yoxdur ki, itirilmiş torpaqlarımız Prezident İlham Əliyevin səyləri nəticəsində qaytarılacıqdır.
Hal-hazırda
ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə
və humanist ideyaların həyata keçirilməsi ilə
bağlı tövsiyələri Heydər Əliyev Fondunun
Prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən
çox böyük uğurla həyata keçirilməkdədir.
Xalqımızın milli-mənəvi dəyərlərinin
mühüm daşıyıcısı olan
muğamlarımızın təbliği, yeni məktəb və
xəstəxanaların təmiri və tikintisi, körpələrə
humanist qayğı göstərilməsi azərbaycançılıq
ideyalarının həyata keçirilməsinin və təbliğinin
bariz nümunəsidir.
Bu
gün ölkə Prezidenti İlham Əliyevin və Mehriban
xanım Əliyevanın həyata keçirdikləri humanist
ideyalar Heydər Əliyev tövsiyələrinin yerinə
yetirilməsi deməkdir. Bütün
bunlar ümumilikdə xalqımızın
yeni əsrdəki qələbələrinin
nümunələri sayılmalıdır. Bu
qələbələr bizi zirvələrdən-zirvələrə
ucaldacaq və Azərbaycan cəmiyyətinin
firavanlığını təmin edəcəkdir. Fəxrlə
qeyd etdiyimiz
firavanlıqda Gəncənin də xususi
payı vardır. Belə ki,
Gəncənin inkişafında ölkə Prezidentinin
dəsti-xətti son illərdə həyata
kecirilmiş layihələrdə, görülmüş işlərdə, qoyulmuş abidələrdə, simasını
dəyişmiş binalarda, parklarda, yollarda, ən əsası
isə bölgədə ictimai-siyasi sabitliyin yaradılmasında özünü
daha parlaq biruzə verir, şəhərdə yeni
ruh, yeni ab-hava duyulur.
Qarşıdan prezident seçkiləri gəlir. Azərbaycan xalqı, o cümlədən Gəncə əhalisi Heydər Əliyev siyasi kursunu dəstəkləyir və dəstəkləyəcəkdir. Biz də kollektivimiz adından seçkilərdə fəal iştirak edəcək və Heydər Əliyev ideyalarına bir daha sadiq qaldığımızı əzmlə nümayiş etdirəcəyik.
Allahverdi SEYİDOV,
Azərbaycan Elmi-Tədqiqat
İpəkçilik İnstitutunun
direktoru,
professor
Xalq qəzeti.- 2013.-
5 may.- S. 4.