Heydər Əliyev aqrar sahənin inkişafına böyük diqqət yetirirdi

 

Müstəqil Azərbaycan dövlətinin təşəkkülü və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev son dərəcə mürəkkəb və ziddiyyətli tarixi məqamlarda ən düzgün çıxış yolu tapmağa qadir dahi şəxsiyyət idi. Onun nəhəng dövlətçilik təcrübəsi və fitri idarəçilik qabiliyyəti Azərbaycanı 1993-cü ilin dəhşətli vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsindən xilas etdi. Dağılmaqda və böhran məngənəsində olan ölkə iqtisadiyyatını qısa müddətdə dirçəldə bildi və Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi.

Müstəqil Azərbaycanın qısa müddətdə əldə etdiyi sosial-iqtisadi uğurlar ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində formalaşdırdığı iqtisadi resurslardan qaynaqlanırdı. Onun düşünülmüş planları və yorulmaz fəaliyyəti sayəsində həmin illərdə respublika ərazisində yüzlərlə fabrik və zavod, yeni istehsal sahələri işə salındı. Xalqın gələcəyi nəzərə alınaraq güclü kadr potensialı, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusu yaradıldı. Elə buna görə də XX yüzilliyin 90-cı illərində keçmiş SSRİ parçalanarkən məhz Heydər Əliyevin uzaqgörən, düşünülmüş və cəsarətli dövlətçilik siyasəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tam hazır idi.

Ulu öndərin rəhbərliyi altında iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatında ixtisaslaşmanın ərzaq təhlükəsizliyi meyarına uyğun olaraq yenidən qurulması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Heydər Əliyev əvvəlki iqtisadi siyasətin perspektivsizliyinə tam əmin idi və ona görə də 1991-ci ildə Naxçıvan MR-də başlanan özəlləşdirmə təcrübəsinə əsaslanaraq 1995-ci ildən etibarən ölkənin aqrar sahəsini əhatə edən islahatlar kursuna start verdi.

Ümummilli lider yaxşı bilirdi ki, aqrar islahatların həyata keçirilməsi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə keçmiş təsərrüfat sistemi yeni istehsal münasibətləri ilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinin keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır. Eyni zamanda, əsaslı struktur dəyişiklikləri aparılmalı, dövlət mülkiyyəti münasibətləri inkişaf etdirilməlidir. Yeni sistemin tələblərinə uyğun olaraq sahibkarlığın inkişafı ön plana çəkilməli, bunun üçün hüquqi və iqtisadi zəmin yaradılmalı, müəssisələrarası, sahələrarası və dövlətlərarası iqtisadi əlaqələr qurulmalıdır.

Bütün bu vacib məqamlar nəzərə alınaraq Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1995-ci ildə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı haqqında”, 1996-cı ildə isə “Torpaq islahatı haqqqında” mühüm dövlət sənədləri olan qanunlar qəbul edildi. Bundan əlavə, aqrar sahədə bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq ekspertlərin rəylərinə görə, o illərdə Azərbaycanda MDB dövlətləri arasında analoqu olmayan radikal aqrar islahatlar kursu seçilmiş və cəsarətlə həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin əsas məqsədi Azərbaycan kəndini canlandırmaq, onun illərlə yığılıb qalmış sosial problemlərini həll etmək, kənd əhalisinin gəlirlərinin artırılmasına və rihaf halının yaxşılaşdırılmasına nail olmaq idi. Bunun üçün o, hər imkandan istifadə etməyə çalışırdı. 2000-ci ilin 18 mayında ümummilli liderimizin təşəbbüsü ilə Bakı şəhərində donor ölkələrin və beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə “İnkişaf problemləri və strateji istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin konfransda bir sıra məsələlər müzakirə olundu, müxtəlif təkliflər irəli sürüldü. Yekun sənədi olaraq ulu öndərin təklif etdiyi və böyük ustalıqla əsaslandırdığı “Humanitar yardımdan inkişafa doğru” strategiyası yekdilliklə qəbul edildi. O vaxtdan ölkəmizdə bu istiqamətdə neçə-neçə iqtisadi proqramlar qəbul olunmuş və uğurla reallaşdırılmışdır.

Həmin proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihə ilkin olaraq Azərbaycan Hökuməti və Dünya Bankı arasında 2004-cü ilin 23 sentyabrında bağlanmış sazişə əsasən respublikanın 3 zonasında: Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad) və Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir.

Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə, rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticə etibarilə Dünya Bankı və Azərbaycan Hökuməti layihələrin yüksək keyfiyyətini qeyd etmişlər.

 AzKİL-in uğurlu fəaliyyəti və əldə etdiyi nəticələr Azərbaycan Hökuməti və Dünya Bankını 2009-cu ilin 20 aprelində onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması ilə əlaqədar “Əlavə Maliyyələşdirmə ”Sazişi bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan MR qalmaqla Şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi. Bu zonalarda da həmişə olduğu kimi, kənd sakinlərinin özləri tərəfindən qəbul olunan layihələr yüksək keyfiyyətlə reallaşdırılmış və əsasən bələdiyyələrin, eləcə də dövlət qurumlarının balansına təhvil verilmişdir.Yuxarıda qeyd olunduğu kimi, ildə ən azı iki dəfə Dünya Bankının AzKİL üzrə Nəzarət Missiyası layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər edir, hər dəfə də texniki icrada olan və təhvil verilmiş layihələrlə yaxından tanış olur, öz rəy və təkliflərini bildirir. Onu da qeyd etmək lazımdır ki, həmin missiyanın tərkibində həmişə yüksək səviyyəli beynəlxalq mütəxəssislər təmsil olunurlar.

2010-cu ilin yayında AzKİL-in ünvanına sevindirici bir xəbər gəldi. Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin arasından ən layiqli 47 layihə seçilmiş və bu mərhələni uğurla keçən AzKİL  “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib elan edilən 12 layihədən biri olmuşdur.

2010-cu ilin sentyabrında Dünya Bankının vitse-prezidentinin Azərbaycana səfəri zamanı “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsinin 12 qalibindən biri olan AzKİL-in rəhbərliyinə bu müsabiqənin mükafatı təqdim edilmişdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn layihələrin məhz Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilməsi bu uğurların əldə olunmasında əsas faktordur. AzKİL kollektivinin ən böyük arzusu bu layihənin respublikanın bütün ərazisini əhatə etməsi, daha böyük uğurlara imza atılması və daha çox insanları sevindirməsi idi.

Uzun müddət idi ki, Kənd İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti ilə əlaqədar onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından Azərbaycan Hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin və layihə rəhbərinin ünvanına çoxsaylı müraciətlər daxil olurdu. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirdilər. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı layihənin ikinci mərhələsi ilə bağlı razılıq əldə etdilər. 2012-ci il oktyabrın 19-da Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında layihənin fəaliyyətinin bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə etməsi ilə bağlı İkinci Kənd İnvestisiya Layihəsinin beş il müddətində maliyyələşdirilməsi barədə saziş bağlandı.

Yeni layihənin məqsədi icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini artırmaqdır. İkinci Kənd İnvestisiya Layihəsi 2012-2017-ci illər ərzində 600 icma layihəsini maliyyələşdirəcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının artımı və onların bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Layihədən faydalananların sayı təxminən 2 milyon nəfərə, yeni yaradılacaq iş yerlərinin sayı isə 18 minə çatdırılacaq.

Ümumi dəyəri 53,6 milyon ABŞ dolları olan layihənin 30 milyon dollarını Baynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 20 milyon dollarını Azərbaycan Höküməti, 3,6 milyon dollarını isə layihədən faydalanan benfisarlar ayıracaqlar. Hazırda layihənin icrası ilə əlaqədar bütün zonalarda intensiv iş gedir, yeni icmalar seçilir və həmin icmalarda təlimlər, müxtəlif mövzularda konfrans və seminarlar keçirilir. İndiyədək 60-dan çox icma layihəsi yüksək keyfiyyətlə icra olunaraq kənd sakinlərinin istifadəsinə verilmişdir.

Əldə olunan bu nailiyyətlər belə deməyə əsas verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik onun hərtərəfli inkişafını sürətləndirir, bütün sahələrdə kompleks islahatlar aparılır, nəhəng infrastruktur layihələri, o cümlədən sosialyönümlü layihələr böyük uğurla reallaşdırılır. Bunun nəticəsidir ki, ölkəmizin bütün regionaları tədricən canlanır, hər yerdə irimiqyaslı layihələr həyata keçirilir və kəndlərin illərlə yığılıb qalmış problemləri uğurla öz həllini tapır.

 

 

Sübhan ƏSGƏROV,

İkinci Kənd İnvestisiya

Layihəsinin direktoru

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 4.