Heydər Əliyevin
böyük siyasətə qayıdışı
Azərbaycanın dövlətçilik
tarixində misilsiz xidmətlər göstərmiş,
ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi
ilə bu günümüzə, sabahımıza bələdçilik
edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində
1990-1993-cü illər Naxçıvan dövrü
mühüm yer tutur. Məhz həmin illər onun
böyük siyasətə, hakimiyyətə
qayıdış dövrü oldu.
O illərdə
ölkəmiz fəlakətə sürüklənmişdi. Həyatı
boyu qəlbi Vətən və xalqı ilə döyünən
böyük şəxsiyyət Heydər Əliyev belə bir
vaxtda susa bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavini vəzifəsindən, Siyasi Büro
üzvlüyündən istefaya getdikdən sonra Moskvada
yaşayan Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində
həyatını təhlükədə qoyaraq Azərbaycanın
daimi nümayəndəliyinə gedib çıxış
etdi, qəzəb və kəskin etirazını bütün
dünyaya bildirdi. Bu qüdrətli soydaşımız Azərbaycan
xalqına başsağlığı verərək sovet
ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər
törətdiyini, çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxiləsini pislədi.
O, bu faciənin ölkənin ali dövlət və partiya rəhbərliyinin
səhv qərarı ucbatından baş verdiyini bildirdi və
qırğın törədənlərin hamısının
layiqincə cəzalandırılmasını istədi.
Artıq
Heydər Əliyevin Moskvada qalması mümkün deyildi. Orada
M. Qorbaçovu ələ alan güclü erməni
mafiyası- Aqanbekyanlar, Şahnazarovlar, Balayanlar, Sitaryanlar,
Alixanyanlar Dağlıq Qarabağı və
Naxçıvanı Azərbaycandan qoparmaq üçün dəridən-qabıqdan
çıxırdılar. Heydər Əliyevin Azərbaycana
qayıdışı zamanı Bakıda vəzifə və
kreslo düşgünlərinin ona qarşı
qaldırdıqları siyasi təqib kampaniyası
xalqımızın hiddətinə səbəb oldu. Xalq
öz həqiqi liderini fəal müdafiə etdi. Heydər Əliyev
və Xalq birliyi əzəmətini göstərdi.
Həmin
o günlərin və görüşlərin
iştirakçısı kimi bütün hadisələr
xatirəmdədir. Moskvadan Bakıya, oradan da təyyarə ilə
doğma Naxçıvana qayıdan Heydər Əliyevi
doğulduğu şəhər və qədim məhəllə
yenidən qoynuna aldı. Bacısı evində yaşamağa
başladı. Bu kiçik məhəlləyə, evə gələnlərin
ardı-arası kəsilmirdi. Bu torpağın əziz,
doğma övladı kimi Vətəninə
qayıtmış Heydər Əliyev ilə görüşə
gələnlər ona dərin ehtiramlarını bildirir,
böyük rəhbəri məhəbbət və həsrətlə
bağrına basır, qucaqlayıb öpür, hətta
kövrəlib ağlayırdılar. Səhəri gün-22
iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan
şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən
çox adamın toplaşdığı Azadlıq meydanı
izdihama qərq olmuşdu. Muxtar respublikanın hər yerindən
Heydər Əliyevi görməyə, qarşılamağa
axışıb gələnlər meydana
toplaşmışdı.
Bu
izdiham xalq ilə rəhbərin görüşünün,
birliyinin bariz nümunəsi idi. Naxçıvan öz tarixi ərzində
belə böyük izdihama bürünməmişdi. Qədim
şəhər hələ heç vaxt belə bir büsat və
təntənə ilə öz oğlunu
qarşılamamışdı. İnsan kütləsinin
arası ilə Heydər Əliyevin meydanın mərkəzindəki
kürsüyə gəlib çıxması
üçün polislər yol açırdılar. Nəhayət,
Heydər Əliyev kürsüyə yaxınlaşdı. Hərarətli
alqışlar, əzəmətli şüarlar səsləndi,
gur səslər ətrafı bürüdü. Böyük
şəxsiyyət xəstə vəziyyətdə olduğu
üçün isti, bürkülü havada çox
danışa bilmədi. Sevinc dolu alqışlar altında
etdiyi qısa çıxışı ilə
soydaşlarına sonsuz məhəbbətini ifadə etdi, bu
ağır günlərdə dünyalar qədər sevdiyi
xalqının dərdinə şərik olmağa gəldiyini
bildirdi. Əsas bir fikrini həmyerlilərinə
çatdırdı ki, Azərbaycanın başı üzərini
qara buludlar alıb...
Həmin
gün Heydər Əliyevin ayağının altında onlarca
qurban kəsildi. Ağır müharibə, iqtisadi böhran
şəraitində yaşayan naxçıvanlılıar bu
böyük şəxsiyyətə özlərinin nicatı
və son ümidi kimi baxırdılar. Ulu öndər hərarətlə
yenidən uşaqlığını, gəncliyini
keçirdiyi zamanlara qayıdırdı, unudulmaz, kövrək
xatirələr yada düşürdü. Həmyerlilərinin
mehriban, isti münasibəti, xoş sözləri onun qəlbini
ehtizaza gətirirdi. Bu görüş barədə Heydər Əliyev
özü belə deyirdi: “Mən Naxçıvana gələndə
Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı,
bağrına basdı. Son illərdə çəkdiyim
bütün əzab-əziyyəti unutdum”.
Bu
ümumxalq məhəbbətini Heydər Əliyev özü
qazanmışdı. Respublikaya 14 il rəhbərlik etdiyi
dövrdə xalqın sevimlisinə çevrilmişdi.
Moskvadan qayıdıb ana yurduna gələndə heç bir vəzifəsi
olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir,
doğma bir övladı kimi sevirdi... O zaman Naxçıvan
ağır günlər keçirirdi. Muxtar respublika
Qarabağ problemi ətrafında baş verən hadisələrin
zərbəsinə məruz qalmışdı. Vəziyyət
olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı
kəndlər ermənilər tərəfindən işğal
və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi
böhran məngənəsinə salınmışdı. Azərbaycanla
nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə
bir dövrdə təxribatlar baş alıb gedirdi, adamlar son
ümidi olan ov tüfəngləri də yığılandan
sonra erməni təcavüzü qarşısında əliyalın
və köməksiz vəziyyətdə qoyulmuşdu.
Naxçıvan
ağır vəziyyətə, xüsusən 20 Yanvar faciəsinə
SSRİ-nin tərkibindən (Azərbaycanın yox)
çıxması barədə qərarı ilə
etirazını bildirmişdi. Bundan sonra muxtar respublika ölkənin
iqtidar və ixtiyar sahiblərinin qəzəbinə
düçar olmuşdu. Hətta Naxçıvanın “kor
bağırsaq” kimi kəsilib atılması zəruri
bilinmişdi. Məhz belə bir ağır dövrdə tale
Heydər Əliyevi ulu diyara gətirməklə
Naxçıvanı işğaldan qoruya bildi. İlahi
qüvvələrin himayədarlığı, peyğəmbər
uzaqgörənliyi ilə Azərbaycanın bu qədim
torpağını xilas edən Heydər Əliyev özünə
Naxçıvan boyda əbədi, həmişəyaşar
abidə ucaltdı.
30
sentyabr 1990-cı ildə Azərbaycan SSR və yerli xalq deputatları
sovetlərinə seçkilər keçirilirdi. Xalq öz
sevimli, əvəzedilməz oğluna yüksək
etimadını göstərdi. Fərdi pensiyaçı Heydər
Əliyev Babək rayonunun 340 nömrəli Nehrəm seçki
dairəsindən Azərbaycan SSR Ali Sovetinə və
Naxçıvan şəhərinin 2 nömrəli M.F. Axundov
adına seçki dairəsindən isə Naxçıvan
MSSR Ali Məclisinə deputat seçildi. Bu dövrdə
yorulmaz, fədakar fəaliyyət göstərən Heydər Əliyev
Naxçıvan parlamentində yalnız muxtar respublika
üçün deyil, bütün Azərbaycan
üçün həyati əhəmiyyət kəsb edən,
siyasi həyatın demokratikləşməsi prosesinə
güclü təkan verən qərarların qəbul edilməsinə
nail oldu.
1990-cı
il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin sədrliyi
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
birinci sessiyası oldu. Sessiya Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adını dəyişdirərək,
“Sovet Sosialist” sözlərini çıxararaq
Naxçıvan Muxtar Respublikası adlandırılması,
Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək
Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan
Respublikasının rəmzi olan üçrəngli Dövlət
bayrağının bərpa edilməsi, onun Naxçıvan
MR dövlət bayrağı kimi qəbul edilməsi
haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan
MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin
bayrağın bütövlükdə Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması haqqında vəsatət
qaldırdı. Beləliklə, Azərbaycanın üçrəngli
bayrağı ilk dəfə Naxçıvanda
qaldırıldı.
Heydər
Əliyevin Naxçıvanda yenidən siyasətə
qayıtması Azərbaycanı bir dövlət kimi
dağıtmaq istəyində olan daxili və xarici
düşmənləri ciddi təşvişə
salmışdı. İqtidar Naxçıvanı iqtisadi və
informasiya blokadasında saxlamaqla Heydər Əliyevin əleyhinə
hər cür yaramaz təbliğatı
qızışdırır, yaltaq, ikiüzlü
deputatların vasitəsilə onu Azərbaycan parlamentində
iştirakdan və ölkədə cərəyan edən siyasi
proseslərdən təcrid etməyə
çalışırdı.Böyük siyasi xadim Heydər Əliyev
isə müdrik və uzaqgörənliklə Naxçıvan
MR Ali Məclisinin sessiyalarında qətiyyətli
çıxışlar edirdi. Onun təşəbbüsü
ilə 20 Yanvar Bakı hadisələrinə siyasi qiymət
verilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətində,
onun ətrafında yaranmış ağır vəziyyətə
münasibət bildirilməsi kimi tarixi əhəmiyyətli qərarlar
qəbul edildi, ölkənin düçar edildiyi vəziyyətə
real qiymət verildi.
Ölkədə
çox ağır və gərgin vəziyyət
yarandığı, hadisələrin düzgün qiymətləndirilmədiyi,
siyasi proseslərin getdikcə xalq üçün təhlükəli
xarakter aldığı bir vaxtda, 1991-ci il sentyabrın 3-də
Naxçıvan MR Ali Məclisinin fövqəladə
sessiyası çox böyük uzaqgörənliklə
yekdillik nümunəsi göstərərək Heydər Əliyevin
Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini
müzakirəyə çıxardı. Həmin sessiyada Heydər
Əliyev 4 dəfə çıxış edərək namizədliyini
irəli sürənlərə dərin minnətdarlığını
bildirdi və təkidlə xahiş etdi ki,onun namizədliyini səsə
qoymasınlar. Bu zaman sessiya keçirilən binanın
qarşısına toplaşan yüz min nəfərlik bir
izdihamın –xalqın tələbinin qarşısını
almaq mümkün deyildi.
Bir
neçə saatlıq qızğın müzakirə, qətiyyətli
çıxış, təkliflər, deputatların və əhalinin
təkidli tələblərindən sonra salonda və
bayırda hərarətli, sürəkli alqış səsləri
ucaldı. Sessiya yekdilliklə Heydər Əlirza oğlu Əliyevi
Naxçıvan MR Ali Məclisinin sədri seçmişdi.
Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə
Qayıdışı idi. Hakimiyyətə yenidən
qayıdışa Heydər Əliyev Naxçıvandan,
doğulduğu ana torpağından başladı. O zaman
dünyada tanınmış müdrik siyasətçinin bu
sözləri və düşüncələri bir daha Heydər
Əliyev və Xalq birliyinin sarsılmaz olduğunu göstərdi.
Böyük
siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi
və iradəsi ilə hakimiyyətə gəlməyə
razılıq verdiyini bəyan etdi : “Mən bu zamanın, bu dəqiqələrin,
bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən
öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın,
Naxçıvanın belə vəziyyətində, çətin
dövründə, üzərimə düşən vəzifənin
ifasından geri çəkilə bilməzdim. Mən öz
taleyimi xalqa tapşırmışam və xalqın iradəsini
indi bu müddətdə, bu çətin dövrdə yerinə
yetirməliyəm”.
Heydər
Əliyevin yenidən hakimiyyətə gəlişi xəbəri
dünyaya yayıldı. Ertəsi gün onunla
görüşə, qəbula gələnlərin
ardı-arası kəsilmirdi. Xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyev
Naxçıvan MR Ali Məclisinin sədri kimi yorulmaz və səmərəli
fəaliyyətə başladı. O zaman Naxçıvan
Muxtar Respublikasında yaranmış gərgin, böhranlı
vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində
müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini
gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə,
ərzaq, enerji, yanacaq təminatına kömək etmək
kimi həyati məsələlərin öhdəsindən məhz
Heydər Əliyev-böyük təcrübəyə malik, səriştəli
bir rəhbər, dünyada tanınmış siyasətçi
gələ bilərdi.
Muxtar
respublikanın blokadaya alındığı vaxtda sərhəd
kəndlərinə erməni təcavüzü davam edirdi. Bu
qanlı döyüşlərdə biz də şəhidlər
verirdik. Bütün Naxçıvan ayağa
qalxmışdı. Heydər Əliyevin rəhbərliyi
altında oğullarımız vuruşmalarda öz qeyrətini,
qəhrəmanlığını göstərirdi. O vaxt Heydər
Əliyev çıxışlarında həmişə
deyirdi: “Biz Naxçıvanı qorumalıyıq”, “ Adamlar
könüllü olaraq Sədərəyi müdafiə etdilər,
bu birlik, cəsurluq nümunəsi qarşısında ermənilər
geri oturduldular.” Heydər Əliyev informasiya vasitələri ilə
Ermənistanın təcavüzü barədə dünya
ölkələrinə bəyanatlar verdi. Naxçıvana erməni
təcavüzü və burada gedən demokratik proseslərin səs-sədası
dünya ölkələrinə yayıldı.
Ali Məclisdə
muxtar respublikanın dövlət quruculuğu, müdafiə və
hərbi quruculuq məsələləri, hakimiyyət və
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi,
iqtisadi və siyasi böhranın aradan qaldırılması,
iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin
yaradılması, həmsərhəd xarici dövlətlərlə
— Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin
qurulması və kütləvi tədbirlərə aid məsələlər
müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Zərərlə
işləyən kolxoz və sovxozlar özəlləşdirildi.
Əhalinin ərzaq məhsulları ilə təchiz edilməsi,
xeyli vaxtdan bəri Naxçıvanda yanacaq
çatışmazlığının aradan
qaldırılması, iş vaxtından səmərəli
istifadə edilməsi, əmək intizamının möhkəmləndirilməsi,
Naxçıvan aeroportunun, Sədərək — Türkiyə
yolunun tikintisinin sürətlənməsi, Araz dəryaçasında
və digər sturukturlarda külli miqdarda balıq məhsullarının
tutulub əhaliyə satılması işləri
yaxşılaşdırıldı.
Ali Məclisdə
Heydər Əliyevin sədrliyi ilə keçirilən
sessiyaların iclaslarında o vaxt Naxçıvanda və
respublikada baş verən mürəkkəb siyasi hadisələr
barədə mühüm tarixi qərarlar qəbul edildi.
1992-ci
il mart ayının 24-də Türkiyənin Baş naziri
Süleyman Dəmirəl və Naxçıvan MR Ali Məclisinin
sədri Heydər Əliyev Ankarada əməkdaşlıq
haqqında protokol imzaladılar. Heydər Əliyev ilə
görüş zamanı Türkiyə Respublikasının
Baş naziri Süleyman Dəmirəl dedi ki, Naxçıvan
bizim qonşumuzdur, əhalisi türkcə danışır.
Türkiyə Respublikasının başlanğıcında,
yəni Şərq tərəfində yerləşən
Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik
meydana gələrsə, müqaviləyə əsasən,
burda Türkiyə öz sözünü deməlidir...
Həmin
görüşdə Heydər Əliyev
çıxışında xüsusi vurğuladı ki,
Naxçıvanın xüsusi bir statusunun olması,Türkiyənin
Naxçıvan üçün zamin bir dövlət
olması 70 il bundan əvvəl bağlanmış müqavilələrdə
(Qars və Moskva müqavilələri-red. A.S.) öz əksinin
tapıb...
Bu
görüşlər və imzalanmış sənədlər
muxtar respublikada ictimai-siyasi vəziyyətin sabitləşməsinə
və mürəkkəb sosial-iqtisadi məsələlərin
həllinə şərait yaratdı. Ermənistanla həmsərhəd
rayon və kəndlərdə hərbi təcavüzə son
qoyuldu, əhalidə əmin-amanlıq yarandı, siyasi
tarazlığın pozulmasına yönəldilən cəhdlərin
qarşısı alındı. Bu dövr böyük dövlətçilik
təcrübəsinə malik olan Heydər Əliyevin xalqla
işləməyi bacarmaq nümunəsi
sayılmalıdır. Ali Məclisdə bu mühüm məsələlərin
müzakirəsi və qərarların qəbul edilməsindən
sonra görülən müvafiq tədbirlər nəticəsində
muxtar respublikanın müdafiəsi möhkəmləndirildi,
Naxçıvan -Türkiyə arasında körpü
salındı, Həsrət, Ümid körpüsü
açıldı, Türkiyə dövləti
Naxçıvana kömək üçün 100 milyon dollar
kredit ayırdı, Naxçıvanı Bakı ilə birləşdirən
yeganə nəqliyyat yolu- Naxçıvan hava limanı yenidən
quruldu.Türkiyədən, İrandan Naxçıvana ərzaq
yardımları gəldi, Heydər Əliyev Türkiyədə
və İranda rəsmi səfərlərdə oldu. Dövlət
başçıları ilə görüşdü, əməkdaşlıq
protokolları imzalandı. Türkiyədən, İrandan
Naxçıvana elektrik enerjisi verildi. Naxçıvanda
Türkiyənin, İranın konsulluqları
açıldı. Amerikadan Naxçıvana 1 milyon dollar dəyərində
humanitar yardım göndərildi. Naxçıvanda tam sabitlik
yarandı. Bütün bunlar Heydər Əliyev zəkasının,nüfuzunun,
səriştəsinin nəticəsi idi.
O
zaman Ali Məclis binasının ikinci mərtəbəsində
Heydər Əliyevin iş otağında işığı
gecələr də sönmürdü. Şaxtalı günlərdə
, elektrik enerjisi kəsiləndə isə bu böyük şəxsiyyət
neft lampasının işığında soyuqda oturub işləyirdi,
Naxçıvanı, əhalini bu ağır vəziyyətdən
çıxarmaq üçün gecə-gündüz
çalışırdı. Onda, elə indi də adamlar
deyirlər: “Naxçıvanı Heydər Əliyev xilas edib”.
O vaxtdan “Xalq – Heydər” və “Heydər
– Xalq” birliyi günün mühüm məsələsinə
çevrildi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan
şöbəsinin silahlı dəstələri və Ordubad
rayon polisi tərəfindən Naxçıvanda törədilən
ilk dövlət çevrilişi cəhdi də nəticəsiz
oldu. Naxçıvan MR Ali Məclisinin qarşısında
keçirilən izdihamlı mitinqin iştirakçıları
Heydər Əliyevlə həmrəylik ifadə edərək
silahlı dəstələrdən Daxili İşlər
Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin
binasını boşaltmağı tələb etdlər. Xalq
ilə Heydər Əliyev birliyi yenə özünü
göstərdi. Xalq kütləvi şəkildə Heydər Əliyevi
qorudu, onunla vəhdətdə olduğunu bildirdi. AXC silahlı
dəstələrinin dövlət çevrilişinə cəhdinin
qətiyyətlə qarşısı alındı.
Çünki siyasi hakimiyyət növbəti dəfə xalq
tərəfindən yeni dəstək, möhkəm müdafiə
təminatı almışdı.
O
dövrdə Azərbaycanın bütün şəhər,
rayon, kənd və qəsəbələrindən
Naxçıvan MR Ali Məclisinə – Heydər Əliyevə
on minlərlə adamın imzaladığı teleqramlar, məktublar,
müraciətlər axışıb gəlirdi. Bütün
bünlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə
xalq məhəbbətinin, xalq inamının
böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın
bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə,
qabiliyyətinə, biliyinə inanır və onu qiymətləndirirdi.
Xalq inamının, ümidinin itdiyi bir vaxtda Heydər Əliyevə
güvənc yeri kimi baxırdı. Ölkənin
düçar edildiyi belə ağır məqamda onun kimi rəhbərə
xalqın böyük ehtiyacı olduğunu bildirir, dünya
şöhrətli ağsaqqaldan, rəhbərdən sonsuz dərəcədə
xahiş edirdilər ki, prezident seçkilərində namizədliyini
irəli sürsün.
16
oktyabr 1992-ci ildə Azərbaycan ziyalılarının
böyük bir qrupu Heydər Əliyevə müraciət edərək
ondan yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik
etməyə razılıq verməsini xahiş etdilər. 24
oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan
ziyalılarının müraciətinə cavab olan “Yeni,
Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu
dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının
YAP təşkilat komitəsinin yığıncağı
keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat
komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə
Naxçvan şəhərində YAP-ın təsis
konfransı keçirildi və Heydər Əliyev
açıq səsvermə yolu ilə partiyanın sədri
seçildi.
Ölkəmizdə
müstəqil dövlətin yaranması və qurulması ilk
illərdən ağrılı və əzablı yollardan
keçməli oldu. Uzun illər xalqımızın həsrətində
olduğu müstəqilliyi itirmək
nigarançılığı baş qaldırdı.
1993-cü ilin iyun ayında ölkədə yaranmış vəziyyətə
görə xalq parçalanma və məhv olma təhlükəsi
ilə üzləşdi. Gəncədə Surət
Hüseynov qoşun qaldıraraq dövlətə qarşı
çıxdı. Bir neçə ağsaqqal S.Hüseynovla
danışıq aparmaq üçün Gəncəyə
getdi. Belə bir təklif olundu ki, Naxçıvan MR Ali Məclisi
bu hadisəyə öz münasibətini bildirsin.
Bu məqsədlə
7 iyun 1993-cü ildə Naxçıvan MR Ali Məclisi və
Nazirlər Kabineti Rəyasət Heyətlərinin birgə
iclası oldu. Ali Məclisin sədri Heydər Əliyev iclasda
çıxış edərək bildirdi ki, Gəncədə
baş vermiş hadisələrə Naxçıvan MR Ali Məclisi
münasibət bildirməli və bəyanat qəbul
olunmalıdır. Bizim bəyanatımız xalq birliyinə,
sülhə və barışığa yönəlməlidir.
Bu cinayətkarlığın təşkilatçıları
məsuliyyətə cəlb olunmalıdır. Biz bu bəyanatda
hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə-vətəndaş
müharibəsi qarşısındadır. Buna heç
cür yol vermək olmaz.
İyunun
13-14-də Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər
Əliyev Gəncə şəhərində oldu. O zaman Heydər
Əliyev hakimiyyətə qayıdışı ilə yaranan
vətəndaş müharibəsinin qarşısını
almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən
bir daha qorudu.
Xalqın
iradəsi hər şeyə üstün gəldi və
müstəqil Azərbaycan öz nicat yolunu seçdi və
görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə
qayıdışına rəvac verdi. Xalqı bu bəladan, vətəndaş
müharibəsindən yeganə qurtuluş yolunu müəyyən
edən Heydər Əliyevin olduğunu zaman özü göstərdi.
Heydər Əliyevin Naxçıvandan Bakıya
qayıdışı şərəfli xilaskarlıq missiyasına-Azərbaycanı
Azərbaycana qaytarmaq məramına xidmət etdi.
İyunun
13-də çağırılan Azərbaycan
Respublikasının Milli Məclisinin fövqəladə
sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə
bir məsələ dururdu: respublika Ali Soveti sədrinin
seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq
deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini
gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə
yolu ilə Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər
Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi. 15 iyun günü xalqı məşəqqətlərdən
qurtaran Heydər Əliyevin Bakıya dönüşü
milli-mənəvi dəyərlərimizə, məfkurəmizə,
varlığımıza, tarixi qəhrəmanlığımıza
qayıdış günü oldu. 1993-cü ilin 15 iyunu
tariximizə Milli Qurtuluş günü kimi daxil oldu.
3
oktyabr 1993-cü ildə Azərbaycan Respublikasında Prezidenti
seçkiləri keçirildi. Mərkəzi Seçki
Komissiyasının məlumatına görə Heydər Əlirza
oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs
verildi. Mərkəzi Seçki Komissiyası H.Ə.Əliyevi
Azərbaycan Respublikası Prezidenti seçilmiş hesab etməyi
qərara aldı.10 oktyabrda Respublika Sarayında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin təntənəli
andiçmə mərasimi keçirildi.
Azərbaycan dövlətini
dağılmaq və parçalanmaq təhlükəsindən
xilas edən Heydər Əliyevin rəhbərliyi ilə
ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu
daxili və xarici siyasət xəttinin həyata keçirilməsi
qısa dövrdə özünü göstərdi. Azərbaycan
dünya birliyində özünə layiqli yer tuta bildi.
“Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamda deyilir: “Heydər Əliyev
öz siyasi dühası ilə Azərbaycanın müasir
simasını müəyyənləşdirmiş və
xalqımızın taleyində silinməz izlər
qoymuşdur. Onun siyasəti nəticəsində əldə
olunan misilsiz nailiyyətlər göz qabağındadır.
Bu
gün də həmin siyasət böyük uzaqgörənlik,
müdriklik nümunəsi ilə uğurla həyata
keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə
davam etdirilir. Xalq ulu öndərimizin uzunmüddətli
dövr üçün müəyyən etdiyi strateji xətti
bacarıqla inkişaf etdirir.
Afət SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 5 may.- S. 6.