Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi

 

“Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indibunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Ulu öndərin ötən əsrin 90-cı illərinin ortalarında idman ictimaiyyətimizin nümayəndələri ilə görüşlərindən birində qətiyyətlə bütün ölkəyə bəyan etdiyi bu fikir idman adamlarımızın ürəyindən olmuş, sözün əsl mənasında, onlara qol-qanad vermişdi. Bu gün biz tam əsasla deyə bilərik ki, dövlət başçısının Azərbaycanda idmanın inkişafına məsuliyyəti öz üzərinə götürməsi, ona xüsusi qayğı ilə yanaşması gözəl bəhrə vermişson nəticədə respublikamızı hazırda beynəlxalq dairələrdə yekdilliklə etiraf olunduğu kimi, qabaqcıl idman dövlətləri sırasına çıxarmışdır.

Biz də öz növbəmizdə ölkəmizin sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayanmasından qürur duyur, bununla haqlı olaraq fəxr edirik. İndi bütün dünya bilir ki, Azərbaycanın müstəqil bir dövlət, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq miqyasda, o cümlədən olimpiyaçılar ailəsində təmsil olunub ölkəmizin imkanlarını və qüdrətini inamla nümayiş etdirməsi, idman aləmində,  Olimpiya Hərəkatında özünə layiqli yer etməsi Heydər Əliyevin idmanımızın inkişafına göstərdiyi daimi qayğı və diqqətin, uzaqgörənliklə həyata keçirdiyi idman siyasətinin, insan həyatının ayrılmaz tərkib hissəsi olan sağlamlıq və gümrahlıq məşğələlərinə verdiyi böyük əhəmiyyətin, müdrik rəhbərliyinin və qətiyyətli fəaliyyətinin nəticəsidir.

Təsadüfi deyil ki, idman ictimaiyyətimizin istisnasız olaraq bütün nümayəndələri Heydər Əliyevi Azərbaycan idmanının ən böyük pərəstişkarı hesab edir, onun ümidlərini tam doğrultmağı, mötəbər beynəlxalq yarışlarda—Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edib, fəxri kürsiyə ucalmağı, nəhəng idman saraylarında milli bayrağımızı yüksəltməyi, yarış meydanını dövlət himnimizin əzəmətli sədaları altında tərk etməyi özlərinə borc bilir, ulu öndərin idmanımızın daha da tərəqqisi naminə gördüyü işləri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Ölkə idmanının indiki qələbələrinin təməli isə ümummilli liderin bu sahəyə xüsusi qayğını öz üzərinə götürdüyünü elan etdiyi gündən — ötən əsrin doxsanıncı illərinin ortalarından hələ təxminən iyirmi il əvvəl qoyulmuşdu. İdman ictimaiyyətimizin yaşlı nəslinin nümayəndələri 1974-cü ilin yayında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirlimiş respublika partiya təşkilatı fəallarının yığıncağını yəqin ki, unutmayıblar. O vaxtdan qırx ilə yaxın bir müddət ötsə də, yaxşı məlumdur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın vəziyyətini və onu daha da yaxşılaşdırmaq yollarını müzakirə etmiş həmin yığıncaqda gündəliyə çıxarılan məsələ barədə açıq və prinsipial söhbət getmiş, idman təşkilatlarının işində olan çatışmazlıqlar diqqətə çatdırılmış, onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti qeyd edilmiş və bununla əlaqədar konkret tapşırıqlar verilmiş, fəallığın artırılmasının, işə nəzarətin gücləndirilməsinin əhəmiyyəti göstərilmiş və qarşıya mühüm vəzifələr qoyulmuşdu.

Həmin illərdə mən “İdman” qəzetinin əməkdaşı idim və yığıncağın necə böyük əks-səda doğurduğu yaxşı yadımdadır. Redaksiyamızla yaxından ünsiyyətdə olan  idmançılar, məşqçilər, mütəxəssislər, idman təşkilatları və federasiyalarının rəhbərləri öz söhbətlərində vaxtında keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirir, onun Azərbaycanda idmanın inkişafına yönəldilən mühüm addım olduğunu, işin gedişinə güclü təkan verəcəyini inamla bildirirdilər.

Yığıncaqda respublika rəhbərinin geniş əhatəli, proqram xarakterli nitqində gənclərə nəcib keyfiyyətlər aşılayan sağlamlıq və gümrahlıq məşğələlərinin həyat və məişətimizə daha geniş daxil olması, əhalinin, xüsusən də gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, idmanın maddi-texniki bazasının möhkəmləndilməsi, məşğələlər üçün şəraitin yaxşılaşdırılması və  bunun da əsasında respublika idmançılarının ustalığının artırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Bu vəzifələrin ilk bəhrələrini çox gözləmək lazım gəlmədi. Tezliklə bütün respublikada, paytaxt Bakı ilə yanaşı bölgələrdə də idmanın inkişafına diqqət artırıldı, işdə ciddi dönüş yaradıldı, hər yerdə gənclərin ixtiyarına sadə meydançalar, idman salonları və kompleksləri, şahmat məktəbləri verildi və hamı məşğələlərə böyük həvəslə gəlməyə başladı, bir sözlə, idman həyatımızda əsl canlanma yarandı.

Respublika partiya təşkilatı fəalları yığıncağından artıq iki il sonra Azərbaycan öz idmançılarının böyük uğuruna ürəkdən şad oldu. İdmanımızın birdən-birə üç yetirməsi həndbol ustaları Rəfiqə Şabanova və Lüdmula Şubina, voleybolçu İnna Rıskal SSRİ yığma komandaları heyətində Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarının qəhrəmanları oldular. Şabanova və Şubinanın qızıl, Rıskalın gümüş medalları respublikamıza hədsiz sevinc gətirdi. Qızlar uzaq Kanadadan doğma Bakıya qayıtdıqdan sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onları qəbul edərək qələbələrini və böyük idman hünərlərini layiqincə qiymətləndirdi.

Burada Heydər Əliyevin idmançılara qayğısının ona böyük məhəbbətlə ifadə olunduğu bir məqamı xatırlamaq yerinə düşər. Həmin görüşdən iyirmi yeddi il sonra Rəfiqə xanım “Olimpiya” jurnalının 2003-cü il tarixli saylarından birində dərc olunmuş xatirələrində deyəcəkdi:

...Qəbuldan əvvəl partiya funksionerlərindən kimsə öz çətinliklərimizdən söz açmağı bizə məsləhət görmədi. Görüş zamanı Heydər Əliyevin qələbəmizlə fəxr etdiyi aydınca hiss edilirdi. Sonda o, çox böyük səmimiyyətlə, bir ata nəvazişi ilə problemlərimizlə maraqlandı. Bu səmimiyyətin qarşısında nəyi isə gizlətməyə cəsarət etmədik. O illərdə artıq valideynlərim yaşlı idilər. Səfərdə olanda ürəyim onların yanında qalırdı, narahatçılıq içində yaşayırdım. Həmin dövrdə telefon çəkdirmək üçün növbəyə yazılmaq lazım idi. Növbənin çatması isə texniki imkanlardan asılı olaraq, bəzən 5-6 il çəkirdi. Mən telefonla bağlı çətinliyi Heydər Əliyevə bildirdim və əlavə etdim ki,  müvafiq təşkilata müraciət etmişəm və mümkün deyil cavabını almışam. Heydər Əliyev çox qəti tərzdə: Əgər mümkün deyilsə, bunu mənə niyə deyirsiniz? -deyə soruşdu. İnanırsınız, bir-iki gün keçmişdi ki, tanımadığım adamlar qapını döydülər, məni xəbər aldılar. Doğrusu, əvvəl bir az qorxdum. Amma, deyəndə ki, telefon çəkəcəklər, sevincimin həddi-hüdudu olmadı. Heydər Əliyev çox həssas bir insan idi. O, mənim valideynlərimlə bağlı narahatçılığımı qəlbən duydu və mənə əl tutdu...

Olimpiya oyunlarından söz düşmüşkən, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1996-cı il iyunun 29-da Atlanta (ABŞ) Olimpiadasına  ayrıca komanda şəklində yola düşən ölkə idmanının ən yaxşı nümayəndələrinə xeyir-duanı da Zuğulbadakı gənclik-idman kompleksində keçirilən təntənəli mərasimdə məhz Prezident Heydər Əliyev verdi. Nümayəndə heyətimiz okeanın o tayından qayıtdıqdan sonra isə Azərbaycan rəhbəri olimpiyaçılarımızı Prezident Sarayında qəbul edib, ümumi hesabda bir gümüş medalla 197 ölkə arasında 61-ci yeri tutan komandamızı təbrik etdi, müstəqil dövlətimizə ilk olimpiya mükafatı gətirən sərbəst güləş ustası Namiq Abdullayevin gümüş medalını qızıl mükafata bərabər tutdu. Bu medalın müasir Olimpiya oyunlarının 100 illiyinin qeyd olunduğu ildə qazanılması xüsusilə yerinə düşmüşdü.

Bu gün isə Azərbaycan idmançılarının olimpiya mükafatları kolleksiyasında artıq 26 medal vardır və onlardan 6-sı ən yüksək əyarlı-qızıl medallardır. Xatırladaq ki, müstəqil Azərbaycanın Olimpiya oyunlarının çempionu adını daşıyan yetirmələri Atlanta gümüşünə Sidney-2000-də qızıl da əlavə edən Namiq Abdullayev, elə həmin Olimpiadanın daha bir qəhrəmanı stend atıcısı Zemfira Meftahətdinova, bundan dörd il sonra Afinada fəxri kürsünün zirvəsinə yüksələn yunan-Roma üsulu ilə güləşən Fərid Mansurov, Pekin-2008-də parlaq qələbələri ilə bütün cüdo aləmini heyran qoyan Elnur Məmmədli, ötən il Londonda təxminən bir saat ərzində Azərbaycanı iki qızıl medalla sevindirən sərbəst üsulla güləşənlər Toğrul Əsgərov və Şərif Şərifovdur. Onların, eləcə də olimpiadaların, dünya və Avropa çempionatlarının, digər mötəbər beynəlxalq yarışların qalib və mükafatçılarının böyük uğurları, xüsusən də London-2012-də 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanmış olimpiyaçılarımızın və 12 mükafatın (4+5+3) sevincini yaşamış paralimpiyaçıların tarixi nailiyyətləri vaxtilə ulu öndərin ölkə idmanının inkişafına göstərdiyi böyük qayğı və bu məqsədlə hazırda respublikamızda sayı 35-ə çatan müasir olimpiya idman komplekslərində məşğələlər üçün yaradılan gözəl şərait sayəsində mümkün olmuşdur.

Bu şəraiti təkcə biz özümüz yox, tez-tez Azərbaycanın qonağı olub respublikamızda beynəlxalq yarışlarda iştirak edən və bu zaman idman təşkilatlarımızın həyata keçirdikləri işi, bir-birindən yaraşıqlı olimpiya idman komplekslərini, ölkədə idmanın inkişafına verilən əhəmiyyəti və ona göstərilən gündəlik diqqəti yüksək qiymətləndirən xarici ölkə mütəxəssisləri də qeyd edirlər. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilini Azərbaycana etibar etməsi də respublikamızda dövlət səviyyəsində idmana göstərilən daimi qayğının nəticəsidir. Ölkəmiz indiyə qədər təşkilatçısı olduğu ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatlarını, olimpiya təsnifat turnirlərini, “Qran-Pri”ləri və digər beynəlxalq yarışları ən yüksək səviyyədə keçirməklə böyük imkanlara malik olduğunu və dünyanın diqqətini özünə cəlb edə biləcəyini inamla təsdiq etmişdir.

Heydər Əliyev də çıxışlarından birində uzaqgörənliklə “İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir” deyərkən məhz bunu nəzərdə tuturdu.

Ulu öndərin idmanımızda və beynəlxalq Olimpiya Hərəkatında oynadığı mühüm rolu belə bir fakt da təsdiq edir ki, Heydər Əliyev hələ 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində idmana göstərdiyi böyük qayğı və diqqətə görə “Olimpiya ləyaqəti” mükafatı ilə təltif olunmuşdu. Bu mükafata isə Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimləri layiq görülürlər.

Həqiqətən də, Azərbaycanda idman həyatı bir an belə dayanmır, çempionlarımızın və medallarımızın sayı durmadan artır. Hətta xaricdə yaşayıb-yaradan həmkarlarımız, mütəxəsisslər də öz söhbətlərində və müsahiblərində bildirirlər ki, Azərbaycan əhalisinin sayına görə kiçik bir ölkə olsa da, burada məşhur çempionlar yetişir. Bu isə bir daha təsdiq edir ki, respublikamız öz idman nailiyyətləri ilə dünyanın diqqət mərkəzindədir.

Bir qədər yuxarıda “Olimpiya ləyaqəti” mükafatı haqqında danışdıq. Burada Olimpiya Ordenini də xatırlatmaq yerinə düşər. Beynəlxalq Olimpiya Komitəsinin bu ali mükafatına hazırda bütün sahələrdə olduğu kimi, idmanda da ümummilli liderin yaratdığı ənənələri inamla davam etdirən dövlət  başçımız cənab İlham Əliyev Olimpiya Hərəkatında görkəmli xidmətlərinə görə 2004-cü ildə layiq görülmüşdür. Göründüyü kimi, idman uğurlarımızın estafeti etibarlı əllərdədir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bədən tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır.

Prezidentlər, baş nazirlər, spikerlər, krallar, şahzadələr, görkəmli dövlət xadimləri heç vaxt öz ölkələrində idmana biganə qalmamışlar. Onlar yaxşı bilirlər ki, idman dünya içində dünyadır, əsl sınaq və şöhrət meydanıdır. Bu meydanda qalib olmaq, şöhrətin zirvəsinə yüksəlmək hər bir ölkə üçün böyük şərəfdir, onun bütün vətəndaşlarına, ilk növbədə isə rəhbərlərinə başucalığı gətirir. Axı, qələbələr şərəfinə nəhəng idman saraylarında qaliblərin təmsil etdikləri ölkələrin dövlət himnləri səsləndirilir, milli bayraqları yüksəklərə ucaldılır və bir andaca onların sevimli vətənləri planetin hər yerində daha da məşhurlaşır.

Dahi şəxsiyyət Heydər Əliyev də öz ölkəsində idman işlərinin gündən-günə irəli getməsi və yüksək səviyyəyə çatması üçün əlindən gələni əsirgəmir, idmançı və mütəxəssilərə hərtərəfli kömək göstərirdi. Hələ Azərbaycan KP MK-nın birinci katibi kimi respublikamıza rəhbərliyinin artıq beşinci ilində-yuxarıda xatırlatdığımız 1974-cü ildə keçirilmiş Azərbaycan partiya təşkilatı fəalları yığıncağının bütün sonrakı uğurlarımıza necə güclü təkan verdiyini heç vaxt unutmaq olmaz.

Bu günlər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar şəhər və rayonlarımızda ulu öndərin xatirəsinə həsr edilmiş yarışlar-voleybol, futbol, şahmat, cüdo, boks və digər növlər üzrə turnirlər də onun ölkəmiz, idmanımız qarşısında xidmətlərinə görə dərin minnətdarlığın, böyük hörmət və ehtiramın ifadəsidir.

 

 

Oqtay BAYRAMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 7.