“Heydər Əliyevi qoruyun, o, hələ sizə çox lazım olacaq...”

 

İkinci Dünya müharibəsinin qurtarmasından 24 il keçməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi vəziyyət heç də ürəkaçan deyildi. Azərbaycan bütün göstəricilərdə İttifaq respublikalarından çox geridə qalırdı və bu gerilik xalqın güzaranında da özünü aydın göstərirdi.  Heydər Əliyev hakimiyyətə gələnə qədər, gənc olmağıma baxmayaraq, şəxsi keyfiyyətlərim sayəsində rayon səviyyəsində bir  çox vəzifələrdə çalışmışdım.

Tərtər Rayon Komsomol Komitəsinin birinci katibi, Rayon Partiya Komitəsinin şöbə müdiri və ikinci katibi, Bərdə və Yevlax rayonaları birləşərkən 1963-64-cü illərdə Partiya-Dövlət Nəzarəti Komitəsinin sədri, 1965-ci ildən isə Tərtər Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışırdım. Hələ Bərdədə Partiya-Dövlət Nəzarəti Komitəsinin sədri vəzifəsində işləyərkən Azərbaycan KP MK-nın çox səlahiyyətli katibinin qəzəbinə tuş gəldiyim üçün karyeramda yeni bir inkişafa ümidlərim üzülmüşdü. Tərtər Rayon Nəzarət Komitəsində işləməyim də Bakıdakı vicdanlı, obyektiv və prinsipial insanların sayəsində mümkün olmuşdu.

Etiraf etmək lazımdır ki, respublikada işlərin bərbad olmasının, sosial-iqtisadi geriliyin bir səbəbi də hakimiyyətin yuxarı eşalonunda yer alan gizli çəkişmələr, siyasi elitanın bir çox nümayəndələri arasında korrupsiyanın və qohumbazlığın baş alıb getməsi idi. Ümummilli lider Heydər Əliyev məhz belə bir vaxtda – 14 iyul 1969-cu ildə hakimiyyətə gəldi. Çox cavan, yaraşıqlı, həsəd aparılası, şəxsiyyətli bir adam olan Dövlət Təhlükəsizlik Komitəsinin generalı Heydər Əliyevi adamlar efirdə və həyatda çox az görmüşdülər. Belə bir adam respublikaya rəhbər təyin olunandan sonra hamı onu görməyə, heç olmasa televiziyadan tanımağa maraq göstərirdi. Özüm də anlamadan, bu insanın bundan sonrakı taleyimdə müstəsna rol oynayacağına məndə böyük bir inam və əminlik yaranmışdı.

Çox keçmədi ki, xalq arasında Heydər Əliyev haqqında çox maraqlı əhvalatlar dolaşmağa başladı. Onun tanınmayan avtomobillərlə  mağazalara, yeməkxanalara, istehsalat müəssisələrinə getməsi, özünü tanıtmadan adamlarla görüşüb söhbət etməsi və digər maraqlı tədbirlər barədə hər gün yeni-yeni rəvayətlər yaranırdı. Digər tərəfdən hamı respublikada ictimai mühitin yaxşılaşmasını, haqqın, ədalətin bərpa edilməsini, xalqın güzaranının düzəlməsi istiqamətində təsirli tədbirlərin qısa vaxtda həyata keçiriləcəyini gözləyirdi.

Bu ümidlər özünü çox gözlətmədi. Az bir müddətdən sonra Heydər Əliyevin rəhbərlik etdiyi Mərkəzi Komitənin, bir-birinin ardınca çox kəsərli tədbirlərdən xəbər verən qərarları mətbuatda dərc edilməyə başlandı. Əvvəlcə respublika, sonra isə şəhər və rayonlar səviyyəsində ölkəni pis vəziyyətə salan üzdəniraq rəhbərlər barədə zərgər dəqiqliyi ilə tədbirlər görülməyə başlandı. Tam səmimiyyətlə deyirəm ki, həyata keçirilən bu tədbirlər nəinki rəğbətlə qarşılanır, hətta alqışlanırdı. Adamlar daha böyük ruh yüksəkliyi ilə işə girişir, sabaha böyük ümidlə baxmağa başlayırdılar.

Məhz həmin illərdən başlayaraq xalq bu böyük şəxsiyyəti özünün həqiqi lideri kimi sevməyə başladı. Nahaq demirlər ki, “Elin gözü tərəzidir”. Heydər Əliyevin Vətən üçün, xalq üçün çalışdığı bir yana, onun xalqın sadə adamlarının himayədarı olması, onların haqqını qoruması, sağlam, savadlı və bacarıqlı kadrları, arxası oldu-olmadı,  irəli çəkməsi göz qabağında idi.

Heydər Əliyevin böyük şəxsiyyət kimi, bəlkə də ən  üstün keyfiyyətlərindən biri də insanları ilk baxışdan tanıya bilməsi və tanıdığı, inandığı adama yüksək etimad göstərməsi idi. O öz savadlı, bacarıqlı, sədaqətli kadrlarına bütün işlərdə dayaq dururdu. Bunu təsadüfdən, eşitdiyim söhbətlərdən dolayı demirəm. Bu böyük insanın mənim rəhbər vəzifəyə irəli çəkilməyimdə, işlədiyim müddətdə mənə dəstək verməsini daim görmüşəm.

...1969-cu il dekabr ayının son günləri idi. Bir binada işlədiyimiz, 5 ildə bir dəfə də olsun mənim iş otağımın qapısını açmayan Rayon Partiya Komitəsinin birinci katibi birdən içəri daxil olub dedi: “Mahmudov nə ilə əlaqədar olduğunu bilmirəm, sabah tezdən Bakıya gedib Mərkəzi Komitədə olmalısınız”.

Deyilən vaxtda Mərkəzi Komitədə oldum. Burada bizə bildirdilər ki, yeni ildən etibarən bir sıra rayonlara üçüncü katib vəzifəsi ştatı ayrılması ilə əlaqədar 19 rayonda həmin ştatlara kadrların namizədliyini irəli sürmək üçün müsahibəyə adamlar dəvət olunub. Mən isə Tərtər rayonuna nəzərdə tutulmuşam.

Həmin günlərdə MK-nın yeni birinci katibi Heydər Əliyev Moskvada xidməti ezamiyyətdə, ikinci katib Kozlov isə məzuniyyətdə idi. Dəvət olunmuş kadrlarla söhbəti MK-nın iki sahə katibi aparırdı. Məni təqib edən MK katibi hələ vəzifə kürsüsündə olduğundan müsahibədən “uğurla keçə bilmədim” və geri qayıtdım. 20 gündən sonra məni yenidən MK-ya dəvət etdilər. Bu dəfə Heydər Əliyev artıq iş başında idi. Söhbət zamanı bildirdilər ki, Tərtərə birinci katib vəzifəsinə mənim namizədliyimi irəli sürmək fikrindədirlər. Mən yerli adam olduğum üçün bu vəzifəyə göndərilməyimin məqsədəmüvafiq olmadığını bildirdim. Belə olduqda hələlik Tərtərə üçüncü katib göndəriləcəyimin,  sonra isə rayonlardan hansınasa birinci katib vəzifəsinə  namizəd veriləcəyimin nəzərdə tutulduğunu bildirdilər.  “Bu Heydər Əliyeviçin şəxsi tapşırığıdır” deyəndə, heyrətdən donub qaldım. Bir müddət keçdikdən sonra mənə bəlli oldu ki, Heydər Əliyev hələ Respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən mənim barəmdə kifayət qədər məlumata malik olub. Hətta mənə qarşı olan haqsızlıqları və mənim təqib olunmağımı da yaxşı bilirmiş...

1970-ci ilin martında Tərtər Rayon Partiya Komitəsinin plenumunda, 5 il məni sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxan birinci katibi vəzifədən azad edib yerinə yeni birinci katib seçdilər. Mən raykomun üçüncü katibi seçildim. Etiraf edim ki, respublikanın yeni rəhbəri Heydər Əliyevin işlərinin və qayğılarının başdan aşdığı vaxtda bir əyalət adamını xüsusi diqqətdə saxlayıb, onu öz komandasında işə dəvət etməsi məni son dərəcə təsirləndirmişdi. İlk dəfə bu böyük şəxsiyyətin son dərəcə diqqətli, ədalətli və humanist olduğunun, insanlara dəyəri onların şəxsi keyfiyyətlərinə görə verdiyinin şahidi oldum.  Bu qənaətim o gündən bu vaxta zərrə qədər də dəyişmədi. Rayonda əsas postu tutmasam da elə bilirdim ki, burada hər işə cavabdeh mənəm   bir problem yaransa mən o kişiyə nə cavab verəcəyəm. Özümə qarşı son dərəcə tələbkarlıqla yanaşır, gecəli-gündüzlü işləyirdim.

Ölkədə isə elə bil möcüzə baş verirdi. Bütün sahələrdə çox qızğın və gərgin işlər gedirdi. Bəzən bu insanın enerjisinə, idarəçilik istedadına  heyran qalmaya bilmirdin. Heydər Əliyev elə ilk gündən ölkənin sosial- iqtisadi, ictimai -siyasi və mədəni həyatını kökündən dəyişməyə istiqamətlənmiş fəaliyyəti ilə Azərbaycana böyük bir islahatçının gəldiyini nümayiş etdirirdi. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sıralara çıxdı. Köklü islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi, elm və təhsildə, mədəniyyətdə də böyük dəyişikliklərlə nəticələnirdi.

Bir müddət sonra məni yenidən MK-ya dəvət etdilər. Respublika rəhbərinin tövsiyəsi ilə Balakən rayonunda birinci katib vəzifəsinə seçildim. Heydər Əliyevin dövlət rəhbəri kimi müstəsna xarakterlərindən biri də ondan ibarət idi ki, inanıb vəzifə etibar etdiyi adamın arxasında dağ kimi durur, tövsiyyələrini və yardımını əsirgəmirdi. Balakəndə dəfələrlə bunun şahidi olmuşdum.

Bir dəfə Heydər Əliyevin qəbulunda olanda  Balakənin çox həssas region olduğunu diqqətimə çatdırıb, hansı məsələlərə daha çox diqqət yetirmək lazım gəldiyini mənə  tövsiyə etdi. Növbəti görüşlərmizin birində bildirdim ki, Balakəndə azsaylı ingiloylar yaşayır və onlar orta məktəbi bitirib ali təhsil almaq üçün qonşu Gürcüstana gedirlər. O dərhal soruşdu ki, bunun səbəbi nədir? Bildirdim ki, müəyyən dil problemləri var. Elə həmin gün müvafiq şöbələrə tapşırıq verdi ki, növbəti qəbul imtahanları zamanı ingiloy abituriyentlərin  güzəştli şərtlərlə ali məktəblərə qəbul olunması üçün müvafiq qərar layihəsi hazırlasınlar...

Balakəndə qazandığım uğurlardan çox razı qalmışdı. Beş ildə tapşırılan işlərin öhdəsindən layiqincə gəlmişdim. Başqa cür ola bilməzdi. Belə bir etimadı doğrultmamağın adı nə ola bilərdi?!

Beş ildən sonra Heydər Əliyev məni respublikanın ən ağır rayonlarından biri olan Kürdəmirə birinci katib göndərdi. Rayona getməmişdən əvvəl onunla olan söhbəti bu gün də böyük qürur hissi ilə xatırlayıram. Bir saatdan artıq çəkən söhbət zamanı Balakəndəki fəaliyyətimdən razı qaldığını bildirdi və əlavə etdi ki, “Kürdəmir çox çətin rayondur. Birdən ağlına başqa şey gələr. Unutma ki, səni Balakənə də özüm göndərmişəm, Kürdəmirə də özüm göndərirəm. Bu rayonların hər ikisi eyni ictimai -siyasi mühitə malik rayonlardır. Sən Balakəndə yaxşı işləmisən, istəyirəm Kürdəmirdə də bizə köməkliyini göstərəsən”. Bir qədər fikrə gedib sonra dərhal əlavə etdi: “Bilal sən bir az utancaq adamsan, çəkinmə”. Əlini telefonlara uzadıb dedi: “Bu telefonlar həmişə sənə cavab verəcək, o qapıda da (kabinetinin qapısını göstərdi) sən heç vaxt çox gözləməyəcəksən”.

Bu mənim üçün çox böyük etimad idi. Buna görə dərin minnətdarlığımı bildirdim və söz verdim ki, mən bu görüşdən sonra daha gərgin işləməliyəm. Axı bu münasibətin cavabını, tək sözdə yox, həm də həyatda vicdanlı və namuslu fəaliyyətimlə verməli idim və verdim də.

…Heydər Əliyevin dilindən çıxan elə bir söz olmadı ki, sadəcə kiməsə xoş gəlmək üçün deyilsin. Mən on il onunla çalışdım və bir dəfə də olsa belə onun sözündən döndüyünün şahidi olmadım. Kürdəmirdə çalışdığım 5 ildə elə vaxtlar olub ki, mən bir həftədə iki dəfə onun qəbulunda olmuşam və nə xahiş etmişəmsə hamısı öz həllini tapıb. 5 ildə 5 dəfə Kürdəmirə səfərə gələn Heydər Əliyevlə görüşlərimiz mənim yaddaşımıda ən əziz xatirə kimi bu gün də yaşayır.

Tam səmimi deyirəm ki, 70-ci illərdə təsərrüfat, sovet və partiya orqanları Heydər Əliyevin rəhbərliyi altında çox böyük işlər görürdülər. Şəhər və rayon partiya komitələri və onların birinci katibləri əsl fədakarlıq göstərirdilər. Bu ondan irəli gəlirdi ki, biz Heydər Əliyevi ürəkdən sevir, ona son dərəcə inanır və sədaqətlə xidmət edirdik. Çünki o bizdən  ikiqat artıq enerji və səylə çalışırdı.

Onun tərifini eşitmək, təşəkkürünə layiq olmaq dövlət mükafatı almağa bərabər idi. Bir rəhbər kimi xeyirxah, diqqətli, yüksək dərəcədə alicənab insan olan Heydər Əliyev səbəb olmadan heç kimi danlamazdı, ancaq danlamaq lazım gələndə bunu son dərəcə nəzakətlə edərdi. Naxələflik göstərənlər isə qısa müddətdə vəzifələri ilə vidalaşmalı olurdular. Sovetlər imperiyasında respublikalara ikili standartdan yanaşma siyasəti də onun nəzərindən heç vaxt yayınmırdı və bəzən çox etibar etdiyi, vətənpərvər adamların yanında bunu söyləyirdi də.

Məsələn, Heydər Əliyev  məni  kabinetində qəbul etdi və mənimlə söhbət əsnasında hökumət telefonlarından biri zəng çaldı. Dəstəyi qaldırıb rus dilində bir xeyli danışdı. Dəstəyi yerinə qoyub üzünü mənə tutdu: -Bildin danışan kim idi? - deyə məndən soruşdu. Xeyr, yoldaş Heydər Əliyeviç.

- Suslovdur, - deyib bir qədər pauza verdi və davam etdi, — deyim bil ki, bizi istəyən adam deyil.

Qeyri-ixtiyari soruşdum: -Niyə, gözünə salmışıq onun? Heydər Əliyev mənim sadə el dilində  belə reaksiyama elə ürəkdən güldü ki, mənə də ləzzət elədi.

Yeri gəlmişkən, bir gerçəyi deyim ki, Heydər Əliyev qədər vətənini, xalqını, dilini sevən ikinci bir insan çətin tapıla. Bu sevgi bütün həyatı boyu onun qəlbində qərar tutmuşdu. Yadımdadır, onun MK-dakı köməkçilərindən biri bir gün ümumi toplantıların birində hamıya müraciətlə bildirdi ki, Heydər Əliyev ona müraciət edərkən “Heydər Əlyeviç” yox “Heydər Əliyeviç” deməyi tövsiyə edir. Bircə hərfin düz ifadə olunmaması belə onun diqqətindən yayınmamışdı...

Heydər Əliyevin fitri istedada malik olmasını və yüksək idarəçilik qabiliyyətini Sovetlər ölkəsinin bütün tanınmış adamları yaxşı bilirdilər. Bir dəfə SSRİ hərbi aviasiyasının komandanı, marşal Aleksandr Koldunov Qəbələdəki RLS-ə baxmaq üçün Azərbaycana gəlmişdi. Onun xidməti təyyarəsi Kürdəmirdəki hərbi hissənin təyyarə meydanına enmişdi. Marşalı qarşılayıb buradaca xeyli söhbət etdik. Söz Heydər Əliyevdən düşəndə marşal Koldunov çox səmimiyyətlə bu dahi azərbaycanlı haqqında, onun yüksək təşkilatçılıq qabiliyyətindən, fenomenal yaddaşından, natiqlik istedadından, orduya münasibətindən və öz xalqına sevgisindən  danışdı. O danışdıqca mən qürur hissi keçirirdim.

Bu sovet marşalı əvvəllər Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini işləyərkən Heydər Əliyevlə olan görüşlərindən, Hərbi Şuranın yığıncaqlarında onun iştirakından və çıxışlarından ağız dolusu danışır və etiraf edirdi ki, “onunla hər bir görüşümüz bizim üçün bir dərs olurdu”. Heydər Əliyevin hərbi işi, onun elmi-nəzəri əsaslarını bir çox yüksək çinli hərbçilərdən daha yaxşı bildiyini söyləyən marşal sonda üzünü mənə tutub dedi: “Heydər Əliyeviç Azərbaycan xalqı üçün bir Tanrı bəxşişidir, onu qoruyun. O hələ sizə çox lazım olacaq...”

Artıq 80-ci illərin əvvəllərində açıq -aşkar hiss edirdik ki, Heydər Əliyev tabeçilikdə olan bir müttəfiq respublikanın birinci katibi vəzifəsinə sığmır, ona müstəqil fəaliyyət üçün böyük meydan lazımdır.

Amma desək ki, Moskvaya gedişi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü postları Heydər Əliyevə müstəqil fəaliyyət üçün lazım olan böyük meydanı verdi, yenə doğru olmazdı. Heydər Əliyev şəxsiyyətinin tam miqyası yalnız onun Azərbaycana, artıq müstəqil dövlətin  hakimiyyəti başına qayıdışından sonra bütün koloriti ilə parlamağa başladı. Heydər Əliyev əzəməti yalnız bundan sonra bütün dünyaya bəlli oldu. Marşal Koldunovun dediyi kimi, Heydər Əliyevin məhz bu zaman bizə “daha çox lazım oldu”ğunu tam mahiyyəti ilə anlamağa başladıq. Müstəqilliyimizi, milli mənliyimizi, dilimizi, mədəniyyətimizi, musiqimizi, tariximizi, bir sözlə varlığımızı qorumaq üçün lazım olduğunu.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 8.