Ümumi təhsildə islahatlar:
gələcəyin məktəbinə doğru
Respublikamızın
dünyanın müstəqil ölkələrindən birinə
çevrilməsi Azərbaycanın siyasi,
iqtisadi, mədəni sahələrində
misli görünməmiş inkişafın sürətlənməsinə
şərait yaratdı. Cəmiyyətin ehtiyac
və tələbatları zəruri şərtlər kimi fəaliyyətlərin əsasına
gətirildi. Bütün sahələrdə islahatyönümlü
işlərə başlanıldı. Müstəqil ölkənin
inkişaf tarixində xüsusi
hadisə kimi yadda qalan 1995-ci ildə qəbul olunmuş
Azərbaycan Respublikasının Konstitusiyası həmin islahatyönümlü işlərə rəvac
verdi.
Digər
sahələrdə olduğu kimi, təhsildə də
xüsusi Dövlət Proqramı qəbul edildi. 1999-cu ildə
qəbul olunmuş bu proqram ölkəmizin tarixində təhsil
siyasətinin nizamlı, ardıcıl və sistemli davam
etdirilməsini tənzimləyən mühüm dövlət
sənədi kimi təhsil sahəsindəki fəaliyyətimizin
əsasına gətirildi. Təhsilin bütün pillələri
kimi ümumi təhsilə də bu proqramda xüsusi yer
ayrıldı. İslahat Proqramında müəyyən
olunmuş prinsiplərə əsaslanmaqla onun yeniləşdirilməsi
istiqamətində işlər aparıldı.
Azərbaycanda
aparılan təhsil islahatları elmi nəzəri əhəmiyyəti
ilə yanaşı, ilk növbədə, düzgün
metodoloji özülü ilə fərqlənir.
İslahatın başlanğıc mərhələsində
ulu öndər Heydər Əliyev onu xarakterizə edərək
qeyd etmişdir ki, “indi bizdə təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanda
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşdırılsın”. Göründüyü kimi,
bu fikir özünün konseptuallığı ilə
bütün təhsil pillərlərinin, o cümlədən
ümumi təhsilin üzərinə ciddi vəzifələr
qoyurdu.
Ümumi
təhsil sahəsində keyfiyyətli islahatyönümlü
işlər aparmaq üçün birinci növbədə
real vəziyyətin meydana çıxarılması, ümumi
durumun qiymətləndirilməsi vacib hesab edildi. Ona görə
də ümumi təhsilin vəziyyəti
islahatın birinci (1999-cu il) və ikinci (2001-2003-cü illər)
mərhələlərində beynəlxalq və milli səviyyəli
mütəxəssilər cəlb olunmaqla öyrənildi, gələcəkdə
inkişaf etdirilməsi üçün başlıca istiqamətlər
müəyyənləşdirildi və müasir
dünyanın təhsil məkanında qəbul olunmuş
demokratik, humanist, humanitar, eləcə də inteqrativ keyfiyyətlər baxımından təhlil
olundu. Yaradılmış normativ- hüquqi baza və öyrədici
innovasiya mərhələlərində əldə olunmuş
təcrübələrə əsasən 2004-cü ildən
başlayaraq ümumi təhsil sahəsində sistemli quruculuq işləri
aparıldı. Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, həmin işlər bu gün də davam etməkdədir.
Bu
işlərin ən başlıca xüsusiyyətlərindən
biri onun daha geniş miqyasda ictimaiyyət arasında müzakirələrinin
təşkil olunması, bu təhsil fəaliyyətlərinin
qəbul edilməsi idi. Ona görə də Azərbaycan
Hökuməti və Beynəlxalq İnkişaf
Assosiyasiyası arasındakı sazişə əsasən
2003-cü ildə keçirilmiş müzakirələr də
məhz belə tədbirlərdən idi ki, orada islahatın
2004-cü ildən sonrakı mərhələsi
üçün beş istiqamət müəyyənləşdirildi.
Həmin istiqamətlərdən biri “Ümumi təhsilin
keyfiyyəti və real tələbatlara uyğunluğu”
adlandırıldı. O, özündə “Kurikulum
islahatı”, “Müəllim hazırlığı”, “Dərsliklər
və oxu materialları”
komponentlərini əhatə edirdi.
Azərbaycan
cəmiyyətinin ehtiyac və tələbatlarından yaranan
bu layihələrin həyata keçirilməsi, ilkin
yanaşmada xüsusi səriştə və qabiliyyətlər
tələb edirdi. Yeni təhsil proqramlarının
(kurikulumların) hazırlanması özünün konseptual
xarakterinə görə bu layihələrin içərisində
xüsusilə seçilirdi. Bu sənədlər həm təhsilin
məzmununu, həm təlim prosesini, həm də onun idarə
olunmasını istiqamətləndirməklə konseptual
xarakterə malik olmalı idi. Eyni zamanda bu sənədlər fərdi
deyil, kollektiv düşüncənin, fikrin məhsulu kimi təqdim
olunmalı idi.
2005-ci
ildən başlayaraq təhsil proqramlarının
(kurikulumların) hazırlanması üçün
işçi qruplarının yaradılması, onların
bilavasitə fəaliyyətə cəlb olunması məhz bu
zərurətdən irəli gəldi.
Odur
ki, 2006-cı ildə ümumi təhsilin şəxsiyyətyönümlü,
nəticəyönümlü xarakterə malik olan yeni məzmunu,
texnologiyaları və qiymətləndirmə sistemini ehtiva edən
“Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu) adlı dövlət sənədi
qəbul olundu. 2010-cu ildə isə
bu sənəd “Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)” adıyla təkmilləşdirilərək
dövlət tərəfindən təsdiq edildi. Bütün
fənlər üzrə təhsil proqramları
(kurikulumları) hazırlandı. 2008-ci ildən etibarən
yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə
başlanıldı.
Yeni
təhsil proqramları (kurikulumları) məzmun və
strukturuna görə müasir
zamanda müəllim və şagirdlərin sərbəst və
yaradıcı fəaliyyətinə imkan yaratmaq
baxımından faydalı hesab edilir. Bu sənədlərdə
fənnin məzmunu nəticələr formasında verilir. Bu nəticələr
ölçülə bildiyindən və şagirdlərin hər
hansı mərhələdə inkişaf səviyyəsini
ifadə etdiyindən təhsil standartları kimi qəbul
olundu.
Həmin
standartlar əsasında hər bir müəllim
özünün imkanları daxilində fəaliyyətini sərbəst
planlaşdırmaq və təşkil etmək şansı
qazandı. Nəzərdə tutulmuş nəticələrə
nail olmaq üçün müvafiq texnologiyalar seçməkdə
və yaxud hazırlamaqda ona sərbəstlik verildi. Təlim
standartlarının reallaşdırılması təhsil sahəsində
fəaliyyət göstərən və bu sahədə məsuliyyət
daşıyan hər bir kəs üçün dövlət
tələbi hesab edildi.
Yeni
təhsil proqramları (kurikulumları) həm də fənn
üzrə təlim strategiyalarını əhatə etməklə
əvvəlki proqramlardan fərqlənir. Bu strategiyalarda fənnin
tədrisinə verilən tələblər, istifadə edilməsi
tövsiyə olunan iş formaları və təlim
metodları, cari və perspektiv planlaşdırma nümunələri,
eləcə də məzmun standartlarının şərhi əhatə
olunur. Bu hissə daha çox müəllimin strateji fəaliyyətini
istiqamətləndirmək məqsədi daşıyır.
Müəllimlər təlim strategiyalarındakı tələblərə
istinad etməklə və nümunələrə əsaslanmaqla özünə məxsus olan təcrübəni
yaradır.
Nəhayət,
təhsil proqramlarında (kurikulumlarda) şagird nailiyyətlərinin
qiymətləndirilməsi üçün materiallar da təqdim
olunur ki, bunlar da müəllimlərə tədris fəaliyyətini
rentabelli qurmaqda, öz fəaliyyətini düzgün istiqamətləndirməkdə
imkan yaradır.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi
üçün zəruri olan komponentlərdən biri qiymətləndirmə
standartlarıdır. Bu standartlarda mahiyyət etibarilə
şagird nailiyyətlərinin konkret ifadəsi (kəmiyyət,
keyfiyyət, vaxt baxımından) əks olunur. Bundan əlavə,
qiymətləndirməyə dair metodik göstəriş və
qiymətləndirmə vasitələri də təhsil
proqramının (kurikulumun) bu hissəsinə daxil edilir.
Artıq
beşinci ildir ki, ümumtəhsil kurikulumları tətbiq
olunur. İlkin araşdırmalar onu göstərir ki, yeni təhsil
proqramları (kurikulumları) nəticəyönümlülüyünə
görə müəllim və şagird fəaliyyətinin sərbəst
və yaradıcı xarakter daşımasına imkan
yaradır. Onların tədqiqatçılıq meyllərinin
güclənməsini stimullaşdırır. Xüsusilə
şagirdləri məntiqi, tənqidi və yaradıcı fəaliyyətə
sövq etməklə onların idrak fəaliyyətinin
formalaşmasında yardımçı olur.
Təhsil
proqramlarının (kurikulumların) hazırlanması
yaradılmış işçi qruplarının fəaliyyətinin
nəticəsi kimi meydana çıxan sənədlərdir.
Onlar tətbiqi araşdırmalardan süzülüb gələn
və kollektiv əməyin məhsuluna çevrilən təhsil
sənədi kimi dəyərləndirilir.
Respublikamızda
İslahat Proqramından irəli gələn vəzifə kimi
yeni təhsil sisteminin yaradılması, təfəkkür məktəbinin
qurulması istiqamətində işlər hazırda davam
etdirilir. Həmin işlərin gələcəkdə də
ardıcıl və sistemli olaraq davam etdirilməsi nəzərdə
tutulur. Ölkə miqyasında qəbul olunmuş “Azərbaycan
- 2020: Gələcəyə baxış” inkişaf
konsepsiyasında da bu məsələyə xüsusi diqqət
yetirilir: “12 illik ümumi təhsil sisteminə keçid təmin
ediləcək. Şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
“yaddaş məktəbi”ndən “təfəkkür və
düşüncə məktəbi”nə keçidin təmin
olunması məqsədilə sistemli tədbirlər həyata
keçiriləcəkdir”.
Bu
gün ölkə miqyasında təhsilin aparıcı pillələrindən
biri kimi ümumi təhsilin hər hansı bir məsələsi
ilə bağlı, xüsusən də onun yeni məzmun,
texnologiya və idarəetmə problemləri ilə əlaqədar
istər fundamental, istərsə də tətbiqi xarakterli
müasir pedaqoji, metodik araşdırmaların
aparılmasına ciddi ehtiyac vardır.
Təhsil
Problemləri İnstitutu cari ildə də öz fəaliyyətinin
müəyyən hissəsini məhz bu məsələlərin
həlli istiqamətinə yönəltmişdir. Gələcəkdə
də onun uğurla davam etdirilməsi diqqət mərkəzində
saxlanacaqdır.
Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun
direktoru, professor,
Ənvər Abbasov,
İnstitut direktorunun müavini,
dosent
Xalq qəzeti.- 2013.-
5 may.- S. 8.