Elçin
yaradıcılığı dünya meridianlarında
Çağdaş milli nəsrimizin
və dramaturgiyamızın istedadlı nümayəndəsi,
görkəmli ictimai xadim, dünya şöhrətli xalq
yazıçımız Elçinin bədii əsərləri
təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində
sevilə-sevilə oxunur, əldən-ələ gəzərək
neçə-neçə oxucu nəsli
arasında mənəvi körpü yaradır. 60-cı illərin
əvvəllərində ədəbiyyata gələn
istedadlı qələm sahibi elə ilk hekayələrindən
fərdi üslubu, özünəməxsus yazı
manerası, həyat hadisələrinə orijinal
baxışı ilə diqqəti cəlb etmişdir.
Yaradıcılığının
ilk illərindən yazıçı cəmiyyətdə,
bütövlükdə dünyada baş verən hadisələri,
mənəvi-əxlaqi durumu dərindən dərk edərək
onu istedadının gücü və qələminin qüdrəti
ilə ustalıqla, bədii boyalarla öz əsərlərində
əks etdirmişdir. Ömrünün 54 ilini ədəbiyyata
həsr etmiş ustad qələm sahibinin hekayə, povest, roman
və dram əsərləri tərcümə edilərək
dünya xalqları tərəfindən rəğbətlə
qarşılandı. Gənclik illərindən
yazıçının stolüstü kitablarından biri
“Bayronun məktubları”, ən çox bəyəndiyi isə
Emil Zolyanın və Erskin Kolduellin
yaradıcılığı olub (sonralar yazıçı
onun “Bomboş otaq” adlı hekayəsini tərcümə edib).
Yüksək elmi-nəzəri səviyyəyə, bədii-estetik
zövqə malik yazıçı erkən yaşlarından
kitabla əhatə olunub. Özü qeyd edir ki, atası - Azərbaycan
ədəbiyyatının klassiklərindən biri, görkəmli
sənətkar “İlyas Əfəndiyev mütaliəni
çox sevirdi və mən kitaba ehtiram aurası altında
böyümüşəm”.
Yazıçının
ədəbi zövqünün formalaşmasında dünya ədəbiyyatının
görkəmli sənətkarlarının
yaradıcılığının böyük təsiri olub.
Bu barədə yazır: “...Mənim üçün Mirzə
Fətəli ilə, Mirzə Cəlil ilə Azərbaycan
nağılları, dastanları ilə birlikdə İntibah
hekayələri və “Don Kixot”da, Tolstoy və Balzak, Qoqol və
Zolya da, Folkner və Heminquey, Flober və Çexov, Marsel Prust
və Natali Sorrat da, başqaları da doğma olub”. Elçin
müəllim ən çox mütaliə edən
yazıçılarımızdandır. “Ədəbi
düşüncələr” kitabı fenomenal yaddaşa malik
alim-filosofun zəngin mütaliəsinin və dünya ədəbiyyatına
dərindən vaqif olmasının əyani təsdiqidir. Yazıçı
üçün “Kitab həyat tərzidir”, “Kitab oxumaq,
mütaliə özü özlüyündə böyük
bir sənətdir”. “Qiymətin obyekti istedaddır”- deyən sənətkarın
fikrincə, “Ədəbiyyatın missiyası əbədidir-
xeyirlə şərin mübarizəsində xeyirə kömək
etmək və bu, dövrün dəyişməsindən
asılı deyil”. Ədib Latın Amerikası
yazıçıları - Kortasar, Markes, Amadu, Borxes, Fuentes və
digər yazıçıların yaradıcılıq
uğurlarını ümumbəşəri ədəbi ənənələrə
dayaqlanmasında görürdü. Müəllif qeyd edir ki,
“vaxtilə mən Esxili, Evripidi, Aristofanı, Sofoklu, Apuleyi...
oxuyanda, bu ədəbiyyatın əzəməti
qarşısında, sözün əsl mənasında
şaşırmışdım”. Elçin müəllim gənc
yaşlarından o zamankı Ümumittifaq ədəbi prosesində
fəal iştirak edən yazıçılarımızdan
olub. Vaxtaşırı olaraq onun “Literaturnaya qazeta”, “Drujba
narodov”, “Yunost”, “Smena”, “Voprosı literaturı”, “Literaturnoye
obozreniye” və s. jurnallarda bədii əsərləri və məqalələri
dərc olunub.
60-cı
illərdən bu yana Elçinin
yaradıcılığına həm ölkəmizdə, həm
də xaricdə yüzlərlə məqalələr, rəylər
və onlarla iri həcmli tədqiqat əsərləri həsr
olunub, çoxşaxəli yaradıcılığına ədəbi-ictimai
maraq bir an belə səngiməyib. Əsərləri Azərbaycanın
sərhədlərini aşaraq dünyanın söz sərraflarını
danışdırıb və beləliklə, nasir, dramaturq,
ssenariçi, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas,
publisist Elçin sayca o qədər də çox olmayan sənətkarlarla
bir sırada xarici ölkələrdə Azərbaycan ədəbiyyatını
ləyaqətlə təmsil edən şöhrətli sənətkar
zirvəsinə yüksəlib. Çoxşaxəli
yaradıcılığında milli özünüdərklə
ümumbəşəri dəyərlər arasında bir vəhdət,
bir körpü yaradan istedadlı qələm sahibinin əsərlərinin
dünya ədəbiyyatında xüsusi yeri var.
Yazıçının bədii əsərləri sənətkarlıq
baxımından dünya ədəbi şedevrləri xəzinəsini
zənginləşdirən bədii nailiyyətdir. 16
yaşından ədəbi fəaliyyətə başlayan, əsərləri
ilə dünyanı dolaşan böyük sənətkarın
əsərləri rus, ingilis, fransız, alman, ispan, türk,
macar, bolqar, ərəb, rumın, fars, çex, polyak, xorvat,
gürcü, moldav, türkmən, özbək, qazax, tacik,
serb, Ukrayna, Çin, slovak, Litva və s. dillərə tərcümə
edilərək onu dünya meridianlarında tanıdıb.
Elçinin dünyanın müxtəlif dillərdə 150-yə
yaxın kitabı nəşr olunmuşdur. Kitablarının
ümumi tirajı isə 10 milyondan çoxdur.
İlk
pyesi “Poçt şöbəsində xəyal”ı
yazıçı 26 yaşında yazıb. Lakin 1969-70-ci illərdə
“Qlavlit” bu pyesin tamaşasına icazə vermir. Sonralar
yazıçı həmin əsəri dramatik povest kimi nəşr
etdirir. Elçinin “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”,
“Mənim ərim dəlidir”, “Poçt şöbəsində
xəyal”, “Mahmud və Məryəm”, “Ağ dəvə”,
“Ölüm hökmü”, “Şuşa dağlarını
duman bürüdü”, “Qatil”, “Şekspir”, “Arılar
arasında” və s. pyesləri Azərbaycanın və xarici
ölkələrin teatrlarında böyük uğurla
tamaşaya qoyulmuşdur. Çağımızda “Elçin və
teatr” mövzusu teatrşünaslıqda ayrıca elmi tədqiqat
obyektinə çevrilib.
Azərbaycan
teatrının ölkəmizin hüdudlarından kənarda -
xarici ölkə teatrlarında tanınmasında Elçin
dramaturgiyasının xüsusi yeri vardır. Dramaturqun “Mənim
sevimli dəlim” pyesi Türkiyə Dövlət Dram
Teatrında Azərbaycan dramaturgiyası nümunələrindən
tamaşaya qoyulan ilk pyes idi. Türkiyə mətbuatı və
televiziyası “Dəlixana qaçqını”nı (“Mənim
sevimli dəlim” əsərini) Azərbaycan-Türkiyə mədəni
əlaqələrinin inkişafında mühüm hadisə
kimi dəyərləndirdi. Dramaturqun “Mənim ərim dəlidir”
pyesi də Türkiyə teatrının səhnəsində
maraqlı səhnə təcəssümünü tapdı. Ərzurumda
göstərilən həmin əsərin tamaşası
sonradan Qarsda, Ərzincanda, Sivasda, Konyada, Antalyada, Alanyada və
Ankarada böyük müvəffəqiyyətlə
nümayiş etdirildi. Dəlilər və ağıllılar
mövzusu həmişə bədii ədəbiyyatın
predmeti olub. Bu mövzu ilə ilgili müəllif yazır: “Mənim
“dəlilərim”in diaqnozu dərddir, yaradır: ədalətsizlikdən
doğan yara, cahillik və nadanlıqdan doğan yara,
şeytani hisslərin vurduğu zərbənin yarası”.
Dramaturqun “Ulduzlar altında qətl” pyesi 2006-cı ildə
İstanbul Böyük Şəhər Bələdiyyə
Teatrında, 2007-ci ildə isə İstanbulda Türkiyənin
məşhur Möhsün Ərtoğrul Səhnəsində
uğurla nümayiş etdirildi. Türkiyənin “Ufuk ötesi”
həftəliyi dramaturq haqqında yazmışdır:
“Türkiyədə və dünyada nəşr edilən
roman, hekayə, esseləri və səhnə üçün
yazdığı əsərləri ilə tanınan
Elçin Azərbaycan dünyasını və
insanını tanıdır”. Dramaturqun “ÜNS”
teatrının səhnəsində recissor Bəhram Osmanov tərəfindən
tamaşaya qoyulan “Şekspir” tragikomediyasını da teatrsevərlər
böyük maraqla qarşıladılar. Sonradan bu pyes ingilis dilində
ayrıca kitab halında çap edildi. Böyük
Britaniyanın paytaxtı Londonda “Şekspir” əsərinin
tamaşası böyük müvəffəqiyyətlə
nümayiş etdirilmiş və geniş tamaşaçı
rəğbəti qazanmışdır. Bu
yaxınlarda isə dramaturqun “Mənim sevimli dəlim” pyesi
Londonun “Tristan Bates” teatrında uğurlu səhnə təcəssümünü
tapdı.
2012-ci ildə Elçinin “Mənim sevimli dəlim” və
başqa pyeslər" adlı kitabı ingilis dilində
çap edilmişdir. Kitaba dramaturqun “Mənim sevimli dəlim”, “Şekspir”, “Teleskop”,
“Cəhənnəm sakinləri” pyesləri daxil edilmişdir. Əsərləri ingilis dili üzrə tərcüməçi
Səadət İbrahimova və onun həyat yoldaşı,
“Visions of Azerbaijan” jurnalının redaktoru İan Piert
(Britaniya) tərcümə etmişlər. “Sadəcə tanış olun” adlı ön sözdə
müəlliflər qeyd edir ki, “Elçin bizə daxilimizdəki
ən yaxşı cəhətlərə sevinməyi öyrədir,
bizim müvəffəqiyyətsizliklərimizə istehza ilə
təəccüblənir və hərdən barbarları
daxilimizə buraxmaqda ara verib ciddi düşünməyimizə
işarə edir. Qoy bu nəşr
Elçin və Azərbaycan xalqını daha geniş
kütlə ilə birləşdirməyə kömək
etsin”. Bu gün Türk
dünyasının qüdrətli yazıçısı
Elçinin əsərləri dünya teatr səhnələrini
fəth edir. Uğurlu keçən tamaşalar
haqqında Türkiyə mətbuatı yazmışdır:
“Ankara səhnəsi fəth edildi...”. Dramaturqun yaradıcılığına həsr
edilmiş çoxsaylı məqalələrdə
“Ölüm hökmü” romanı bütün türk ədəbiyyatlarının
azman nümunəsi", pyesləri isə “müasir dünya
dramaturgiyasının layiqli nümunələri” kimi dəyərləndirilmişdir.
Almaniyalı tədqiqatçı Henrix Fişer
“Ölüm hökmü” romanını “dünya miqyaslı
bir əsər” kimi qiymətləndirmişdir. Türkiyəli
professor Əflatun Nemətzadə yazırdı: “Nə mutlu Azərbaycan
xalqına ki, Elçin kimi dəyərli, qiymətli bir
dünyaca yazarı var”. Milliliklə bəşəriliyin
vəhdətini ifadə edən Elçin istedadının bəhrəsi
olan sənət əsərləri onu “Türk xalqları ədəbiyyatının
ulduzu, ortaq qürur qaynağı” (Metin Turan) kimi
tanıdıb. Ümumiyyətlə,
yazıçının Türkiyədə nəşr
olunmuş kitablarını və səhnəyə qoyulmuş
pyeslərini türk oxucuları və
tamaşaçıları böyük maraqla
qarşılamış və ölkənin ədəbi
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Ürəkdən gələn ürəyə tez yol
tapar- deyiblər. Elçin
yaradıcılığının xalq sevgisi
qazanmasının əsas səbəbi fikrimizcə bu əsərlərdəki
təbiilik və səmimiyyətdir. Onun bədii əsərlərinin
qəhrəmanları da olduqca təbiidir, mənəvi-əxlaqi
keyfiyyətləri, hiss və duyğuları, fikir və
arzuları, istək və niyyətləri, ehtiras və
emosiyaları ilə... Ona görə də
“Elçin adamların xarakterindəki keçici, ötəri
yox, mühüm, təyinedici cəhətləri görür,
işıqlandırır və bu işıq altında da onun
yaddaqalan obrazını yaradır” (Bəkir Nəbiyev).
Dünya şöhrətli yazıçının
yaradıcılığından bəhs edən görkəmli
rumın ədəbiyyatşünası və tənqidçisi
Dmitri Balan yazmışdır: “...Yazıçı və zəngin
təcrübəli dövlət xadimi kimi tükənməz
enerji ilə Azərbaycan xalqının yeni, müstəqil
dövlət quruculuğu işində yorulmaz fəaliyyət
göstərən Elçinin əsərlərinin qəhrəmanları
onu əhatə edən mühitdən, ölkənin,
xalqın ictimai-siyasi, tarixi həyatından
götürülüb. Şekspir və
Y.L.Karacale kimi, Elçin müasir həyatın, real gerçəklikdəki
hadisələrin, sarsıntıların və ümumiyyətlə,
bütün vaqeələrin mahir müşahidəçisi
olmaqla bərabər, həm də keçmiş zamanların,
dünyanın ilk baxışdan bəlkə də paradoksal
görünən əzəli problemlərinin mahir salnaməçisidir”.
Yazıçının bədii əsərlərinin
cövhərinə hopmuş sadəlik, humanizm və bəşərilik
onun görümlülüyünə və estetik dəyərinə
bir tamlıq gətirir. Onun povestləri
sürətli süjet inkişafına, ideya, sənətkarlıq
məziyyətinə, estetik siqlətinə, fərdi üslub
və poetikasına görədir ki, ekranlaşdırmaya daha
tez uyğunlaşır. Dövrün qlobal
və mənəvi problemlərini fəlsəfi dərinlik və
mürəkkəbliyi ilə ekranda canlandırmaq Elçin
ssenarilərinin ən səciyyəvi cəhətidir. Elçinin ssenariləri əsasında doqquz bədii
film, bir sıra sənədli, cizgi filmləri çəkilib.
Bu filmləri Fikrət Əliyev
(“Baladadaşın ilk məhəbbəti”), Arif Babayev (“Arxadan
vurulan zərbə”), Kamil Rüstəmbəyov (“Gözlə məni”),
Oqtay Mirqasımov (“Gümüşü furqon”), Tofiq
Tağızadə (“Bağ mövsümü”), Şahmar Ələkbərov
(“Sahilsiz gecə”), Vaqif Mustafayev (“Milli bomba”), Ramiz Fətəliyev
və Dövlət Fəthulin (“Hökmdarın taleyi”) kimi
görkəmli rejissorlar çəkiblər. Türkiyə və Azərbaycan
kinematoqrafçılarının “Mahmud və Məryəm”
romanı əsasında birgə lentə aldıqları eyni
adlı iki seriyalı film isə yaxınlarda ekranlarda
böyük uğurla nümayiş etdirildi. Ümumiyyətlə, yazıçının
ssenariləri əsasında 22 adda film çəkilmişdir.
Elçinin dünya dramaturqlarının
yaradıcılığına dərindən bələdliyindəndir
ki, onlar haqqında ilhamla söz açır. Yazıçıya görə
O’Keysi, O’Nil, Brext, Anuy, İonesko, Bekket, Sartr, Vampilov, Artur
Miller, Dyurrenmatt, Olbi kimi dramaturqların əsərləri
dünya dramaturgiyasının “çox zəngin bəşəri
mənəvi sərvətidir”. Elçin bir
sıra dünya şöhrətli yazıçıların əsərlərini
dilimizə tərcümə edib. Yazıçıya
görə “tərcümə etmək orijinal yazmaqdan daha
artıq bir zəhmətkeşlik, səbir tələb edir”.
O, dünya xalqları ədəbiyyatı nümunələrindən
- Molyerin “Skapenin kələkləri”, “Corc Danden”, “Komediyalar”,
Pirandellonun “Axmaq”, Maltsın “Sıravi Hiks”, Hoinskinin “Bir gecə
əhvalatı” pyeslərini, Y.Qaşekin, A.Moruanın,
A.Kristinin, S.Fitsceraldın, N.Lakenesin, E.Kolduellin, R.Bredberinin, A.Əzimovun,
A.Truayyanın, M.Benedettinin, C.Apdaykin və digər
yazıçıların hekayələrini, klassik yapon
xokkularını, çağdaş dünya nasirlərinin əsərlərindən
ibarət “Necə oldu ki, Pyer Duş məşhurlaşdı”
və digər əsərləri Azərbaycan dilinə tərcümə
etmişdir. Bu əsərlər həm tərcüməsi
etibarilə, həm də bədii-estetik özəlliyi
baxımından yazıçının uğurlu
yaradıcılıq işidir. Bu tərcümələr
əsərin ruhunu, koloritini, bədii siqlətini, ideya-məna
yükünü bütövlükdə oxucuya yetərincə
çatdıra bilir. Müəllifin fikrincə,
listedadlı tərcüməçi o yaradıcı şəxsdir
ki, əsərin başqa dildə yalnız şəklini
çəkmir, həm də onun ruhunu verməyi bacarır”.
Elçin müəllim professional tənqidçi, ədəbiyyatşünas
və nəzəriyyəçidir. Bu sahəyə aid
böyük qələm sahibi fundamental monoqrafiyaların,
kitabların, elmi-tədqiqat əsərlərinin və
çoxsaylı nəzəri-estetik məqalələrin
müəllifidir.
Elçin müəllimin ictimai fəaliyyətində “Vətən”
Cəmiyyətində göstərdiyi fədakarlıq da
xüsusi yer tutur. Fikrimizcə, bu mövzu müstəqil
elmi tədqiqatın mövzusudur. Bu barədə onun
özü yazırdı: “Vətən” Cəmiyyətinin
xalqın milli oyanışında, siyasi yaddaşının bərpa
edilməsində, Azərbaycanın müstəqil bir dövlətə
çevrilməsində oynadığı rolu müəyyənləşdirmək
gələcək tarixçilərin işidir və mən qətiyyən
şübhə etmirəm ki, onlar bu işi görəcəklər”.
“Vətən” Cəmiyyəti mühacir həyatı
yaşayan yurddaşlarımızla Azərbaycan arasında mənəvi
körpü yaratdı. Təkcə bir
faktı- 1990-cı ilin 20 Yanvar qətliamını-
işğalçı sovet qoşunlarının törətdiyi
vəhşilikləri xarici ölkələrin informasiya
agentliklərinə, məşhur qəzet redaksiyalarına və
ayrı-ayrı sənət və dövlət xadimlərinə
“Vətən” Cəmiyyəti çatdırdı. Ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan
nümayəndəliyindəki tarixi
çıxışının video kasetini də o zaman “Vətən”
Cəmiyyəti əldə edərək xarici ölkələrə
göndərmişdi. Elçin müəllim
ictimai xadim kimi xarici ölkələrdəki nüfuzlu beynəlxalq
tədbirlərdə, konfranslarda, qurultaylarda, görüşlərdə,
rəsmi dövlət danışıqlarında, simpoziumlarda
Azərbaycanı layiqincə təmsil etmişdir. Elçin müəllim 1988-ci ildə Azərbaycan
Ali Sovetinin deputatı seçilmişdir. 1986-cı
ildə “Şərəf nişanı”, 2003-cü ildə isə
Azərbaycan Respublikasının ən yüksək
mükafatı- “İstiqlal” ordeni ilə təltif
edilmişdir.
Ömrünün
əlli dörd ilini ədəbiyyatımızın, mədəniyyətimizin
və elmimizin inkişafına həsr etmiş dünya
şöhrətli yazıçının milli
azadlığımız və müstəqilliyimiz
uğrundakı miqyaslı fəaliyyəti, yüksək
ziyalılığı, mənəvi zənginliyi, obyektivliyi,
xeyirxahlığı, təəssübkeşliyi, ictimai
xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti
qazandırıb. O, böyük sənətkar, böyük
şəxsiyyətdir. Milli gerçəklikləri
və dünyəvi dəyərləri əks etdirən əsərləri
görkəmli qələm sahibini dünya meridianlarında
tanıdıb. Fəxr edirik ki, Türk
dünyasının böyük sənətkarı, xalq
yazıçısı Elçin bu gün dünya ədəbi
fikrinin ən görkəmli təmsilçiləri ilə bir
sırada dayanır.
Əziz
Elçin müəllim! Sizi yubileyiniz münasibətilə
səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm
cansağlığı və yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq. Ürəyinizdən
keçən bütün arzulara qovuşmaq və daha
böyük yaradıcılıq qələbələrinizi
görmək arzusuyla:
Vəfa
XANOĞLAN,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2013.- 5 may.- S. 9.