“Milli iqtisadiyyat: modernləşmə
və davamlı inkişaf”
Yaşadığımız dövr informasiya əsri
olmaqla yanaşı, həm də sürətli qloballaşma və
inteqrasiya prosesləri ilə xarakterizə olunur. Təbii ki,
belə bir dövrdə xarici iqtisadi əlaqələrin
genişlənməsi, beynəlxalq bazara
çıxış, qlobal iqtisadi məkanda cərəyan edən
hadisələrin fəal iştirakçısına
çevrilmək və bütün bunların kontekstində
milli maraqları təmin etmək hər bir müstəqil
dövlətin mövcudluğunun zəruri şərtinə
çevrilmişdir.
Aydındır ki, qloballaşma və inteqrasiya dünyada
rəqabət mübarizəsini də kəskinləşdirir
ki, bu da hər bir milli təsərrüfat, hər bir elm sahəsi,
o cümlədən iqtisad elmi qarşısında müəyyən
vəzifələr qoyur. Bu vəzifələrin öhdəsindən layiqincə
və vaxtında gəlmək baxımından ölkə
başçısı cənab İlham Əliyevin “Azərbaycan 2020:gələcəyə
baxış” İnkişaf Konsepsiyasının təsdiqi
haqqında fərmanı yeni dövrün tələblərindən
irəli gələn bir çox məqamlara aydınlıq gətirmiş,
problemlərin uyğun həlli yollarını göstərmişdir.
İstər qloballaşma və inteqrasiya proseslərində
səmərəli iştirak etmək, istərsə bu proseslərin
təsiri ilə formalaşan çətin rəqabət
mübarizəsində davam gətirmək, istərsə də
qlobal iqtisadi məkanda milli və dövlətçilik
maraqlarını təmin etmək modern milli iqtisadiyyatın
formalaşmasını tələb edir. Bütün bunlar, həm də
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasından irəli gəlir. Nəzərə alsaq ki, konsepsiyada da göstərildiyi
kimi, dövrün tələbi olan rəqabət qabiliyyətli
iqtisadiyyatın formalaşdırılmasının əsasını
təşkil edən modernləşmə, həm də beynəlxalq
aləmdə xüsusi aktuallıq kəsb edən davamlı
inkişafın əsas təkanvericisidir, onda bu məsələlərə
kompleks şəkildə yanaşılmasının daha məqsədəuyğun
olduğu aydınlaşar.
XX əsrin 80-cı illərinin sonlarından gündəmə
gəlmiş davamlı inkişaf konsepsiyası, 1992-ci ildə
BMT-nin Rio de Janeyro şəhərində keçirdiyi
müvafiq konfransından sonra milli inkişaf
strategiyalarının hazırlanmasında bir dönüş
yaratdı. Konfransda qəbul edilən “XXI əsrin gündəliyi”
adlı sənəd, ayrı-ayrı milli iqtisadiyyatların
davamlı inkişafının təmin olunmasında
mühüm rol oynadı. Məhz, bu
dövrdən etibarən, davamlı inkişaf bütün
dünyanın diqqət mərkəzində olan bir məsələyə
və dünya dövlətlərinin başlıca məqsədinə
çevrildi. Beynəlxalq aləmə
sürətlə inteqrasiya olunan ölkəmizdə də,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf”
Dövlət Proqramının qəbul edilməsi ilə
davamlı inkişafa doğru məqsədli addımlar
atılmışdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən
bünövrəsi qoyulmuş iqtisadi strategiyanın uğurla
davam etdirilməsi nəticəsində, artıq Azərbaycan nəinki
davamlı inkişaf yolundadır, hətta öz iqtisadi nəticələri
ilə aparıcı dövlətlər səviyyəsinə
çatmışdır. 2003-cü ildən
etibarən həyata keçirilən sosial-iqtisadi inkişaf
siyasəti iqtisadi islahatların dərinləşdirilməsi,
mövcud potensialın gücləndirilməsi və ondan
istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığının təmin olunmasına, bu sahədə
artıq əldə olunmuş nailiyyətlərin daha da
möhkəmləndirilməsi və artırılmasına
xidmət etmişdir. Ümumilikdə, 2003-2012-ci illəri
əhatə edən dövrdə əldə edilmiş iqtisadi
uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və
davamlı iqtisadi artımın təmin edilməsi, iqtisadi idarəetmənin
səmərəliliyinin yüksəldilməsi, qeyri-neft
sektorunda inkişafın sürətləndirilməsi,
investisiya mühitinin yaxşılaşdırılması və
regionlarda sahibkarlığın, istehsal, sosial
infrastrukturların inkişafı, bu sahədə
stimullaşdırıcı addımların atılması,
ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli
şəkildə azaldılması, məşğulluğun təmin
edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyası istiqamətində
fəaliyyətin gücləndirilməsi və s. kimi məsələləri
aid etmək olar. Belə bir şəraitdə isə, ölkə
iqtisadiyyatının modernləşdirilməsi obyektiv bir
proses kimi zəruri mahiyyət əlaqələrini ifadə etməklə,
öz ideologiyasına malikdir. Bu ideologiya ölkəmiz
və iqtisadiyyatımız qarşısında duran
mühüm və başlıca vəzifələrdə ifadə
olunur. Prezident İlham Əliyevin sözləri
ilə desək, “ölkəmizin qarşısında duran
başlıca vəzifə-iqtisadiyyatın bundan sonra da sürətli
inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi,
ölkənin modernləşdirilməsidir”. Bu modernləşdirmə xəttində ideoloji məntiq
- iqtisadiyyatımızın şaxələndirilməsini,
siyasi islahatların dərinləşdirilməsini, enerji
sektorundan asılılığının
azaldılmasını, elm və təhsil sisteminin sivil
qaydalarla idarə olunmasını, güclü sosial siyasətin
aparılmasını nəzərdə tutan və ölkəmizdə
müvəffəqiyyətlə həyata keçirilən bu və
digər proseslərin məntiqini özündə ifadə
edir.
Təbii ki, inkişaf səviyyəsindən asılı
olmayaraq, hər bir milli iqtisadiyyatın davamlı
inkişafının başlıca şərtlərindən
biri də rəqabət qabiliyyətliliyin təmin edilməsidir
ki, bu da, yalnız modernləşdirmə vasitəsilə
mümkündür. Başqa sözlə desək, milli təsərrüfatların
modernləşdirilməsi, davamlı inkişafdan irəli gələn
bir zərurət kimi mühüm əhəmiyyət kəsb
edir. Bu baxımdan da, davamlı inkişaf, modernləşdirmə
və s. kimi məsələlərin elmi cəhətdən araşdırılması,
əsaslandırılması, bu istiqamətdə müvafiq təklif
və tövsiyələrin işlənib hazırlanması, o
cümlədən müvafiq mütəxəssislərin
yetişdirilməsi olduqca mühüm aktuallığa malikdir
və günümüzün reallığından irəli gəlir.
Bütün
bunlar həm də dövlət başçısının
2012-ci il 29 dekabr tarixli fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasından irəli gələn
mühüm vəzifələrdir. Bu günlərdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illiyinə həsr edilmiş “Milli iqtisadiyyat: modernləşmə
və davamlı inkişaf” adlı monoqrafiyanın hazırlanması da,
məhz İnkişaf Konsepsiyasından irəli gələn
bir zərurətdir.
AMEA
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru,
professor İsa Alıyev, Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru Sakit Hüseynov və İqtisadiyyat
İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə
doktoru, dosent Aqil Əsədovun birgə
hazırladıqları monoqrafiyada modernləşmə və
davamlı inkişafın sosial-iqtisadi mahiyyəti, nəzəri-metodoloji
əsasları və prinsipləri
aydınlaşdırılmış, eləcə də
qloballaşma şəraitində davamlı inkişaf, modernləşmə
və iqtisadi təhlükəsizlik kimi məsələlərin
qarşılıqlı əlaqəsi izah olunmuşdur.
Müəlliflər
ölkə başçısının müvafiq fərman və
sərəncamlarını, modernləşmə və
davamlı inkişafa dair proqram, layihə, qanun və digər
normativ sənədləri, “Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Konsepsiyası”nı, “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasını, davamlı inkişafa dair beynəlxalq sənədləri
və s. əldə rəhbər tutaraq iqtisadçılara,
xüsusilə gənc tədqiqatçılara milli
iqtisadiyyatın modernləşdirilməsi və davamlı
inkişafı istiqamətində olduqca mühüm nəzəri-praktiki
əhəmiyyətə malik olan, mükəmməl bir mənbə
işləyib hazırlamışlar.
Təqdim
edilən kitabda modernləşmə və davamlı
inkişafın nəzəri-metodoloji əsasları,
qarşılıqlı əlaqəsi, bu sahədə
müasir vəziyyət, davamlı inkişafın iqtisadi təhlükəsizliyə
təsiri, iqtisadi təhlükəsizliyin struktur elementləri,
qloballaşma şəraitində milli iqtisadiyyatın davamlı
inkişaf perspektivləri nəzərdən
keçirilmiş, təhlil olunmuş və müvafiq
ümumiləşdirmələr aparılmışdır. Əsərdə milli iqtisadiyyata ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin rəhbərlik
etdiyi dövrlər ayrı-ayrılıqda, ətraflı
şəkildə təhlil edilmiş, ümumilikdə müstəqillik
illərində iqtisadi sahədə həyata keçirilən
islahatlar və onların nəticələri
işıqlandırılmışdır. Eyni zamanda, Azərbaycanın milli
iqtisadiyyatının davamlı inkişafı və modernləşdirilməsinin
əsas təminatçısı kimi neft strategiyası və
bu sahədə əldə edilən dinamika
araşdırılmışdır.
Ümumilikdə,
5 fəsildən ibarət 475 səhifəlik kitabda, qeyd edildiyi
kimi, “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası çərçivəsində
milli iqtisadiyyatın modernləşdirilməsi və
davamlı inkişafı problemləri tədqiq olunmuşdur.
Bu məqsədlə kitabda davamlı inkişafın, modernləşdirmənin
nəzəri-metodoloji əsasları tədqiq edilmiş,
qloballaşma şəraitində modernləşmə və
davamlı inkişafın xarakterik cəhətləri göstərilmiş,
bu sahədə mövcud vəziyyət
araşdırılmış, davamlı inkişaf və
iqtisadi təhlükəsizlik məsələləri kompleks
şəkildə təhlil edilmiş, eləcə də kənd
təsərrüfatı, nəqliyyat, turizm və s. istiqamətlərdə
davamlı inkişafın təmin olunmasına dair fikir və
mülahizələr, təklif və tövsiyələr irəli
sürülmüşdür. Kitabda davamlı inkişaf və
modernləşməyə dair çoxsaylı mənbələrdən,
beynəlxalq sənədlərdən, ayrı-ayrı yerli və
beynəlxalq təşkilatların hesabatlarından və s.
istifadə edilərək ətraflı təhlillər
aparılmışdır. Kitab makro və sahə
iqtisadiyyatları üzrə, beynəlxalq münasibətlər,
davamlı inkişaf və s. uyğun ixtisaslar üzrə
bakalavr, magistr və doktorantların hazırlanmasında, eləcə
də müvafiq mütəxəssislər üçün zəngin
və faydalı mənbə ola bilər.
Ağasəlim ƏLƏSGƏROV,
AMEA-nın müxbir üzvü,
iqtisad elmləri doktoru, professor
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru,
professor
Xalq qəzeti.-
2013.- 5 may.- S. 11.