Ümummilli lider
Heydər Əliyevin ən böyük abidəsi xalqın qəlbindədir
XX əsr bəşəriyyətə çox
görkəmli elm xadimləri, müdrik, təcrübəli və
qətiyyətli rəhbərlər, bacarıqlı dövlət
başçıları bəxş etmişdir.
Xalqımızın dahi şəxsiyyəti, ümummilli
lideri, bütün türk dünyasının fəxri Heydər
Əliyev məhz belə şəxsiyyətlər
sırasında önəmli yer tutmuşdur. Ulu öndər
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və
dövlət xadimi kimi bütün dünyada yaxşı
tanınmış və artıq öz
sağlığında tarixə düşmüş nəhəng
şəxsiyyətdir.
Azərbaycanın
tarixi inkişafının son illərində
yaşadığı hadisələr,
qarşılaşdığı olaylar Heydər Əliyev
fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin
dövrümüz üçün nə qədər əhəmiyyətli
və vacib olduğunu əyani şəkildə göstərmişdir.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin
bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və
dövlətçilik fəaliyyəti çoxəsrlik
tariximizin ən nühüm, şərəfli və
böyük bir mərhələsini təşkil edir. Heydər
Əliyevin tarixin ən çətin, məsuliyyətli
anlarında Azərbaycan xalqının ruhuna bir nəfəs
kimi qayıdan, onu canı-qanı qədər sevərək
hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır
yükün altına çiyinlərini mərdliklə verən
qüdrətli bir şəxsiyyət olduğu aşkar
görünür.
Azərbaycanın
müasir siyasi tarixinin bir çox səhifələri ulu
öndər Heydər Əliyevlə, onun çoxtərəfli
və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti
ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə
xilaskarlıq missiyasını üzərinə götürərək
hakimiyyətə gələn Heydər Əliyev hər dəfə
Azərbaycanın müqəddəratının həll
olunduğu təhlükəli və mürəkkəb məqamlarda
xalqın köməyinə çatmış, ona dayaq
olmuşdur.
Heç
kimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev
təkcə XX əsr Azərbaycanının deyil, həm də
XXI yüzillik Azərbaycanının gerçək
simasını müəyyənləşdirən nəhəng
bir etno-siyasi amildir.
Heydər
Əliyev irsinin araşdırılması ilə məşğul
olan bir çox müəlliflər ulu öndərin
adını dünyanın siyasət nəhəngləri, mənsub
olduqları xalqlar üçün əvəzsiz xidmətlər
göstərmiş Mustafa Kamal Atatürk, Şarl De Qoll, Corc
Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer ilə
birlikdə çəkirlər. Amma bu şəxsiyyətlərin
hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik
ki, onlar yaşadıqları
ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus
olduqları xalq üçün maksimum istifadə etməyə
çalışmış və buna nail olmuşlar. Heydər
Əliyev isə həm keçmiş sovet, həm də
müstəqillik dönəmində Azərbaycanın
inkişafı, onun dünya dövlətləri cərgəsində
layiqli yerini tutması üçün titanik əmək sərf
etmiş, adını əbədi olaraq tarixə
yazmışdır.
Azərbaycanın
bugünkü reallıqlarını
anlamaq üçün Heydər Əliyevin dövlətimiz
qarşısındakı xidmətlərini dərk etmək
lazımdır. Onun fəaliyyəti də, şəxsiyyəti
də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər
bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi vardır.
Zəmanəmizin
görkəmli dövlət xadimi Heydər Əliyev kimi bir
şəxsiyyətin fəaliyyətinin
araşdırılması, təhlil edilməsi uzun illər tələb
edir. Bu mahir siyasət və idarəetmə ustadının,
adı və nufuzu Azərbaycanın sərhədlərini
çoxdan aşmış nəhəng ictimai-siyasi xadimin
siyasi personası, onun milli-ictimai və siyasi fəaliyyəti,
dünyagörüşü və həyat fəlsəfəsi,
yaratdığı siyasi və etik məktəb hələ
neçə-neçə illər bundan sonra da sosioloq və
tarixşünasların, cəmiyyətşünasların və
politoloqların, filosofların və iqtisadçıların
fundamental araşdırmalarının predmeti olacaqdır. Əlbəttə,
hamımızın eyni dərəcədə xəbərdar
olduğu çox adi bir həqiqət var: Heydər Əliyev
Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi
misilsiz bir şəxsiyyətdir və onun nə dərəcədə
əlçatmaz olduğunu
çox gözəl bilirik.
Gəncliyində
memar olmaq istəyən bu dahi şəxsiyyət, taleyin
xoş qismətindən başqa bir möhtəşəm abidənin
— demokratik və müstəqil Azərbaycan dövlətinin
qurucusu oldu. O, mahir bir memar kimi Azərbaycan dövlətçiliyinin
alternativsiz modelini quraraq praktika müstəvisində sübuta
yetirdi.
Heydər
Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan
uğrunda öz əməli fəaliyyəti ilə,
özü də planlı və məqsədyönlü
şəkildə mübarizə apardı. Bu mücadilə Azərbaycanın
tarixində ən şərəfli səhifəni təşkil
edir. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin
— müstəqil Azərbaycanın təməl daşı Heydər
Əliyevin ideya müəllifliyi və birbaşa
iştirakı ilə qoyulmuşdur. Vətəni ilə
bağlı müqəddəs arzularının həyata
keçməsi üçün dahi şəxsiyyət böyük bir tarixə
sığa biləcək mürəkkəb işlər
görmüşdü.
Heydər
Əliyev indiki müstəqil Azərbaycanın qurulması
işinə 40 il bundan öncə başlamışdı. Ulu
öndərin Azərbaycana rəhbərliyinin 40 ilinin, az qala,
üçdə ikisi sovet dövrünə təsadüf
etmişdir. Heydər Əliyev məhz bu illərdə sovet
imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın
gələcək müstəqilliyi üçün göstərdiyi
misilsiz xidmətləri ilə tarixdə layiqli yer tutmuşdur.
Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətinə
nəzər saldıqda Vətənini hədsiz dərəcədə
sevən bir insanın yurdunun tarixinə, mədəniyyətinə,
ədəbiyyatına son dərəcə böyük sevgi və
hörmətlə yanaşdığını görür və
heyrətlənməyə bilmirsən. O bu böyük iş uğrunda
bütün gücü, biliyi, bacarığı və təcrübəsi
ilə çalışırdı. Məsələ heç
də bu çalışmaların hansı ideoloji
çalarlara malik olmasında deyildi, onun mahiyyətində,
keyfiyyətində və məqsədində idi. Sovet
dövründə salınan nəhəng sənaye müəssisələrinin,
əkilən ağacların, çəkilən yolların
sovet sosializm ideologiyasına heç bir dəxli yox idi. Burada əsas
işin mahiyyəti idi.
Heydər
Əliyevin sovetlər dönəmində Azərbaycanın
bilavasitə uzaq perspektivinə, deməli, bu gününə
yönəlmiş sırf milli xarakterli fəaliyyətini əyani
surətdə sübuta yetirən yüzlərlə, minlərlə
fakt, epizod və hadisə göstərmək
mümkündür. Bu dahi şəxsiyyətin fəaliyyəti
mahiyyət etibarilə gələcəyə hesablanmış
hərtərəfli inkişaf strategiyasının işlənib
hazırlanması və həyata keçirilməsi demək
idi. O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni
həyatının bütün sahələrində
mümkün olmuş istənilən bir dirçəliş və
həyata keçirilmiş təşəbbüslər məhz
ümummilli liderimizin gərgin əməyinin nəticəsidir.
Bu isə o deməkdir ki, sovet rejimində milli rəhbər
qoyulan qadağaları, maneələri dəf edib Vətəninə,
xalqına xidmət etməyi bacarırdı. Bu dahi insan Heydər
Əliyev idi.
Xalqımızın
şəriksiz lideri Heydər Əliyevin Kreml zirvəsinə
ucalması isə Azərbaycanın milli
varlığının gücünün parlaq təsdiqi idi.
Ulu öndər görkəmli dövlət xadimi kimi tarixi bir
inkişaf yolu keçərək öz adını hələ
uzun illər bundan öncə dünya siyasətçiləri
kitabına qızıl hərflərlə yazmışdı.
Tanrının onun üzərinə qoyduğu müqəddəs
missiya tək bununla tamamlanmadı. Tale elə gətirdi ki, o,
Azərbaycana rəhbərlik etdiyi zaman başladığı
tarixi missiyanı, şərəfli və müqəddəs
yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin
Prezidenti kimi yeni tarixi şəraitdə də uğurla,
ardıcıl şəkildə davam etdirdi.
Milli
qüruru yüksəldən,
milli şüuru və milli ruhu zənginləşdirən
özünəqayıdış prosesi Heydər Əliyevin
çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı
sayəsində reallığa çevrilmişdir. Xalq Heydər
Əliyevin bu Qayıdışını
alqışlamış, həmin günü isə milli
qurtuluş günü kimi müstəqil Azərbaycanın
tarixinə yazmışdır.
Ulu
öndər Heydər Əliyev yenə də özünün
siyasi bacarığı gücünə ölkəni vətəndaş
müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən
xilas edə bilmiş və cəmiyyətin məqsədini,
qayəsini öz varlığında, güclü şəxsiyyətində
təzahür etdirmişdi. Bu bənzərsiz lider doğma
xalqını vahid bir məfkurə ətrafında səfərbər
edib onun qəlbində böyük sabaha inam hissi yaratmağa
nail olmuşdu. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində
xalqımız bütün maneələri dəf edərək
öz mili-mənəvi dəyərlərini qoruya bilmişdir.
Azərbaycan
xalqı tarixə həm də ona görə minnətdardır
ki, Heydər Əliyev kimi böyük dühanı bir daha onun
mübarizəsinə qaytardı. Azərbaycanın tale
kitabını mahir bir memar kimi ulu öndərin özü səhifələdi,
həllivacib məsələləri asanlıqla yoluna qoydu, Azərbaycanın
müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider
dövlətçiliyimizi məhv olmaqdan qorudu, onu
dağılmaq təhlükəsindən xilas etdi və
möhkəmləndirdi.
Azərbaycan
vətəndaş müharibəsindən, ərazisi
parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən
yalnız Heydər Əliyevin qətiyyəti və inamı
hesabına xilas oldu. Milli həmrəylik və
bütövlük yarada biləcək ideologiya da yalnız
1993-cü ildən sonra müəyyənləşdirildi.
XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin
ideya əsaslarını qoyduğu azərbaycançılıq
ümummilli lider Heydər Əliyevin
çıxışlarında özündə ümumbəşəri
səciyyə daşıyan və milli dəyərlərə
cavab verən prinsipləri ehtiva edən, həmrəyliyi təmin
edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq
təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri
yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları
əhatə edərək dünya azərbaycanlılarının
milli istinad mənbəyinə çevrildi.
İdeya
və əməllərinin əhatəsi və zənginliyi sərhədlər
aşan bu görkəmli dövlət xadiminin fəaliyyəti
mahiyyət etibarilə gələcəyə hesablanmış
hərtərəfli inkişaf strategiyasının işlənib
hazırlanması və həyata keçirilməsindən
ibarət idi. Heydər Əliyev fenomeninə hansı prizmadan
yanaşırsan-yanaş, nəticə həmişə eyni
olacaq, çünki onun bütün fəaliyyəti -
yalnız milli intibaha - müasir və müstəqil Azərbaycan
Respublikasına aparan yolun ən vacib mərhələləridir.
Heydər Əliyevin hakimiyyətdə olduğu 40 illik dövr
xalqımızın illərlə həsrətini çəkdiyi
dövlət müstəqilliyinin əldə edilməsi, onun
azad inkişafı və yüksəlişi naminə
apardığı mübarizələr və qələbələr
tarixidir.
Dahi
şəxsiyyət xalqına möhkəm dövlətçilik
təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə
sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil
Azərbaycanı bəxş etdi. Ölkəmizin
qazandığı bütün uğur və nailiyyətlər,
inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin
qorunması da Heydər Əliyev dühasının bəhrəsidir.
Biz çox xoşbəxtik ki, qismətimizə, onun kimi nadir
şəxsiyyətlə, qüdrətli lider və dövlət
rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti
nəsib olmuşdur. Bu gün təkcə xalqımız deyil,
həm də dünya şöhrətli siyasətçilər,
tarixçilər və politoloqlar ümummilli liderimiz Heydər
Əliyevi müstəqil Azərbaycanın həqiqi memarı
və yaradıcısı sayır.
XX-XXI
əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və
bəşəri dəyələrə sadiq, müstəqil
bir dövlət kimi formalaşması böyük öndərimizin
titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev
şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq
səviyyədə yüksək qiymətləndirilməsi,
adının bəşər tarixində əbədi iz
qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi
bizim üçün hədsiz qürur və iftixar mənbəyidir.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün,
sözün həqiqi mənasında, Azərbaycan dövlətini
rəmzi kimi səslənir. Bugünkü güclü,
qüdrətli Azərbaycanı o öz əlləri ilə
yaradıb, onun müstəqilliyini yaşadıb, ölkəsini
inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Ulu
öndər Heydər Əliyev həm də zəmanəmizin
böyük filosofu və mütəfəkkiri kimi
tanınıb. Geniş və zəngin fəaliyyəti onu
milli maraqlar çərçivəsinə sığmayan, bəşəri
dəyərlərin əxz olunmasında fəal iştirak edən
böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə
çevirmişdi. Ona görə də təkcə
xalqımız deyil, bütün dünya ölkələri bu
görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında
mühüm yer tutmuş, uzun və şərəfli yol
keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini
daşımış insana dərin hörmət və ehtiram
bəsləyir. Təsadüfü deyil ki, dünyanın bir
çox görkəmli dövlət başçıları
və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli
liderimiz barədə yüksək fikirlər söyləmişlər.
Ulu öndərimiz bəşər tarixinə özünəməxsus
siyasi dəst-xətt, idarəçilik üslubu və
yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən
biri kimi daxil olmuşdur.
Heydər
Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan
tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti
əhəmiyyəti və dəyəri baxımından
ölkənin hüdudlarını aşaraq, dünyada gedən
qlobal proseslərə də öz təsirini göstərirdi.
Buna görədir ki, o, ənənəvi və müasir,
novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin
varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən
ali məqamına - ümummilli lider səviyyəsinə
yüksəlmək məhz bunların sayəsində
mümkün olmuşdur.
Nadir zəka sahibi Heydər Əliyev Azərbaycanın
yaxın və uzaq tarixini dərindən bildiyindən, beynəlxalq
aləmdə tükənməz nüfuz
qazandığından, zəngin dövlətçilik təcrübəsinə
və fenomen yaddaşa malik olduğundan ayrı-ayrı
dövrlərdə tarixi şəraitə uyğun və
dövlətçilik baxımından düzgün qərarlar
qəbul etmiş və reallaşdırmışdır. Heydər
Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi
klassik və müasir mənada dövlətçiliyin təməl
prinsiplərinə dərindən bələd olması və
siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi
bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini,
müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə
doğru qərar qəbul etmək bacarığını və
qələbələrini şərtləndirən amillərdəndir.
“Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam” — kəlamı da
dünyanın ən böyük azərbaycanlısı, ulu
öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
ürəyinin ən dərin qatlarına qədər milli
lider olduğunu nümayiş etdirmişdir.
Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin
qorunması və bərpa edilməsi,
Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin,
mənəviyyatımızın yüksəldilməsi Heydər
Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən
idi. Azərbaycan xalqı öz
böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider
kimi deyil, həm də milli dövlətçilik
ideologiyasının şəriksiz müəllifi kimi qəbul
edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda
Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ümummilli
liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti
hər bir soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən
öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”
– deyən böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı
üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza
miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti
böyük bir məktəbdir və daim öyrənilməkdədir.
Cəmiyyətə xidmət nümunəsi olan bu böyük
şəxsiyyət həmişə xalqa arxalanır və
deyirdi: “Xalq mənim dayağım, gücüm və
inamımdır”. Xalq yolunda həyatını şam kimi əritmiş,
bütün həyatı boyu Vətənini və millətini
düşünmüş ümummilli liderimizin ideyaları
daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk
dünyası onu heç vaxt unutmayacaq.
Ulu
öndər Heydər Əliyev elə bir şəxsiyyət,
görkəmli siyasətçi olmuşdur ki, onun
gördüyü işləri tarixçilər uzun illər
boyu öyrənəcək, tədqiq edəcək, əsərlər
yazılacaq, ideyaları nəsillərdən nəsillərə
keçərək yaşayacaqdır. Heydər Əliyevin
adı və şərəfli həyatı öz vətəninə,
xalqına məhəbbətin təkrarsız təcəssümü,
millətə və dövlətə xidmətin misilsiz
nümunəsi kimi əsrlər boyu yaşayacaq. Azərbaycanın
indiki və gələcək nəsilləri üçün
əbədi örnək olacaqdır.
Bu
dahi şəxsiyyətin müəyyənləşdirdiyi
müdrik siyasi kurs bu gün də, gələcəkdə də
dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət
Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin apardığı daxili və
xarici siyasət nəticəsində ulu öndərin qətiyyətli
səyləri ilə müstəqilliyi tam təmin olunan
dövlətimiz durmadan inkişaf edir, çiçəklənir
və qüdrətli dövlətə çevrilir.
Dahi
rəhbər vaxtilə böyük sevgi və inamla
demişdi: “Nə qədər ki, Azərbaycan var, mən də
varam! Mən isə Azərbaycanda həmişə
olacağam”. O, doğrudan da, həmişə bizimlə olacaq,
çiçəklənən Vətənimizin hər
güşəsində onun abidəsi ucalacaqdır.
Ümummilli liderin ən böyük abidəsi isə xalqın qəlbindədir.
Asif ƏSGƏROV,
Səbail Rayon İcra Hakimiyyətinin
başçısı, Yeni Azərbaycan
Partiyası Siyasi
Şurasının üzvü
Xalq qəzeti.- 2013.- 7 may.- S. 4.