Tarix, şəxsiyyət, zaman

 

Görkəmli şəxsiyyətləri tarix yaradır. Tarixi şəxsiyyətlər isə tarixin özünü yaradır və lider səviyyəsinə yüksəlirlər, - deyiblər. Belə liderlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı və qəbul etdiyi simalara çevrilirlər. Onların möhürü tarixin yaddaşında əbədi qalır. Azərbaycan xalqının iyirminci yüzillikdə yetişdirdiyi Heydər Əlirza oğlu Əliyev məhz belə liderlərdəndir. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir.

Təbii sərvətlərimizin zənginliyi ilə nə qədər öyünürüksə-öyünək, şübhəsiz, ən böyük varidatımız Azərbaycanın müstəqilliyidir. Ötən əsrin əvvəllərində Azərbaycan xalqı müstəqilliyin tamını azacıq dadsa da, qurduğu Azərbaycan Demokratik Respublikası çox qısa bir ömür yaşadı. Yalnız 70 il sonra Azərbaycana öz müstəqilliyini yenidən elan etmək nəsib oldu. Onun real müstəqilliyi isə zəkası, diplomatiyası, dövlət idarəçiliyindəki fövqəladə bacarığı ilə xalqına müstəsna xidmətlər göstəmiş böyük öndərimiz Heydər Əliyev tərəfindən təmin edildi.

Dahi şəxsiyyətlər həmişə xalqlarına xidmət edirlər. Lakin onlar millətin və dövlətin taleyi böyük təhlükə altında olanda sözün həqiqi mənasında tarixi qəhrəmanlıq nümunəsi göstərirlər. Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu xidmətin sonunda - 1940-cı ildə xüsusi missiya yerinə yetirdi. Ruzvelt 1942-ci ildə, De Qoll 1958, Adenauer 1946, Atatürk 1919-cu ildə lazım oldular. Heydər Əliyev də bütün ömrü boyu öz xalqına xidmət etdi, 1993-cü ildə Azərbaycanı xilas etmək, onun müstəqilliyinin əbədiləşdirmək üçün yenidən hakimiyyətə qayıtdı.

Tarixə nəzər salanda aydın görünür ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli özünüdərkin, milli özünəqayıdışın əsasları yaradılmağa başladı. Liderin hakimiyyətinin birinci dönəmində əsas vəzifəsi respublikada iqtisadi potensialın dağıdılmasının önlənməsi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsirinin qarşısının alınması olub. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi, dövlət strukturlarında çalışanların azərbaycanlı olmasına diqqət prioritet vəzifələr olaraq müəyyənləşdirilib. Milli hərbçi kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Böyük öndər çıxışlarının birində bele deyib: “Bilirsiniz ki, mən də keçmişdə dövlət təhlükəsizlik orqanlarında uzun illər xidmət etmişəm. Mən Azərbaycana qəlbən xidmət edirdim. Çünki mən azərbaycanlıyam. Amma mənim ətrafımda olan adamların əksəriyyəti heç də deyə bilmərəm ki, Azərbaycana xidmət edirdi. Onlar deyirdilər ki, biz sovet hökumətinə xidmət edirik. Mən də etiraf edirdim ki, sovet hökumətinə xidmət edirəm, amma Azərbaycana xidmət edirdim”. O, məhz bu ruhda kadrların yetişməsini istəyirdi və bu siyasətini konkret fəaliyyətlə həyata keçirirdi. Ona görə də illər keçəndən - hakimiyyətə yenidən qayıdışından sonra etdiyi çıxışlardan birində ümummilli lider deyirdi: “Mən 70-ci illərdə əkdiyim toxumların bəhrəsini indi görürəm”. Böyük öndərin milli dövlətçilik ideyasının əsas prinsipi azərbaycançılıq olub. Onun “həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyimi dillər əzbəridir.

1969-cu ilə qədər keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri olan Azərbaycan məhz bu dahi şəxsiyyətin rəhbərliyi ilə inkişaf etdi, tanındı. Eyni zamanda, dünya XX əsrdə tarixə öz möhürünü vuran Heydər Əlirza oğlunu tanıdı. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri oldu.

Böyük öndər hakimiyyətə yenidən qayıdanda əski iqtidarlardan ona necə bir dəhşətli miras qaldığını isə hər kəs bilir.

Məhz ümummilli liderimız kimi siyasət nəhənginin idarəçiliyi ilə Azərbaycan dağılmaqdan quruculuğa, siyasi kataklizmlərdən sivil siyasi mübarizəyə, insan haqlarının kütləvi surətdə pozulmasından vətəndaşların hüquq və azadlıqlarının sivil, bəşəri dəyərlərə uyğun qorunmasına, qeyri-qanuni silahlı birləşmələrin qarşıdurmasından möhkəm ictimai-siyasi sabitliyin bərpa olunmasına, hakimiyyətin zor gücünə ələ keçirilməsindən demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək ənənəsinə, tarixi əlaqələr bərpa edilməklə dövlətlərarası çoxşaxəli yeni münasibətlərin yaradılmasına nail olundu.

Deyilənə görə, günlərin birində Konfutsidən soruşurlar:

- Görəsən, dövlət nələrdən məhrum olunarsa, süqut edər?

Konfutsi belə cavab verir:

- Çörəkdən, ordudan və inamdan.

- Elə isə bu üçlüklər arasından hansılardan imtina etmək olar?

- Ordudan. Bəlkə çörəkdən də. Amma inam olmadan nə dövlət, nə də cəmiyyət yaşaya bilməz.

Ümummilli lider Azərbaycana dönməklə xaos və anarxiya ilə üzbəüz qalan, müharibənin gətirdiyi dəhşətlərlə səfalət içərisində üzən, siyasi qarşıdurmalardan bezən, dövlətçiliyi əldən getmək təhlükəsi ilə üzbəüz qalan xalqına inam gətirdi. Əvvəlcə Naxçıvan əhalisinin, daha sonra isə bütün Azərbaycan xalqının inamını özünə qaytaran ümummilli lider Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamalı, möhkəmləndirməli, Qafqaz kimi coğrafı-siyasi əhəmiyyətli bir bölgədə ölkəmizi sabitləşdirici rol oynayan hüquqi-demokratik dövlət quruculuğu yoluna istiqamətləndirməli idi. Bu, onun tarixi xilaskarlıq missiyası idi.

Heydər Əliyev öz millətinin  ruhunu oyatdı, ona qan verdi, can verdi,  üçrəngli bayrağımızın keşiyində dünyanın dörd bir köşəsində şərəflə, qürurla dayandı. Dünyanın gözünü açdı və ona Azərbaycanın varlığını tanıtdı. Ümummilli lider çıxışlarının birində deyirdi: “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir”. O, şərəfli ömür yolunu seçmişdi. Bu yol həm də ulu Tanrının onun üçün seçdiyi yol idi. Həyatda öz tarixi missiyasını yaxşı bilən böyük öndər yaşamağın mənasını yalnız öz xalqına ləyaqətli xidmətdə görürdü. Bu, uzun və əzəmətli bir yol idi. Bu yolda sevinc də vardı, kədər də, eniş də vardı, yoxuş da, qələbə də vardı, məhrumiyyət də, xəyanət də.

Ümummilli lider l990-cı il iyulun 22-də Naxçıvana gəldi. Onun Naxçıvana gəlişindən ailə üzvlərindən başqa heç kəsin xəbəri yox idi. Bununla belə, doğma vətən torpağına qədəm basandan sonra Hüseyn Cavidin məzarını ziyarət edən Heydər Əliyevin sorağı bir anda ildırım sürətilə bütün Naxçıvana yayıldı, minlərlə adam onun görüşünə tələsdi. Mən ilk dəfə bu böyük dövlət adamı və şəxsiyyəti elə həmin vaxt gördüm. Naxçıvanın sabiq daxili işlər naziri Məmməd Məmmədov məni ona təqdim etdi. O, mənim kimliyimlə maraqlandı və Naxçıvandakı vəziyyətlə bağlı fikirlərimi öyrəndi. Görüşdən sonra bir neçə ay əvvəl Naxçıvana gələn Azərbaycanın sabiq rəhbərləri Vəzirov və Mütəllibovun düşdükləri vəziyyəti göz önünə gətirdim. Birincini didik-didik etmək, ikincinin isə başına ləçək bağlamaq istəyən Naxçıvan camaatı Heydər Əliyevin timsalında bir xilaskar sərkərdəni görürdülər.

Həmin günün axşamı Naxçıvan şəhərindəki mərkəzi meydana 80 min nəfərdən çox adam toplaşdı. Hətta o dövrdə partiya nəzarətində olan mətbuat Heydər Əliyevin Naxçıvana qayıdışı ilə bağlı öz səhifələrində aşağıdakı cümlələrə yer ayırdı: “Ayağının altında onlarca qurban kəsilən Heydər Əliyevə ağır müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicatı və son ümid yeri kimi baxırdılar. Heydər Əliyev meydana xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. Heydər Əliyevin sevincdolu alqışlar altında etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyinin səsi idi. Beləcə, bütün ömrünü Azərbaycan xalqına xidmətdə keçirən, öz rahatlığını, dincliyini gecə-gündüz xalqının xoşbəxtliyinə sərf edən Heydər Əliyevlə onu dünyalar qədər sevən xalqı vahid bir tam kimi birləşib qovuşdu”.

Naxçıvanda Ali Məclisin sədri olarkən Bakı ilə Naxçıvan arasında gərgin münasibətin olmasına baxmayaraq Heydər Əliyev muxtar respublika üçün çox işlər gördü. Bütün itkilərə baxmayaraq muxtar respublikanın təhlükəsizliyini təmin edərək müəyyən iqtisadi islahatlar da apardı. Əhalinin çətin sosial-iqtisadi durumunu yüngülləşdirmək üçün şəxsi nüfuzundan istifadə edərək Türkiyə və İranla birbaşa əlaqələr yaratdı. Olduqca çətin bir dövrdə Naxçıvanı ayaqüstə saxladı.

Ümummilli lider Ali Məclisin sədri seçiləndən sonra məclisin qəbul etdiyi qərarlar Bakıda əyləşənlərı razı salmırdı. Bu həqiqətən də belə idi. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası öz işinə başladı. Sessiya “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul etdi. Noyabrın 21-də isə Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi. Daha sonra isə “SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə” Ali Məclisin qərarı böyük tarixi hadisələrin başlandığını sübut etdi. Sizcə, SSRİ-nin saxlanılmasının tərəfdarı, 20 Yanvar faciəsinin baiskarları olanlar bu tarixi qərarlardan və həmin qərarların müəllifindən razı qalardılarmı? Yaxud Naxçıvanda dövlət çevrilişinə cəhd göstərən AXC-Müsavat cütlüyü xalqın Heydər Əliyevi canı və qanı ilə müdafiə etməsinə necə reaksiya verərdi? Uzun zaman keçməyib. O münasibətlərin canlı şahidləri sağ-salamatdırlar. Naxçıvana qoşunu onlar yeritmirdilərmi? Bakıdan belə bir göstəriş verilmişdi: “1992-ci il oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Naxçıvan bölgəsinin rəhbərliyinin, iştirakı və təşkilatçılığı ilə qeyri-qanuni silahlı dəstələrin hücumu ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan televiziyası, digər hökumət strukturları tutulsun, zor tətbiq etməklə Heydər Əliyev Naxçıvanda hakimiyyətdən uzaqlaşdırılsın”. 1992-ci ilin avqustunda ümummilli liderin həyatına sui-qəsd etmək üçün 65 nəfərdən ibarət xüsusi bir qrup da göndərilmişdi. Təbii ki, bütün bu təxribatların qarşısını almaq üçün Naxçıvan DİN və əlaqədar qurumlar müəyyən tədbirlər görürdülər. Xalq demək olar ki, öz liderini qorumaq üçün hər an ayaqda idi. Lakin onu Allah qoruyurdu. Qoruyurdu ki, Azərbaycanın dövlət müstəqilliyini təmin edib əmin əllərə tapşırsın. Bir daha ölkəmizin müstəqilliyinə qəsd etmək mümkün olmasın. “Azərbaycanın müstəqilliyi yolunda lazım gələrsə özümün də, övladlarımın da həyatını qurban verməyə hazıram” - deyən böyük öndər bütün ömrü boyu bunun məhz belə olduğunu dəfələrlə sübut etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlər, habelə dəfələrlə həyatına edilən sui-qəsdlərə cəhdlər zamanı da. Bütün zamanlarda qələbə liderin tərəfində oldu. Çünki qarşıdurmalarda əks tədbirlər planını yalnız Heydər Əliyev dühası elə qura bilərdi ki, qarşı tərəf hökmən məğlub olsun. Bütün bunlar tarixdir və onları heç kəs inkar edə bilməz.

Ümummilli liderimiz xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdandan sonra Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət yaratmaq strategiyasını müəyyənləşdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməyə, “Əsrin müqaviləsi”nin banisi olmağa, dünyanın maraqlarını Azərbaycana cəlb etməyə, vaxtilə ölkənin beynəlxalq imicinə vurulmuş ləkələri fəal sürətdə təmizləməyə yalnız və yalnız ümummilli liderin gücü çatardı.

Elə buradaca ABŞ-ın sabiq dövlət katibi, dünyaşöhrətli siyasətçi Zbiqnev Bjezinskinin ümummilli lider haqqında xatirələrindən bəzi məqamları xatırlatmaq yerinə düşər. Bjezinski yazır:

“Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən, xüsusilə, Ağ evdə çalışarkən sovet sistemi ilə maraqlanırdım və sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hansısa məqamda hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var.

Heydər Əliyevlə ilk dəfə bölgəyə səfər edərkən - 1990-cı illərin əvvəllərində tanış oldum. Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyevə Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməmək üçün böyük təzyiqlər göstərilirdi.

Prezident Heydər Əliyevlə görüşümüz günün ikinci yarısında oldu. Mən səbirsiz idim, Azərbaycan Prezidentinə Birləşmiş Ştatların prezidentindən xüsusi mesaj və xüsusi məktub çatdırmalı idim. Görüş bitdikdən sonra biz ayrıldıq. Axşam isə, Prezident Heydər Əliyevlə uzun və mən deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu.

Mən əmin oldum ki, Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyinə nail olan, bir sözlə şəksiz liderdir.

...Zaman keçəcək. 1994-cü ilin sentyabrında ümummilli lider Nyu-Yorkda prezident Bill Klintonla görüşəcək. Məsələlərin müzakirəsi bitdikdən sonra Klinton Azərbaycan rəhbərinə müraciətlə deyəcək: “Cənab prezident, Siz rusları yaxşı tanıyırsınız. Mənə deyərsinizmi, onlarla necə dil tapım?...

“Siyasət taledir”. Bu sözləri qızğın döyüşlər arası fasilələrdə nəfəsini dərən Napoleon deyib. Ümummilli liderin tale yazısı bu fikri bir daha təsdiqlədi.

Heydər Əliyev tarixi yazaraq, onu öz qüdrətli çiyinlərində irəli aparırdı. O, memarlıqdan mühazirə oxumurdu, memarlığın ən gözəl nümunəsini yaradıb öz xalqına, gələcək nəsillərə ərməğan eləyirdi. Ulu öndərin ən böyük ərməğanı isə nəsillərə yadigar qoyub getdiyi müstəqil Azərbaycan Respublikasıdır.

“Veymar imperiyasının xarabalıqları üzərində Baxın yaranmasını heç kəs gözləmirdi”. Bismark bu sözləri Almaniyanın yaşadığı dəhşətləri xatırlayaraq demişdi. Biz də həqiqəti bir daha dilə gətirək. Ümummilli liderin qayıdışına qədər xaraba qoyulmuş respublikamızın inkişafı, dirçələ bilməsi, beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi çoxları üçün əlçatmaz arzu idi. Böyük öndər bu arzunu çin etdi.

Ümummilli liderin 2003-cü ildə xalqa məlum müraciətində deyilirdi: “Mən İlham Əliyevə özüm qədər inanıram, ümid edirəm ki, mənim başladığım, lakin axıra çatdıra bilmədiyim işləri o, uğurla davam etdirəcəkdir”.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində belə dedi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Mən Azərbaycan xalqına söz verirəm ki, Heydər Əliyev siyasətinə sadiq qalacaq və onu davam etdirəcəyəm”.

Həyat sübut etdi ki, Azərbaycanın hüquqi-demokratik dövlət kimi inkişafı yalnız və yalnız Heydər Əliyev strategiyasının davam etdirilməsindən və səriştəli rəhbərlikdən keçir. Səriştəli rəhbərlik amili dünyada gedən qloballaşma problemlərinın geniş vüsət aldığı ölkələrarası məsafələrin getdikcə daha da qısaldığı indiki mürəkkəb şəraitdə misilsiz bir əhəmiyyət kəsb edir. Dünyanın tanınmış araşdırma mərkəzləri, ən nüfuzlu siyasi xadimlər və dövlət rəhbərləri dönə-dönə vurğulayırlar ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərliyi səriştəli rəhbərlikdir.

Prezidentlərin fəaliyyətinin mahir tədqiqatçıları adətən öz mövqelərini bir mühüm məsələ ətrafında şərh edirlər. Hakimiyyətə gələn yeni prezident fəaliyyət dövrü ərzində seçkilərdə qazandığı səslərin üzərinə əlavələr edib, yoxsa seçicilərin bir qismi daha ona etimad göstərmir? Bu, ümumi qəbuledilmiş kriteriyadır. Çünki digər bütün məsələlərin həlli bu və ya başqa mənada vətəndaşların öz rəhbərlərinə göstərdiyi etibar və etimadla bağlıdır. Məlumdur ki, cənab Prezident İlham Əliyev ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin 76,84 faizinin səsini qazanmışdı. Ötən 10 il ərzində möhtərəm Prezidentimizin mövqeləri daha da möhkəmlənmişdir. İndi tərəfsiz, Avropaya bağlı mərkəzlərin keçirdiyi sorğuların nəticələrinə görə Azərbaycanda rəyi soruşulanların 92 faizi hökumətin fəaliyyətindən razıdır. Bu faktın özü də bir daha təsdiq edir ki, ümummilli liderin müəyyənləşdirdiyi siyasətin, strategiyanın alternativi yoxdur. Möhtərəm Prezidentimiz isə həmin strategiya və siyasəti yeni dünya nizamına uyğun, yeni taktiki gediş və çalar əlavə etməklə çox uğurla davam etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı siyasi mənsubiyyətindən, mənsəbindən asılı olmayaraq 20 il əvvələ nəzər salıb belə bir suala cavab verməlidir: Biz haradan haraya gəlib çatdıq və bu, hansı siyasətin və idarəetmənin nəticəsində mümkün oldu? Əminəm ki, bu suala qərəzsiz cavab tapan hər kəs gələcəyi üçün narahatlıq keçirməyəcək.

Müasir demokratik cəmiyyətlərin ən xarakterik xüsusiyyətlərindən biri və bəlkə də başlıcası insan hüquq və azadlıqlarına verilən önəm, onların təminatı mexanizmlərinin yaradılmasıdır. Qətiyyətlə demək olar ki, yaradıcısı böyük öndərimizin olduğu ilk milli Konstitusiyamızda “Üçüncü nəsil” hüquqlar da daxil olmaqla ən müasir insan və vətəndaş hüquqları təsbit edilmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqları və azadlıqlarının qorunmasını özündə ehtiva edir. “Polis haqqında” Qanunun 40 maddəsindən 14-ü insan hüquqlarının və vətəndaş azadlıqlarının qorunması ilə bağlıdır. Bu istiqamətdə müəyyənləşdirilən strateji xətt müvafıq qanunlar, hüquqi normativ aktların tələbi ilə həyata keçirilir.

“Polis haqqında” Qanunun qəbul olunması hüquq-mühafızə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına və bu sahədə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına yönəlib.

Bu qanuna görə polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafızə orqanı olmaqla təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fıziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd hərəkətlərdən qorumaqdan ibarətdir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilmiş, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunmuşdur. Polisin fəaliyyətinin müasir dövrün tələblərinə cavab verməsi üçün həm ümummilli liderimizin, həm də möhtərəm Prezidentimizin hakimiyyəti dövründə bir çox qanunlar qəbul edilmiş, fərman və sərəncamlar imzalanmış, əsasnamələr qəbul olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, ümummilli lider həm də qanun yaradıcılığı sahəsində böyük istedada malik idi. Onun qanunvericilik təşəbbüsü ilə təkcə 1996-2000-ci illərdə 900-dan çox qanun qəbul olunmuşdur.

Ümummilli liderimiz deyirdi: “Daxili İşlər Orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Ulu öndər hər kəsdən yaxşı bilirdi ki, cəmiyyətdə sağlam mənəvi-psixoloji mühit yaratmaq, əhalinin dövlətə inamını bərqərar etmək, ölkəni dirçəltməyin yolu ictimai-siyasi sabitliyin bərpasından, möhkəmləndirilməsindən keçir. Bu məsələdə isə DİO-nun rolu müstəsnadır. Ona görə də dahi şəxsiyyət hakimiyyətinin hər iki dönəmində radikal islahatlara məhz DİN-dən başlayıb. O, özü bu barədə belə deyib: “1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra mənim ilk addımlarımdan biri DİN-də yaranmış ağır vəziyyəti aradan götürmək oldu. DİN rəhbərliyində dözülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətlərini itirmişdilər. Alınan şikayətlər həddindən artıq çox idi və DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zərurətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırmalı idim. Mər Arif Heydərova çox inanırdım, etibar edirdim. Mən o vaxt Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri oldu”.

Ümummilli liderin hakimiyyətə yenidən qayıdışından təxminən bir il sonra bu məsələni gündəmə gətirdi, eyni problem və səbəblərdən çıxış edərək eyni addımı atdı: DİN rəhbərliyinə etibarlı, sədaqətli, peşəkar kadrı gətirdi. Respublikamızın daxili işlər orqanları ötən illər ərzində çətin, təlatümlü, lakin şərəfli bir yol keçdi, saflaşdı, təmizləndi, özü-özünü təmizləyərək müasir polis təşkilatına çevrildi. Böyük infrastruktur layihələri həyata keçirilməklə onun maddi-texniki bazası müasir standartlara uyğun zənginləşdirildi. Çox ciddi daxili struktur dəyişiklikləri və islahatlar aparıldı.

Bu gün Azərbaycan polisi üçün ən üstün qərar xalqın rəyi, dövlətin hüquq prinsipləri, ədalət məhkəməsinin hökmü, ən nəhayət möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın tapşırıq və göstərişləridir. Təbii ki, DİN və onun strukturlarının fəaliyyəti kimlərisə qane etməyəcək və onlar narahatlıq keçirəcəklər. Bu, onların problemləridir. Bu həmin adamların problemləridir ki, konyunktur maraqlarına görə hətta siyasi və mənəvi meyarlara zidd olan müxtəlif ittifaqlar və birliklər yaradır, sonra da biri-birilərilə mübarizəyə girişirlər. Bəziləri hətta yuxularında rəngli inqilablar görərək sayıqlayırlar da. Belə adamlar başqa cür danışıb və başqa cür hərəkət etsəydilər, bəlkə də təəccüblənmək olardı. Bu məqamda Çörçillin məşhur bir deyimini xatırlamaq lazım gəlir: “Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır”. Əslində həm başını, həm də simasını itirmişlərlə uğraşmağa dəyməz. Lakin kimin hərəkəti Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, qanunlara məhəl qoymamağa yönələcəksə, mütləq qarşısında Azərbaycan polisini görəcək. Polisin isə qanunla ona verilmiş səlahiyyətlərindən tam məsuliyyət və qətiyyətlə istifadə edəcəyinə heç kəsin şübhəsi olmasın. Çünki həm ümummilli lider Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqa, müstəqil Azərbaycan dövlətinə xidmətlə bağlı tələbləri, şəxsi nümunələri sıravi polis əməkdaşından tutmuş generaladək - DİO-da çalışan hər kəs üçün başlıca prinsipdir. Ümummilli liderimiz DİO-nun fəaliyyətilə bağlı deyirdi: “İşinizdə səhvlər ola bilər və var. Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz, vətənə sədaqət andına xəyanət etmək olmaz, xalqa sədaqət andına xəyanət etmək olmaz. Mən bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm”. Bəli, Azərbaycan polisi məhz bu müqəddəs amallara və vəzifələrə xidmət edir. Bəs, DİN-nin dövlət və dövlətçiliyə sədaqətlə xidmətinin ifadəsi özünü necə göstərib?

Bu yazını statistik rəqəmlərlə ağırlaşdırmayım deyə bir neçə ümumiləşdirilmiş rəqəmi qeyd etməklə kifayətlənəcəyəm. Zənnimcə, onlar fəaliyyət və xidmət tendensiyasını xarakterizə etməyə yetərlidir. 1993 – 2010-cu illər ərzində əllərdə olan 35 mindən çox qeyri-qanuni odlu silah müsadirə olunub. Qrup halında 15 mindən çox cinayət törətmiş 35 min nəfər tutulub cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumilikdə isə 70 mindən artıq təqsirləndirilən şəxs tutulmuşdur. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən çox dəstə zərərsizləşdirilir. Xidməti fəaliyyətin önəmli məqamlarından olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində bu illər ərzində bağlı qalmış 367 cinayətin üstü açılıb. Təkcə 2012-ci ildə həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş  564 nəfəri birləşdirən 191 qrup və 9  mütəşəkkil dəstə zərərsizləşdirilib. Yalnız insan alveri ilə məşğul olan 8 cinayətkar qrup ifşa olunub. Son illərdə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə daha azdır (100 min nəfərə münasibətdə orta hesabla 236 cinayət hadisəsi).

Qazanılan uğurların nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyev DİO-nun fəaliyyətini belə xarakterizə edir. “Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır”.

Eyni zamanda, 1993 — 2010-cu illər ərzində Azərbaycan polisi sıralarından 1695 şəhid vermiş, 1710 əməkdaşı və hərbi qulluqçusu yaralanmış, təkcə son illərdə vəzifə borcunu yerinə yetirərkən 71 nəfər həlak olmuş, 1340 əməkdaş müxtəlif dərəcədə bədən xəsarəti almış, göstərdikləri igidliyə və xidməti borca sədaqətə görə 2208 əməkdaş və hərbi qulluqçu yüksək dövləti mükafata, 76 nəfər isə “Milli Qəhrəman” adına layiq görülmüşdür.

Dövlət o zaman məhvə yuvarlanır ki, onun gələcək taleyi barəsində həm də fikirlər, ideyalar tükənir. Müstəqil dövlətimiz bu təhlükədən birdəfəlik xilas edilib. Çünki Azərbaycanın gələcək taleyi üçün nəinki fıkirlər, ideyalar mövcuddur, həm də ümummilli lider tərəfindən işlənib hazırlanan, ölkənin intibahının sabit iqtisadi, siyasi, sosial yüksəlişinı, onun dünyaya inteqrasiyasını təmin edən strateji xətt mövcuddur. Bu strateji xətt isə çox böyük uğurla möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev tərəfındən həyata keçirilir. Ümummilli liderin 90 illik yubileyinə ən böyük hədiyyə də elə budur!

 

 

 Əsgər ƏLƏKBƏROV,

daxili işlər nazirinin müavini,

general-leytenant

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 5.