Ulu öndərin yubileyini yeni ruhla, yeni nəfəslə qarşılayan Gəncə!

 

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabatlarının  əksəriyyətində iştirak etmişəm və həmişə də Gəncədə görülən işlər haqqında konkret faktar, ünvanlar, rəqəmlər eşitmişəm. Başçı ümumi, şablon sözlərdən həmişə qaçıb.

Bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda da əmin oldum ki, Elmar Vəliyev Gəncədə görülən və görüləcək işlərin gedişi ilə salona toplaşanları tanış edərkən konkret faktlara əsaslanır, obyektlərin adlarını sadalayır, rəqəmlər göstərir.

Düzü bir şəxsin böyük bir şəhərdə (Gəncəni nəzərdə tuturam-H.Q.) görülən işlərin gedişi, oradakı vəziyyət haqqında bu qədər məlumatlı olması məni heyrətə gətirdi. Az qala hansısa bir dalanda iki daşın nə vəziyyətdə dayanmasından da xəbərdardır.

Hiss olunur ki, E.Vəliyev kabinet adamı deyil. O daim iş gedən obyektlərdə—küçə və prospektlərdə, park və xiyabanlarda, sosial tikililərdə olur, hətta məktəblərdə dərslərin gedişi, davamiyyətlə maraqlanır, səhiyyə, idman, mədəniyyət ocaqlarına baş çəkir, sadə adamlarla görüşür, onların arzu və təkliflərini öyrənir. Görünür bütün bu keyfiyyətlər ona şəhərdə vəziyyətə tam nəzarət etməyə imkan verir, konkret köməklik  göstərməyə şərait yaradır. Yazılarımın hansındasa qeyd etmişdim ki, Gəncədə elə bir sahə yoxdur ki, yaddan çıxarılsın, onun inkişafı üçün konkret iş görülməsin.

 

Aprel, 2013-cü il

 

Əslində yarımsərlövhədə qeyd etdiyimiz aprel ayını nümunə üçün göstərmişik. Gəncədə istər mart olsun, istər aprel və ya sentyabr, bütün aylar şəhərin həyatında əlamətdar, yaddaqalan olur. Şəhərdə elə bir gün yoxdur ki, nəsə bir obyektin açılışı olmasın. Özü də bu tədbirlər, açılışlar, görüşlər nəyinsə xatirinə keçirilmir. Onların hamısının arxasında böyük işlər dayanır, şəhərin heyrətamiz inkişafından xəbər verir. Elə təkcə aprel  ayında şəhər icra hakimiyyətinin keçirdiyi tədbirlərə nəzər   salsaq dediklərimizin sübuta ehtiyacı qalmır.

Aprelin əvvəllərində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə sakinlərini qəbul etdi. Hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə, təsərrüfat başçılarının iştirakı ilə keçirilən görüş bir neçə saat çəkdi, adamların problemləri öyrənildi, onların bir çoxu operativ, yerindəcə həll olundu. Qərara alındı ki, bu görüşlər müntəzəm keçirilsin, yerlərdəki vəziyyət dərindən təhlil olunsun. Qeyd edək ki, E. Vəliyev onsuz da tez-tez əhali arasında olur, səyyar görüşlər keçirir və onların səmərəsi yüksəkdir.

Yenə aprel ayının əvvəllərində şəhər icra hakimiyyəti Şıxzamanlı sakinlərinin iştirakı ilə qəsəbədə tədbir keçirildi, başçı görülən və görüləcək işlərdən danışdı. Qeyd edək ki, Şıxzamanlı qəsəbənin yeni adıdır. Əvvəllər bu sahə “dəmiryolunun altı” adlanırdı. Qəsəbədə lazımi şərait  yox idi, yollar bərbad vəziyyətə düşmüşdü, nəqliyyat-kommunikasiya xidmətindən isə danışmağa dəyməzdi. İndi qəsəbə tamamilə başqa görkəm alıb. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il 5 iyun tarixli sərəncamından və 35 min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr  olan avtomobil yollarının tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması qəsəbə sakinlərinin çoxdan gözlədikləri problemin tədricən həll olunmasına imkan yaratdı. Qəsəbə qısa vaxt ərzində abadlaşdırıldı, burada 1,6 kilometr uzunluğunda küçə tamamilə asvaltlaşdırıldı, piyadalar üçün səkilər düzəldildi. Ərazinin işıqlandırılması üçün 70-ə yaxın dirək basdırıldı, yol kənarlarına həmişəyaşıl ağaclar əkildi, qəsəbənin ictimai nəqliyyat işləyən yerlərində dayanacaqlar quraşdırıldı. Qəsəbə sakinləri qarşısında çıxış edən şəhər rəhbəri dedi ki, qəsəbədəki uşaq baxçası, poliklinika, eləcə də digər ictimai binalar bu yaxınlarda istifadəyə verilmiş 3 nömrəli tam orta məktəb qədər gözəl və yaraşıqlı olacaq.

Gəncədə ümumi şəhər toplantısı da aprel ayında keçirilən tədbirlər sırasında yaddaqalan oldu. Toplantıda Gəncənin Avropanın Gənclər Paytaxtı müsabiqəsindəki iştirakı və Gəncənin tarixi ilə bağlı məsələlər müzakirə olundu. Elmar müəllim bu toplantıda çıxış edərək iftixarla dedi ki, Gəncə bu müsabiqəni uğurla adlayaraq 12 ölkə arasında keçirilən 5 şəhərdən biri olmuş və finala vəsiqə qazanmışdır.

Gəncənin tarixinin daha qədim olması, onun yaşının 4000 il olması barədə xarici alimlərin və mütəxəssislərin fikirlərindən faktlar göstərildi, tarixin diqqətlə öyrənilməsi üçün iş getdiyi bildirildi.

Təkcə aprel ayında Gəncədə keçirilən tədbirlərdən geniş söhbət açsaq, bir neçə qəzet səhifəsinə sığmaz. Ona görə də şəhər icra hakimiyyətinin  saytından  götürdüyümüz tədbirlərin adlarını veririk və özünüz nəticə çıxarın: “Gəncə şəhəri ilə Eskişehir arasında qardaşlaşmış şəhərlər protokolu imzalanmışdır”, “Məhsəti qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirilmişdir”, ABŞ-ın Dövlət Departamentinin bölmə rəhbəri Castin Fridman Gəncə şəhərində olmuşdur”, “MDB ölkələri aparıcı aqrar ali təhsil müəssisələri Rektorlar Şurasının iclası keçirilmişdir”, “Görkəmli tarzən Fikrət Verdiyevin 65 illiyi Gəncədə təntənə ilə qeyd olunmuşdur”, “Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın yubileyi təntənə ilə qeyd edilmişdir”, “Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia Gəncəyə səfər etmişdir”, “Gəncə şəhər qadınlarının növbəti konfransı keçirilmişdir”, “Mir Cəlal Paşayevin 105 illiyi təntənə ilə qeyd edilmişdir”, “Ulu öndərin 90 illik yubileyi şərəfinə 90 min ağac əkilir”, “Latviyanın sabiq Prezidenti Gəncədə səfərdədir” və sair.

Gəncə böyük beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir, ən ali qonaqlar qədim şəhərə üz tutur, müxtəlif toplantılar təşkil olunur, görüşlər baş tutur...

Təkcə aprel ayını misal çəkdik, özü də hələ bütün tədbirləri sadalamadıq. İndi siz deyin, qədim Nizami yurdu ilə fəxr etməyə, iftixar hissi keçirməyə dəyməzmi?! Əlbəttə dəyər!

 

Bu may başqa bir maydır...

 

Ulu öndər Heydər Əliyevin Gəncənin hər qarış torpağında izi var. Bu qədim şəhər üçün o nələr etməyib?! Elə bir sahə yoxdur ki,  Heydər Əliyev 70-80-ci illərdə, Moskvada işləyərkən və ikinci dəfə hakimiyyətə gəldikdən sonra unudulsun, bu qədim şəhərə, Nizami yurduna diqqət, qayğı göstərməsin. 1998-ci il oktyabrın 7-də hazırda ulu öndərin adını daşıyan baş meydanda on minlərlə şəhər sakini qarşısında çıxış edərkən dediyi sözlər heç  kimin yadından çıxmır: “70-80-ci illərdə mən Azərbaycana rəhbərlik edən zaman Gəncəyə xüsusi qayğı, diqqət göstərmişəm, Gəncənin inkişafında çox xidmətlərim olubdur.  Gəncəlilər bilirlər, bunu deməyə ehtiyac yoxdur”.

Ulu öndərin Gəncəyə 1993-cü il iyunun 13-də etdiyi tarixi səfər isə heç vaxt  unudulmayacaq. Bu səfər təkcə Gəncəni deyil, bütün Azərbaycanı bəlalardan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı. Məhz bu səfərdən sonra böyük şəxsiyyət Azərbaycana rəhbərlik etməyə razılıq verdi, Ali Sovetin sədri seçildi...

İndi maydır. Bu may başqa bir maydır. Gəncəlilərin pərəstiş etdikləri hədsiz sevdikləri, iftixar hissi duyduqları Heydər Əliyevin doğulduğu aydır. Neçə vaxtdır qədim şəhər ulu öndərin 90 illik yubileyinə hazırlaşır. Ən müxtəlif tədbirlər, o cümlədən Gül bayramı ulu öndərin ad gününə həsr olunub. Şəhər al-əlvan çiçəklərə bürünüb.

Bu çiçəklərlə, güllərlə hərə öz sevgisini bir cür ifadə edib. Bütün bunlar Gəncəyə gələn insanların  da, şəhər sakinlərinin də hədsiz marağına səbəb olub.

Qeyd edək ki, ulu öndərin 90 illik yubileyinə 20-dən artıq ölkənin tanınmış siyasi xadimləri, sabiq prezidentləri və baş nazirləri gəlmişdilər. Meydandakı kompozisiyalar, müxtəlif rəsm əsərləri, sərgilər  qonaqların çox xoşuna gəldi. Onlar ürək sözlərini şəhər icra hakimiyyətinin böyük iclas salonunda “Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda da dedilər.

Konfransda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev “Heydər Əliyev və Gəncənin sosial-iqtisadi inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi Azərbaycanın bu gün əldə etdiyi uğurları bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağladı və qeyd etdi ki, dahi şəxsiyyət xalqı bəlalardan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı. Bütün bunlarla yanaşı, Azərbaycanda güclü iqtisadiyyatın əsası qoyuldu. Uzaqgörən siyasətin nəticəsidir ki, indi Azərbaycan dünyanın ən nəhəng layihələrinin icrasında iştirak edir.

Heydər Əliyevə gəncəlilər bir də ona görə minnətdardılar ki, Gəncənin tarixi adının qaytarılmasında  onun böyük xidmətləri olub. Elmar Vəliyev ulu öndərin başladığı böyük işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi qeyd etdi və göstərdi ki, hazırda Gəncədə yeni texnoparkın yaradılması işi sürətlə davam etdirilir. Texnoparka daxil olan müəssisələrdə 8 min nəfər işlə təmin olunacaq ki, bu da Gəncədə işsizlik probleminin  həllinə müsbət təsir göstərəcək. Burada Gəncəyə yaxın rayonların sakinləri də yeni iş yerləri əldə edə biləcəklər. Elə bölgəyə xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkə başçısı Gəncə Elmi Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının filialına çevrilməsi və bu filialın nəzdində 8 eyni elmi – tədqiqat institutunun yaradılması barədə sərəncam imzalamışdır.

Gəncədə elm, təhsil, səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmlənir, milli-mənəvi dəyərlərimiz qorunub saxlanılır. Ölkə Prezidentinin ayırdığı vəsaitlə VII əsrin memarlıq abidəsi olan İmamzadə tarixi-memarlıq kompleksi əsaslı şəkildə təmir edilir. Yeni tikililər də çoxdur. Gəncə Dövlət Filarmoniyası, Gənclər Sarayı və digər nəhəng obyektlərin sayı artır. Öz ərazi böyüklüyünə görə Azərbaycanda yeganə olan Heydər Əliyev parkı yenidən qurulur. Burada ən müasir layihə əsasında Heydər Əliyev Mərkəzi, açıq havada amfiteatr inşa olunur.

Latviyanın sabiq prezidentləri xanım Vayra Vike Freyberqa və Valdis Zatlers çıxış edərək Gəncəyə  səfərlərindən məmnun qaldıqlarını söyləmişlər. Onlar qeyd etmişlər ki, Gəncənin timsalında Azərbaycanın necə böyük sürətlə inkişaf etdiyini görməmək mümkün deyil. Ötən ilin sentyabrında dahi Nizaminin 870 illiyində iştirak edən qonaqlar 7-8 ay ərzində şəhərin daha da gözəlləşməsindən heyranlıqlarını gizlətməmişlər.

İsgəndəriyyə kitabxanasının direktoru, Qlobal Liderlər Şurasının üzvü doktor İsmayıl Seragəldin, ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin direktoru, tədqiqatçı alim Raul Taylor, Qafqaz Dostluq Evinin direktoru, gürcüstanlı alim Giuli Alasania, İsveç Kraliçası Fondunun direktoru, doktor Farida Allaghi və başqalarının çıxışları oldu. Dönə-dönə belə bir fikir vurğulandı ki, Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi ümummilli lideri, İlham Əliyev kimi Prezidentləri var.

Konfransdan sonra nəfis şəkildə nəşr edilmiş “Ulu öndər-90” kitabının təqdimatı oldu.

...Gəncə unudulmaz mayın hər gününün, hər saatının, hətta hər dəqiqəsinin xoş anlarını yaşayır. Gəncə ulu öndərin yubileyini yeni ruhla, yeni nəfəslə qarşılayır.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 6.