Ulu öndər
Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin
yaradıcısıdır
Azərbaycan xalqının dahi şəxsiyyəti, ümummilli lider Heydər Əliyev özünün xarizması, dəsti-xətti ilə adını tariximizə qızıl hərflərlə yazmış, yaddaşlarda silinməz izlər buraxmışdır. Ulu öndərimizin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir. O, respublikamızın ictimai-siyasi, eləcə də sosial-iqtisadi həyatında həlledici və əzmkar tədbirləri, təşəbbüsləri ilə nəhəng tarixi missiya yerinə yetirmişdir.
Ulu öndərimizin
tarixə çevrilən misilsiz vətəndaşlıq
missiyasının bəzi nüanslarını
yaddaşımızda bir anlığa yenidən canlandırmaq
zəruridir. Ümummilli liderin
ölkəmizə rəhbərliyə başlamasından
onilliklər keçir. XX yüzilliyin ikinci yarısı
1969-cu ilin 14 iyulundan başlayaraq Azərbaycanın tarixinə əlamətdar
bir gün kimi daxil olmuşdur. Belə ki, bu tarix
azərbaycanlıların milli qürurunu, milli mentalitetini, dəyərlərini,
ata-babalarımızdan miras qalmış adət-ənənələri
yaşatmağa uğurlu yol açmış, eyni zamanda,
dövlətimizin iqtisadi potensialının artaraq
çoxşaxəli inkişafına səbəb olmuşdur.
Heydər
Əliyevin Azərbaycana rəhbərliyi iki quruluşu - sovet
sosializmi və dünya kapitalizmi dövrlərini əhatə
edir. Lakin Heydər Əliyev bu əks qütblü
ictimai-iqtisadi formasiyaların hər bir qayda-qanunlarına
öz siyasi bacarığı ilə sinə gərərək
özünün optimal idarəetmə prinsiplərini və
metodunu yaratmışdır. Tarixi faktlar və real
görüntülər bir daha sübut edir ki, ulu öndər
SSRİ idarəçiliyinin diqtəsi, şəraitin tələblərinə
deyil, Vətənin və xalqının arzusuna, mənafeyinə
söykənən fəaliyyətə əsaslanmışdır.
Heydər Əliyev dühasının timsalında bir daha əminliklə
belə bir qənaətə gəlməyə əsas var ki,
şərait insanı yox, insan şəraiti dəyişir.
Bir sözlə, tarixi şəxsiyyət hegemon imperiyanın
diqtəsilə deyil, xalqının istək və arzusu ilə
fəaliyyət göstərmişdir. Heydər Əliyev
sovet imperiyası dövründə sərt totalitar rejimdə
məhdud imkanlardan maksimum istifadə edərək bəzən
isə məhdudlaşdırıcı qanunlardan məharətlə
yan keçərək Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni
inkişafı, bütövlükdə onun çiçəklənməsi
üçün mümkün olan bütün tədbirləri
reallaşdırmışdır. Ulu öndərimizin quruculuq
və vətəndaşlıq missiyasını, həyata
keçirdiyi siyasətin nəhəngliyini və incəliyini
bu gün onilliklər keçsə də, bütün
dolğunluğu ilə daha dərindən dərk edirik. Məhz
tarixi prosesdə insanın roluna diqqət yetirdikdə
görürük ki, insan özü tarix yaradır. Bu kontekstdə
Heydər Əliyevin Azərbaycan tarixi
qarşısındakı xidmətləri tariximiz qədər
böyükdür - desək, yanılmarıq.
Bu fenomen şəxsiyyətin Azərbaycana rəhbərlik
etdiyi bir qərinədən artıq zaman kəsiyində
dövlətimiz və xalqımız naminə
gördüyü işlər dövrünün
imkanlarından çox-çox genişdir və
böyükdür. Heydər Əliyevin xalqımızın
çoxəsrlik tarixinə ürəkdən
bağlılığı onun Azərbaycanın
azadlığı, istiqlaliyyəti, təşəkkülü
və inkişafı yolunda apardığı mübarizədə
qazanılan qələbələrdə öz əksini
tapmışdır. Məhz ulu öndərin
ölkəmizə rəhbərlik etdiyi illərdə onun
bilavasitə şəxsi təşəbbüsü,
böyük qayğısı, köməyi sayəsində
bütün sahələri əhatə edən qərarlar qəbul
edilmiş, fərmanlar və sərəncamlar imzalanmış
və bunlar şəxsən onun özünün rəhbərliyi,
nəzarəti ilə uğurla icra olunmuşdur. Heydər Əliyev
bir daha dünya miqyasında sübut edə bilmişdir ki, Azərbaycan
təkcə əlverişli coğrafi məkan, təbii
resurslarla zəngin region deyil, həm də insan potensialına
malik olan layiqli bir ölkədir.
XX əsrin
90-cı illərində dünyanın sonuncu imperiyası
SSRİ-nin dağılması nəticəsində yeni gənc,
müstəqil dövlətlərin yaranmasına şərait
yarandı. Təbiidir ki, Azərbaycan da
sovetlər ailəsinin üzvü olduğuna görə bu
proses bizdən də yan keçmədi. Nəzərə
almaq lazımdır ki, SSRİ-nin süqutu, bu coğrafiyada
yaranmış qeyri-sabit siyasi durum, insanların iki quruluşun
arasında qalması, psixoloji xaos yaratmışdı.
Bütün real faktlar, digər obyektiv və subyektiv səbəblərdən
doğan amillər tələb edirdi ki, müstəqilliyi
qorumaq, yaşatmaq üçün elə bir şəxsiyyət
olmalıdır ki, sovet təfəkkür tərzi və
kapitalizm tələbinin incəliklərini bilsin. O vaxt
“SSRİ-nin aparıcı simalarından biri olan, sosializm
üsul-idarəçiliyində işləyən bir şəxsiyyət
bu siyasəti həyata keçirməkdə çətinlik
çəkəcək” kimi fikirlər də mövcud idi. Amma
sonralar bir daha sübut olundu ki, azadlıq, müstəqil və
milli məfkurəyə əsaslanan düşüncə tərzi
böyük insanların daxili duyğularıdır. Bunu hec
bir qüvvə, heç bir quruluş ala bilməz. Bu
baxımdan Heydər Əliyevin fəaliyyət prinsipində
düşüncə və sözlə işin vəhdəti
daimi mövcudluq təşkil edib.
Heydər
Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin,
iqtisadi layihələrin, sosial-iqtisadi quruculuq işinin təməlini
1969-cu ildə qoymuşdur. Bu təməl üzərində
yüksələn Azərbaycan dünyada özünün
nüfuzlu mövqeyini qazanmış, dünya dövlətləri,
xalqları və beynəlxalq təşkilatlar arasında
yerini və rolunu təyin etmiş, möhkəmləndirmişdir.
Bu gün ölkəmiz yeni dünya məkanında aktual məsələlərin,
qlobal layihələrin həlli istiqamətində söz sahibi
olaraq aparıcı mövqedən çıxış edir.
Heydər
Əliyevin müdrikliyi, uzaqgörənliyi ilə
görülmüş işlər arasında enerji sahəsindəki
həyata keçirilən layihələr nəticəsində
effektli göstəricilər əldə olunmuşdur. Məhz
ümummilli liderimizin
başladığı islahatlar nəticəsində Azərbaycanda
enerji təsərrüfatı sahəsində geniş, hərtərəfli
işlər başlamış və tezliklə uğurlu nəticələr
vermişdir. Bu əməli iş sayəsində zülmət
içərisində olan məmləkət, sözün əsl
mənasında, nura boyanmışdır. Vətəndaşların
sosial rifah halının yüksəldilməsini
özünün mühüm fəaliyyət istiqamətlərindən
biri sayan Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərdə əldə olunan ən
mühüm nailiyyətlərdən biri də
respublikamızın elektrik enerjisi
təhlükəsizliyi məsələsinin həlli
olmuşdur. Belə ki, XX əsrin 70-ci illərindən
başlayaraq ulu ndərin apardığı müdrik və
uzaqgörən siyasət, əsaslı quruculuq işləri
sayəsində respublikamızın müstəqil fəaliyyət
göstərmək imkanı qazanmış enerji sistemi
yaradılmışdır.
Sosial-iqtisadi
həyatın mühüm sahələrindən olan elektrik
enerjisi sisteminin sürətli
inkişafını təmin etmək məqsədilə
1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər
həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr
reallaşdırılmışdır. Ümummilli
liderimiz Heydər Əliyev respublikanın elektrik enerjisinə
olan tələbatını yerli imkanlar hesabına ödəməyi
qarşıya məqsəd qoyaraq bu istiqamətdə gərgin
fəaliyyət göstərmişdir. Həmin işlərin
miqyası isə olduqca geniş və əhatəlidir. Təsadüfi
deyil ki, həmin işlərin hər biri Azərbaycanın
elektrik enerjisi sisteminin parlaq səhifəsi kimi yada
salınır.
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatının müəyyən hissəsinin daxili generasiya hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan Araz Su Elektrik Stansiyası, inkişafda olan Sumqayıt sənaye rayonunun istilik və elekrtik enerjisinə artan tələbatını ödəmək üçün 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücünü artırmaq məqsədilə sonuncu - dördüncü turbin generatoru istismara təhvil verildi. Bununla da 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-yə çatdırıldı. Bundan əlavə, Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının tikilməsi, bölgənin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, həmçinin enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə 1976-1977-ci illərdə Tərtər çayı üzərində Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi.
Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətlə inkişaf edən respublika iqtisadiyyatının elektrik enerjisinə artan tələbatı Azərbaycanı qonşu respublikalardan il ərzində 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES-in və indiki “Azərbaycan” İES-in inşasına başlamaq qərara alındı. Lakin bu stansiyaların tikintisinə başlamaq o qədər də asan məsələ deyildi. Buna görə də ulu öndərin səyi və gərgin əməyi sayəsində keçmiş İttifaqın rəhbərliyi, müvafiq nazirliklər ilə dəfələrlə görüşlər keçirildi, danışıqlar aparıldı. Bütün bunlar öz müsbət nəticələrini verdi. 1980-cı illərdə gücü 380 MVt olan “Şəmkir” SES və Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyası istismara verildi. Eyni zamanda, “Səmkir” SES-in istismara verilməsi Gəncə-Qazax zonasında 80 min hektara yaxın əkin sahəsinin suvarılmasına, Gəncə şəhərinin içməli, onun sənayesini isə texniki su ilə təchiz etməyə və həmin bölgənin elektrik enerjisinə olan tələbatının yaxşılaşdırılmasına imkan yaratdı. “Azərbaycan” İES-in istimara verilməsi isə həmin dövrdə respublikanın enerji təhlükəsizliyini tamamilə həll etdi. Adıçəkilən stansiyanın birinci enerji bloku 1981-ci ilin sonunda işə salındı və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.
Sonralar
ulu öndərimiz həmin dövrü xatırlayaraq
demişdir: “Elektrik enerjisi sahəsini inkişaf etdirmək
proqramının böyük bir hissəsi Mingəçevirdə
iri bloklar yaratmaqdan ibarət idi. O vaxt bunları əldə
etmək asan deyildi. Bütün elektrik enerjisi sahəsi
SSRİ-nin mərkəzi dövlət büdcəsindən
maliyyələşdirilirdi. Mərkəzi dövlət
büdcəsi onun—SSRİ böyük bir ölkə idi—bir
hissəsinə maliyyəni verirdi, o biri hissəsinə
vermirdi. Respublikamıza belə məsələlərdən
ötrü maliyyə almaq üçün çox işlər
görmək, çox da bacarıq lazım idi. O vaxt bizdə
də belə imkanlar var idi və biz bu imkanlardan istifadə edərək,
böyük vəsaitlər alıb Mingəçevirdə 8
böyük enerji bloku - onların hər birinin gücü 300
meqavat idi - yaratdıq”. Heydər Əliyevin səyi nəticəsində
bu stansiyanın inşası Ümumittifaq miqyaslı bir tikinti
elan edilmişdi və bu da ən peşəkar mütəxəssislərin
işə cəlb olunmasına, müasir texniki vasitələrdən
istifadəyə şərait yaratmışdı.
Birinci
enerji blokunun işə salınması ərəfəsində—1981-ci
il oktyabrın 20-də ulu öndərimizin Mingəçevir
şəhərinə gəlişi, stansiyanın vəziyyəti
ilə tanış olaraq energetiklərə və
inşaatçılara öz dəyərli tövsiyələrini
verməsi unudulmaz tarixi hadisə idi. Bu hadisə ilə əlaqədar
olaraq indi 20 oktyabr təqvimdə Azərbaycan energetiklərinin
peşə bayramı günü kimi qeyd olunur. Ümummilli
liderimizin xalqımıza bəxş etdiyi töhfələr
sırasında xüsusi yeri, çəkisi olan “Azərbaycan”
İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin
təmin olunmasında müstəsna rola malikdir. Məhz bu
stansiyanın istismara verilməsi ilə elektroenergetikamızda
başlanan inkişaf və tərəqqi prosesi nəticəsində
respublikamız sonralar özünün müstəqil,
dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir.
Heydər
Əliyevin respublikamıza rəhbərliyinin birinci
dövründə yaradılmış potensial hesabına
artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki
özünü elektrik enerjisi ilə tam təmin edə
bilirdi, həmçinin qonşu respublikalara da ixrac edirdi. Məhz həmin illərdə Azərbaycanda hər kəndə,
hər evə elektrik xətti çəkildi, Heydər Əliyev
ölkəmizi və xalqımızı, sözün həqiqi
mənasında
işıqlığa çıxardı. İnsanı
işığa çıxarmaq, onu zülmətdən azad
etməkdən şərəfli iş ola bilməz.
Müqayisə üçün qeyd edək ki, əgər
1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən ölkə
idisə, 1982-ci ildə artıq o, elektrik enerjisi ixrac edən
respublikaya çevrilmişdi.
Həmin
dövrdə elektrik stansiyalarının inşası ilə
yanaşı, elektrik şəbəkələri də
sistematik inkişaf etdirilmiş və respublikamızın
dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330 kilovoltluq “Şirvan”
İES—"Ağdam" —"Gəncə"—"Ağstafa"
və “Şirvan” IES “Yaşma”-"Dərbənd" yüksək
gərginlikli elektrik xətləri, həmçinin,
330/110/20 kilovoltluq “Yaşma”, “Gəncə” və
“Ağstafa” qovşaq yarımstansiyaları inşa edilib
istismara verildi. Bu tədbirlər enerji sisteminin
dayanıqlığını təmin etdi və müxtəlif
enerji sistemləri arasında əlaqəni gücləndirdi.
Ötən əsrin 60-cı illərində
iki 220 kilovoltluq “Şirvan-Xırdalan” xətti çəkildi.
Bu xətlərin istismara verilməsi enerjinin qıt olduğu
Abşeron yarımadasına “Şirvan” İES-dən elektrik
enerjisi ötürülməsini təmin etdi.
Qeyd
olunduğu kimi, “Azərbaycan” İES-in inşası
respublikanın enerji şəbəkəsinin inkişafında
yeni mərhələnin başlanğıcı oldu. 500 kilovoltluq 1-ci və ikinci
“Abşeron”, “Muxrani-Vəli”
və 330 kilovoltluq 4-cü və 5-ci Mingəçevir elektrik
verilişi xətləri çəkildi.
80-ci illərdə, həmçinin 500/330/220 kilovoltluq
“Abşeron”, 330/110/10 kilovoltluq
“İmişli”, 220/110/10
kilovoltluq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”,
“Masallı”, “Ağsu”, “Babək” qovşaq
yarımstansiyaları istismara verildi, 330 kilovoltluq 3-cü Əli
Bayramlı elektrik verilişi xətti
istismara verildi.
Ulu
öndər SSRİ Nazirlər Sovetində məsul vəzifədə
çalışdığı dövrdə də respublika
iqtisadiyyatının, o cümlədən elektrik enerji
sisteminin inkişafını daim diqqətdə saxlamış
və lazımi kömək göstərmişdir. Sonralar
həmin şərəfli günləri xatırlayan müdrik
rəhbərimiz deyirdi: “Biz o illər bütün bu imkanlardan
istifadə edərək, eyni zamanda,
düşünürdük ki, hər respublikanın
özünü təmin edə bilən iqtisadi potensialı
olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən
mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr
yaradılmalıdır. Ona görə də o
illər Moskvanın etirazına, bu işimizə maneçilik
törədən qüvvələrin çox güclü
olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi
müstəqilliyini, elektrik enerjisi sarıdan
asılılıqdan qurtarmasını təmin etmək
üçün respublikamızda güclü potensiala malik
olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail
olduq”.
Heydər
Əliyevin energetika tarixində ən böyük xidmətlərindən
biri də budur ki, o, respublikamızın enerji təhlükəsizliyi
məsələsinin həllinə hələ ölkəyə
birinci rəhbərliyi dövründə nail olmuş, bu
nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin
elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə
ölkəmizi burada xüsusi maraqları olan kənar dövlətlərin
enerji təhdidlərindən qorumuşdur. Məhz bunun nəticəsidir
ki, 1990-cı ilin sonlarında elektrik enerjisi istehsalı 23,4
milyard kilovat-saata çatdırılmışdı.
İstehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuşdur. Həmin
dövrdə 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac
edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə
3300 kilovat-saatdan artıq olmuşdur.
Ulu
öndərimiz çıxışlarının birində
demişdir: “1970-ci illərin əvvəllərində biz,
şəxsən mən Azərbaycanın gələcəyini
düşünərək və bu mühüm sahədə
respublikamızın asılı olmamağını təmin
etmək üçün Azərbaycanda geniş elektrik enerjisi
müəssisələri sisteminin tikilməsi, yaranması,
istifadəyə verilməsi proqramını hazırladıq. Biz
bu proqramı 1970-80-ci illərdə uğurla həyata
keçirdik. Bütün bunların nəticəsində Azərbaycanda
5000 meqavat elektrik enerjisi istehsal edən enerji sistemi yaratdıq.
Bu bütün Azərbaycanı təmin edirdi. Mən
xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsində
bilavasitə iştirak etmişəm və o illərdə,
1970-80-ci illərdə Azərbaycanın rəhbəri
olduğum zaman ölkəmizdə müstəqil elektrik
enerjisi potensialının yaradılmasına nail olmuşam”
1993-cü
ilin iyununda ulu öndərimiz Heydər Əliyev xalqın istəyi
və təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıtdıqdan, müstəqil Azərbaycan dövlətinin
sükanını öz qüdrətli əllərinə
aldıqdan sonra da respublikanın enerji sisteminə xüsusi
diqqət və qayğı göstərdi. Həmin ərəfədə iqtisadiyyatın
bütün sahələrində olduğu kimi, elektrik enerjisi
sistemində də böyük böhran vəziyyəti
yaranmış və sistemin ahəngdar işi pozulmuşdu.
Ümummilli liderimiz enerji sistemini böhrandan çıxarmaq,
onun maddi-texniki bazasını yeniləşdirmək və
möhkəmləndirmək üçün məqsədyönlü,
genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə
qarşılıqlı faydalı əlaqələr
qurulmasına yönəldilmiş strateji xətt elektrik
energetika sisteminə də xarici sərmayələr cəlb
olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın
enerji sisteminin mövcud potensialının səmərəliliyinin
artırılması, elektroenergetika təsərrüfatının
yenidən qurulması və yeni güclərin
yaradılmasında hazırda da
məqsədyönlü şəkildə istifadə olunur.
Ümummilli
liderin diqqət və qayğısı sayəsində enerji
sisteminin gücləndirilməsi, daha da inkişafı,
respublikanın ayrı-ayrı regionlarında yeni elektrik
stansiyalarının, ötürücü xətlərin
istifadəyə verilməsi üzrə layihələrin
icrası prosesi başlandı. Balanslaşdırılmış
xarici siyasət xətti, dünyanın bir
sıra inkişaf etmiş ölkələri ilə qurulan səmərəli
əməkdaşlıq, ulu öndərimizin müəyyənləşdirdiyi
strateji inkişaf kursu ölkəmizin elektroenergetika sektoruna
xarici sərmayələrin cəlbinə geniş imkanlar yaratmaqla
yanaşı, əldə edilən bu imkanlardan Azərbaycanın
elektrik enerjisi steminin mövcud potensialının daha da
gücləndirilməsinə, elektronergetika təsərrüfatının
yenidən qurulmasına münbit şərait yaratdı.
Tikintisi hələ 1984-cü ildən yarımçıq
qalmış “Şəmkir” SES-in davamı olan “Yenikənd” su
hövzəsinin və su elektrik stansiyasının
inşasının başa çatdırılması ilə
enerji sistemində yeni inkişaf mərhələsinin əsası
qoyuldu.
Qeyd
etmək lazımdır ki, maliyyə
çatışmazlığı ilə əlaqədar
tikintisi uzun illər mümkün olmayan “Yenikənd” su hövzəsində
işlərin başa çatdırılması
üçün lazımi vəsaitin əldə edilməsi
problemini ulu öndərimiz Heydər Əliyev 1995-ci ilin
dekabrında Böyük Britaniyaya işgüzar səfəri
zamanı gündəmə gətirərək onun həllinə nail olmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı
“Yenikənd” SES-ın inşası məqsədilə kredit
ayırmış, respublika energetikləri və
inşaatçılarının gərgin işi nəticəsində
2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş,
burada elektrik enerjisi istehsalına
başlanılmışdır. Azərbaycan
energetikləri 2001-ci il
martın 19-da “Yenikənd” Su Elektrik Stansiyasının rəsmi
açılış mərasimində iştirak edərək
bu obyekti ərsəyə gətirən
inşaatçıların və energetiklərin fəaliyyətini
yüksək qiymətləndirən ümummilli liderimizin dəyərli
tövsiyələrini daim xatırlayacaqlar.
Ulu
öndərimizin Azərbaycan rəhbərliyindən kənarda
olduğu illərdə maliyyə
çatışmazlığı Mingəçevir Su Elektrik
Stansiyasında yenidənqurma işlərinin davam etdirilməsi
üçün də ciddi bir əngələ
çevrilmiş, bu proses dayanmışdı. Yalnız Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bu görkəmli dövlət
xadiminin iqtisadi siyasət xəttinə böyük inam bəsləyən
Avropa Yenidənqurma və İnkişaf Bankı Mingəçevir
SES-də yenidənqurma işlərinin başa
çatdırılması üçün lazımi vəsaiti
ayırmağa razılıq vermişdi. Həmin bankdan alınmış kredit
stansiyada yenidənqurma işlərinin davam etdirilməsinə
imkan yaratdı.
Heydər
Əliyevin memarı olduğu “Əsrin
müqaviləsi”, Xəzərin zəngin neft və qaz ehtiyatlarından
istifadə edilməsi üzrə digər müqavilələrdə
nəzərdə tutulan tədbirlərin icrası, həmçinin
əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi
burada yeni generasiya güclərinin işə salınması zərurətini
yaratdı. Bu məqsədlə də Almaniyanın “Bayerişe
Landesbank Girosentrale” Bankının krediti hesabına “Bakı”
İEM-də hər birinin gücü 53,5 meqavat olan iki
qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq
Bankının krediti hesabına isə “Şimal” ES-də 400
meqavatlıq buxar-qaz qurğusu istismara verildi.
Yeni
generasiya güclərinin işə salınması ilə
yanaşı, sistemtəşkiledici elektrik şəbəkəsinin
yenidən qurulması məqsədilə Almaniyanın KFW
Bankından kreditin ayrılmasına nail olundu. Ümumiyyətlə, ulu öndərimizin həyata
keçirdiyi məqsədyönlü siyasət hesabına
3500 meqavata yaxın generasiya gücü işə salınmışdır.
Elektrik enerjisi istehsalı isə təxminən
12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən
çox artmışdır. İqtisadiyyatın sürətli
inkişafı, əhalinin həyat tərzinin
yaxşılaşması sayəsində istehlak 11,3 milyard
kilovat-saatdan 23 milyard kilovat-saata kimi, yəni 2 dəfədən
çox artmışdır. Bununla yanaşı, Azərbaycan
elektrik enerjisi sisteminin bağlandığı qonşu ölkələrin
enerji sistemləri ilə sıx əlaqəsi təmin
olunmuşdur. Bu, həm də ölkələrimiz arasında
qarşılıqlı münasibətlərin daha da
inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin
qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən
biridir.
Ulu
öndərimizin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi
dövründə ölkəmizin energetika sektorunda
qanunvericilik bazasının formalaşdırılması, bu
sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi
istiqamətində də mühüm tədbirlər həyata
keçirilmişdir. “Energetika haqqında”, “Enerji
resurslarından istifadə haqqında”, “Elektroenergetika
haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” və
c. qanunların qəbulunun məhz həmin dövrə təsadüf etməsi
buna sübutdur.
Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın
hərtərəfli inkişafına hesablanmış siyasi
kurs Prezident İlham Əliyev tərəfindən
uğurla və inamla davam etdirilir. Heydər Əliyev
ideyaları xalqın arzu və istəyini özündə
ehtiva edir. Bu ideyalar yaşayır və daim yaşayacaqdır.
Ona görə ki, dünyada Azərbaycanın layiqli yerini
tutması və tam inkişaf etmiş ölkəyə
çevrilməsi bu ideyaların reallaşmasından
keçir. Cənab İlham Əliyevin praqmatikliyi,
işgüzarlığı, çoxvektorlu xarici siyasət
kursu və şəxsi əlaqələri, dünyada geniş
nüfuzlu Prezident statusu və digər keyfiyyətləri
mühüm amillərdir. Dövlət
başçısı İlham Əliyev dünyanın təhlükəsizlik
sisteminin konfiqurasiyasının dəyişməsini nəzərə
alaraq Azərbaycanda iqtisadiyyatla siyasətin səmərəli
qarşılıqlı əlaqəsini yaratmış, ölkəmizin
sürətli inkişafını təmin etmiş və
dünya birliyində mövqeyini möhkəmlədərək
beynəlxalq aləmdə ölkəmizi qlobal enerji dəhlizinə
çevirmişdir.
Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə yeni generasiya gücləri tikilib istifadəyə verilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın elektrik enerjisi sistemində 13 yeni elektrik stansiyasının istismara verilməsi və mövcud stansiyaların yenidən qurulması nəticəsində 2000 MVt-dan artıq güc artımı əldə edilmişdir. Ümumilikdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublika elektrik enerjisi sistemində aparılan modern islahatların nəticəsidir ki, iqtisadi-texniki göstəricilər daha da yaxşılaşdırılmış və bu ənənə davamlı inkişaf yolundadır. Bu gün Azərbaycanda elektirik enerjisi təsərrüfatının kollektivi qarşısında duran vəzifələr layiqincə yerinə yetirilir, energetika sisteminin daha da təkmilləşməsi və müasirləşməsi üçün yeni tədbirlər hazırlanır. Nəticədə həm elektrik enerjisi istehsalının keyfiyyəti artır, həm də “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yeni elektrik stansiyaları tikilib istifadəyə verilir. Bundan əlavə, digər energetika infrastrukturunun yaradılması istiqamətində də proqramların reallaşdırılması üçün işlər aparılır. Bir sözlə, hazırda elektrik stansiyalarının səmərəli işinin təmin edilməsi nəticəsində Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.
Etibar PİRVERDİYEV,
“Azərenerji” ASC-nin prezidenti
Xalq qəzeti.-
2013.- 7 may.- S. 7.