“Tour d’Azerbaidjanbeynəlxalq velosiped turu başa çatdı

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, UCI Europe Tour çərçivəsində 2.2 kateqoriyası üzrə velosiped yarışı sayılan “Tour d’Azerbaidjanbeynəlxalq velosiped turu başa çatmışdır. Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turunun son mərhələsi paytaxtın mərkəzi küçələrində velosipedçilərin 12 dəfə dövrə vurmağı ilə yekunlaşmışdır. Bu mərhələnin ümumi uzunluğu 144 kilometr olmuşdur.

Yarışın beşinci mərhələsi Azadlıq meydanından start götürmüşdür. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olmuşdur. Lüksemburqun “Leopard-Terkomandasının idmançısı Sin De Bi ikinci, HollandiyanınRabobank Development” kollektivinin velosipedçisi Konstant Godrie üçüncü olmuşlar.

“Tour d’Azerbaidjan”ın sonuncu mərhələsi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Yarışda ümumi hesabda birinci olan TürkiyəninTorku Şekersporkomandasının üzvü Sergey Qreçin göy, sprint yarışlarında lider olan Azərbaycanın “Synergy Baku Cycling Procectkomandasının velosipedçisi Kristof Şveyzer yaşıl, dağ klassifikasiya yarışlarının birincisi “Synergy Baku Cycling Procect”in digər idmançısı Konnor Makkonvey qırmızı köynəklə mükafatlandırılmışlar.

Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın “Astana” komandasının üzvü Baxtiyar Kojatayev layiq görülmüş ona ağ-bənövşəyi köynək hədiyyə edilmişdir. Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə (göy-qırmızı-yaşıl, alov əksi olan forma) Elçin Əsədova təqdim olunmuşdur.

“Tour d’Azerbaidjan”ın ən yaxşı komandası adını Portuqaliyanın “Efapel-Glassdrive” kollektivi qazanmışdır.

Beş gün davam edən yarışlarda idmançılar bütövlükdə 770 kilometr məsafə qət etmişlər.

Yarışlardan sonra “Hilton Baku” mehmanxanasında “Tour d’Azerbaidjan”ın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Konfransda Beynəlxalq Velosiped Federasiyasının prezidenti Patrick McQuaid, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın qalibləri iştirak etmişlər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirmişdir ki, bütövlükdə “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu yüksək səviyyədə keçmişdir. O, yarışa verilən dəstəyə görə Federasiya rəhbərliyi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, yarışın təşkilində bütün dövlət qurumları federasiyaya yaxından köməklik göstərmişlər.

Azərbaycan komandasının çıxışına gəldikdə isə, federasiyanın vitse-prezidenti nəticələrdən razı qaldığını söyləmişdir. Hədəflərin Avropa Oyunlarına və Olimpiadaya hazırlıq olduğunu deyən S.Ələkbərov komandamızın hələ gənc olduğunu vurğulayaraq, velosipedçilərimizin gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını, lakin buna bir qədər zaman tələb olunduğunu söyləmişdir.

İki ildə 3 dəfə ölkəmizə səfər etdiyini vurğulayan Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrick McQuaid yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. Onun sözlərinə görə, yarışda güclü idmançılar mübarizə aparmışlar. Bu turnir digər ölkələr üçün model rolunu oynaya bilər.

Patrick McQuaid qeyd etmişdir ki, “Synergy Baku Cycling Procect” komandası da çox yaxşı çıxış edib. Kollektivin gözəl gələcəyi var və bu komandanın uğurları Azərbaycan gənclərinin də velosiped idmanına marağını artıracaqdır. BVİ rəhbəri gələcəkdə “Synergy Baku Cycling Procect” komandasında azərbaycanlıların sayının artacağına ümid etdiyini bildirmişdir. Patrick McQuaidın sözlərinə görə, burada Azərbaycan Velosiped İdmanı Federasiyasının da rolu böyükdür. Hazırda komandanın bir neçə azərbaycanlı üzvü vardır. Onlar yarışlarda iştirak edir və təcrübə toplayırlar.

Sonra yarışın qalibi olmuş velosipedçilər çıxış edərək turun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışlar.

Qeyd edilməlidir ki, son mərhələ istisna olmaqla, qalan 4 mərhələnin hamısında Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvləri fəxri kürsüdə yer almışdılar.

Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının velosipedçisi Kristof Şvaytser Bakıda keçirilən 1-ci mərhələnin qalibi olmuşdur. Azərbaycan komandasının velosipedçisi 157 kilometrlik məsafəni 3 saat 32 dəqiqə 19 saniyə ilə başa vuraraq yarışın lideri olmuşdur.

Turun ikinci mərhələsi “Bakı - Abşeron - Qobustan - Şamaxı - İsmayıllı” marşrutu üzrə keçirilmişdir. 183 kilometrlik bu yarışda  isə azərbaycanlı idmançı, “Synergy Baku Cycling Procect” komandasının velosipedçisi Aleksandr Surutkoviç ikinci yeri tutmuşdur.

Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) keçən turun üçüncü mərhələsində Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvü Kristofer Şvaytser üçünjü yeri tutmuşdur.

Turun dördüncü mərhələsi “Qəbələ-Şamaxı” marşrutu ilə keçirilmişdir. Digər marşrutlarla müqayisədə bu mərhələ əsasən dağlıq ərazilərdən keçdiyindən turun həlledici və ən çətin mərhələsi sayılırdı. Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvü Konor Makkonvi bu mərhələdə ikinci yerə çıxmışdır. Beləliklə, yeni yaradılmış komandamız ümumilikdə çox yaxşı nəticə göstərmiş, komanda hesabında yarışı 4-cü yerdə bitirmişdir.

Xatırladaq ki, veloturun rəsmi açılış mərasimi Dənizkənarı Milli Parkda möhtəşəm bayram konserti ilə başa çatmışdır. Muzey Mərkəzi ilə üzbəüz ərazidə yerləşən fəvvarədə 3D şou, veloturun son günü isə Azadlıq Meydanında BMX şou təşkil edilmişdir. Proqramlar paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Beynəlxalq velosiped turu yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən Eurosport və Eurosport-2 televiziya kanalları ilə geniş işıqlandırılmışdır.

 

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 8.