Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın
təşəbbüsü ilə Moskvada
“RAGB-Fashion Day” moda müsabiqəsi keçirilmişdir
Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) sədri Leyla
Əliyevanın təşəbbüsü ilə mayın 5-də
Moskvanın mərkəzindəki “MOD-Design”
Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin “AMOR-Fashion Day” moda müsabiqəsi keçirilmişdir.
RAGB və “Baku” beynəlxalq
jurnalının təşkilatçılığı ilə
keçirilən tədbirdə Azərbaycan və Rusiyanın
gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim etmişlər.
Möhtəşəm moda bayramında
Heydər Əliyev Fondunun vitse-prezidenti,
RAGB-nin sədri Leyla Əliyeva
və Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu iştirak
etmişlər.
Gecəyə gələnlər “MOD-Design” Mərkəzinin foyesində “Baku” jurnalının təqdimatı ilə “BAKU-Fashion” fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə rəsmlər) ustalarının işləri ilə tanış olmuşlar. Böyük nümayiş zalında gecənin aparıcıları - RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışmışlar. Kolleksiyaların hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox sevdiyi pambıq parçalardan istifadə olunmuşdu. Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq doğurmuşdur.
Tanınmış
Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə
münsiflər heyətinin yekdil rəyinə əsasən azərbaycanlı
dizayner Səbinə Abışovanın “Cəsarət”
(Derzost) kolleksiyası birinci yerə layiq görülmüşdür.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
müsabiqənin diplomunu və “Baku” jurnalının hədiyyələrini
Səbinə Abışovaya təqdim etmişdir. Elnurə
Bədəlova “Dəlib
keçən” (“Naskvoz”) kolleksiyasına
görə münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi mükafatını
almışdır. Xədicə və Luiza Arapxanovaların “Möhtəşəm yüz il”, Ülviyə
Şabanovanın “Kəpənək uçuşu”,
Natalya Litvinovanın “Çayın
üstündən uçarkən” kolleksiyaları münsiflər
heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülmüşdür.
Sonda dizaynerlər
tamaşaçıların alqışları altında
kolleksiyaları nümayiş etdirmiş modellərlə birlikdə podiuma çıxmışlar.
Münsiflər
heyətinin sədri Vladislav Lisovets AzərTAc-ın müxbirinə
demişdir: “Çox şadam ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycan və Rusiya dizaynerlərinin bir meydanda işləməsinə
imkan yaradan belə bir layihə həyata keçirilmişdir. Bir bakılı kimi də
bu tədbirdə iştirak
etməkdən məmnunluq duyuram. Bu gecə burada olduqca səmimi ab-havanın şahidi
oldum”.
“RAGB-Fashion day” bir çox beynəlxalq
əhəmiyyətli moda müsabiqələrinə və
nümayişlərinə ev sahibliyi edən Rusiya
paytaxtının mədəni həyatında əlamətdar
hadisəyə çevrilmişdir. Müsabiqə
iştirakçılarının fikrincə, layihə moda aləmində
ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda
industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli
ideyalarını tamaşaçılara təqdim etməsi,
mötəbər moda mütəxəssislərinin rəyindən
bəhrələnməsi, bu sahədə yeni tendensiyaları
müzakirə etməsi üçün misilsiz fürsətdir.
Gecənin
qonaqları arasında Rusiya və Azərbaycanın
tanınmış ictimai xadimləri, məşhur stilistlər,
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları,
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin,
Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri var
idi.
Fəridə ABDULLAYEVA
Xalq qəzeti.- 2013.- 7 may.- S. 9.