Hərbi Prokurorluqda “Heydər Əliyev müasir
Azərbaycan dövlətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Mayın 6-da Azərbaycan Respublikası Hərbi
Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar
“Heydər Əliyev müasir Azərbaycan
dövlətinin banisidir” mövzusunda
elmi-praktik konfrans keçirilmişdir.
Hərbi
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, konfrans iştirakçıları əvvəlcə
Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin
büstü önünə əklil və gül dəstələri
qoymuş, ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla
yad etmişlər.
Azərbaycan
Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə
general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə
çıxış edərək müasir müstəqil
dövlətimizin memarı və qurucusu, xalqımızın
müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim,
türk dünyasının böyük oğlu, görkəmli
dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan
tarıxindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə
ətraflı məlumat vermişdir.
X.Vəliyev
Vətən qarşısındakı xidmətləri ilə əbədiyaşarlıq
qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin
öyrənilməsi istiqamətində Respublika Hərbi
Prokurorluğunda bir çox işlərin
görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki,
bu günlərdə istifadəyə verilən Respublika Hərbi
Prokurorluğunun yeni inzibati binasının foyesində Heydər
Əliyev irsinin araşdırılması məqsədi ilə
müasir elektron kitabxana yaradılmışdır.
Hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev
xüsusi vurğulamışdır ki, şərəfli və
mənalı ömür yolunu ölkəmizin tərəqqisinə
həsr etmiş ulu öndərimiz Heydər Əliyev
müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını
yaratmış, xalqı həqiqi müstəqilliyə
qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq
hüququ qazanmışdır. Azərbaycan
xalqının ən parlaq simalarından biri olan qüdrətli
şəxsiyyət Heydər Əliyevin siyasi
obrazı millətimizin dövlətçilik şüurunun,
tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən yüksək keyfiyyətlərinin
təcəssümüdür. Tarixin ən sərt və
çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik
ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi
ilə vahid sistem
halına salaraq özünütəsdiq
imkanı qazanmış xalqımız həm də müstəqil
dövlətdə yaşamaq və
özünüidarə etmək haqqını
qorumağı bacarmışdır.
Bildirilmişdir
ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində bu gün ölkəmiz
inkişaf etmiş dünya dövlətləri
sırasında öz xüsusi yeri olan bir dövlətə
çevrilmişdir.
Həyata
keçirilən mütərəqqi və beynəlxalq
standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə
demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi
müstəqilliyə nail olunmuş, xalqımızın
xoşbəxt gələcəyi üçün bütün
təminatlar yaradılmış, dönməz ictimai-siyasi
sabitlik və əmin-amanlıq bərqərar olmaqla,
qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş
cəmiyyəti formalaşdırılmışdır.
Məruzəçi
daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin
maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş
hüquqlarının müdafiəsinə xidmət edən
sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin
hərtərəfli təminatı üçün qanunverici,
maddi və sosial bazanın yaradılması ümummilli lider
Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.
Ulu
öndər Heydər Əliyevin siyasi xəttinin layiqli
davamçısı Prezident İlham Əliyevin
respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini
vurğulayan hərbi prokuror bu gün dövlətimizin
başçısının Azərbaycanın iqtisadi və
sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin,
əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən
bəhs etmişdir. Xüsusilə vurğulanmışdır
ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik
siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji inkişaf konsepsiyasının
reallaşdırılmasını və doğma Azərbaycanımızın
hərtərəfli tərəqqisini təmin edir.
Azərbaycan
Prezidentinin müdafiə məsələləri üzrə
köməkçisi, Prezident Administrasiyası rəhbərinin
müavini Vahid Əliyev ulu öndərin müstəqil
dövlətimizin yaranmasında, möhkəmlənməsində,
eləcə də ordu quruculuğu sahəsində göstərdiyi
misilsiz xidmətlərdən danışmış,
bugünkü möhtəşəm
uğurlarımızın təməlində Heydər Əliyev
ideyalarının durduğunu bildirmiş, dahi rəhbərin
siyasətinin Prezident İlham Əliyev tərəfindən çox
uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır.
Konfransda
Respublika Hərbi Prokurorluğunun Təşkilat-analitik
şöbəsinin prokuroru Pərviz Hacıyev ulu öndərin
gənclərə göstərdiyi diqqət və
qayğıdan danışmışdır.
Mərasimə
yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev
bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər
Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə
sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın
hər cür cinayətkar qəsdlərdən qorunması
istiqamətində Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən dövlətçilik tədbirlərində
həmişə yaxından iştirak edəcəkdir.
Xalq qəzeti.- 2013.- 7 may.- S. 10.