Qəbələ
III Beynəlxalq incəsənət sərgisinin
açılış mərasimi olmuşdur
Mayın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş
Qəbələ III Beynəlxalq incəsənət sərgisinin
açılış mərasimi keçirilmişdir.
Azərbaycan
Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə
təşkilatçılığı ilə Qəbələ
Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq
sərginin iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək
abidəsi önünə əklil və gül dəstələri
qoymuşlar.
Sonra
qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
“Portretlərin
melodiyası” adı altında təşkil edilən sərgidə
dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya,
Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan,
İsrail, İtaliya, Koreya Respublikası, Latviya, Rusiya, Yaponiya,
Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair,
Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158
rəssamın 291 əsəri nümayiş etdirilir.
Sərgidə
nümayiş olunan rəsmlər arasında Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də
yer almışdır.
Sərginin
açılış mərasimində Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın Qəbələ III
Beynəlxalq incəsənət sərgisinin
iştirakçılarına ünvanlanmış təbrik məktubu
oxunmuşdur.
Mərasimdə
çıxış edən SEBA-nın sədri Ruhəngiz
Heydərova tədbirin böyük əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırmışdır. O, bu sərginin
mədəniyyətimizin genişmiqyaslı təbliği
istiqamətində reallaşdırılan layihələrin
davamı olduğunu bildirmiş, tədbirin baş tutmasına
yaxından kömək göstərmiş Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirmişdir.
Ruhəngiz
Heydərova bildirmişdir ki, ötən illə müqayisədə
builki sərgidə iştirak edən rəssam və heykəltəraşların,
onların təmsil etdikləri ölkələrin
sayının artması bu layihənin ideyasına olan
marağın ildən-ilə artdığını göstərir.
Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə
olan diqqətin daha bir göstəricisidir. Həmçinin bu tədbir
Azərbaycan ilə müxtəlif ölkələr
arasında dostluq və mədəni əlaqələrin
möhkəmlənməsinə şərait yaradır.
Mərasimdə
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzinin direktoru Vilayət
İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycanın
və Rusiyanın xalq rəssamı, akademik Tahir Salahov, Koreya
Respublikasının ölkəmizdəki səfiri Çoi
Suk-İn çıxış edərək sərginin mədəniyyətlərarası
dialoqun tərkib hissələrindən biri olduğunu
bildirmiş, bu incəsənət bayramının ənənəvi
olaraq keçirilməsini arzulamışlar.
Natiqlər
rəngarəng sənət əsərlərinin
nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında
daim qalacağına, Qəbələnin gözəl və
füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi
olacağına ümid etdiklərini bildirmişlər.
Sərgi
iştirakçılarından 24 nəfər müxtəlif
nominasiyalar üzrə diplomla təltif olunmuşdur.
Azərbaycanın
zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin
dünyada tanıdılmasına və “Qəbələ III
Beynəlxalq incəsənət sərgisi” layihəsinin həyata
keçirilməsində göstərdiyi misilsiz xidmətlərə
görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
sərginin fəxri diplomu ilə təltif olunmuşdur.
Sərginin
açılışını bildirən qırmızı
lent kəsilmiş və iştirakçılar nümayiş
olunan əsərlərə baxmışlar.
Sərginin tərtibatı,
nümayiş olunan rəsm əsərləri tədbir
iştirakçılarında xoş təəssürat
yaratmışdır. Mütəxəssislər sərginin
peşəkarcasına təşkil olunduğunu bir daha qeyd
etmişlər.
Sonra
mədəniyyət mərkəzində konsert proqramı təqdim
edilmişdir.
Beynəlxalq
sərgi mayın 19-dək davam edəcəkdir.
Xalq qəzeti.- 2013.- 7 may.- S. 10.