Qəbələdə
“e-Hökumət: Gömrük sahəsində
innovasiyalar” mövzusunda
beynəlxalq elmi-praktik konfrans
işə başlamışdır
Mayın 6-da Qəbələ
şəhərindəki “Qafqaz Resort” mehmanxanasında xalqımızın ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi
ərəfəsində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin (DGK) təşkilatçılığı
ilə gömrük işində informasiya-kommunikasiya texnologiyalarının
(İKT) tətbiqi ilə bağlı “e-Hökumət: Gömrük sahəsində innovasiyalar”
mövzusunda beşinci
yubiley beynəlxalq elmi-praktik
konfrans işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, iki gün davam edəcək konfransda məqsəd
e-Hökumət quruculuğu və onun tətbiqi ilə
bağlı dünya təcrübəsi, elektron idarəçilik
sahəsində dövlət qurumları arasında əməkdaşlığın
müasir formalarının müzakirəsi, gömrük işində
və iqtisadiyyatın digər sahələrində İKT-nin
tətbiqi və innovativ idarəetmə metodları ilə
bağlı mövcud vəziyyətin öyrənilməsi və
təcrübə mübadiləsinin aparılmasıdır.
Dünyanın
55 ölkəsindən, 5 beynəlxalq təşkilatdan 102
nümayəndənin qatıldığı konfrans
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində
ucaldılmış abidəsini ziyarət etmiş,
önünə əklil qoymuşlar.
Daha
sonra konfrans öz işinə başlamışdır.
Açılışda
Dövlət Gömrük Komitəsinin (DGK) sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyev
çıxış edərək Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə
xüsusi diqqət yetirildiyini, gömrük sahəsinin
inkişafında İKT-nin mühüm rolu olduğunu
demişdir.
A.Əliyev
2013-cü ilin İKT ili elan olunması və yeniləşən
texnologiyalara artan tələbatın hər gün yüksəlməsini
xatırladaraq, gömrük sahəsində bu istiqamətdə
atılan addımların əhəmiyyətini qeyd
etmişdir.
Komitə
sədri çıxışında gömrük sahəsinin
inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz
xidmətlərindən söhbət açmışdır.
Rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
bildirmişdir ki, ölkəmizdə İKT sektoru inkişaf
edir. Prezident İlham
Əliyev bu sahənin tərəqqisinə
xüsusi diqqət yetirir.
Qeyri-neft sektorunda bu sahə ən prioritet istiqamət
hesab olunur və “Azərbaycan
2020: Gələcəyə Baxış” İnkişaf
Konsepsiyasında İKT-nın inkişafı mühüm
vəzifə kimi qarşıya qoyulmuşdur.
E.Vəlizadə
vurğulamışdır ki, İKT potensialını gücləndirmək
üçün Azərbaycanda İnformasiya Texnologiyaları
fondu yaradılmışdır. Bu Fondun təyinatı ölkəmizin şirkətlərinə
qrant və kredit yolu ilə dəstək, eyni
zamanda, Azərbaycanda fəaliyyət
göstərən xarici şirkətlərə
də layihələrdə birgə iştirak
şəraitinin yaradılmasından ibarətdir. Həmçinin
Azərbaycanda xüsusi yüksək texnologiyalar parkının yaradılması
planlaşdırılmışdır. Təqribən 30 hektar ərazini əhatə edəcək bir məkanda ən qabaqcıl
texnologiyaların yaradılması, elmi tədqiqatların
aparılması və s. nəzərdə
tutulur.
Nazir
müavini demişdir ki, İKT sahəsində kadr potensialını
təmin etmək üçün beynəlxalq səviyyəli
İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə
sərəncam qəbul edilmişdir. Bu ildən həmin
universitetə ilkin tələbə qəbulu həyata
keçiriləcəkdir.
Bildirilmişdir
ki, Azərbaycanda Elektron Hökumətin inkişaf etdirilməsi
və elektron xidmətlərin göstərilməsinə
bütün mərkəzi icra hakimiyyəti orqanları
qoşulmuş və 417 dövlət xidmətinin təqribən
205-i artıq Elektron Hökumət portalında yerləşdirilmişdir.
Bu
portal vasitəsilə mərkəzləşmiş fəaliyyətin
həyata keçirilməsi imkan yaradır ki, bütün
dövlət orqanlarında mövcud müxtəlif informasiya-məlumat
bazaları bir yerdə birləşdirilərək vətəndaşların
istifadəsinə verilsin.
E.Vəlizadə
demişdir: “Artıq bu xidmətlərin yerli icra hakimiyyətləri
səviyyələrində də həyata keçirilməsi
təmin ediləcəkdir. Növbəti mərhələdə
isə elektron xidmətlərin göstərilməsi bələdiyyələri
də əhatə etməlidir”.
Nazir
müavini diqqətə çatdırmışdır ki, Azərbaycan
gömrüyündə Elektron Hökumət layihəsi ilə
bağlı işlər uğurla davam etdirilir.
“Azərbaycan
BMT ilə uzunmüddətli əlaqələrə malikdir” deyən
BMT-nin respublikamızdakı rezident əlaqələndiricisi
Antonius Broek BMT İnkişaf Proqramı ilə DGK-nın tərəfdaşlığından,
həyata keçirilən birgə layihələrdən, əldə
olunan müsbət nəticələrdən
danışmışdır.
A.Broek
bildirmişdir ki, gömrük
inzibatçılığının bütün istiqamətləri
baxımından DGK böyük işlər
görmüşdür. Həmçinin gömrük
strukturlarının səmərəli fəaliyyət göstərməsi
malların və xidmətlərin daha
asanlaşdırılmış qaydada
axınına şərait yaratmışdır. Bu da öz
növbəsində qlobal ticarət
sisteminə çox böyük
töhfə vermiş və Dünya Gömrük Təşkilatının
ümidlərini doğrultmuşdur. Azərbaycan
son 14 il ərzində
ən böyük elektron
idarəçilik proqramını yaratmışdır. Bu işlərə BMT İnkişaf
Proqramı da müvafiq
töhfələrini vermişdir.
Dünya
Gömrük Təşkilatının potensialın gücləndirilməsi
üzrə Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze
bildirmişdir ki, innovasiyalar davamlı gömrük
islahatları və gömrük xidmətinin müasirləşdirilməsinin
əsas təkanverici qüvvəsidir. Yəni, gömrük
qarşısında olan çağırışların
öhdəsindən gəlmək, bu əsrdə
yaranmış ticarət mühiti və digər məsələlərdən
irəli gələn müvafiq imkanlardan yararlanmaq şəraitində
inkişafdan söhbət gedir.
V.Mikeladze
demişdir ki, əsas məsələ gömrük
inzibatçılığının dünya miqyasında səmərəliliyini artırmaqdır. Azərbaycan
gömrük sahəsində çox uğurlu nailiyyətlər
əldə etmişdir və bu sahənin inkişafı məmnunluq
doğurur.
Vurğulanmışdır
ki, “Elektron Hökumət” konsepsiyası dünya ölkələrinin
əksəriyyəti tərəfindən qəbul edilmiş və
tətbiq olunmaq üzrədir. Regional ofisin məhz Azərbaycanda
açılması ölkənin gömrük xidmətinin əldə
etdiyi nəticələrlə bağlıdır.
Sessiyalarla
davam edən konfransda “İctimai diplomatiya və e-Hökumət”,
“Tranzit yüklərə kompleks nəzarət sistemi”,
“e-Dövlət mühitində informasiya təhlükəsizliyinin
idarə olunması problemləri” və digər mövzularda məruzələr
dinlənilmiş, müzakirələr
aparılmışdır.
Konfrans
iştirakçıları “ASAN xidmət”-in xüsusi
avadanlıqla təchiz edilmiş səyyar avtobusu ilə də
tanış olmuşlar.
Xalq qəzeti.- 2013.- 7 may.- S. 12.