Azərbaycan
Respublikasının nümayəndə heyəti Asiya İnkişaf
Bankının Rəhbərlər Şurasının 46-cı
illik Toplantısında iştirak
etmişdir
Mayın 2-dən 5-dək
Hindistanın paytaxtı Dehli şəhərində
Asiya İnkişaf
Bankının (AİB) Rəhbərlər Şurasının
46-cı illik toplantısı keçirilmişdir. “İnkişafa
təkan verək” devizi altında
keçirilən illik toplantıda inkişaf etməkdə olan
Asiya regionunun hərtərəfli
və yüksək tərəqqisinə nail
olmaq yolları müzakirə edilmişdir.
Azərbaycanı
toplantıda maliyyə naziri, Bankın Rəhbərlər
Şurasının üzvü Samir Şərifovun
başçılığı ilə nümayəndə heyəti
təmsil etmişdir.
Mayın
4-də illik toplantının rəsmi açılış mərasimində
Hindistan Respublikasının Baş naziri Manmohan Sinqh və
AİB-in yeni prezidenti Takehiko Nakao çıxış
etmişdir.
Asiya
və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi
problemlərə toxunan natiqlər, davamlı iqtisadi
inkişaf, sosial məsələlərin həlli,
yoxsulluğun aradan qaldırılması istiqamətində
atılan addımlardan bəhs etmişlər. Qeyd olunmuşdur
ki, son bir neçə onilliklər ərzində nəzərəçarpan
tərəqqiyə nail olunsa da, bütövlükdə Asiya
ölkələrində hələ
də həlli vacib bir sıra məsələlər
vardır. Region ölkələrində ümumilikdə
mütləq yoxsulluq içində milyonlarla çox insan
yaşayır.
İqlim
dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf
etməkdə ölkələrə dəstək, gender bərabərliyi,
regional inteqrasiya kimi mövzulara da toxunan Takehiko Nakaoregion
ölkələrində hərtərəfli tərəqqi və
artımın təmini üçün vacib olan özəl
sektorun inkişafı, ekologiya, əməkdaşlıq və
inteqrasiyanın AİB-in 2020-ci il üçün Strategiyasının
əsas çağırışı olduğunu
vurğulamışdır. AİB prezidenti kimi hədəflərini
də açıqlayan T.Nakao bildirmişdir ki, fəaliyyəti
boyunca xüsusilə qlobal iqtisadi məsələlərə
diqqət artırılacaq və region ölkələrinin tərəqqisinə
bankın verdiyi töhfələr davam edəcəkdir.
Bankın
Rəhbərlər Şurası AİB-in 2012-ci il üzrə
illik hesabatının müzakirəsi, maliyyə
hesabatlılığına və müstəqil
auditorların rəylərinə daxili nəzarət üzrə
İdarə Heyətinin hesabatı, 2013-ci il üçün
büdcənin təsdiqi, Asiya və Sakit Okean hövzəsi
ölkələrinin üzləşdiyi problemlər,
xüsusilə yoxsulluğun aradan qaldırılması ilə
və digər məsələlərlə bağlı
müvafiq qərarlar qəbul etmişdir.
Bankın
67 üzv ölkəsini təmsil edən Rəhbərlər
Şurasında təmsil olunan nümayəndə heyətlərinin
rəhbərləri bank tərəfindən 2012-ci ildə
görülən işləri yüksək qiymətləndirərək,
inkişaf etməkdə olan ölkələrə bundan sonra
da kreditlərin verilməsi və texniki yardımların
göstərilməsinin vacibliyini vurğulamışlar.
İllik
Toplantı çərçivəsində Azərbaycanın
maliyyə naziri Samir Şərifov bir sıra işgüzar
görüşlər keçirmişdir. AİB-in prezidenti
Takehiko Nakao, bankın vitse-prezidenti Siaoyu Jao, Mərkəzi və
Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser ilə
keçirilən görüşlərdə AİB tərəfindən
Azərbaycanda maliyyələşdirilən layihələrin
hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq
istiqamətləri müzakirə olunmuşdur. Tərəflər
Azərbaycan ilə AİB arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğulamış, mövcud kredit
portfelinin qiymətləndirilməsi, ölkəmizin Bank ilə
birgə həyata keçirdiyi su, nəqliyyat və digər
infrastruktur layihələri barədə müzakirə
aparmışlar. Eyni zamanda, görüşdə AİB-in Rəhbərlər
Şurasının 2015-ci ilin mayında Bakı şəhərində
keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati
məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
AİB rəsmiləri Bakı şəhərinin Bankın Rəhbərlər
Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək,
Azərbaycanın AİB-in etibarlı tərəfdaşı
olduğunu bir daha sübuta yetirəcəyinə əminliklərini
ifadə etmişlər.
S.Şərifov
Azərbaycan hökumətinin AİB-in Rəhbərlər
Şurasının 2015-ci il may ayında Bakı şəhərində
keçiriləcək illik iclasının yüksək səviyyədə
təşkili üçün müvafiq işlər
gördüyünü diqqətə
çatdırmışdır. Azərbaycanın ev sahibi kimi
üzərinə düşən bütün vəzifələri
yerinə yetirəcəyini bildirən nazir demişdir ki,
ölkənin bu sahədəki təcrübəsi, Bakı
şəhərində yaradılmış yüksək
standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli
tədbirləri keçirməyə tam imkan verir.
Bundan
başqa, nazir S.Şərifov Dünya Bankının Avropa və
Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar
direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf
Bankının vitse-prezidenti Mustafa Boran, Gürcüstanın
maliyyə naziri Nodar Xaduri ilə işgüzar
görüşlər keçirmişdir.
Görüşlərdə
ikitərəfli əməkdaşlığın
hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə,
birgə layihələrin həyata keçirilməsi
imkanlarına, o cümlədən qarşılıqlı
maraq doğuran digər məsələlərə dair fikir
mübadiləsi aparılmışdır.
Şahin CƏFƏROV
Xalq qəzeti.- 2013.- 7 may.- S. 12.