Suraxanıda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilmişdir

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyi münasibəti ilə “Azərbaycana həsr olunmuş ömürmövzusunda konfrans keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkında 90 ağac əkmişlər. Daha sonra ümummilli liderin parkda ucalan abidəsini ziyarət etmiş və abidənin önünə tər güllər qoymuşlar.

Qeyd edək ki,  ulu öndərin 90 illik yubileyi münasibəti ilə cari ildə rayonda 90 min ağac əkilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev Mərkəzinin  elektron lektoriya zalında “Tarixi yaradanlar” filminə baxışdan sonra konfrans öz işinə başlamışdır.

Başçı İlqar Abbasov ümummilli liderin  ömür yolunun əsas məqamlarından danışaraq vurğulamışdır ki,  Heydər Əliyev müdrikliyindən, taleyin ona verdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu, bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Ulu öndərlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi yaşanmışdır.

Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir azərbaycanlıda qürur hissi doğurur, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır. Bütün bunlar isə ulu öndərimizin  həm daxili, həm də xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, bənzərsiz nitq qabiliyyəti, geniş biliyə sahib olması və analitik düşüncə tərzinin nəticəsində mümkün olmuşdur.

İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan xalqının qəlbində ümumilli lider zirvəsinə ucalan dövlət xadimi, dünya miqyaslı  siyasətçi Heydər Əliyev əbədiyaşarlıq qazanmışdır. Vətənini sevən hər bir Azərbaycan övladı özünün ümumilli lideri ilə fəxr edir. Bu gün 90 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, taleyində, mənəvi, siyasi və ictimai həyatında ümumxalq məhəbbətini qazanan ulu öndər, mütəfəkkir olaraq qalmışdır. Xalqımızın indiki və gələcək nəsilləri onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcəklər.

İlqar Abbasov çıxışını bu sözlərlə yekunlaşdırmışdır: Bu gün biz buraya toplaşıb ümummilli liderimizin 90 illiyini qeyd etməklə yanaşı, onun qurub yaratdığı doğma Azərbaycanımızın daha da çiçəklənməsi üçün hər birimizin öhdəsinə müəyyən vəzifələr düşdüyünü, hər birimizin məsuliyyət daşıdığını bir daha dərk edirik. Dahi rəhbərin yarım əsrlik siyasi fəaliyyətini hər bir azərbaycanlı təcrübə məktəbi kimi əxz etməli, ölkənin tərəqqisi naminə yorulmadan çalışmalıdır.

Sonra Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Musa Quliyev, Aydın Mirzəzadə, İlham Məmmədov, Sevinc Hüseynova və Sevinc Fətəliyeva çıxış edərək bildirmişlər ki,  Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirmişdir. Ulu öndər Azərbaycan tarixində xalqımızın inkişafı, gələcək tərəqqisi naminə vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi liderdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 12.