Nizami rayonunda Gül bayramı

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə paytaxtımızda Gül bayramının keçirilməsi xoş bir ənənəyə çevrilmişdir. Artıq neçə ildir ki, Bakı sakinləri, eləcə də şəhərimizin qonaqları bu möhtəşəm, qəlbləri riqqətə gətirən tədbirə şahidlik edirlər.

Mövzukompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı insanlarda, sözün əsl mənasında, xoş ovqat, şən əhval-ruhiyyə yaradır. İlk dəfə Dənizkənarı Milli Parkda böyük təntənə ilə keçirilən gül bayramı artıq bir neçə ildir ki,  paytaxtın bütün rayonlarında da geniş qeyd olunur. Bu da təsadüfi deyil. Çünki bu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü yüksək səviyyədə, bayram  təntənəsi ilə qeyd edilir.

Dünən paytaxtın Nizami rayonunda da əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.  Rayon ərazisindəki Heydər bağı-park bulvar bayramsayağı bəzədilmiş, bura başdan-başa gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq  nümunələrinə, cürbəcür rəngli çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, pannotablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Hiss olunurdu ki, iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin yubiley tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar. Bunu parkdakı səliqə-sahmandan, gül-çiçəklərin, müxtəlif əl işlərinin yaratdığı xoş auradan da hiss etmək olurdu.  Öyrəndik ki, Gül bayramında rayonun 24 orta ümumtəhsil məktəbinin və eyni sayda uşaq bağçasının, bir uşaq yaradıcılıq mərkəzinin, rayon mərkəzi kitabxanasının, eləcə də rayon ərazisində yerləşən ayrı-ayrı istehsal müəssisələrinin kollektivləri özlərinin əl işlərini nümayiş etdirirdilər. Bütün bu işlərdə xalqımızın milli-mənəvi dəyərləri, estetik və fəlsəfi görüşləri,  vətənpərvərlik duyğuları incə bir həssaslıqla, yüksək zövqlə əks olunmuşdu.

Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin yubileyinə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz el məhəbbəti və ehtiram hissi üstünlük təşkil edirdi. Təsadüfi deyildi ki, ayrı-ayrı məktəb və uşaq bağçaları üçün ayrılmış  yerlərdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən əl işləri bədii tərtibatına, rəng koloritliyinə görə daha cəlbedici, daha heyranedici idi. Gül bayramına  təqdim olunan eksponatlar  mövzu əlvanlığı  janr  müxtəlifliyi ilə diqqəti  cəlb edirdi. Uşaq  və yeniyetmə  təfəkkürünün məhsulu olan əl işlərinə heyranlıqla baxmamaq mümkün deyildi. Yan-yana düzülmüş rəsmlər, müxtəlif əl işləri, ekibanolar, qurudulmuş təbii güllər vasitəsilə parça üzərində yaradılan mənzərələr ilk baxışdan insanı valeh edirdi.  Xüsusən də Heydər Əliyev adına Neft Emalı Zavodunun əmək kollektivinin hazırladığı “Reforminqqurğusu və NJT-2000 firması işçilərinin əl işi olan Heydər Əliyev Mərkəzinin maketi iştirakçıların dərin marağına səbəb oldu. Bütövlükdə isə burada nümayiş etdirilən əl işlərinin hamısı bir-birindən gözəl və cazibədar idi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca fidanlar da bayram şənliyinə əlavə yaraşıq gətirir, xoş aura yaradırdılar.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov  Gül bayramında iştirak edən bütün kollektivlərin əl işləri ilə yaxından tanış oldu, uşaq və yeniyetmələrin bacarıqlarını yüksək qiymətləndirdi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 13.