Sabirabadlılar Heydər Əliyevin 90 illik yubileyini ruh yüksəkliyi ilə qeyd etdilər

 

Sabirabad  rayonunda ulu öndər Heydər Əliyevin  anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  təntənəli  mərasim keçirildi.

Dahi  şəxsiyyətin xatirəsini həmişə əziz tutan sabirabadlılar onun abidəsini ziyarət etdilər və   çiçəklər düzdülər.   Məhz  Heydər  Əliyevin  təşəbbüsü    güclü  dəstəyi ilə ötən əsrin 70-ci  illərində  tikilmiş  rayon  mədəniyyət  sarayında  ümummilli liderin  şərəfli  həyat yolu  və titanik fəaliyyətinə  bir daha nəzər salındı.  Sabirabad Rayon İcra Hakimiyyətinin  başçısı Nazim İsmayılov 1923-cü ilin  10 mayında  Azərbaycanın ən qədim guşələrindən birində — Naxçıvanda başlayıb 2003-cü  ilin 12  dekabrında cismən başa çatan 80 illik ömür yolundan  ətraflı  bəhs etdi. Bildirdi ki,  aradan  keçən 10 il bu  məlum həqiqəti bir daha  təsdiqə yetirdi  ki, dahi  şəxsiyyətlərin  yoxluğu  yalnız fiziki yoxluqdur,  əslində   isə onlar öz əməlləri, bəşəriyyətə verdikləri  töhfələrlə  həmişə  yaşayırlar.  Sovet  Azərbaycanına  rəhbərlik etdiyi illər  ərzində  14 dəfə  Sabirabadda  olan  ulu öndər ölkəyə rəhbərliyinin  ikinci  dövründə də 2 dəfə Kürlə  Arazın  qovuşduğu  məkana səfər etmişdi. Şübhəsiz ki,  dahi  şəxsiyyətlə görüşlər sabirabadlıların  qəlbində dərin  iz salmış    on illər  boyu  hafizələrdən silinməyən  xoş təəssüratlar  yaratmışdır.

Ötən  əsrin  70-80-ci illərində  Sabirabadın qazandığı uğurlar, birmənalı olaraq ulu öndərin adı ilə bağlıdır. Həmin   dövrdə   burada  onlarla respublika  əhəmiyyətli  sənaye  və kənd  təsərrüfatı  müəssisəsi yaradılmış,  rayon  iqtisadiyyatı  hədsiz  dərəcədə güclənmişdir.  Vurğulandı ki, Heydər  Əliyev şəxsiyyətinə həmişə   ehtiram bəsləyən  sabirabadlılar  onun  ideyalarının ləyaqətli  davamçısı və reallaşdırıcısı  Prezident İlham Əliyevə    sadiqdirlər.

Sonra  rayonun  gənc heydərçiləri  maraqlı  kompozisiya  ilə  çıxış  etdilər,  balaca  rəqqasların  və bədii  özfəaliyyət kollektivlərinin çıxışları da   rəğbətlə  qarşılandı.

Respublikanın  tanınmış  incəsənət  xadimlərinin proqramlarını  da böyük maraqla  izləyən  sabirabadlılar  ulu öndərin 90 illiyini  təntənəli  şəkildə  qeyd  etməyin  sevincini  yaşayırdılar.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 7 may.- S. 14.