Leyla ƏLİYEVA: “Heydər Əliyev
bu gün özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə
dünyanı təəccübləndirən Azərbaycan
yaratmışdır”
Mayın 6-da Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunda böyük dövlət xadimi,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş təntənəli gecə keçirilmişdir.
Heydər
Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin
və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil
etdikləri gecədə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının sədri
Sergey Narışkin, Rusiya
ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik
missiyaların nümayəndələri, Azərbaycan
diasporunun üzvləri iştirak etmişlər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA təntənəli
gecəni açaraq demişdir:
– Hörmətli qonaqlar!
Əziz dostlar!
Mayın
10-da əzəməti və böyüklüyü zaman
keçdikcə daha çox başa düşülən,
yaddaşımızda əbədi yaşayacaq bir
insanın - Heydər Əliyevin
anadan olmasından 90 il ötür. Heydər Əliyevsiz
yaşadığımız bu 10 il bizə göstərmişdir
ki, ulu öndərlə Azərbaycanın taleyi əbədi
olaraq sıx çulğalaşmış, vəhdət təşkil
etmişdir. Çiçəklənən, müstəqil və
güclü müasir Azərbaycan elə onun
ömrünün davam etməsi deməkdir. Heydər Əliyev
hamını heyran qoyan, qəfil dönüşlər və cəsarətli
çağırışlarla dolu parlaq bir ömür
yaşamışdır. Özündən sonra Yer
üzündə qoyduğu misilsiz və möhtəşəm
iz onun adını dünyanın sərvətinə
çevirmişdir. Onun səyləri ilə ölkəmiz əsl
müstəqillik qazanmış və məhv olmaqdan
qurtulmuşdur. Heydər Əliyev bu gün dünyanı
özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri
ilə heyrətləndirən bir Azərbaycan
yaratmışdır. O, ölkəmizi dünya siyasi
arenasına çıxarmış və onun nüfuzu sayəsində
Azərbaycanın səsi ən yüksək kürsülərdən
eşidilmişdir. Onun üçün ölkəsinin və
xalqının rifahı həmişə ən başlıca
məsələ olmuş və o, bütün
ömrünü bu amala həsr etmişdir.
Heydər
Əliyevi Rusiya ilə çox şey bağlayır. O, uzun
illər dünyanın ən böyük ölkəsinin
hökumətində rəhbər vəzifələr
tutmuş, Azərbaycan müstəqilliyini əldə etdikdən
sonra isə ölkələrimiz arasında münasibətlərin
inkişafına həmişə böyük diqqət
yetirmişdir. O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq və
etimada söykənən münasibətləri yüksək
qiymətləndirirdi, böyük rus dili və rus mədəniyyəti
onun üçün həmişə əziz olmuşdur. Bu
gün ölkələrimiz
arasında dostluq və mehriban qonşuluq münasibətlərinin
də əsası Heydər Əliyev tərəfindən
qoyulmuş prinsiplərin nəticəsidir.
Əziz
dostlar, Heydər Əliyev haqqında saatlarla danışa bilərəm.
Onun barəsində nəhayətsiz danışmaq olar. O,
qeyri-adi insan idi. Dövlət xadiminin böyüklüyü
ilə sadəlik onda qeyri-adi şəkildə
uzlaşmışdı. Müdriklik, mərdlik, qorxmazlıq, əzmkarlıq
kimi ən gözəl keyfiyyətlər
onun xarakterində cəmləşmişdi. O, istər ölkənin
taleyində, istərsə də şəxsi həyatında ən
ağır zamanlarda səmimi və mehriban hisslərini,
xeyirxahlığını və nəcibliyini qoruyub
saxlayırdı. Bununla belə öz prinsiplərindən
heç vaxt əl çəkmir, açıq və mərdanə mübarizədən çəkinmir
və həmişə də qalib gəlirdi. Mən Heydər Əliyevi
təkcə ölkənin rəhbəri və millətin
lideri kimi deyil, həm də ən sevimli, mənə əziz və
yaxın adam kimi tanıyırdım. O, mənim
üçün ilk növbədə baba və hər bir vəziyyətdə
köməyimə çatan ən yaxşı dostum idi. Əlbəttə,
bu gün həyatda onun yoxluğu mənim üçün son
dərəcə ağırdır,
lakin, eyni zamanda, o, həmişə yanımdadır və
mən onun gücünü, müdafiəsini və məhəbbətini
daim hiss edirəm. Zənnimcə, Azərbaycan xalqı da bunu
hiss edir, ona qarşılıqlı məhəbbət və
böyük ehtiramla cavab verir. Heydər Əliyev epoxası Azərbaycan
tarixində bütöv bir dövr olmuşdur və bu dövr
onun həyatdan köçməsi ilə başa
çatmamışdır. Bu gün o, ölkəsinin
inkişafı ilə qürur duya bilərdi. Axı,
böyük siyasi xadimin və millətin həqiqi liderinin
başlıca məqsədi və işi öz xalqını
xoşbəxt etmək idi. Babam - böyük siyasi xadim Heydər
Əliyev həyatda ən çox məhz bunu
arzulayırdı.
Sonda
Leyla Əliyeva babası Heydər Əliyevə həsr
olunmuş şeirlər oxumuşdur.
Rusiya
Dövlət Dumasının sədri Sergey Narışkin
çıxışında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin parlaq həyatından və
çoxşaxəli fəaliyyətindən söz açaraq
bildirmişdir ki, Heydər Əliyevin şah əsəri
müasir müstəqil Azərbaycan və Azərbaycan
dövlətçiliyidir. S.Narışkin demişdir: “Heydər
Əliyevin həyat yolu və siyasi irsi təkcə Azərbaycan
üçün deyil, həm də digər ölkələr,
o cümlədən Rusiya üçün də dəyərlidir.
Heydər Əliyevin taleyi bir çox cəhətdən Azərbaycan
tarixini əks etdirir. Hələ sovet dövründə
yüksək vəzifələr tutan Heydər Əliyev həm
respublika, həm də ittifaq səviyyəsində
yaxşı tanınırdı. O, Sovet Azərbaycanına
başçılıq etdiyi dövrdə onu qabaqcıl və
dinamik inkişaf edən digər respublikalar sırasına
çıxarmışdır. Heç şübhəsiz,
Heydər Əliyev müasir Azərbaycanın təşəkkülünə
sanballı töhfə vermişdir”.
RF
Dövlət Dumasının sədri vurğulamışdır
ki, Heydər Əliyevin həyatının timsalında həqiqi,
parlaq, müstəqil və məsuliyyətli bir şəxsiyyətin
tarixdə oynaya biləcəyi rolu izləmək
mümkündür. Heydər Əliyev ən ciddi və məsuliyyətli
qərarları qəbul etməyi hamıdan yaxşı
bacarırdı. Heydər Əliyev öz ölkəsini,
xalqını çox sevirdi, ona sadiq idi, özü də millətlərarası
və beynəlxalq dialoqun möhkəmlənməsinə,
dostluq əlaqələrinin inkişafına çox
böyük əhəmiyyət verirdi. S.Narışkin
demişdir: “Biz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq
münasibətlərinin formalaşmasında onun tarixi rolunu
yüksək qiymətləndiririk”.
Sonra
2012-ci ildə Ümumrusiya Azərbaycan Konqresi tərəfindən
təsis olunmuş Heydər Əliyev adına mükafatın
təqdim edilməsi mərasimi keçirilmişdir. Azərbaycan
ilə Rusiya arasında ikitərəfli münasibətlərin
inkişafına töhfəyə görə həmin
mükafata bundan əvvəl MDU-nun rektoru Viktor
Sadovniçi, İTAR-TASS
Kollegiyasının sədri Vitali İqnatenko, Rusiya Dövlət
Humanitar Universitetinin rektoru Yefim Pivovar, Ümumrusiya Dövlət
Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina
Geniyeva, Rusiya Federasiyasının xalq artisti Andrey Petrov layiq
görülmüşdülər. Yubiley ilində
ÜAK-ın mükafatı informasiya və mətbuat sahəsində
ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan
gerçəkliklərinin Rusiya cəmiyyətinə
çatdırılmasına və müasir Azərbaycanın
müasir imicinin yaradılmasına töhfəsinə görə
“Rossiyskaya qazeta”nın baş redaktoru Vadislav Froninə, təhsil
sahəsində ikitərəfli münasibətlərin
inkişafına və möhkəmləndirilməsinə, Azərbaycan
dili və ədəbiyyatı sahəsində Rusiya mütəxəssislərinin
hazırlanmasına töhfəsinə, Azərbaycan jurnalistləri
üçün ixtisasartırma kursunun təşkilinə və
Moskva Dövlət Dilçilik Universitetində (MDDU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
açılmasına yardımına görə MDDU-nun rektoru
İrina Xaleyevaya, mədəniyyət sahəsində ikitərəfli
münasibətlərin inkişafına və möhkəmlənməsinə
töhfəsinə, Moskvada “Bakıya uçuş sərgisinin”
keçirilməsinə dəstəyinə görə
Multimedia Art Muzeyin direktoru Olqa Sviblovaya, “Hakimiyyət
yükü. Heydər Əliyev” sənədli-bioqrafik filmin
yaradılmasına görə kinorejissor Andrey Konçalovskiyə
təqdim edilmişdir. Mükafatları Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev
Mərkəzinin direktoru Anar Ələkbərov, ÜAK-ın
icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın Rəyasət
heyətinin üzvü Fərid Haqverdiyev təqdim etmişlər.
Təntənəli
gecənin bədii hissəsinin proqramı “Heydər Əliyevin
sevimli əsərləri” adlanırdı. SSRİ xalq artisti
V.Fedoseyevin rəhbərlik etdiyi
P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin
müşayiəti ilə SSRİ-nin və Azərbaycanın
xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın xalq
artistləri Samir Cəfərov, Murad Adıgözəlzadə,
respublikanın əməkdar artisti Aygün Zeynalova
çıxış etmişlər. Gecədə
Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərləri,
habelə sonda Azərbaycanın əməkdar artisti Elçin
Əzizovun ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səslənmişdir.
İttifaqlar
Evinin Sütunlu Salonunun foyesində Heydər Əliyevə həsr
olunmuş fotosərgi təşkil edilmişdir. Tədbir
iştirakçılarına Azərbaycan xalqının
ümummilli liderindən söz açan maraqlı
materialların yer aldığı “Baku” jurnalı
paylanmışdır.
Fəridə ABDULLAYEVA
Xalq qəzeti.- 2013.- 8 may.- S. 7.