UNUDULMAZ
BÖYÜK TARİXİ ŞƏXSİYYƏT
Tarixi dahi şəxsiyyətlər yaradır.
Azərbaycan xalqı tarix boyu
çox görkəmli şəxsiyyətlər
yetişdirmişdir. Bu gün keçmişə
nəzər salarkən bir daha aydın olur ki, Heydər Əliyev
Azərbaycan xalqının yetişdirdiyi ən dahi şəxsiyyətlərdəndir.
İllər keçdikcə Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü, onun xalqı naminə
gördüyü xilaskarlıq və quruculuq işlərinin
möhtəşəmliyi
daha aydın görünür. Ulu öndərimizin rəhbərliyi
altında həyata keçirilən məqsədyönlü
və müdrük dövlətçilik siyasəti nəticəsində
Azərbaycan dünya birliyində öz layiqli yerini
tutmuşdur.
Azərbaycanın
XX əsr tarixinə qısa bir nəzər yetirmək kifayətdir
ki, Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünü, uzaqgörənliyini, vətənpərvərlik
missiyasını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi
üçün göstərdiyi misilsiz xidmətlərini bir
daha qabarıq şəkildə görək.
Azərbaycanın
zəngin təbii sərvətləri, əlverişli
torpaq-iqlim şəraiti, Asiya və Avropa qitələri
arasında münasib coğrafi mövqeyi bu ölkədə ən
qədim zamanlardan iqtisadiyyatın bir çox mühüm sahələrinin
inkişafına şərait yaratmışdır. Bu imkanlar
XIX əsrin ortalarından sənaye əsasında neft
hasilatının inkişafı nəticəsində onun nisbətən
daha geniş miqyasda istifadə olunmağa başlanması ilə
əlaqədardır. Hələ keçən əsrin əvvəllərində fəaliyyət göstərən
neft şirkətləri arasında əsas 3 iri şirkət (
“Nobel qardaşları”, “Mantaşov
və K”, “ Xəzər-Qara
dəniz birliyi”) neftin 25 faizindən
çoxunu, benzinin isə 40 faizini istehsal edirdi. 1913-cü ildə
Azərbaycanda neft çıxan torpaqların yarıdan
çoxu xarici maqnatlara məxsus idi. XX əsrin ilk onilliklərinə
qədər keçən vaxt ərzində dünyada neft
hasilatının başlıca mərkəzi kimi tanınan Azərbaycanda
bu sahənin inkişafı digər sahələrin də
yaranmasına səbəb oldu.
İstehsal həcmi ildən-ilə artan neftin bir hissəsinin
Bakıda emalı
neftçıxarma sənayesi ilə bilavasitə əlaqədar
olan bir sıra başqa sənaye sahələrinin də
inkişafına gətirirdi. 1913-cü ildə Azərbaycanda
110 milyon kilovat-saatdan artıq
elektrik enerjisi istehsal edilmişdir.
Sovet
hakimiyyətinin ilk illərindən iqtisadiyyatın əksər
sahələrini əhatə edən quruculuq prosesi digər
müttəfiq respublikalar kimi Azərbaycanda
da geniş vüsət aldı. Lakin xüsusiilə ittifaq əhəmiyyətli
sənaye müəssisələrinin yaradılmasına önəm
verilən bu illərdə respublikaya rəhbərlik edən
şəxslər tərəfindən əhalinin həyat səviyyəsini
yüksəldəcək iqtisadi sistemin formalaşmasına lazımi təşəbbüs
göstərilmirdi. 60-cı illərin
sonuna doğru kənd təsərrüfatında ümumi
daxili məhsul istehsalı 2,1 dəfə, sənayedə 2,9 dəfə,
neft sənayesində 1,5 dəfə
azalmışdı və ümumiyyətlə,
iqtisadiyyatın bütün sahələrində tənəzzül
hökm sürürdü ki, bu da əhalinin rifahına öz
mənfi təsirini göstərirdi. Respublika əhalisinin,
xüsusən rayon və kəndlərin 35 faizi elektrikləşdirilməmiş,
60 faizə qədər qazlaşdırılmamışdı,
yol infrastrukturu isə, demək olar ki, yox dərəcəsində
idi. Təhsil və səhiyyə
müəssisələrinin maddi-texniki bazaları çox
aşağı səviyyədə idi. 60-cı illərin
sonuna doğru respublika iqtisadiyyatı bütün sahələr
üzrə inkişafdan qalmışdı. 1969-cu ildə Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə Azərbaycanın
müasir tarixinin dönüş mərhələsinin təməli
qoyuldu.
Ümummilli
lider Heydər Əliyev qısa müddətdə respublikada
idarəçilik sistemini xeyli möhkəmləndirdi. O,
bütün dövlət hakimiyyəti orqanlarının
işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisinə
yönəltdi. Heydər Əliyevin
məharətlə həyata keçirdiyi dövlətçilik
fəaliyyəti nəticəsində 70-ci illərdə Azərbaycanda
bütün başlıca iqtisadi göstəricilər durmadan
artdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin
ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə,
xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında
məcmu məhsul 2,7 dəfə artmış, 250-dən
çox fabrik, zavod, istehsal sexi tikilmiş, 2 milyondan çox
adamın mənzil şəraiti
yaxşılaşdırılmışdı. Heydər Əliyev respublikada kadr
potensialının möhkəmləndirilməsinə
xüsusi diqqət yetirirdi. Minlərlə azərbaycanlı gənc
digər şəhərlərin aparıcı təhsil və
elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə
SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi
ixtisaslar üzrə iki mindən çox azərbaycanlı
zabit hazırlandı.
Ulu
öndər Heydər Əliyev kimi fitri istedadlı, uzaqgörən,
xalqını sonsuz məhəbbətlə sevən, praqmatik
bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi
respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında
sürətli yüksəlişə səbəb oldu.
Heydər
Əliyevin təşəbbüsü ilə SSR hökuməti
Azərbaycanda sənayenin və kənd təsərrüfatının
intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və
xeyli vəsait ayırdı.
Azərbaycanda
iqtisadi quruculuq fəaliyyəti 70-ci illərin ilk ilindən
geniş vüsət aldı. Respublikaya kapital
qoyuluşunun həcmi 70-85-ci illərdə
32 milyard manat təşkil edirdi ki, bu da bütövlükdə
Sovet dövrünün əvvəlki
50 ilində istifadə edilən vəsaitdən 2,1 dəfə
çox idi. Bu kapitalın 45 faizindən çoxu energetika,
maşınqayırma, kimya, neft-kimya, tikinti materialları,
yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Neft
və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr
əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton
neft, 14 milyard kubmetr təbii qaz
istehsal edilmişdi.70-80-ci illərdə Azərbaycan
rayonlarının qazla təmin edilməsi, demək olar ki,
başa çatdırılır.
70-80-ci
illərdə elektrotexnika sahəsində
istehsalın həcmi 72 faiz, kimya və neft kimya sənayesində
205 faiz, maşınqayırma və metal emalı sənayesində
432 faiz artmışdı. Bu illərdə qara və əlvan
metallurgiya sənayesi 166 faiz, meşə və ağac
emalı sənayesi 186 faiz, tikinti materialları istehsalı 161
faiz, yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci
illərdə respublikada sənayenin maddi-texniki bazası
möhkəmlənmiş, əsas istehsal fondları 1,4 dəfə
artmış, 64 iri müəssisə istifadəyə
verilmişdi. Respublikada energetika sənayesi sürətlə
inkişaf edirdi. Mingəçevirdə elektrik stansiyası,
Şəmkir SES, Araz çayı üzərində İranla
birlikdə SES tikildi. Yüngül sənaye, yeyinti sənaye
müəssisələri şəbəkəsi xeyli genişləndi.
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun
həcmi 81-85-ci illərdə orta hesabla 1966-70-ci illərə
nisbətən 2,6 dəfə çoxaldı. Beləliklə, 70-80-ci illərdə
Azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial iqtisadi
göstəricilərə
görə Azərbaycan İttifaq respublikaları
içərisində ön sıralara keçdi.
Həmin
dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr
meydanı yaradılmış,
Bakı Dəniz Vağzalı, Respublika Sarayı,
Gülüstan sarayı, Velotrek və digər
çoxsaylı iri obyektlər tikilmişdi. Bakı sakinlərinin içməli suya olan tələbatını
ödəmək məqsədi ilə Kür su kəməri çəkilmişdi.
70-80-ci
illər Azərbaycan mədəniyyətinin inkişafında
da mühüm dövr oldu. Heydər Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində
təhsilin, elmin, mətbuatın, ədəbiyyatın və
incəsənətin tərəqqisi üçün əlverişli
imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri,
kadr potensialı daha da artdı. Xalqın mədəni
irsinin, tarixinin, dilinin öyrənilməsi və təbliği genişləndi.
1969-cu
ilə qədər iqtisadi göstəricilərinə görə ittifaqın digər
respublikalarına nisbətən geridə qalan Azərbaycanda
istehsal olunan elektrik enerjisi 12,027
milyard kilovat-saat təşkil edirdi ki, bu da elektrik enerjisinə olan tələbatı
tam ödəmirdi. Bu səbəbdən qonşu
respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal edilirdi. Elektrik enerjisi təchizatınin
müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin
təmin edilməsi məqsədilə həmin illərdə gücü
22 MVt olan “Araz” su elektrik stansiyası inşa edilmiş, 2
saylı Sumqayıt İstilik Enerji Mərkəzinin
gücü 220 MVt-a
çatdırılmış, 380 MVt gücündə
Şəmkir SES-in ilk hidroloji
qurğusu istismara verilmiş və gücü 2400 MVt olan 8
enerji blokundan ibarət Azərbaycan DRES-in birinci bloku işə
salınmışdır. Sadalanan işlərin nəticəsi
olaraq 1969-cu ilədək elektrik enerjisini kənardan alan Azərbaycan
Respublikası 1982-ci ildən elektrik enerjisi
ixracatçısına çevrildi.
1981-ci
il oktyabr ayının 20-də də Heydər Əliyevin Mingəçevir
şəhərinə gəlməsi, stansiyanın vəziyyəti
ilə tanış olaraq energetiklərə və
inşaatçılara öz dəyərli tövsiyələrini
verməsi unudulmaz tarixi hadisə idi. Həmin tarixi gün—20
oktyabr möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına
əsasən, Azərbaycan energetiklərinin peşə
bayramı günü kimi qeyd olunur.
Hakimiyyətə
qaydışından sonra ümummilli liderimiz Heydər Əliyev
70-80-ci illərdə energetika sahəsində
gördüyü işlər haqqında belə deyirdi: “Hər
dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə
deyirdilər ki, sənin nəyinə lazımdır. Bizdə–SSRİ-də
vahid elektrik enerjisi sistemi var... Bütün SSRİ -ni əhatə
edən sistem var. Azərbaycana nə qədər elektrik
enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm
bizim özümüzünkü olsun. Mən istəyirdim ki,
müəyyən sahələrdə biz asılı olmayaq. Bu
gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan
elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin
elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.
Həmin
illərdə Bakı şəhərində Məişət
Kondisionerləri, Dərin Özüllər, neft emalı
zavodları kimi neçə-neçə iri sənaye müəssisələri,
Gülüstan sarayı, Əl oyunları sarayı, indiki Heydər
Əliyev sarayı kimi iri sosial obyektlər istifadəyə
verilmiş, Əhmədli və Günəşli kimi
yaşayış massivlərinin tikintisinə
başlanılmışdı. Aparılan inşaat işlərinə
paralel olaraq həmin obyektlərin,
yaşayış massivlərinin elektrik enerjisi təchizatı
üçün qida mənbələri yaradılır,
qovşaq yarımstansiyaları və
paylayıcı şəbəkələr qurulurdu.
“Abşeron”,“Xırdalan”,“Müşfiq“,“Nizami”,“Hövsan“,”Binəqədi”,
205, 203 (BTK), ETK-4, “Radiozavod”, “Həzi Aslanov”, “BMKZ”,
“Yasamal-1”,“Yasamal-2”,“Dağlıq”, “Təmizləyici Qurğu”,
“Dərnəgül-1”,”Dərnəgül-2” və digər yarımstansiyalar məhz həmin
dövrdə inşa edilmişdir. Ümumiyyətlə,
Bakı şəhərində mövcud olan 110 kV-luq
yarımstansiyaların 50 faizindən çoxu ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə
tikilib istifadəyə verilmişdir.
Ümummilli
liderimizin energetika sektoruna bu dərəcədə diqqətinin
əsl səbəbləri Azərbaycan müstəqilliyə
qovuşduqdan sonra daha aydın, daha dolğun şəkildə
başa düşüldü. Xalqımızın dahi
oğlu sonralar deyirdi: “ Biz o illər bütün bu imkanlardan
istifadə edərək, eyni zamanda,
düşünürdük ki, hər respublikanın
özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır.
Bu iqtisadi potensialın tərkibində ən mühüm yer
tutan elektrik enerjisi istehsal edən müəssisələr
yaradılmışdır. Ona görə də,
o illər Moskvanın etirazına, bu işimizə
maneçilik törədən qüvvələrin çox
güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik
enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan
asılılıqdan qurtarmasını təmin etmək
üçün respublikamızda güclü potensiala malik
olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail
olduq”.
Sovet
İttifaqının süqutu elektroenergetika sektoruna da təsirsiz
ötüşmədi və iqtisadi böhran nəticəsində
elektroenergetika sisteminin ahəngdar
işi pozuldu. Tarix bir daha təsdiq etdi ki, ulu öndər Heydər
Əliyevin vaxtilə tikdirdiyi Azərbaycan DRES-i olmasaydı,
respublikanın, o cümlədən paytaxt Bakının enerji
təchizatında ciddi problemlər yaşana bilərdi.
1993-cü
ilin iyununda Heydər Əliyev xalqın istəyi və təkidli
tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra ölkə iqtisadiyyatında
köklü dəyişikliklər dövrü
başlandı. Ulu öndər tərəfindən
iqtisadiyyatı dirçəltmək üçün
düşünülmüş strategiya işlənib
hazırlandı. Azərbaycanın əsas sərvətinə—neft
amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində
müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini
qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur.
Heydər Əliyev dühasının bəhrəsi
olan bu müqavilənin və sonralar imzalanmış digər
neft müqavilələrinin uğurla
reallaşdırılması gənc müstəqil Azərbaycan
dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən
çıxarmağın yeganə düzgün yolu idi.
Ulu öndər müstəqil Azərbaycanın elektroenergetika
sisteminin inkişafına da xüsusi diqqət yetirirdi. Həmin illərdə iqtisadiyyatın bütün
sahələrində olduğu kimi, elektroenergetika sistemində də gərgin vəziyyət
yaranmışdı. Ümummilli liderimiz bu sahəni
böhrandan çıxarmaq, maddi-texniki bazasını yeniləşdirmək
və möhkəmləndirmək üçün məqsədyönlü,
genişmiqyaslı tədbirlər həyata keçirməyə
başladı.
Ölkə
iqtisadiyyatının tənəzzülünün
dayandırılması və inkişafa qədəm
qoyması üçün siyasi sabitlik vacib şərt idi.
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ictimai siyasi sabitliyin bərqərar olması ölkə
iqtisadiyyatının inkişafına stimul verdi və xarici tərəfdaşların
Azərbaycana maraqları artdı.
Dünyanın
aparıcı dövlətləri ilə
qarşılıqlı surətdə faydalı əlaqələr
qurulmasına yönəldilmiş strateji xətt
elektroenergetika sisteminə də xarici sərmayələr cəlb
olunmasına imkan yaratdı. Həmin sərmayələrdən
Azərbaycanın elektroenergetika sisteminin potensialının səmərəliliyinin
artırılmasında, elektroenergetika təsərrüfatının
yenidən qurulmasında və yeni güclərin
yaradılmasında məqsədyönlü şəkildə
istifadə olunurdu.
Elektrik
stansiyalarında görülən modernləşdirmə
işləri nəticəsində onların gücü
1990-cı ildəki 4503 MVt-dan 1998-ci ildə 4933,1 MVt-a
çatdırıldı və 2000-ci ilin dekabr ayında 150MVt
gücündə olan Yenikənd SES istifadəyə verildi.
Ulu
öndərin rəhbərliyi ilə “Şimal” DRES
stansiyasında 400 MVt gücündə yeni buxar-qaz qurğusu
inşa edildi. 2002-ci ildə
Bakı 1 nömrəli İstilik-Elektrik Mərkəzində
aparılan yenidənqurma işlərindən sonra stansiyada elektrik enerjisi
istehsalı 79 milyon kilovat-saatdan
800 milyon kilovat-saata çatdırıldı.
Heydər
Əliyevin şəxsi təşəbbüsü, bilavasitə
rəhbərliyi, diqqət və qayğısı sayəsində
onun siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın
energetika sistemində təxminən 3500 MVt generasiya
gücü və 70 min kilometrə yaxın elektrik verilişi
xətləri istifadəyə verilmişdir. Elektrik enerjisi
istehsalı 1,8 dəfədən çox artaraq, 1970-ci ildəki
12027 milyon kilovat-saatdan 2003-cü ildə 21286 milyon kilovat-saata çatdırılmışdır.
Ümummili
lider Heydər Əliyevin əsasını qoyduğu sosial
iqtisadi inkişaf strategiyası 2003-cü ildən etibarən
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və
bütün təsərrüfat sahələrində
olduğu kimi, elektroenergetika sektorunda da islahatların yeni mərhələsinə
başlanılmışdır. Dövlət
başçısı cənab İlham Əliyevin yeni iqtisadi
strategiyasının ana xəttinin əsas prinsipi ondan ibarətdir
ki, neftə məqsəd kimi yox, vasitə kimi baxılır.
Çünki neft hasil edən, ancaq heç də hərtərəfli
tərəqqiyə nail ola bilməyən ölkələr əsas
götürülərək Azərbaycan
iqtisadiyyatının neftdən
asılılığının minimuma endirilməsi
üçün qeyri-neft sektorunun
sürətli inkişafı prioritet kimi müəyyənləşdirilmişdir.
Artıq neftdən əldə edilən gəlirlər Azərbaycan
iqtisadiyyatının digər sahələrinin
inkişafına yönəldilir. Bu da ölkə
iqtisadiyyatının şaxələndirilməsini sürətləndirir.
Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci
illər) üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsi ölkəmizdə elektroenergetikanın
inkişafında yeni bir mərhələ olmuşdur. Proqrama əsasən, yeni generasiya güclərinin
işə salınması, bir sıra istilik və su elektrik
stansiyalarının tikilməsi, iqtisadiyyatın enerji təchizatının
möhkəmləndirilməsi, Azərbaycanın regionda
elektrik enerjisinin tranziti, sonra isə ixracatı üzrə
mühüm ölkəyə çevrilməsini nəzərdə
tutan layihələr həyata keçirilməkdədir.
2003-2013-cu illərdə Azərbaycanda 2100 MVt-dan artıq əlavə
generasiya gücünün işə salınması nəticəsində ölkənin bütün elektrik
stansiyalarının qoyuluş gücü 6450 MVt-a
çatdırılmışdır.
Yeni
güc mərkəzlərinin inşası ilə
yanaşı, bu gün elektrik şəbəkələri də
ardıcıl olaraq inkişaf etdirilir və bu sahədə
“Bakıelektrikşəbəkə” ASC-nin xüsusi payı vardır. Belə
ki, ölkə üzrə istehlak olunan elektrik enerjisinin 51-52
faizi məhz Bakı şəhərinin
payına düşür.
Dövlət
başçısı tərəfindən təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və
eləcə də iqtisadiyyatın inkişafı ilə
bağlı qəbul edilmiş müxtəlif dövlət
proqramları enerji sistemin yenidən qurulmasının hərəkətverici
qüvvəsi olmuşdur. Məhz həmin
proqramların yerinə yetirilməsi bütün ölkədə
olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi infrastrukturunun inkişafına çox
güclü təkan vermiş, istehlakçıların
keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatına təminat
vermişdir. Qeyd olunan dövlət
proqramlarının icrası ilə əlaqədar
“Bakıelektrikşəbəkə”ASC tərəfindən
elektrik şəbəkəsinin dünya standartlarına
uyğun yenidən qurulması istiqamətində
genişmiqyaslı yenidənqurma işləri həyata
keçirilmiş və həmin
tədbirlər bu gün də davam etməkdədir.
İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə
təchiz olunması Bakı şəhərində beynəlxalq
standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin
yaradılmasını zəruri etdiyindən yeni 110 kV-luq yarımstansiyaların
tikintisinə xüsusi diqqət yetirilir. Bakı
şəhərinin elektrik təchizatının fasiləsizliyinə
və perspektivdə elektrik enerjisinə olan tələbatın
tam ödənilməsinə təminat verən dairəvi
sxemin yaradılması məqsədilə “Müşfiq”–“Bayıl”, “Xırdalan”-
203 yarımstansiyalararası hava
xətləri əsaslı təmir edilmiş, 110 kV-luq
“Bayıl”, 227, 203, 215 saylı yarımstansiyalar tamamilə
yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir
tipli “Liman” yarımstansiyası,
“İçərişəhər”, “Yeni Bayıl” yarımstansiyaları
inşa edilmişdir. Xüsusilə qeyd etmək
lazımdır ki, 31 yanvar 2013-cü ildə möhtərəm
Prezidentimiz İlham Əliyevin
açılışını etdiyi 110/35/10kV-luq BMKZ yarımstansiyası 220kV-luq
“Xırdalan” və “Müşfiq”
yarımstansiyalarıarası 110kV-luq dairəvi sxemin tərkib
hissəsi olmaqla bərabər 220 kV-luq “Nizami”
yarımstansiyası ilə əlaqələndirilmiş
və ikinci 110 kV-luq dairəvi sistemin yaradılmasında “BMKZ”
yarımstansiyasının baza rolu təmin edilmişdir.
Möhtərəm
Prezidentin göstərişinə əsasə, şəhər
daxilində olan yüksək gərginlikli hava xətləri
kabel xətləri ilə əvəz edilmişdir ki,
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpa
olunduğu 2006-cı il tarixədək paytaxtın elektrik şəbəkəsində
110 kV-luq kabel xətləri, ümumiyyətlə, mövcud
olmamış, 35 kV-luq kabel xətləri isə çox az
miqdarda olmuşdur.
Yüksək
gərginlikli kabel xətləri ilə bərabər,
xüsusi kanallarla fiberoptik kabellər də çəkilir
ki, bu da Mərkəzi
Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulur. Qeyd
etməliyəm ki, 2011-ci ildə “Bakıelektrikşəbəkə”
ASC-də ən müasir
texnoloji avadanlıqlarla təmin edilmiş yeni Dispetçer
İdaretmə Mərkəzi yaradılmışdır.
Son
illər beynəlxalq aləmdə ölkəmizin nüfuzunun
artması fonunda bütün diqqət Azərbaycana yönəlmiş
və 2012-ci ildə Bakı şəhəri “Avrovision” musiqi yarışmasına
ev sahibliyi etmişdir. Bu tədbirin enerji təchizatının
yüksək səviyyədə
təmin olunması üçün 110 kV-luq
“İçərişəhər”, “Bayıl” və xüsusi
olaraq 35 kV-luq “Bayraq Meydanı” yarımstansiyaları istifadəyə
verildi. Ümumiyyətlə,
keçən dövr ərzində
səhmdar cəmiyyəti tərəfindən 20 ədəd
müasir tipli 110 kV-luq və 52 ədəd
35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni
transformator məntəqəsi inşa edilmiş və 400 ədəd
transformator məntəqəsi əsaslı
təmir olunmuş, ümumilikdə 10000 kilometrdən
artıq elektrik verilişi xətləri
çəkilmişdir. Hazırda 110 kV-luq və 35 kV-luq
yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri
davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində
şəbəkənin güc qəbuletmə və paylama
qabiliyyəti 2006-cı illə müqayisədə 80 faiz artaraq
5270 MVA olmuşdur. Görülən tədbirlər nəticəsində
şəbəkə üzrə texniki itkilərin səviyyəsi
azaldılaraq 9 faizə endirilmiş, ifrat yüklənmə
halları tamamilə aradan qaldırılmışdır.
Şəbəkədə
aparılan əsaslı yenidənqurma işləri və
uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi
nəticəsində enerji haqqının
yığımında əsaslı dönüş
yaranmış və hazırda səhmdar cəmiyyət
üzrə bu göstərici
95 faizindən
yuxarıdır.
İstehlakçılara
xidmət sahəsində daha bir yenilik elektrik enerjisi
uçotunun aparılması üçün elektron tipli SMS
sayğacların tətbiqidir. SMS sayğaclardan istifadə
edən abonentlərdə insan amili, demək olar ki, aradan
qalxmışdır. Hazırda SMS sayğaclardan istifadə edən
istehlakçıların sayı 24 mindən artıqdır.
Əməkdaşların
iş şəraitinin yaxşılaşdırılması
istiqamətində də əsaslı işlər
görülmüş, əvvəllər yalnız iki inzibati
binası olan şəbəkədə bu gün 11 inzibati
rayona xidmət göstərən RETSİ(SS)-lər, o cümlədən Enerji Satış Departamenti və
digər mərkəzi strukturlar üçün
müasir tipli yeni inzibati binalar inşa edilmişdir.
“Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi idarəetmə
aparatı şəhərin memarlıq üslubuna uyğun
inşa edilmiş və mərkəzi elektron idarəetmə
sistemi ilə təchiz olunmuş yeni binaya
köçürülmüşdür.
Bakı
şəhərində həyata keçirilən quruculuq
işləri, xüsusən də
“Ağ şəhər”, “Yaşıl şəhər” və
digər meqalayihələrin icrasına başlanılması,
Qaradağ rayonunda “Sənaye
parkı”nın yaradılması, o cümlədən , 2015 -
ci ildə keçiriləcək I Avropa idman oyunlarına
hazırlıqla əlaqədar olaraq “Bakıelektrikşəbəkə”
tərəfindən geniş miqyaslı işlərin həyata
keçirilməsinə başlanmışdır.
Ulu
öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam
etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi təşəbbüsü
və rəhbərliyi ilə işlənib
hazırlanmış dövlət
proqramlarının
uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin
iqtisadi qüdrəti getdikcə
artır. Memarı ulu öndərimiz Heydər Əliyev olan Azərbaycan
onun layiqli davamçısı
möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında uğurlu
addımlarla parlaq gələcəyə doğru inamla
addımlayır.
Hər
birimiz, o cümlədən ölkə energetikləri həmişə
olduğu kimi, dövlətimizin enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi, xalqımızın
rifahının daha da yüksəldilməsi naminə
ümummilli lider Heydər Əliyev ideyalarının gerçəkləşməsi
üçün bundan sonra da var qüvvə ilə
çalışacaq, ölkə Prezidentinin
qarşımıza qoyduğu mühüm vəzifələrin
yerinə yetirilməsində səylərimizi əsirgəməyəcəyik.
Dahi Heydər Əliyev zəkasının
nuru hələ neçə-neçə əsrlər boyu Azərbaycan xalqının
yolunu işıqlandıracaq və daha böyük qələbələrə
ruhlandıracaqdır.
Baba
RZAYEV,
“Bakıelektrikşəbəkə”
ASC İdarə Heyətinin sədri
Xalq qəzeti.- 2013.- 8 may.- S. 9.